525.Az

Novator rektor


 

Novator rektor<b style="color:red"></b>

Professor Cəfər Cəfərovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru seçilməsindən səkkiz il ötür. Bu səkkiz ildə tarix elmləri doktoru, professor Cəfər Cəfərov bir çox yeniliklərə imza atıb, universitetin inkişafının, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi, idarəetmənin optimallaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, pedaqoji və elmi-pedaqoji kadr hazırlığının səviyyəsinin yüksəldilməsi, şəffaflığın və obyektivliyin təmin edilməsi üçün böyük islahatlar, yeniliklər, layihələr həyata keçirib.

ADPU-nun təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi, tədqiqat universiteti statusunu qazanması üçün səmərəli məqsədyönlü fəaliyyət aparıb.
Professor Cəfər Cəfərov Pedaqoji Universitetin qlobal məsələlərini, beynəlxalq əlaqələrini, hədəf və strategiyalarını daima duqqətdə saxlayır. O, ADPU-da ciddi islahatlar apararaq problemlərə konseptual olaraq yanaşıb. O, imtahan sistemini dəyişib, imtahanlarda şəffaflığın və obyektivliyin qorunması üçün hər cür şərait yaradıb. Onun əsas xüsusiyyətlərindən biri şəxsi mənafeyini deyil, ictimai mənafeyi düşünən olmasıdır. Yəqin ki, uğurlu karyerasının əsas səbəblərindən biri də elə budur. Professor Cəfər Cəfərovun rəhbərliyi dövründə, 7 dekabr 2017- ci ildə ADPU-da TÜRKSOY kafedrası fəaliyyətə başlayıb. Həmçinin Universitetdə YUNESKO Klub və “Amerika Guşəsi” (Şəki filialında) da fəaliyyət göstərir.
2018-ci ildə “Clarivate Analytics” şirkəti tərəfindən ADPU inkişaf sürətinə görə son 3 ilin “Web of Science” bazasının “Ən mütərəqqi Universitet” mükafatına layiq görüldü.
Cəfər müəllimin rektor olaraq əhəmiyyətli işlərindən biri də Pedaqoji Universitetdə beynəlxalq əlaqələri genişləndirməsidir. Qeyd edək ki, "2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində gənclərin xaricə getmədən keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədilə ABŞ-ın Corc Vaşinqton Universiteti
(CVU) ilə ADPU arasında beynəlxalq ikili diplom proqramları imzalanıb. ADPU ilə CVU arasında 4 ildir ki, uğurla icra olunan ikili diplom proqramı çərçivəsində ümumilikdə 100-dən çox gəncin təhsil siyasəti və idarəçiliyi sahəsində beynəlxalq səviyyəli mütəxəssis kimi yetişdirilməsi gözəl nəticədir. Professor Cəfər Cəfərovun rəhbərliyi ilə universitetimizdə həm də bir çox xarici ölkələr üçün ixtisaslı mütəxəssislər yetişdirilir. Hazırda Türkiyə, Rusiya, Pakistan, Gürcüstan, Çin, Türkmənistan, Suriya və Ukraynadan olan 200-dən çox əcnəbi vətəndaş hazırlıq, bakalavriat və magistratura səviyyələrinin müxtəlif ixtisaslarında təhsil alır. Bundan başqa professor Cəfər Cəfərov müəllimlərin imkanlarının, bacarıq və qabiliyyətlərinin artırılması istiqamətində təlimlərə cəlb olunmasını təşkil edib, ingilis dilini tədris edən 100-ə yaxın müəllim üçün ABŞ səfirliyi və

Müəllim İnkişafı Mərkəzinin köməyilə imtahanların, TKT imtahanlarının keçirilməsinə nail olub. Nəticədə həmin müəllimlərimizin imkanları əhəmiyyətli dərəcədə dəyişib və bunun da nəticəsində rəhbərlik struktur dəyişiklikləri edib. Bu gün də professor Cəfər Cəfərovun rəhbərliyi ilə STEAM bacarıqları olan yeni nəsil müəllimlərin hazırlanması yönündə işlərin aparılması davam edir. ADPU-da STEAM laboratoriyası yaradılıb. Artıq 8 ixtisasda STEAM üzrə tədris aparılır. Rektor Cəfər Cəfərov ADPU-da xarici dillərdə tədrisin aparılması üçün də şərait yaradıb. Həmçinin onun rəhbərliyi ilə artıq 5 ildən çoxdur, keyfiyyət sisteminin bir aləti olaraq professor-müəllim heyətinin reytinq qiymətləndirilməsi həyata keçirilir ki, bu da müsbət nəticələrini verməkdədir. Professor Cəfər Cəfərovun daha bir uğurlu işi ADPU-da kitabxananı yeniləndirməsidir. Qeyd edək ki, əvvəllər bir milyondan artıq kitab fondu olan Pedaqoji Universitetin kitabxanasının vəziyyəti elə də yaxşı deyildi. Cəfər müəllim “BP Azerbaijan” şirkətinin dəstəyindən istifadə edərək Pedaqoji Universitetin kitabxanasının yenilənməsinə nail oldu. Sevindirici haldır ki, artıq universitetdə Kitabxana-İnformasiya Mərkəzinin beş tədris korpusunda kitabxanası, altı xidmət bölməsi və elektron kitabxana fəaliyyət göstərir. Kitabxanada
dəqiq və humanitar elmlər üzrə, ədəbiyyatların növünə görə abonoment xidmətləri təşkil edilir. Beş tədris korpusundan dördündə ixtisaslaşmış xidmət bölməsi, oxu zalı və məlumat- biblioqrafiya xidməti fəaliyyət göstərirr. Əsas tədris binasında Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS) əsasında elektron kitabxana fəaliyyət göstərir. Xüsusilə qeyd edək ki, ADPU kitabxanası ölkəmizin ikinci ən böyük universitet kitabxanasıdır. Eyni zamanda kitabxananın fondunda 1000 nüsxəyə yaxın nadir və qiymətli kitablar və əlyazmalar qorunur.

Pedaqoji Universitetdə ən müasir standartlara uyğun qurulmuş elektron kitabxana xidməti tələbələrin ixtiyarındadır. Hazırda Kitabxana-İnformasiya Mərkəzinin e-kataloqunda 12 min 818 adda kitab mövcuddur. Kitabxana oxuculara xidmət etməklə yanaşı, mədəni-kütləvi tədbirlərin təşkili və təbliğinə, kitab mütaliəsinin populyarlaşdırılmasına da xüsusi diqqət ayırır. Cəfər müəllimin ADPU-nun nüfuzunun yüksəldilməsi işinin uğurlu nəticəsidir ki, artiq Pedaqoji Universiteti seçən abituriyentlər arasında 600 baldan yüksək bal toplayan tələbələr kifayət qədərdir. Və bu proses hər il daha çox artmaqdadır. Həmçinin MİQ imtahanlarında uğur qazanan məzunların sayı da dinamik şəkildə çoxalır. Universitetdə tələbələrin sosial və məişət şəraitinin yaxşılaşdırılması, ictimai fəaliyyətlərinin dəstəklənməsi üçün işlək mexanizmlər qurulub və həyata keçirilir.
Professor Cəfər Cəfərovun əsas amalı dövlətimiz üçün yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır. O, elm və təhsilin inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu yaxşı bilir, odur ki, Pedaqoji Universiteti elmi əsaslarla idarə edir. Rektor kimi idarə etdiyi Pedaqoji Universitetin məqsəd və vəzifələrini, missiyasını, strategiyalarını, tarixini, korporativ prinsiplərini yaxşı bələd olan Cəfər Cəfərov, həmçinin davamlı öyrənməyə, özünü inkişaf etdirməyə açıq, komanda halında işləməyə önəm verən, ünsiyyət yönümlü və davranışlarıyla nümunəvi olan, elmi, texnoloji və sosial yenilikləri yaxından izləyən, sürətli dəyişikliklərə uyğunlaşan və təmsil etdiyi qurumu bu dəyişikliklərə uyğunlaşdırmağı bacaran rektordur. Ona görə də gördüyü bütün işlər uğurlu alınır.

Professor Cəfər Cəfərov ölkəmizin yeni inkişaf mərhələsinə uyğun olaraq ADPU-nun maddi-texniki bazasını, elmi-pedaqoji kadr potensialını, informasiya-kommunikasiya texnologiyaları ilə təminatını gücləndirir, müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislər hazırlanmasına xüsusi diqqət yetirir. O, beynəlxalq proqram və layihələrdə fəal iştirak edir, innovativ təşəbbüslərlə çıxış edir, ADPU-nun fəaliyyətini
müasir tələblərə uyğun qurmaq üçün yorulmadan çalışır. Universitetdə əmək və tədris şəraitinin yaxşılaşdırılmasına, pedaqoji mühitin saflaşdırılmasına xüsusi önəm verən Cəfər müəllim, bütövlükdə Pedaqoji Universitetin nüfuzunun artırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Professor Cəfər Cəferov Pedaqoji Universitetdə tələbə yönümlü təhsilin təşkilinə xüsusi diqqət göstərir. Tələbələr onu qayğıkeş
rektor, alicənab insan, peşəkar idarəçi, ustad müəllim kimi qiymətləndirir, böyük hörmət bəsləyirlər. Rektorla görüşmək, ona problemlərini söyləmək tələbələr üçün çətin deyil. Təsadüfi deyil ki, Cəfər Cəfərov tələbələrin müraciətlərini ən çevik şəkildə cavablandıran rektor kimi “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb. Professor Cəfər Cəfərovun təhsil quruculuğundakı xidmətləri dövlət və icimai-siyasi təşkilatlar tərəfindən də yüksək
qiymətləndirilib. O, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı (2019), ABŞ-da təhsil alan Azərbaycan Məzunlar Assosiasiyasının “Təhsil sahəsində ən yaxşı nəticəyə görə” diplomu (2008), “Fəxri turizm işçisi” döş nişanı (2014), Humanist Pedaqogikanın Beynəlxalq Mərkəzi tərəfindən “Humanist pedaqogikanın cəngavəri” adı və “Ürək və qu quşu” döş nişanı (2017), Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “General Həzi Aslanov” (2019) və Vətən Müharibəsi Veteranlar Birliyinin “Milli Ordunun 100 illik yubileyi” (2019), ADPU və Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbi arasında Birgə Bəyannamə (2019) medalı və müxtəlif media mükafatları ilə təltif edilib. 2017-ci ildə IMC/FH KREMS Universitetinin fəxri doktoru adına layiq görülən Cəfər Cəfərov 2018-ci ildə Paris-Sorbon Abu Dabi Universiteti ilə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsindəki dəstək və səylərə görə təşəkkür diplomu ilə təltif olunub. 2020-ci ildə Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının Xarici Qiymətləndiricisi (ekspert) seçilib. 2021-ci il 17 dekabr
tarixində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 2023-cü il mayın 20-də mədəniyyət və incəsənət, elm, təhsil və beynəlxalq əlaqələrin inkişafındakı səmərəli xidmətlərinə görə Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun fəxri professoru adı ilə təltif olunub. 2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Professor Cəfər Cəfərov 8 illik fəaliyyəti nəticəsində ADPU ilə bağlı çox müsbət, fərqli bir imicin formalaşmasını təmin edə bilib. Belə ki, Pedaqoji Universiteti rəqabətə davamlı, qabaqcıl keyfiyyətlərə malik universitet səviyyəsinə yüksəldib.
O, bütün bunlara işgüzarlığı, peşəkarlığı, dayanıqlı səbri, əzmkarlığı, qətiyyəti, elm və təhsil sahəsinə dərindən bələdliyi, təşkilati bacarığı, işinə olan sevgisi ilə nail olub. İnanırıq ki, Cəfər müəllim fəaliyyətinin sonrakı illərində də ADPU-nun inkisafına gözəl töhfələr verəcək, qocaman elm
ocağını öndə gedən, tələbələr üçün geniş perspektivli üfüqlər açan, müəllimlər üçün yeni-yeni imkanlar yaradan ali təhsil müəssisəsi olaraq daha yüksək səviyyəyə qalxması üçün əzmlə çalısacaqdır. Bu çətin və şərəfli yolda ona uğurlar diləyir, elmi- pedaqoji və təşkilatçılıq fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.

Aynurə ƏLİYEVA
ADPU-nun Elmi-Tədqiqa Mərkəzinin elmi işçisi

 





23.06.2024    çap et  çap et