525.Az

"Yuliys Straume - 150: Naxışlar fərqli mədəniyyətlərdə” sərgisi başa çatıb


 

"Yuliys Straume - 150: Naxışlar fərqli mədəniyyətlərdə” sərgisi başa çatıb<b style="color:red"></b>

Milli Azərbaycan Tarixi Muzeyində Latviya mədəni irsinə həsr olunmuş “Yuliys Straume - 150: Naxışlar fərqli mədəniyyətlərdə” adlı multimedia sərgisinin bağlanış mərasimi keçirilib.

525.az xəbər verir ki, tədbirdə bir sıra ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatları, incəsənət, mədəniyyət və KİV nümayəndələri iştirak ediblər.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı öz çıxışında Latviya və Azərbaycan tarixi əlaqələrindən danışıb. O bildirib ki, hər gün yüzlərlə insan sərgini gəzərək bu gözəl mədəniyyət nümunələrinə heyran qalıb: "Bu işdə rolu olub, əməyi keçən hər kəsə, müstəsna zəhməti olan Səbinə xanım Şıxlinskayaya, Latviya səfirliyinin rəhbərliyinə və bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. Sərgi başa çatır, amma qapılarımız hər zaman üzünüzə açıqdır”.
Latviyanın ölkəmizdəki səfirliyinin missiya rəhbəri Viya Buşa tədbirin mahiyyətindən, Yuliys Straumenin Azərbaycanda gördüyü işlərdən söz açıb: “Biz tətbiqi sənət ustası Yuliys Straumenin 150 illik yubileyini qeyd edirik. Qafqazın dağ kəndlərində apardığı elmi ekspedisiyalar zamanı o, toxuculuq sənətinə və toxuculuq ənənələrinin öyrənilməsinə böyük maraq göstərib. Yuliys Straume1907-1923-cü illərdə Tiflisdə Qafqaz Sənətkarlıq Komitəsində işləyib.

Elmi ekspedisiyalar zamanı o, tekstil qrafikasına, toxuculuq ənənələrinin öyrənilməsi və yerli mədəni irsin qorunub saxlanmasına diqqət yetirib. Bu gün Gürcüstan Dövlət Xalq və Tətbiqi Sənət Muzeyində Ştraumenin yaratdığı 500-dən çox əşya sərgilənir. Straume bu muzeyin yaradıcısı və ilk gürcü dizayneri hesab olunur. O, 1908-1911-ci illərdə Şuşa REAL məktəbində rəsm müəllimi kimi fəaliyyət göstərib”.
Xanım Buşa deyib ki, Straume Latviyaya qayıtdıqdan sonra Latviya peşəkar tekstil sənətinin banilərindən biri olub. Onun eskizlərinə uyğun olaraq xalçalar, mebellər, suvenirlər və qablar hazırlanırdı.

Çıxışının sonunda xanım Buşa bildirib ki, yaxın vaxtlarda sərgini Azərbaycanın bir sıra bölgələrində də keçirmək planları var.
Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, Milli Azərbaycan Tarixi Muzeyi və Latviya səfirliyi birgə əməkdaşlıq şəraitində indiyədək bir neçə dəfə yaddaqalan tədbirlər keçirib ki, bu da onu çox məmnun edir. O, artıq illərdir ki, keçirilən Yuliys Straume beynəlxalq festivalında rəhbərlik etdiyi Milli Xalça Muzeyinin iştirakını qeyd edib. Ə.Məlikova tədbirdə təqdim olunan xalça ornamentləri haqda yüksək fikirlər söyləyib və bu işdə rəssam Səbinə Şıxlinskayanın müstəsna rol oynadığını bildirib.

Multimedia sərgisinin kuratoru Səbinə Şıxlinskaya bu kimi mədəni tədbirlərin Azərbaycanla Latviya arasında hərtərəfli əlaqələrin formalaşmasında mühim rol oynadığını, həmçinin, bu kimi sərgilərin keçirilməsi nəticəsində hər iki xalqın bir-birinin tarixini, mədəniyyətini, incəsənətini daha yaxşı tanıdığını bildirib.

Sonda tədbirin qonaqları sərgini ziyarət etikdən sonra Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyası və H.Z.Tağıyevin ev-muzeyi ilə tanış olublar.

Qeyd edək ki, sərgi 1 ay müddətində davam edib və 1000 nəfərə yaxın ziyarətçi qəbul edib.

Pərvanə 

 





23.06.2024    çap et  çap et