525.Az

Dondurma bazarında keyfiyyət problemi


 

Dondurma bazarında keyfiyyət problemi<b style="color:red"></b>

Bu günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalar üzərində monitorinq aparıb. Cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (enterobacteriaceae) aşkarlanıb. Uyğunsuzluq aşkarlanan dondurma məhsulları “Rich S.A” MMC-nin istehsalı olan “İçərişəhər” əmtəə nişanlı vanilli plombir dondurma, “Soyuq” əmtəə nişanlı südlü-kakaolu dondurma, “Soyuq” əmtəə nişanlı südlü-çiyələkli dondurma, “İCE Dream” əmtəə nişanlı dondurma, “Yolka” əmtəə nişanlı dondurma, “Selena” əmtəə nişanlı “Qlobus Eskimo” vanilli 12 faizli plombir dondurma, “Zoluşka” əmtəə nişanlı dondurma, “Selena” əmtəə nişanlı çiyələkli dondurma, “Camal” LTD-nin istehsalı olan “Qoşa Qapı” və “Naturalika” əmtəə nişanlı dondurmalardır. Eyni zamanda, “Naturalika” əmtəə nişanlı dondurmanın etiket məlumatında məhsulun 82 faizli kərə yağından istehsal olunduğu qeyd edilsə də, tərkibində fitosterin (kampesterin) müəyyən edilib. “Camal” LTD-nin istehsalı olan “Oazis” əmtəə nişanlı şokoladlı plombir dondurmanın etiket məlumatında isə bitki yağından istifadə olunduğu bəyan edilsə də, konkret hansı növ bitki yağından istifadə olunduğu qeyd olunmayıb.

 

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın dediyinə görə, yayda ən çox istehlak edilən məhsullardan biri sayılan dondurma daha çox xarab olmağa meyillidir. Düzgün şəkildə hazırlanmayan və saxlanılmayan dondurmalardan insan orqanizminə bir çox xəstəliklər keçir, mədə-bağırsaq, həzm sisteminin pozulmasına səbəb olur. Müvafiq qurumlar tərəfindən nə qədər monitorinqlər aparılsa da, bunun heç də hər bir nöqtəyə çatacaq qədər olmadığı açıq-aşkar ortadadır: “Yay aylarında dondurma alarkən birinci növbədə diqqət etməliyik ki, ən çox risk qrupu daşıyan dondurmalar açıq şəkildə çəki ilə, yaxud günəş altında açıq şəraitdə topla satılan dondurmalardır. Çünki belə dondurmaların hər hansı forması, üzərində etiket məlumatları olmur. Bu zaman dondurmanın təzə olub-olmadığını, yaxud donu açıldıqdan sonra yenidən dondurulub-dondurulmadığını bilmək mümkün deyil. Bəzən həmin dondurmalarda dadlandırıcılardan, meyvələrdən hazırlanan mürəbbələrdən, cemlərdən, souslardan istifadə olunur. Bunlar daha təhlükəlidir. Əgər birmənalı şəkildə kəsintisiz dondurulursa, qarışıq, açıq şəkildə satılan dondurmanın saxlama müddəti iki-üç günü keçməməlidir. Təbii ki, bəzən insanlar buna diqqət etmirlər, ya da satıcının sözlərinə inanaraq “təzədirmi?” deyə soruşurlar”.

Mütəxəssis bildirib ki, insan gün ərzində bir neçə qida ilə qidalandığı üçün yaranan xoşagəlməz halların məhz hansı qidadan qaynaqlandığını bilmir: “Keyfiyyəti, mənşəyi bəlli olmayan dondurmalar, eyni zamanda bilinməyən yerdən dondurma alınması məsləhət görülmür. Çünki dondurma süd, qaymaq, kərə yağından hazırlanan məhsuldur. Bunlar qiymətli məhsullardır, buna görə də dondurmanın qiyməti də kifayət qədər olmalıdır ki, insan orqanizminə hər hansı zərər verməsin. Lakin bu gün çox ucuz qiymətə də dondurmalar satılır. Həmin dondurmalar süddən, qaymaqdan, kərə yağından deyil, hər hansı dadlandırıcılardan hazırlanır ki, bunlar da sadəcə kimyəvi qatqı maddələrindən ibarət kütlədir. Bu məhsullar insan orqanizmi üçün həm artıq kaloridir, həm də kimyəvi qatı maddələri ilə zəngindir. Nəticədə isə orqanizmdə, xüsusilə, qaraciyərdə və böyrəklərdə toksinlərin yığılmasına, böyrək çatışmazlığına gətirib çıxara bilər”.

M.Hüseynova paketlənmiş dondurmalara da diqqət çəkib: “Əgər paketlənmiş dondurma alacağıqsa, bu zaman diqqət edəcəyimiz əsas məqam dondurmanın üzərində istehsalçı şirkətin bütün məlumatları, ünvan, əlaqə telefonu, dondurmanın tərkibində olan məhsulların hər birinin tam açıq şəkildə qeyd olunmasıdır. Xüsusilə, qeyd etdiyimiz süd, qaymaq, kərə yağı dondurmanın ən azı 70 faizini təşkil etməlidir. Digər 30 faizini isə köməkçi maddələr təşkil etməlidir. Paketin üzərindəki markalanma tamlığı pozulmamalıdır. Yazılar pozulubsa, yaxud dondurmanın özünəxas quruluşu əriyib, yenidən dondurulubsa, yəni quruluşu pozulubsa, belə dondurmaları almaq tövsiyə olunmur. Dondurmanı yeyərkən ağızda xoşagəlməz acı dad hiss edirsinizsə, bu, onun keyfiyyətsiz olduğunun göstəricisidir. Yayda gün ərzində dondurma istehlakı 150-250 qramı keçməməlidir. Yeməkdən sonra istehlak edilməsi tövsiyə olunmur. Yaxşı olar ki, ara yemək vaxtında istehlak edilsin. Dondurmadan dərhal sonra və ya əvvəl isti çay, isti qidanın qəbulu da dişlərin, damağın zədələnməsinə səbəb ola bilər. Bunlara da diqqət etmək lazımdır”.

Qida mütəxəssisi Ağa Salamov deyir ki, istehlakçılar dondurma alarkən onun əriyib yenidən donmuş olmasına diqqət yetirməlidirlər: “Dondurma süd məhsulundan hazırlandığı üçün riskli qidalara daxildir. Dondurmalar qida zəncirində tam təhlükəsiz şəkildə müştəriyə çatdırılmalıdır. Bunun üçün istehsal olunan müəssisədə avadanlıqlar yaxşı yuyulub təmizlənməlidir. Hər iş sonrası mütəmadi olaraq dezinfeksiya işləri getməlidir. Çünki avadanlıqlarda qalan qida qalığı süd məhsulu olduğu üçün riskli qida sayılır və mikrobioloji çirklənməyə meyillidir. Belə olduğu təqdirdə qida qalığı ilə çirklənmə nəticəsidə zəhərləyə səbəb ola bilər. Dondurmalar sağlam qaydada istehsal olunarsa, mənfi 18 dərəcədə maşınlarda marketlərə, satış nöqtələrinə çatdırılmalıdır. Satış nöqtələrində də mənfi 18 dərəcə olan soyuducuda saxlanılmalı və mühafizə olunmalıdır. Əsas diqqət etmək lazımdır ki, saxlanıldığı yerdə dondurmalar bir-birinin üstündə olmasın. Arakəsmə olmalıdır ki, sirkulyasiya getsin. Bu olmadıqda dondurmalar əriyir, tam donmur. Mütəmadi şəkildə soyuduculara diqqət edilməlidir. Dondurmanı istehsal edən şirkət maraqlanmalıdır ki, məhsulu hansı şəraitdə saxlanılır”.

Ekspert deyir ki, dondurma əriyib yenidən donduqda zəhərlənmə yaradır: “Dondurmalar bir dəfə əriməlidi, o da yeyildiyi zaman. İkinci dəfə dondurula bilməz. Ona görə də ehtiyalı olmaq lazımdır. Özü və qablaşdırması deformasiya olunmuş dondurmaları yemək olmaz. Yeyildiyi zaman ağızda buz kristalları hiss olunarsa, yeməyə davam edilməməlidir. Mütləq dondurmaların istehsal tarixinə baxmaq lazımdır. Bəzən görürük ki, neçə ildən qalan dondurmalar satışa çıxarılır. Bu da qida zəhərlənməsinə gətirib çıxarır”.

Ağa Salamovun dediyinə görə, dondurmanın tərkibində protein, karbohidrat, yağ kimi maddələrlə birlikdə A, D, E, C və B qrupu vitaminlər, həmçinin maqnezium, fosfor, sodium, potasium, dəmir və sink kimi minerallar olur ki, bunun da orqanizmə çox böyük xeyri var. Südlü dondurmalar 1 ay, meyvəli-giləmeyvəli, qaymaqlı və ətirli dondurmalar 1,5 ay, plombir dondurması 2 ay saxlanıla bilər. İstehsalında müasir texnologiyadan istifadə edildikdə, eləcə də məhsulun saxlama müddətinin artırılmasına zəmanət verən konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri standartlara uyğun olaraq əlavə edildikdə südlü, qaymaqlı və plombir dondurmaları mənfi 18 dərəcədən yüksək olmayan temperaturda ən çoxu 10 ay saxlanıla bilər. Saxlanma temperaturunun stabilliyi dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda bu məhsullarda mikrobioloji proseslər başlayır və bu cür məhsulların istehlakı insan orqanizmi üçün təhlükə mənbəyi hesab olunur. Xarici görünüşünə görə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpüklülük əlamətləri olmamalıdır. Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir.

O əlavə edib ki, keyfiyyətsiz dondurmalarda bağırsaq çöpləri qrupundan olan bakteriyalar, potagen mikroorqanizmlər, o cümlədən, salmonella, stafikoklar və s. orqanizm üçün təhlükəli bakteriyalar mövcud olur. Bu cür dondurmalar istehlak olunduqda insanlarda, xüsusilə uşaqlarda qida zəhərlənmələrinə və digər fəsadlara səbəb ola bilir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, dondurma süd məhsuludur və əsasən tərkibində süd, qaymaq və kərə yağından istifadə olunur: “Mütləq şəkildə bunların hamısı keyfiyyətli olmalıdır ki, dondurmanın faydalarından lazımi qədər istifadə edək. Çünki süd və süd məhsullarından hazırlandığı üçün insan sağlamlığı üçün çox faydalıdır və tərkibində karbohidratlar, zülallar, yağlar və bir çox vitaminlər var. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinın işini mən çox dəstəkləyirəm. İllər boyu monitorinq aparılırdı, amma istehsalçı müəssisənin adı qeyd olunmurdu. Yaxşı olardı ki, onların adı açıqlanandan sonra bazardan da o dondurmalar yığışdırılardı. Burada bir məsələ dondurmanın tərkibinə kərə yağı əvəzinə bitki yağının qarışdırılması və onun adının yazılmamasıdır. Ümumiyyətlə, məhsulun tərkibinə vurulan məhsulların qeyd olunmaması bizim ölkədə ciddi problemdir, bitki yağı yazılır, amma hansı bitki yağıdır, mənşəyi qeyd edilmir. Təəssüf ki, bu məsələ də həll olunmamış qalır. İstehlakçılar bişirilmiş dondurma alırlarsa, mütləq onun etiketinə fikir versinlər. Buraxılma tarixi ilə yararlılıq tarixi arasındakı vaxt intervalının kiçik olmasına fikir versinlər. Əgər dondurmanın etiketi pozulubsa, əzilibsə, bu o deməkdir ki, dondurma əriyib təzədən dondurulub”.

Sevinc QARAYEVA

 





24.06.2024    çap et  çap et