525.Az

Ədə­bi köşk: Nə var, nə yox?


 

Ədə­bi köşk: <b style="color:red"> Nə var, nə yox?</b>

100 min ver, gör nə edirəm!

Ulucay Akif vulkan kimi püskürür. Deyir, qonorar versələr, dünya səviyyəli böyük roman yazaram: “100 min manat qonorar versinlər, bütün işimi-gücümü qoyum qırağa, 1 ilə Qarabağ zəfəri haqqında elə bir roman yazım ki, tərcümə edib lap bütün dünyaya yaysınlar o əsəri.

Rejissora, aktyora, bəstəkara, heykəltaraşa, müğənniyə pulsuz iş gördürə bilmirsənsə, yazıçıya pulsuz nəsə yazdırmaq istəyi çox absurddur. Roman yazmaq çırtma çalmaq deyil ki, “haaaaa” deyən kimi yazıla. İnsanların da “yazıçının borcudur yazmaq!” deməyi gülməlidir. Yazıçı niyə camaat qarşısında borclu olur ki? Vallah, mənim 3-5 dostumdan başqa heç kimə borcum yoxdur. Yazıçının kitabını almır, kitab təqdimatına getmir, imza gününə getmir, amma deyir ki, “yazıçı mənə borcludur! Qarabağ haqqında roman yaz!” Sənə hardan borcum yarandı axı mənim?

Dediyim kimi, Qarabağ haqqında romanın yazılmamağı səni narahat edirsə, ver qonorarımı, yazım, özü də dünya səviyyəli roman yazım, bəşəri əsər yazım, lokal yox.

Necə olur ki, müğənniyə sponsorluq eləyəndə “çest”inə dəymir, amma yazıçıya havayıdan əsər yazdırmaq istəyirsən, hələ minnət də eləyirsən?”

Ulucay, vaxt gedir. Gördün 100 min verən yoxdu, sən romanını yaz.

Amma çox təhlükəli məsələdi. Birdən biri 100 min verdi, sən də yaza bilmədin. Gəl indi 100 mini qaytar... Çətin məsələdi...

***

100 manat xərci olan şeirlər...

Orxan Saffari Aqşin Yeniseydən sonra Şəhriyar Del Geranini hədəfə alıb. Qismət Rüstəmovun Orxana kəskin tənqidindən sonra, deyəsən, dostumuz bu ədəbi nəsilə qarşı “müharibə” elan edib. Bizi də ara yerdə işə salacaq: “Şəhriyarın bütün şeirlərində qız vəfasız, “əğyarə gedən” obrazdadır. Bütün şeirlərin günahkarı qadındır, hamısında qadın xəyanət edir, başı çatmır, dəli olur. Heç nə yox, Şəhriyara “darıxmaq”, “it”, “kədər”, “həsrət”, “gözləmək”, “qayıtmadın” kimi barmaqla sayılacaq sözləri qadağan edirsən, yazmaq nədir, ağzını açıb danışa da bilməyəcək. Dəqiq desək, Şəhriyarın şeirlərinin uzağı 100 manat xərci var. Bir-iki qutu siqaret, bir tikə yemək, bir litr də araq. Vəssalam. Bunlar olandan sonra şeirə ehtiyac qalmır”.

Məncə, Saffari səmimi deyil, çünki Şəhriyarın şeirlərini o da az sevmir. Bəs onda niyə belə yazır?

***

Laçında bir bina -  47 il sonra...

Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı Laçına gedib. Laçına gedişi köhnə xatirələrini də təzələyib. İllər sonra bir binanın sorağına düşüb: “1977-ci ilin yayında, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin I kurs tələbələri folklor ekspedisiyasına göndərilərkən mən Laçın rayonuna düşmüşdüm. Növbə ilə rayonun kəndlərini gəzir, yaşlı adamlardan xalq ədəbiyyatı örnəkləri toplayırdıq. Rəhbərimiz universitetin müəllimi, gözəl şair, dəyərli insan Ağa Laçınlı idi. Rayon mərkəzində yerləşən internat məktəbinin yataqxanasında qalırdıq. 47 il sonra Laçına gedərkən həmin binanı axtarıb tapdım, ziyarət etdim”.

***

“Əsl ədəbiyyat şeirdi, nəsr yox”

Hökm verənlərin sayı o qədər çoxdur ki, bilmirsən, hansını dinləyəsən, oxuyasan. Əsəd Qaraqaplan da ziddiyyətli müqayisə apararaq qəribə bir hökm verib. O, şeiri nəsrdən çox üstün görür. Gətirdiyi arqumentlər isə...

“Şairlər insanları olduğu kimi deyil, görmək istədikləri kimi görərlər və şeirlərini ona görə yazarlar. Onlar gerçək pislik reallıqlara deyil, əslində, olmalı olana inanarlar. Ona görə - gördükləri elə olmur deyə bu qədər tənha və “kədər”lidirlər.

Buna görə şairlərin yazdıqlarına çoxları “yalandır” deyirlər.

Yalan olan, əslində, özləri və öz hekayələridir.

Şairlər özləri obrazdırlar, özləri hər şeyin mərkəzindədirlər. Ancaq məsələn, nasirlər uydurarlar, fərqli obrazlar yazarlar. Ona görə əsl ədəbiyyat şeirdir, nəsr yox.

Həyatın mərkəzində olmaq, yəni qəhrəman olmaq həm də qəhrəmanlıqdır. Bütün yükü özün daşımaqdır. Şair də budur elə. Həqiqi şeirlərə baxsanız, görərsiniz ki, orda elə şairin özü var, başqa heç kim yoxdur.

Oxucuya səmimi gələn də şairin bunu özü yaşaması, ortada özü olmasıdır. Səhvim varsa, əlavələr edin...

Şairin qanından, canından keçməyən bir şey şeir olmaz, yəni həqiqi şeirin taleyi olur. Ancaq nəsr elədirmi?

Əslində, klassikləşmiş, böyük nəsr əsərlərinin çoxu da bu üzdən şeirdir elə...

Bəsit yazmağa çalışıram, fikrim daha da aydın olsun deyə...

Bir həqiqi şairdən nasir düzəltmək olar, amma bir nasirdən nə qədər şair ola bilər, onu heç bilə bilmirəm.

Onu da demirəm indi, Folkner demiş, bütün nasirlər uğursuz şairlərdir...

Sevgi və şeirlə qalın. Əslində, sevgi elə şeirdir. Ona görə sevgilər ən çox şeirlə ifadə olunur...”

***

Hansı janr daha çox oxunur?

THGM Agentliyi 56 ölkədən 945 oxucu arasında 2023-cü ildə hansı janrlarda kitab oxuduqları və 2024-cü ildə oxumağı planlaşdırdıqları barədə bir sorğu keçirib. Avropa, Şimali Amerika, Asiya, Avstraliya, Afrika və Cənubi Amerikanın sakinləri oxu vərdişlərini və üstünlüklərini bölüşüblər.

Kamran Məmmədli “Ədəbiyyat və İncəsənət” portalında belə bir maraqlı materialı oxucularla bölüşüb.

“Hansı janr daha çox oxunur?” sorğusunun iştirakçılarından hansı janrda kitabları oxuduqları soruşulub, bədii ədəbiyyat və ya qeyri-bədii ədəbiyyat oxuduqları ilə maraqlanılıb. Sorğu göstərib ki, 2023-cü ildə dünyanın ən populyar üç janrı açağıdakılardır:

- tarixi kitablar (34%),

- detektivlər (33%),

- tərcümeyi-hallar/xatirələr (31%).

Bəzi kiçik regional fərqlər də qeyd edilib. Məsələn, kanadalılar digər ölkələrin oxucuları ilə müqayisədə tarixlə daha az maraqlanırlar. İngilis oxucular da öz növbəsində fantaziyaya böyük maraq göstərlər.

Digər populyar janrlar fentezi, elmi fantastika və motivasiya-özünəkömək kitabları olub.

Yeri gəlmişkən, yüzlərlə oxucu sorğuya daxil edilməyən janrların adını çəkərək təşkilatçılara irad bildiriblər. Poeziya, fəlsəfi, dəhşət, komedik, kulinariya, sevgi romanları, uşaq kitabları və s. Növbəti sorğuda təşkilatçılar mütləq xeyli populyar olan digər janrları da kateqoriya seçimini genişləndirərək əlavə edəcəklərinə qərar veriblər (dəhşət, şeir, uşaq kitabları, fəlsəfə, mənəvi ədəbiyyat, sevgi romanları, komikslər, manqa və qrafik romanlar kimi).

***

Təzə nə var?

Kəramətin bu statusunu oxuyanda Akif Səmədin “Məni dostlarım öldürdü, düşmən dirildər İnşallah” misralarını xatırladım: “Böyük bir ədəbiyyat müsabiqəsinin keçirilməsi palanlaşdırılır. Mənə deyirlər ki, sən də ora əsər təqdim elə. Soruşuram ki, münsiflər heyəti kimlərdi? Yəni əsəri kimlər qiymətləndirəcək? Deyirlər, narahat olma, dostlarındı. Deyirəm, elə dostlarımdı deyə narahatam da. Yad olsaydı, rahat olardım”.

***

Xalq şairi Sabir Rüstəmxanlı mobil rabitə şirkətinə qəzəblənib: “Hörmətli “Azərsell”! Mən İranda deyiləm! Azərbaycanda, Yardımlıdayam! Sən hansı haqla və məsuliyyətsizliklə mənim telefonuma “İrana xoş gəlmisiniz...” mesajı göndərirsən? Sən axı “Azərsell”sən, “İransell” deyilsən!”

***

Nicat Həşimzadənin tövsiyəsi: “Hər bir Azərbaycan gənci mütləq Məmməd Orucun “Köçürülmə” romanını oxumalıdır. Bu kitab bizim yaddaşımızdır, taleyimizdir. Bu əsər əsasında çox əla film çəkmək olar”.

***

Şair Elman Tovuzun vəziyyəti ağırlaşıb. Bu barədə həmkarı Ehtiram İlham məlumat verib: “Neçə müddətdir ki, Elman Tovuz ağrılarla üz-üzə qalıb. Onillərlə canını saran iztirablar dözülməz həddə çatıb artıq. Vəziyyətin kritikliyi səsinə də hopub. Taleyin qəzavü-qədəriylə yatağa düşən Elman Tovuz, öz böyük iradəsi və dözümüylə zaman-zaman çoxlu xəstəliklərin dizini yerə qoymağı bacarıb... Amma indi əlavə xəstəlikləri də yaranıb. Ömrünün böyük bir hissəsi müalicəylə ötüşüb. Heç vaxt indiki ağrı-acılar qədər müsibətli duruma düşməyən ustad şairin çox ciddi müalicəyə, ciddi həkimlərə, ciddi xəstəxanaya ehtiyacı var. Ölkəmizin səhiyyə qurumlarına, xüsusilə də, TƏBİB-ə üz tutaraq acizanə surətdə rica edirəm: Azərbaycanın gözəl şairi, dəyərli ziyalısı, mərd və böyük iradə sahibi olan Elman Tovuza yardım göstərsinlər...”

TƏBİB şairi nəzarətə götürüb və Elman Tovuz xəstəxanaya yerləşdirilib.

Hazırladı: Nadir YALÇIN

 





24.06.2024    çap et  çap et