525.Az

Bakıda Çili pyesinin oxunuşu keçiriləcək


 

Bakıda Çili pyesinin oxunuşu keçiriləcək<b style="color:red"></b>

Bakıda “Characters” müasir dramaturgiya festivalı çərçivəsində iyulun 3-də Çili dramaturqu və rejissoru Pablo Manzinin “Barbarların yaşadığı yer” (“Donde Viven los Bárbaros”) pyesinin oxunuşu keçiriləcək.

525.az-a bu barədə Çilinin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Tədbir “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində baş tutacaq. Oxunuşun quruluş müəllifi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının və Azərbaycan Dövlət YUĞ Teatrının rejissoru Tural Mustafayevdir.

Oxunuşda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirlər.

Səfirlik qeyd edib ki, 2023-cü ilin noyabr ayından etibarən “Characters” festivalı çərçivəsində Azərbaycanda müasir dramaturgiyanın populyarlaşdırılması və inkişafına yönəlmiş bir sıra tədbirlər həyata keçirilib.

Əsas tədbir pyes müsabiqəsi olub, onun nəticələrinə əsasən qaliblər seçilib və 2024-cü ilin mart ayında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində pyes oxunuşları keçirilib.

“Characters” müxtəlif məkanlarda Azərbaycan və xarici müəlliflərin müasir pyeslərinin oxunuş proqramını davam etdirir.

Pablo Manzinin 2015-ci ildə yazdığı pyesi müasir dünyada zorakılıq və qorxu mövzusunu, cəmiyyət daxilindəki sosial-siyasi fikir ayrılıqlarını gündəmə gətirir, miqrantların problemlərinə və gender kimliyinə toxunur.

Qeyd edək ki, giriş sərbəstdir və yaş həddi 18-dən yuxarıdır.

 





24.06.2024    çap et  çap et