Dünya yeni bir formatlanma və nizamın astanasındadır. Buna bağlı olaraq bütün coğrafiyalarda açıq və gizlin mübarizə ən pik nöqtədə cərəyan edir. Dünyanın güc mərkəzləri olan ABŞ, Avropa İttifaqı, Çin, Rusiya öz mövqelərini qorumaq, mümkünsə gücləndirmək üçün addımlar atarkən bu sistemə etirazını ifadə edən dövlətlər də özünü güclü şəkildə göstərir. Və bu kimi dövlətlər içərisində Türkiyə başı çəkməklə birlikdə yeni nizamda türk-islam liderliyinə iddia edir. Amma burada yeni bir geosiyasi vəziyyət də yaranmış olur. Türkiyə Osmanlının varisi kimi bu böyük imperiyanın qalıqları üzərindəmi böyük güc olmaq yolunu tutacaq və ya yeni bir yolla gedərək Türk-Turan birliyini qurmaqla super gücə çevrilmək niyyətini ortaya qoyacaq? Dünya siyasi zəmini Türkiyəni hansı istiqamətə yönəldir və ən maraqlısı Azərbaycan bu siyasi gedişlərin hansı nöqtəsində qərar tutur?
Türk və islam coğrafiyasının tənəzzülü, əslində, eyni tarixi dövrə təsadüf edirdi. Birinci Dünya müharibəsinin ardınca Osmanlının süqutu islam aləminə böyük faciələr gətirdi və bu gün müsəlmanların yaşadığı coğrafiyalarda baş verən əsas faciələrin səbəbi də Osmanlının çöküşü ilə əlaqəli olaraq ortaya çıxıb. Türk-Turan coğrafiyasında böyük faciələr də XX əsrin əvvəllərində özünü daha güclü şəkildə göstərib. Xüsusilə sovet imperiyasının qurulması ilə birlikdə Türk dünyası XX əsr boyunca tarixin ən ağır sınaqları ilə qarşı-qarşıya qaldı, repressiyalar yaşandı, insanlar əzəli ata-baba yurdlarından sürgün edildilər. Və bu gün dünyanın yeni nizama qədəm qoyduğu bir dövrdə tarix türk dünyasının üzərində yeni bir günəşin doğmasına imkan verir. Türk dünyası yeni dünya düzənində Türkiyənin liderliyində qlobal super gücə çevrilmək fürsətini yaxalayıb.
Türkiyənin Türk dünyasında liderlik iddiası bu ölkənin son illərdə hərbi sənayedə yüksək səviyyədə inkişaf etməsi ilə bilavasitə bağlıdır. Xüsusilə də yeni hərbi doktrində mühüm yer tutan insansız hərbi texnikaların istehsalı dünyada bu ölkənin gücünü və nüfuzunu xeyli artırıb. Nəticədə, bu gün Türkiyə XX əsrin əvvəllərində itirdiyi nüfuzunu və təsir dairəsini geri qaytarmaq niyyətini ortaya qoyur. Yeni dünya düzənində super güc iddiasını ortaya qoyan Türkiyə sələfi Osmanlıdan fərqli olaraq üzünü daha çox Türk dünyasına tutmaqdadır. Yaxın Şərqdə dünya dövlətlərinin daha çox maraqlı olması, bu bölgə üzərində mənafelərin toqquşması Türkiyənin burada güclənməsinin qarşısını alır. Xüsusilə də bölgənin enerji ehtiyatları ilə zəngin olması ABŞ, İngiltərə, hətta Çin, Rusiya və Avropa İttifaqının bölgəni nəzarətdə saxlamaq üçün gərgin mübarizə aparmasına səbəb olur. Suriyanın və İraqın şimalında terror təşkilatları ilə Türkiyə-Ərəb dünyası arasında sədd çəkilmək niyyəti də bu deyilənləri təsdiq edir. Doğrudur, Türkiyə son dövrlərdə Yaxın Şərqdə öz nüfzunu xeyli gücləndirib. Lakin düşünsək ki, dünya yeni bir dövrə hazırlaşır və Çin, ümumilikdə Cənubi-Şərqi Asiya artıq dünyanın yeni iqtisadi inkişaf mərkəzinə çevrilir, Türkiyə də bu tarixi şəraiti nəzərə alaraq öz çıxarlarını bu istiqamətə daha çox cəmləndirir. Bütün bunlar isə Türkiyənin Türk dünyası ilə yaxınlaşmasına və nəticədə böyük Turan birliyinə yaradılması fikrini ideyadan həqiqət mərhələsinə yüksəldir.
Türk-Turan birliyinin meydana çıxması isə dünyada ABŞ, İngiltərə, hətta Rusiya kimi super güclərin maraqlarını təmin edir. Çinin getdikcə güclənməsi, bu dövlətin dünya ağalığı iddiasında olması onun Mərkəzi Asiya ölkələri üzərində marağının da artmasına səbəb olub. Zəngin enerji ehtiyatları, digər təbii sərvətlər Çinin gözünü bu regiona çevirib. Nəzərə alsaq ki, Çinin böyüməsinin qarşısındakı ən böyük maneə olan enerjiyə olan ehtiyacdırsa, Çin zəngin enerji qaynaqlarına malik Mərkəzi Asiyada güclənməklə bu problemini aradan qaldırmağı düşünə bilər. Bu amil də onu göstərir ki, bu regionda Çinin güclənməsinin qarşısı alınmalıdır və bu da yalnız bölgə ölkələrinin vahid çətir altında birləşməsi ilə mümkündür. Buna görə də ABŞ və İngiltərənin, hətta yaxın gələcəkdə böyük ehtimalla, Çinlə güclü toqquşma yaşayacağı gözlənilən Rusiyanın da Türk-Turan simasında özünə müttəfiq axtaracağı şübhəsizdir.
Türk-Turan birliyinin quralması isə, əlbəttə, geosiyası çıxarlarla yanaşı, bu coğrafiyada mövcud olan dövlətlər üçün də yeni fürsət və imkanlar yarada bilər. Belə ki, böyük bir bazarın vahid sistem altında idarə edilməsi, Çini, Hindistanı, Rusiya və Avropa ölkələrini birləşdirə biləcək ticarət yollarının mərkəzində qərar tutması türk coğrafiyasını Turan birliyi ilə dünyanın güc mərkəzinə çevirə bilər. Bu birliyə daxil ola biləcək ölkələrin yeraltı və yerüstü sərvətlərlə zəngin olması və ələlxüsus, Türkiyənin elmi texnologiyada sürətlə inkişafı bu ölkələrin özü özünü təmin etmə qabiliyyətini də qazandırmış olur. Bu faktor da super güc iddiasında olan bir birliyin ən mühüm üstünlüyü hesab edilir.
Bəli, dünyanın yeni bir mərhələ astanasında olduğu bir dövrdə türk dünyası üçün fürsətlər qapısı açılmış vəziyyətdədir. İndi Türk-Turan birliyinin qurulmasından, türki dövlətlərin bir olaraq hərəkət edəcək bir ittifaqa qol qoymasından danışmaq mümkündür. Bu tarixi dövrün astanasında onu əminliklə demək mümkündür ki, Türk-Turan birliyinin qurulması prosesi Azərbaycanın güclənərək öz ərazi bütövlüyünü bərpa etməsinin ardınca faktiki olaraq ortaya çıxmışdır. Son nəticədə Zəngəzur dəhlizinin açılaraq işə düşməsi ilə birlikdə Türk-Turan birliyinin rəsmi şəkildə elan edilə biləcəyini söyləmək mümkündür.
PS. Türk-Turan birliyi ideolojik olaraq Azərbaycanda yaranmışdı, mərkəz ölkəmiz idi. Milli ideoloqlar Türk dünyasını birləşdirmək istəyirdilər. Lakin XX əsrin əvvəllərində bu, mümkün olmadı, Türk-Turan birliyinə zərbə endirildi, Azərbaycan işğal edildi, tarixi torpaqlarında Ermənistan yaradıldı, bu dövlət türk dünyasını ikiyə böldü və bundan ən çox zərər görən də Türk dünyası oldu. İbn Xəldun deyirdi ki, tarix təkərrür edir. Bu dəfə bu təkərrür Azərbaycanda özünü göstərdi, Türk-Turan birliyinin qurulması prosesi Türkiyə başda olmaqla digər türk dövlətləri kimi ölkəmizin də güclənməsi ilə birlikdə müzakirə edilməyə və faktiki işlər görülməyə başlanıb. Və dünyadakı geosiyasi vəziyyət, Türk xalqlarının bu dəfə daha güclü şəkildə iradə ortaya qoymaları tarixi Türk-Turan birliyi fikrinin, böyük ideoloq İsmayıl bəy Qaspıralının “Dildə, işdə, fikirdə birlik” ideyasının reallaşmasını mümkün qılır.
NAXÇIVAN