525.Az

Professor Şirməmməd Hüseynov məzarı önündə yad edilib


 

Professor Şirməmməd Hüseynov məzarı önündə yad edilib<b style="color:red"></b>

Vəfatının beşinci ildönümü ilə əlaqədar olaraq, Azərbaycanın görkəmli jurnalisti, tədqiqatçı alim, professor Şirməmməd Hüseynovun məzarı ziyarət edilib.  

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ötən illəri xatırlayaraq Şirməmməd Hüseynovun parlaq şəxsiyyətindən bəhs edib: “Beş il əvvəlin iyununu xatırlayıram. Şirməmməd müəllim zəng edib dedi ki, bu mövsümü yekunlaşdırıram, sentyabrdan yeni yazılarla davam edəcəyik. Təəssüf ki, bu zəngdən bir neçə gün sonra böyük müəllimizin vəfat xəbərini aldıq və çox kədərləndik. Buna baxmayaraq, hər sentyabr ayı gələndə mən elə zənn edirəm ki, Şirməmməd müəllim yeni yazısını yollayacaq. Onun ömür-gün yoldaşı Ülkər xanım ara-sıra Şirməmməd müəllimin irsindən nümunələri bizə təqdim etməklə böyük alimin ənənələrini davam etdirir. Şirməmməd müəllim özündən sonrakı nəsil üçün peşəkarlığın, məsuliyyətin, əzmkarlığın nümunəsi, istər ondan dərs alan, istərsə də tələbəsi olmayan bütün jurnalistlər üçün böyük bir məktəb idi. Bu il həm də Şirməmməd müəllimin 100 illik yubileyidir. Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə onun adına böyük elmi konfransın həyata keçirilməsi nəzərdə tutulur. Allah ona qəni-qəni rəhmət eləsin”.

BDU-nun Milli Mətbuat kafedrasının müdiri, professor Cahangir Məmmədli Şirməmməd müəllimdən öyrəndiyi əsas xüsusiyyətləri sadalayıb, onun Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindəki əvəzsiz xidmətlərini dilə gətirib: “Hərənin bir müəllimi var. Mənim də müəllimim o kişi idi.

Təmizliyi, normal insan olmağı, tələbəyə münasibəti ondan öyrənmişəm. Onun vətəndaş kimi də, müəllim kimi də, insan kimi də özünün xətti olub. O xətlərin hərəsindən nəsə əxz edə bilmişiksə, bizim xeyrimizədir. Şirməmməd müəllim sərt adam idi, amma bir məzundan eşitməmişəm ki, ondan nədəsə narazılıq eləsin. Həmin sərtlik insanlara çox şey öyrədib. Ruhu şad olsun”. 

Tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi Solmaz Rüstəmova-Tohidi Şirməmməd Hüseynovun müəllim və araşdırmaçı kimi yüksək keyfiyyətlərindən söhbət açıb: “Müəllim böyük sözdür. Şirməmməd müəllimin adının qarşısına bu sözü böyük hərflərlə yazmaq olar. Şirməmməd müəllim şəxsən mənə düşünmək öyrədib. O, bolşevik mətbuatından bizə dərs deyirdi. Həmin vaxt Lenini ikiqat oxutdururdu: sətiraltı mənaları ilə birlikdə... Mən tədqiqatçı olmağımı, aspiranturaya daxil olmağımı ona borcluyam. Elə gün yoxdu ki, Şirməmməd müəllimin ruhuna dua etməyim. Onun, xüsusən, Məhəmməd Əmin Rəsulzadə ilə bağlı araşdırmaları bu gün bizim üçün böyük istinad nöqtəsidir”.

BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu Şirməmməd Hüseynovun ənənələrinin bu gün də davam etdirildiyini bildirib və fakültə əməkdaşları adından ziyarətə gələn hər kəsə təşəkkür edib.

BDU-nun “Multimedia və elektron kommunikasiya” kafedrasının müdiri, professor Qulu Məhərrəmli Şirməmməd Hüseynovun böyük şəxsiyyəti və bu şəxsiyyətin fövqündə təlqin etdiyi dəyərlərdən söhbət açıb: “Bizi bura gətirən səbəb təkcə Şirməmməd müəllimin xidmətləri deyil, həm də bizim onunla mənəvi bağlılığımızdır. O, müəllim və şəxsiyyət anlayışlarını özündə birləşdirmişdi. Bu, böyük intellekt, daxili güc tələb edirdi. Son illər çox yaxın münasibətimiz var idi. Şirmməd müəllimdən öyrəndik ki, bu millətə, elmə, tarixə, istiqlala təmənnasız xidmət etmək istəyirsənsə, hansı düşüncədə olmalısan”.

MŞ-nin sədr müavini Səadət Məmmədova, BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu, BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova, Milli mətbuat tarixi kafedrasının dosentləri Simar Rəhimova, Aygün Əzimova, Qərənfil Quliyeva, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Şirməmməd Hüseynovla bağlı xatirələrini dilə gətirib, ruhuna rəhmət oxuyublar.
Nadir YALÇIN
 

 





25.06.2024    çap et  çap et