525.Az

Bir müsahibənin fəlsəfəsi - So­sial şə­bə­kə­də ya­zı­lan­lar


 

Bir müsahibənin fəlsəfəsi - <b style="color:red"> So­sial şə­bə­kə­də ya­zı­lan­lar</b>

Etibar Əliyev, millət vəkili:

- Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində oxuduğumuz illərdən indiyə kimi yaddaşımızdan bir şey silinməyib: “enerji” bütün mövzuların açar sözü idi. Faydalı enerji resurslarının trayektoriyası kifayət qədər informativ xarakter daşıyır. Bu, təbiidir, çünki enerji -biosferin mürəkkəb strukturunu təşkil edir. Enerjinin şəklini dəyişməsi evolyusiya və həyatın əsasını təşkil edir. Müasir dövrə yeni enerji mənbələrinə ardıcıl keçidin baş verməsi tarixi kimi baxmaq olar və müasir dünya bu şəkildəyişmənin məcmusunun nəticəsidir. Bəşəriyyətin nəhəng fiziklərindən biri, Nobel mükafatı laureatı Riçard Feynman yazır: “Enerji müxtəlif formalara malikdir və bunların hər birinin öz formulu var: cazibə enerjisi, kinetik enerji, elastik enerji, istilik enerjisi, elektroenerji, kimyəvi enerji, şüalanma enerjisi, nüvə enerjisi, kütlə enerjisi və enerji ən “hiyləgər” anlayışdır”. Təsadüfi deyildir ki, enerjinin ələkeçməz təbiəti bütün dövrlərdə alimlər tərəfindən öyrənilib. Enerji haqqında məqbul olmayan biliklər müxtəlif illüziyalar və təlatümlər yaradıb. Bəşəriyyət artıq elektrmobil dövrünə yetişib. Azərbaycan artıq enerjidən rasional istifadə edən ölkələr sırasındadır.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 iyun tarixində “Euronews”a müsahibəsi əslində enerji paradiqmasına mükəmməl şəkildə aydınlıq gətirməyə yönəlib: “Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən, bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir”.  Ölkəmizdə artıq 1994-cü ildən başlayaraq 30 ildir ki, “Bakı enerji həftəsi” keçirilir. Bu il keçirilən tədbirdə dünyanın 37 ölkəsindən 300-dən çox nümayəndə iştirak etmişdir. Dövlətimizin başçısının həmin müsahibədə səsləndirdiyi mühüm fikirə diqqət edək: “Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”. Məntiq budur: Azərbaycan iqlim dəyişmələri və enerji problemlərini - başqa sözlə, bəşəriyyətin gələcəyini düşünən öncül dövlətlərdən biridir.

Hal-hazırda bəşəriyyəti ciddi şəkildə dekarbonlaşma - onun tempi və miqyası düşündürür. Ölkəmizdə  keçirilən möhtəşəm tədbirlərin fəlsəfəsini yaşıl enerjiyə keçid təşkil edir. Kanada alimi ekologiya sahəsində görkəmli alim Vaslav Smilə görə elektrikə tələbatın dekarbonlaşması elə sürətlə getməlidir ki, qlobal istiləşmə 1,5 dərəcə (pis halda 2 dərəcə) məhdudlaşsın. Hazırda günəş batareyaları və külək generatorlarının quraşdırılması yerin altından çıxarılan enerjidən qat-qat ucuz başa gəlir. Bir çox ölkələr əhəmiyyətli şəkildə bu keçidi etməyi bacarıblar. Nümunə kimi Almaniyanı göstərmək olar: 2000-ci ildə günəş və külək elektrostansiyalarının gücü 10 dəfədən çox artmışdır”.

Artıq Azərbaycan da bu ölkələr sırasındadır.

Fakt: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 Oktyabr 2004-cü il tarixli sərancamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlətimizin başçısı İlham Əliyev həmin müsahibəsində bir faktı da gündəmə gətirdi: “Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu.  Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır”. Düşüncəmə görə, bu proses geridönməz xarakter alacaq.

Ölkəmizin ev sahibliyi etdiyi Humanitar Forumlar dünya üçün yeni maarifçilik dalğası yaratdı. Ciddi şəkildə hazırlaşdığımız COP29 tədbiri humanizm və gələcəyə optimist baxışların formalaşması nöqteyi-nəzərindən daha böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev deyir: “Azərbaycan COP29 zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.

Bu imperativ çağırış həm də bəşəriyyətin üzləşdiyi  ekzistensional təhlükələri azaltmağa xidmət edir.

Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” müdrik kəlamı artıq təsdiqini tapıb.

 

Aslan İsmayılov, hüquqşünas:

- Bu yaşımda bildiyim odur ki, xalqımızın gələcəyi ilk növbədə onun müəllim və həkimlərindən asılıdır. Ona görə də bu sahəyə həmişə xüsusi diqqətlə yanaşmışam. Alitəhsilli doğmalarımın əksəriyyəti müəllimə (əsasən də riyaziyyat müəllimi) olduğundan son dövrlər həyata keçirilən sertifikatlaşdırma prosesini yaxından izlədim. Düzünü desəm, əvvəllər sosial şəbəkələrdən aldığım məlumatlar əsasında bu prosesə münasibətim mənfi idi. Son imtahanda kiçik bacım, əmim qızı və əmim nəvəsi (hər üçü riyaziyyat müəllimləridir) iştirak etdiyindən bu prosesi daha yaxından izlədim. İmtahana qədər doğmalarımın keçirdiyi həyacan məni də təşvişə salmışdı. Oxuduqlarımdan, eşitdiklərimdən çıxarılan nəticə o idi ki, suallar çox qəliz olacaq və obyektiv imtahanlardan keçənlərin sayı cüzi olacaq. İmtahanın nəticələrindən sonra  doğmalarımdan (42, 52 və 56 bal toplayıblar) öyrəndim ki, heç bir qəliz sual olmayıb və əgər çoxsaylı şayiələr nəticəsindəki həyacan olmasa idi, balları daha yüksək olardı.

Gəldiyim nəticə odur ki, nə qədər çətin olsa da, bu sahədə inkişaf var və gələcəyə baxışım nikbindir. Minlərlə adını, soyadını düzgün yaza bilməyənlər, min bir yolla müəllim sırasına düşmüşlər (son dövrlər gedən müsbət prosesləri də gözdən salan elə bu “müəllimlərdir”) bu imtahanlar nəticəsində ələnəcəklər və onlara havayı verilən maaşlar imtahanlar nəticəsində yüksək bal toplamış müəllimlərin maaşına əlavə ediləcək. Müəllimlərin bugünkü maaşları qənaətbəxş olmasa da, əvvəlki maaşlarından qat-qat yüksək olacaq. Ümidvaram ki, son dövrlər tam nüfuzdan düşmüş müəllim peşəsi bu cür ələnmələrdən sonra layiq olduğu hörməti qazanacaq. Bu gün isə bu meyar ilk növbədə onlara verilən maaşlarlardan asılıdır.

 

Yegana Hacıyeva, politoloq:

- Avropa İttifaqının aqibətini müəyyən edən faktorlardan biri də təşkilatın simalarıdır.

Məsələn, Cozef Borrel kimi öz vətənində qalmaqallı və şübhəli keçmişi olmuş siyasətçilərin rəhbər postlara gətirilməsi ilə məsələ həll edilib.

Bu üsul isə təkcə siyasət deyil,  ümumiyyətlə bütün müstəvilərdə işləkdir.

Birinin işini, əməyini gözdən salmaq istəyirsənsə, onun etdiklərini ucuzlaşdıracaqsan.

Bunun üçün isə çox da “zəhmət çəkmək” lazım gəlmir.

Onu və etdiklərini şübhəli, qalmaqallı şəxslərlə təqdim edəcəksən.

Qeyri-ciddi adamları ona vitrin edəcəksən və s.

 

Ülvi Bahadır, şair:

- “Real”ın sabiq futbolçusu Kristian Karambö Fransa yığmasında  oynamış ən məşhur Yeni Kaledoniyalıdır. Onun babası 1931-ci ildə Paris müstəmləkə sərgisinə gətirilən 100 kanakdan biri idi və sərgi iştirakçılarına kannibal kimi təqdim edilmişdi. Müharibə ərəfəsində fransızlar onun babasını Almaniya zooparkında saxlanılan timsahlarla dəyişdiriblər. Karambö ailəsinin vaxtilə gördüyü bu rəftar, eləcə də Fransanın müstəmləkə tarixinə görə milli formanı geyindiyi zamanlarda heç vaxt rəsmi himni oxumayıb.

 

Əfqan Qafarlı, jurnalist:

- Keçmişin futbol şərhçilərindən söz düşmüşkən, Çingiz İsmayılovu da unutmaq olmaz. Orta nəslin nümayəndələri yəqin ki, onu yaxşı xatırlayırlar. 80-ci illərdə “Neftçi”nin SSRİ çempionatındakı oyunlarını şərh edirdi. Bizim qulaqlarımız onun səsinə öyrəşmişdi, o dövrdə Azərbaycanın məşhur futbol şərhçisi sayılırdı.

Yeri gəlmişkən, bu il aprelin 12-də Çingiz müəllimin 89 yaşı tamam olub, 90-a adlayıb. Göz dəyməsin!

Çingiz İsmayılov futbol şərhçiliyindən uzaqlaşandan sonra - 1986-1994-cü illərdə “Neftçi” komandasının rəisi olub. Sonra 1994-cü ildə AFFA-nın baş katibi seçildi, Fuad Musayevin dövründə 9 il orada çalışdı...

O, həmdə veteran futbolçudur - 1955-1962-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Maraqlıdır ki, Çingiz İsmayılov “Neftçi”də qapıçı kimi oynamağa başlayıb, sonra komandanın oyunlarını şərh edib, ardınca klubun rəisi olub. 2022-ci ilin dekabr ayında “Tərəqqi” medalı ilə təltif edilib.

 

Günel Natiq, yazar:

- Süni intellektin yazdığı və oxuduğu mahnıları dinləyirəm və valeh oluram. Demək ki, bəstəkarlar və müğənnilər erası bitdi. Ümumiyyətlə, insan erası bitmək üzrədir. Yəqin ki, 200 ildən sonra dünyanı robotlar idarə edəcək.

 

Qoşqar Salmanlı, jurnalist:

- Allah tarixçi alimimiz Kərəm Məmmədova rəhmət eləsin. Dəyərli alimimiz bir dəfə verilişimizdə qonaq olarkən qohum evliliyi ilə bağlı söhbətimiz olmuşdu. O zaman Kərəm müəllim buna belə izah vermişdi: “Qərb bizdə ailə institutlarını dağıtmaq üçün külli miqdarda vəsait xərcləyir. Buna da nail olmağa çalışırlar. Ona görə də qohum evliliyini ləğv etmək istəyirlər. Bütün türk törələrində qohum evlilikləri olub. Bu, cılızlaşmanın, xalq olaraq yox olmanın qarşını alır. Bir xalqın genetik kodlaşmasını məhv etmək üçün bu evlilikləri ləğv etməyə çalışırlar”.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti: 

- Kimdir günahkar?

Ötən gün ADY elektrik enerjisinin kəsilməsi səbəbindən Ağstafa-Bakı qatarının Dəllər və Goran stansiyaları istiqamətində hərəkətdə olarkən 2 saat yolda yubandığını yazıb.

ADY bununla bağlı açıqlama da yayıb. Kəskin istidə, diskomfort mühitdə bayram tətilindən dönən onlarla sərnişinlərin Bakıya çatdırılması üçün Hacıqabul stansiyasından Bakı istiqamətinə ödənişsiz avtobuslar ayrıldığını yazıb.

Təsəvvür edirəm ki, bu istidə sərnişinlər nə çəkiblər, bayram  tətilindən sonra Bakıya gətirdkləri ərzaq hansı vəziyyətə düşüb.

Maraqlı məqam odur ki, ADY-nin bununla bağlı olan feysbuk paylaşımının altında hamı ADY-ni asıb kəsir. Yumşaq desəm bu,  ədalətsizlikdir. ADY-ni sadəcə evakuasiyanı effektiv təşkil etməməkdə sorğulamaq olardı.

Amma heç kim qəzanın əsas səbəbkarının - “Azərişıq”ın adını çəkməyib.

ADY isə birmənalı olaraq açıqlayıb ki, baş verənlər birbaşa “Azərişıq”la bağlıdır.

Görən strateji bir sahədə, günün günorta çağı nədən belə hal baş verib? Yenə də təkrarlana bilərmi? Təkrarlanmaması üçün hansı addımlar atılıb?

Təəssüf ki, “Azərişıq”dan bununla bağlı açıqlamalar olmayıb. Media da deyən bunu sorğulamayıb.

Düşünürəm ki, strateji, kritik bir obyektin enerji sektorunda baş verən bu tip hadisələr ciddi araşdırılmalıdr.

Bu, təhlükəsizlik məsələsidir. Aidiyyəti qurumların da buna münasibət sərgiləməsi doğru və məntiqli olardı.

İndi məlum olur ki, ADY enerjini “Azərişıq”dan deyil, bir başa “Azərenerji”dən alırmış.

Gərək ADY açıqlama verəndə bu məsələlərə bir qədər də konkret yanaşsın.

 





25.06.2024    çap et  çap et