525.Az

Azad olan Qarabağın sənət irsinə layiqli töhfə


 

Azad olan Qarabağın sənət irsinə layiqli töhfə<b style="color:red"></b>

Fəzail VƏLİYEV
Tarix elmləri doktoru, professor

 

 

Tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulovanın “Qarabağın sənət irsi” monoqrafiyası bu vaxta qədər Azərbaycanın tarixi-etnoqrafik bölgələri içərisində xüsusi olaraq seçilən Qarabağ bölgəsinin spesifik-lokal xüsusiyyətləri kompleks şəkildə araşdırılıb etnoqrafik dövrəyə daxil edilməyən bir probleminin - sənətkarlıq irsinin tədqiqinə həsr olunub. Müəllif uzun illər boyu topladığı çöl-etnoqrafik materialları, arxeoloji qazıntılar nəticəsində əldə olunmuş artefaktlar, eləcə də mənbə və ədəbiyyat göstəriciləri, muzey kolleksiyaları və sənət irsi sahəsində bitkin bilikləri olan məlumatçıların şəhadəti əsasında ərsəyə gətirdiyi bu əsərində Qarabağın sənət irsinin başlıca sahələrindən olan toxuculuq, dəriçilik, metal, daş və ağacişləmə, eləcə də bədii tikmə və qurama sənətinin dolğun elmi-etnoqrafik mənzərəsini ortaya qoya bilmiş, bu sahələrin hər birinin bölgədə meydana gəlməsinə imkan verən sosial-iqtisadi, mədəni-tarixi və təbii-coğrafi amillər, statistik rəqəmlərlə inkişaf dinamikası, əhalinin məişətində yeri və rolu, XIX əsrin sonu - XX əsrin əvvəllərində mövcud durumu və ümum-Azərbaycan sənətkarlıq mədəniyyəti fonunda Qarabağın sənət irsinin öncül yeri haqqında elmi ictimaiyyətə müfəssəl məlumat bazası təqdim edib.

Monoqrafiyanın ilk fəslinin - “Qarabağın etnik-siyasi və inzibati-iqtisadi tarixinin qısa icmalı”nın bu cür təqdim edilməsi də müəllifin mühüm uğurlarındandır. Belə ki, bu fəsildə Qarabağın etnik-siyasi tarixinin mərhələləri, tarixi-etnoqrafik bölgə kimi formalaşması, bu coğrafiyada baş verən siyasi proseslər, zaman-zaman bir-birini əvəz edən inzibati dəyişikliklər bölgənin sənət irsinin inkişafında və ya tənəzzülündə öz izlərini qoymuşdur. Müəllif bütün bunları şərh etməklə, oxucuda Qarabağın sənətkarlıq mədəniyyətinin formalaşmasının çətinliyinin aydın təsəvvürünü yarada bilmişdir. Dövrün siyasi prosesləri nəticəsində Qarabağa və əksinə, Qarabağdan  olan köçlərin sənət sahələrinə təsiri, naxışların, geyimlərin, daşınan mədəniyyətin, hətta bəzən daşınmaz mədəniyyətin (təsərrüfat və yaşayış evlərinin formasının) köçünü məharətlə izləməsi müəllifin uğurlu elmi nəticələrindəndir.

Bu gün yerlə-yeksan edilmiş Ağdam şəhəri, xüsusilə Ağdam qəbiristanlığı kimi tanınan Qaraağac qəbiristanlığı haqqında əsərdə verilən məlumatlar qəbiristanlığın tarixinin öyrənilməsi üçün çox əhəmiyyətlidir. Ermənilərin əsassız Qarabağ iddialarını darmadağın edən Qaraağacın vaxtilə Gəncə-Qarabağ bəylərbəyliyi tərkibindəki Xaçın sancağının 7 nahiyəsindən biri olması haqqındakı faktın,  Qarabağın XVI əsrə aid inzibati-coğrafi mənzərəsinin əsərdə canlandırılması təqdirəlayiqdir. Bu gün baş verən siyasi proseslər belə faktlara mümkün olan bütün əsərlərdə yer verilməsini tələb edir.

Monoqrafiyada sözügedən sənət sahələrinin sırf Qarabağa aid edilən lokal xüsusiyyətləri, ilkin xammaldan başlayaraq hazır məmulatın yaranmasına qədərki istehsal mərhələləri, usta-sənətkarların təxəyyül və fəhm imkanları, sənət fantaziyaları, empirik bilik və səriştələri də əsərdə qabarıq verilib. Müəllifin əsərə əlavə etdiyi və ona əyani-vizual görüntü gətirən bolluca illüstrativ materiallar tədqiqat işinin elmi-etnoqrafik sanbalını xeyli artırmışdır. 

Monoqrafiyada əldə edilən nəticələr də elmi-məntiqi cəhətdən tam əsaslandırılıb. Müəllif haqlı olaraq qeyd edir ki, Qarabağın sənət irsində “Qarabağ sənətkarlığının Şuşa mərkəzi başlıca rol oynamış, bölgənin əsas sənət sahələrini özündə cəmləşdirmişdir. Məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar olaraq sənət mərkəzi kimi təşəkkül tapan Şuşa şəhəri yarandığı vaxtdan etibarən özünün sənətkarları, ayrı-ayrı sənətkarlıq məmulatı, sənət texnologiyası ilə nəinki Azərbaycanda, həmçinin Qabaq və Orta Asiyada məşhur olmuşdur. Şuşa sənətkarlarının istehsal etdikləri sənət nümunələri təkcə yerli tələbatı ödəməyə xidmət etməmiş, həmçinin əmtəə-ticarət məhsulu kimi beynəlxalq bazarlara da yol tapmışdır. Qarabağ xalçaları, zərgərlik nümunələri, geyim elementləri, yəhər dəstləri, ipək parçalar və s. bu qəbildən olmuşdur”.

Monoqrafiyada Qarabağın sənət irsinin Azərbaycan sənətkarlıq mədəniyyətinin məhəlli-lokal xüsusiyyətləri ilə seçilən bir qolu olmasının tutarlı faktlarla təsdiq olunması da müəllifin gəldiyi uğurlu nəticələrdən biridir.

Bir sözlə, Gülzadə Abdulovanın “Qarabağın sənət irsi” monoqrafiyası yüksək elmi məziyyətləri ilə seçilən, Qarabağ sənətkarlığının əsas sahələrinin kompleks araşdırılması yolunda mühüm addım olan, elmi dövrəyə yeni-yeni etnoqrafik materiallar gətirən dəyərli tədqiqat əsəri kimi qiymətlidir. Əsərin müəllifinə sonrakı yaradıcılıq yollarında uğurlar arzulayırıq.

 





25.06.2024    çap et  çap et