525.Az

Qəfil yada düşənlər - Aydın Tağıyev yazır


 

Qəfil yada düşənlər - <b style="color:red"> Aydın Tağıyev yazır</b>

ADSIZ DAŞLAR

   

Şabran bölgəsində Kotəh düzü adlanan bir yer var. Bu düzəngahda adda-budda üst-üstə yığılmış çaylaq daşları haqda indi də eldə-obada, ağızda-dildə bir rəvayət gəzir.

...Belə deyirlər ki, 400 il bundan qabaq I Şah Abbas Dağıstana qazavata gedirmiş, axşama düşən ordu bu yerdə əylənib dincəlmək üçün düşərgə salır. Səhər şah baxıb görür ki, qoşun düzü-dərəni tutub. Nə fikirləşirsə, əmr verir ki, bəs gərək hər bir sərbaz dərədən axan çaydan düzəngaha yastı bir daş tapıb gətirsin.

Bəli, əsgərlər gətirdikləri daşları şahın növbəti tapşırığından sonra bir-bir nişanlayıb üst-üstə yığırlar. Belə-belə, hündür bir daş təpəsi yaranır.

Həftələr ötür, aylar keçir. Şah yürüşdən qayıtdıqdan sonra yenidən Kotəh düzünə dönür. Orduya dincəlmək əmri verir.

Az sonra carçılar şahın yeni əmrini döyüşçülərə çatdırırlar ki, bəs hər bir əsgər indi də öz nişanladığı daşı tapıb bu dəfə çaya atsın...

Şahın əmri dərhal yerinə yetirilir. Amma neçə-neçə daş elə öz yerindəcə qalır. Bu daşlara baxa-baxa şahın da, qoşunun da gözləri yaşarır... O daşları saymağa heç kim ürək etmir...

İndi də el-oba şəhid nişanəsi, şəhid yadigarı kimi o daşları müqəddəs bilir. Şəhidlərimizin ruhları şad olsun!...

 

BORC

 

Deyirlər ki, Peyğəmbəri-Əkrəmin halı ağırlaşanda cibində yeddi dinar pul varmış. Qorxurmuş ki, əcəl gələndə o pullar üstündə qalsın. Ona görə də yaxın səhabələrə tapşırır ki, o pulu sədəqə versinlər.

Peyğəmbərin yanına yığılan, ona qulluq edənlərin başları gəlib-gedənlərə qarışdığından pul yadlarından çıxır.

Ölümündən bir gün qabaq Allahın Rəsulu xəbər alır: “Pulları neylədiniz?”

Cavab verirlər ki, pullar yerindədir. Peyğəmbər buyurur ki, pulları gətirsinlər. Pulları gətirəndə alıb deyir: “Allahla görüşəndə pullar yanımda olsa, ona nə deyərəm?..”

Sonra o yeddi dinarı Füqəraya payladıb, arxayın olur...

...Varlı-karlı bir tacir olan Hacı Əliheydər kişinin Qubada bir neçə dükanı var imiş. Yeddi dəfə müqəddəs Həcc ziyarətində olmuş Allahın bu mömin bəndəsi burasını da yaxşı bilirmiş ki, Həzrəti-Məhəmmədin mübarək hədislərindən birində deyildiyi kimi, “Xaliqini sevirsənsə, birinci növbədə bəndələrini sevməlisən”.

Hacı Əliheydər də kasıb-küsuba əl tutan olub, dükanına pulsuz-parasız gələn müştərilərini boş qaytarmazmış.

Evində ailəsindən, övladlarından gizlin qalın bir dəftər saxlayırmış. Bu dəftərin yerini evdə özündən başqa kimsə bilməzmiş. Hacı bu dəftərdə dükanlarından nisyə mal alan müştərilərinin adlarını, borclarının məbləğini yazıbmış. 1918-ci ilin aprelində Bakı və Şamaxıda soydaşlarımıza qarşı qırğınlar törədən daşnaklar Amazaspın rəhbərləri ilə Qubaya hücum edirlər. Belə təhlükəli bir vaxtda Hacı Əliheydər təkcə öz ailəsinin taleyini düşünmür, malının-mülkünün hayına qalmır. Qız-gəlinin namusunu erməni yırtıcılarından qorumaq üçün öz imarətinə toplayıb gizlədir. Hacının bu hərəkətini daşnaklara çatdırırlar.

Erməni quldurları süngü ilə Hacını vurub ağır yaralayırlar, bu yaradan bir ay yatır. Yara isə sağalmaq bilmir.

Hacı Əliheydər axirət dünyasına köçün yaxınlasdığını hiss edib oğul-uşağını yanına çağırır, gizlətdiyi dəftərin yerini nişan verib gətirdir. Sonra da bir teşt, azca neft və bir də kibrit istəyir.

Dəftərə neft hopdurub kibrit çəkir. Teştin içindəki dəftərin ancaq külü qalır...

Can üstə olan Hacı Əliheydərin bu hərəkətinə evdəkilər mat qalsalar da, Hacı xeyli yüngülləşmiş görünür, elə bu yüngüllüklə də üzünü oğul-uşağa tutub:

- Bu dünyada Tanrıdan başqa kimsəyə borcum yoxdur, - deyir. - Bu dəftərə isə mənə borclu olanların adları yazılmışdı. Qorxdum ki, məndən sonra korluq çəkərsiniz, əliniz aşağı düşə, ehtiyacınız ola, səbirsizlik edib həmin borcluları qısnayasınız... İndi bu sirri özümlə aparıram.

 

“AXŞAMIN İŞİNİ SABAHA SAXLAMA...”

   

Qubada həmkarlarının “rayon maarifinin canlı ensiklopediyası” adlandırdıqları qocaman pedaqoq mərhum Seyfulla Məmmədovun dilindən eşidib qələmə aldığım əhvalatdır.

Çox ciddi və zabitəli, həm də incə yumor hissinə malik Seyfulla müəllim nəql edir ki, bir məktəb inspektoru vardı. Günlərin bir günü ucqar bir kəndə ibtidai məktəbi yoxlamağa gedib. İnspektor kənddə xidmətçinin evində kirayənişin qalan subay, cavan müəllimlə birgə gecələyəsi olur. Şam yeməyinə beş-altı yumurtanın qayğanağını bişirirlər.

Yeyib-içməklə arası saz olan inspektorun qarnı doymadığından yataqda yerinə qor düşür. Gecə uzun, inspektorunsa qarnı ac. Yerinin içində müəllimi sual-cavaba tutur: “A bala, dərsi hansı üsullarla keçirsən? Dərs etapları hansılardır?”

İnspektorun sorğu-sualı bitib-tükənmir, özündən arxayın olmayan cavan müəllim də bu sual-cavabdan yaxasını qurtarmaq üçün yalandan özünü yuxuluğa vursa da, səhərəcən gözünə yuxu getmir...

İnspektoru səhər yuxudan burnuna dəyən xoş və dadlı xörək ətri oyadır. İsti təndir çörəyi, çolpa çığırtması, göy-göyərti, turşu, mer-meyvə, bir də “ceyran südü”... Xülasə, əmiri bir süfrə!

İnspektor nuş-canlıqla süfrədəkiləri içəri ötürəndən sonra ərklə üzünü tutur müəllimə:

- A bala, - deyir, - yadında qalsın, axşamın işini sabaha saxlama. Bax bütün bunları elə axşam təşkil etsəydin, hər ikimiz rahat yatardıq...

 





25.06.2024    çap et  çap et