525.Az

Qarabağla bağlı monitorinqin nəticələri: Ciddi azalma var


 

Qarabağla bağlı monitorinqin nəticələri: Ciddi azalma var<b style="color:red"></b>

Mətbuat Şurasının Beynəlxalq əlaqələr Komissiyasının rəhbəri, millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi altında Azərbaycan mətbuatında Qarabağ problemi ilə ilə bağlı yer alan yazıların monitorinqi davam etdirilir.

Bu ilin martın 1-dən start verilən layihə çərçivəsində sentyabr ayı ərzində də ölkədə fəaliyyət göstərən 6 qəzet v 21 on-line media monitorinq olunub.

Monitorinq çərçivəsində qəzetlərin və on-line medianın Qarabağ məsələsinə necə yer ayırması öyrənilib.

Sentyabr ayının yekunlarına əsasən, monitorinq olunan mətbuat orqanlarında Qarabağ haqqında 1556 məqalə dərc edilib.

Yazılardan 980-i (63 faiz) on-line mediada, 576-sı (37 faiz) isə yazılı mətbuatda gedib.

Əvvəlki aylarla müqayisədə mediada bu məsələ ilə bağlı xəbərlərin azaldığı müşahidə edilib.

Monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ən çox məqaləni dərc edən “Xalq qəzeti” (56 məqalə),  “525-ci qəzet” (53 məqalə) və “Yeni Azərbaycan” (49 məqalə) olub.

 

Ay ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən az məqalə “Ədalət” (17 məqalə) və “Reytinq” (0) qəzetlərində yer alıb.

On-line mediada isə ilk üçlükdə isə trend.az, apa.az və modern.az qərar tutub.

Bu internet resursları ay ərzində müvafiq olaraq 84, 79, 79 xəbər yayıblar.

Ay ərzində on-line mediada Qarabağla bağlı ən az xəbəri isə Turan (17 xəbər), haqqın.az (13 xəbər) və newstimes.az (6) saytları yayıb.

Monitorinq çərçivəsində on-line medianın Qarabağ probleminə hansı aspektdən yanaşmasına da diqqət yetirilib. Bu zaman maraqlı nəticə qeydə alınıb.

Məlum olub ki, sentyabr ayı ərzində mətbuatda bununla bağlı yazılan məqalələrin 34 faizi atəşkəsin pozulmasına aid olub. İkinci diqqətdə olan mövzu Xocalı soyqırımı ilə bağlı verilən açıqlamalar olub.

Saytlardakı xəbərlərin 18,0% -i bu mövzuya həsr edilib. On-line medianın diqqət mərkəzində olan əsas məsələlərdən biri də ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi (16 faiz) olub.

Girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı (13 faiz) məsələlərə on-line media yer ayırıb.

Qəzetlərin mövzu seçimi də on-lıine mediadan elə də fərqlənməyib. Yazılı mediada dərc olunan məqalələrin 24,0% -i cəbhə xəttində atəşkəsin pozulması ilə bağlı olub. Xəbərlərin 14 faizində NATO sammitində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə toxunulub.

Bundan əlavə, qəzetlər rəsmilərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarına (13 faiz), münaqişə ilə bağlı ABŞ-ın yanaşmasına (12 faiz), ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyinə (11 faiz), girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı xəbərlərə (8 faiz) və digər məsələlərə (18 faiz) yer ayırıb.

Monitorinq zamanı yazıların janra görə da təsnifatı aparılıb. Bu zaman münaqişə barədə ən çox məqalə dərc edən 2 qəzetin – “Xalq qəzeti” və “525-ci qəzet”in məqalələri əsas götürülüb.

Məlum olub ki, “Xalq qəzeti”nin öz səhifələrində yerləşdirdiyi məqalələrin 71 faizi xəbər janrında olub. Məqalələrin 14 faizinin analitik-araşdırma, 9 faizinin köşə, 6 faizinin müsahibə janrında olduğu qeydə alınıb.

“525-ci qəzet” isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərc etdiyi məqalələrin 64 faizində xəbər janrına üstünlük verib. Məqalələrin 18 faizi müsahibə, 12 faizi analitik-araşdırma, 6 faizi köşələr olub.

Monitorinq növbəti aylarda davam etdiriləcək və mətbuatın Qarabağ mövzusuna yanaşması diqqətdə saxlanılacaq.

Modern.az

 





14.10.2014    çap et  çap et