525.Az

Ailə mirasına sahib çıxan dəyərli elm xadimi


 

Ailə mirasına sahib çıxan dəyərli <b style="color:red">elm xadimi</b>

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Dövlət Təhsil Akademiyasının müxbir üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Təhsilin İnformasiyalaşdırılması Akademiyasının həqiqi üzvü, Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki, Professor Hümeyir Hüseyn oğlu Əhmədovun 65 illik yubileyi ərəfəsində elmi - pedaqoji fəaliyyətinin 45 ilini əhatə edən əsərlərinin biblioqrafik göstəricisi nəşr edilib. 

Biblioqrafiyanın tərtibçisi pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Əbdüləli qızı Məmmədzadədir. Elmi redaktoru pedaqogika üzrə elmlər doktoru, professor Müseyib İbrahim oğlu İlyasov olan biblioqrafiyada  alimin elmi fəaliyyəti dövründə nəşr etdirdiyi  əsərləri,  elmi  –  pedaqoji,  tədris metodiki xarakterli məqalələri, konfranslardakı çıxışlarının  tezisləri,  həmçinin  onun rəhbəri  olduğu  doktorant  və  dissertantlar  haqqında məlumatlar daxil edilmişdir. 

Sədi Şirazinin “Gülüstan əsəri” ndən gətirilən -Ata  mirasını  istəyirsənsə,  çalış  atanın  elmini öyrən. Çünki, dövlətini bir gün içində havaya sovurub, xərc edəcəksən!  - sitatı ilə başlayan biblioqrafiya  AMEA-nın Nizami Gəncəvi adına Milli  Azərbaycan  Ədəbiyyatı  Muzeyinin elmi  işlər  üzrə  direktor  müavini, filologiya üzrə elmlər doktoru,  professor Xatirə Bədrəddin qızı Bəşirlinin ön sözü ilə açılır. Müəllif yazır: “Hümeyir Əhmədovun zəngin elmi-ictimai ömür yoluna, məhsuldar tədris, təlim pedaqoji fəaliyyətini əks etdirən biblioqrafiyası ilə tanış olduqca, bir daha əmin olursan ki, meyvə budağından gen düşməzmiş! Atası, akademik Hüseyn Əhmədovun bəlkə də çatdırmadığı, o dövrün texnologiya imkansızlığı, dünya elmi  nailiyyətlərinin  bu  şəkildə  əlçatan  olmaması,  obyektiv şəkildə  bir  sıra  elmi  məsələlərin  öyrənilməsinə  bu  qədər  işıq salınmaması üzündən yarımçıq qalan işləri, açıq qalan sualları, amma həm də ömrün sınırları - vəfasızlığından yazı masasında icrasını gözləyən yazıları, məqalələri ilə də oğlu Hümeyir müəllim yeni dövrdə, yeni elmi çağırışlara, yeni elmi problemlərə və dəyərlərə  uyğun  həyata keçirməyə  başladı”.  

Müəllif ön sözündə milli  təhsil  sisteminin  inkişafı,  təkmilləşdirilməsi,  idarə  edilməsi  sahəsindəki  problemlərini  həm nəzəri  -  konseptual,  həm də  praktiki  baxımdan  araşdırılmasında  Hümeyir müəllimin xidmətlərindən bəhs etmişdir. Alim bu qənaətə gəlmişdir ki, professor Hümeyir Əhmədovun 45 illik elmi fəaliyyətinin nəticəsi müasir tədris sistemində ali təhsilin  keyfiyyətinin  yüksəldilməsinin  əsas  komponentlərini müəyyənləşdirilməsi, elmi dövriyyəyə təhsilşünaslıq anlayışının daxil edilməsi,  başlıcası isə sovet təhsil sistemindən  Avropa  ali  təhsil  məkanına  inteqrasiya  proseslərini  pedaqoji-psixoloji  və aksioloji cəhətdən dəyərləndirməsidir. 

Bibliorafiyada əksini tapan tərtibçi, pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadənin də elmi rəhbəri haqqında qələmə aldığı fikirlər çox dəyərlidir: “Deyirlər günəşə hansı rəng şüşədən baxsan o rəng görünər. Şüşəni qırmalısan ki, işığın özü görünsün. Mən nəinki şüşələri, elmin qapılarını belə, qırdım Sizin sayənizdə, əziz müəllimim. Mənə olan inamınız, güvəniniz sayəsində elmin ən çətin sınaqlarından uğurla çıxdım. Bu gun daşıdığım “pedaqogika üzrə fəlsəfə doktoru” elmi dərəcəmə görə sizə borcluyam”.  

Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika elmləri doktoru, professor Akif Nurağa oğlu Abbasovun “Son söz əvəzi”ndə alimin Azərbaycan pedaqogika elminə verdiyi töhfələr belə təqdim olunur:  “Professor Hümeyir Əhmədov Ali təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas komponentlərini müəyyənləşdirmiş, elmi dövriyyəyə yeni təhsilşünaslıq anlayışı daxil etmişdir. Təhsilin inkişafının qanunvericilik və normativ- hüquqi təminatını, təhsilin idarə olunmasının dövlət-ictimai əsaslarının formalaşdırılması,  tədris  müəssisələrinin  nəzəri və praktiki cəhətdən  müstəqilliyinin  genişləndirilməsi  sahəsində  müxtəlif mexanizmləri təcrübədən keçirmiş, təhsilin məzmun və strukturunun yeniləşdirilməsi üzrə araşdırmalar aparmış, onların effektivliyi,  tədris  müəssisələrinin maddi-texniki  bazasının təmin olunması yolları və s. kimi məsələləri qarşılıqlı əlaqədə və reallıqdan  çıxış  edərək  müasir  standartlara  əsasən  qiymətləndirmişdir”. 

Qeyd edək ki, Professor Hümeyir Əhmədov 500-dən  artıq  elmi  əsərin müəllifidir. Bunlardan  250-dən  çoxu  monoqrafiya,  kitab,  dərslik,  dərs  vəsaiti, metodik vəsait və proqramlardır. Əsərləri azərbaycan, türk, rus, gürcü və ingilis dillərində nəşr olunub. Çap olunmuş monoqrafiya, dərslik, dərs vəsaiti, proqram, kitab, metodik tövsiyə, metodik vəsait və elmi-publisistik  məqalələrinin  ümumi  tirajı  on  beş  milyondan artıqdır. Hümeyir Əhmədovun Azərbaycan və ingilis dillərində çap  olunmuş  “Azərbaycan  Təhsilinin  İnkişaf  Strategiyası”  adlı irihəcimli monoqrafiyasında  ölkəmizdə  təhsil siyasətinin istiqamətləri  və təhsil sisteminin əsaslı surətdə yenidən qurulması, bu prosesin sosial - pedaqoji hadisələr baxımından müqayisəli təhlili əsas yer tutur. 

Professorun həyatı ilə bağlı daha bir mühüm məqamın 2018-ci  ildə Fransanın  Paris  şəhərində  keçirilən  kitab  sərgisində  “The Strategy of Education Development in Azerbaijan” monoqrafiyası və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün yazdığı “Pedaqogika” adlı dərsliyi “Qızıl  medal”la  mükafatlandırılmasıdır. Bundan əlavə alim EUROPEAN SCIENTIFIC AND INDUSTRIAL COSORTIUM -un “LABORE ET SCIENTIA” ordeni ilə də təltif olunub. 

Surə Seyid
Filologiya üzrə fəlsəfə doktoru, dosent

 





25.06.2024    çap et  çap et