525.Az

Elmar Məmmədyarov almaniyalı qonaqları qəbul edib


 

 Elmar Məmmədyarov almaniyalı qonaqları qəbul edib<b style="color:red"></b> Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Kornelia Piperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan münasibətlərdən məmnunluğunu bildirib. Bu münasibətlərin daha da inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb və bu günlərdə Bakı şəhərində fəaliyyətə başlamış Alman-Azərbaycan Ticarət Palatasının iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyini vurğulayıb.
 
Ermənistan-Azərbaycan münaqişəsi haqqında qonağa məlumat verən E. Məmmədyarov mövcud status-kvonun qəbul olunmaz olduğunu bildirib. O, münaqişənin həlli üçün Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılmasının zəruriliyini qeyd edib.
 
Kornelia Piper Azərbaycanda müşahidə etdiyi dinamik inkişafdan təsirləndiyini diqqətə çatdırıb. Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin mövcud səviyyəsindən məmnunluğunu diqqətə çatdırıb. O, Azərbaycanın geostrateji əhəmiyyətini vurğulayıb və ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən təhsil və texnologiya sahələrində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib.
 
Görüşdə maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 





13.11.2012    çap et  çap et