525.Az

Tehrandan Vaşinqtona iddia və tələb


 

Tehrandan Vaşinqtona iddia və tələb<b style="color:red"></b>

 Tehran əyalətinin məhkəməsi 2020-ci ildə general Qasım Süleymaninin öldürülməsi ilə bağlı ABŞ hökuməti və hərbçilərinə qarşı ittiham irəli sürüb. Gələn ay Tehranın 1 saylı Cinayət Məhkəməsində keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi Qasım Süleymani və yoldaşlarının ölümü ilə bağlı 73 ABŞ rəsmisinə qarşı 164 səhifəlik ittiham aktının əsasında keçiriləcək. Yayılan məlumatda qeyd olunur ki, ittiham toplanmış 12 min səhifədən çox sənədə əsaslanır.

Məlum olduğu kimi, 3 yanvar 2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı general Süleymani İraqda ABŞ-ın o zamankı prezidenti Donald Trampın əmri ilə pilotsuz döyüş təyyarəsinin zərbəsi nəticəsində yoldaşları ilə birlikdə öldürülmüşdü. Belə görünür ki, İran həmin dövrdən bu günə kimi cinayət araşdırması aparıb və nəhayət, cinayət işi məhkəməyə göndərilib. Cinayət işində ABŞ-ın keçmiş prezidenti, qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olacaq Donald Trampa qarşı ittihamın olub-olmadığı tam bəlli deyil. Ancaq general Qasım Süleymaninin məhz Donald Trampın əmri əsasında öldürüldüyü məlumdur. Əgər Tehranın 1 saylı Cinayət Məhkəməsi general Qasım Süleymaninin və yoldaşlarının öldürülməsinə görə Donald Tarmpa qarşı ittiham irəli sürüb cəza qərarı çıxarsa, bu, heç şübhəsiz, Vaşinqtonla Tehran arasında münasibətləri daha da gərginləşdirəcək. Üstəlik, bu ilin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın qalib gəlmə ehtimalı da var. Əgər İran Trampı məhkum etsə, bu, Vaşinqtonda Tehrana qarşı daha sərt siyasətin formalaşmasına səbəb olacaq.

Trampın növbəti seçkilərdə qalib gələcəyi halda İrana qarşı geniş koalisiyalı hərbi müdaxilə də gündəmə gələ bilər. İsrailin də məhz buna hazırlaşdığını iddia edənlər var. Digər tərəfdən İranın Rusiyaya hərbi yardımı Ukraynanın mütəffiqlərini də Tehranın əleyhdarına çevirib. Buna görə İrana qarşı çox geniş koalisiyanın qurulma ehtimalı var. Qasım Süleymanin ölümünə görə 73 nəfər ABŞ rəsmisinə qarşı irəli sürülən ittiham bu prosesi sürətləndirə bilər. Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi halda İrana qarşı hərbi əməliyyatların qaçılmaz olacağı ehtimalı isə İranın son addımından sonra daha artır. Belə görünür ki, bölgəmizdə daha bir iri miqyaslı müharibə ehtimalı yaranır.

 





27.06.2024    çap et  çap et