525.Az

Ukraynanın yeni döyüş taktikası - Xa­qa­ni Cəfərli yazır


 

Ukraynanın yeni döyüş taktikası - <b style="color:red"> Xa­qa­ni Cəfərli yazır</b>

Ukrayna Silahlı Qüvvələrinin döyüş taktikasında ciddi dəyişikliklər müşahidə olunur. Son zamanlara kimi Ukrayna ordusunun döyüş taktikası Rusiya ordusunun irəliləməsinin qarşısını almaq, düşməni daha çox canlı qüvvə itirməyə vadar etmək üzərində qurulmuşdu. Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı son müsahibələrinin birində bunu etiraf etmişdi. Zalujnı təəssüflə etiraf etmişdi ki, çoxlu canlı qüvvə itkisinin Kremli müharibəni dayandırmağa vadar edəcəyinə inanırmış. Rus ordusunun tarixi təsdiqləyir ki, canlı qüvvə itkisi heç bir zaman komandanlıq üçün əhəmiyyət kəsb etməyib. Buna görə də dəhşətli canlı qüvvə itkisinə baxmayaraq, Rusiya müharibəni Putinin dediyi kimi, “sona qədər” davam etdirmək əzmindədir.

Belə bir vəziyyətdə isə insan resursları baxımından Rusiyadan 3.5 dəfə geridə olan Ukrayna Silahlı Qüvvələri döyüş taktikasında ciddi dəyişikliklər etmək məcburiyyətində idi. Yeni döyüş taktikası isə Rusiyanın strateji obyektlərinə zərbə endirməklə onları sıradan çıxarmaqdan ibarətdir.

İyunun 23-də Ukrayna Silahlı Qüvvələri Rusiya Uzaqmənzilli Kosmik Rabitə Mərkəzinə zərbə endiriblər. Bu Mərkəz Krımda, Yevpatoriya yaxınlığındakı Vitino kəndində yerləşir. Mərkəzə dəyən zərbələr nəticəsində iki iri miqyaslı yanğın baş verib. Ukrayna bu hücumu ATACMS raketlərindən istifadə etməklə həyata keçirib. Artıq bunu təsdiq edən video görüntülər də yayılıb. Qara dəniz üzərində kəşfiyyat uçuşları həyata keçirən Amerikanın “RQ-4 Global Hawk” pilotsuz uçan aparatı da Rusiyanı Uzaqmənzilli Kosmik Rabitə Mərkəzinə zərbələr endirildiyini təsdiqləyib. Bu Mərkəz Rusiyanın QLONASS sisteminin bir hissəsidir. Strateji obyektin sıradan çıxarılması Rusiyanın kosmosla bağlı fəaliyyətini ciddi şəkildə zədələyir. Belə ki, Aya uçuşlar zamanı Rusiyanın kosmik gəmisinin məhz bu mərkəz vasitəsilə idarə edilməsi planlaşdırılırdı. Bundan başqa, Mərkəz Rusiyanın ballistik raketlərin və dronların Ukrayna hədəflərinə yönləndirilməsi üçün istifadə edilən QLONASS peyklərinin işləməsini təmin edirdi.

Ukrayna ordusu yeni döyüş taktikası çərçivəsidə Rusiyanın Krasnodar yaxınlığında pilotsuz uçuş aparatları (PUA) istehsal edən zavodunu və təlim mərkəzini məhv edib. Peykdən çəkilmiş görüntülər İranın yardımı ilə inşa edilmiş və İran dronlarını istehsal edən zavodun binalarından birinin tamamilə dağıldığını, ikincisinin isə ciddi ziyan gördüyünü təsdiq edir. Zavoda və təlim mərkəzinə zərbə zamanı bir neçə təlimatçı və kursant da həlak olub.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələri dronlarla Krasnodar diyarının Temryuk və Yeisk rayonlarında yerləşən hərbi hava limanlarına və neft emalı zavoduna da hücum edib. Peyk görüntüləri Yeyskdəki 726-cı Hava Hücumundan Müdafiə Təlim Mərkəzinin ərazisində ən azı üç yanğın baş verdiyini təsdiqləyir. Bundan başqa, Rusiyanın 167-ci Hava Hücumundan Müdafiə Təlim Mərkəzinin poliqonu da vurulub. Orada İran dronlarının anbarı var, eləcə də həmin dronların operatorlarının kazarması yerləşir. Həmin ərazidə bir neçə partlayış baş verib. Xəsarət alanlar arasında iranlı dron mütəxəsislərinin də olduğu iddiaları var.

Ukrayna Silahlı Qüvvələrinin Almaniyanın “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğuları vasitəsilə Rusiyanın Belqorod vilayətindəki hərbi hədəfləri məhv etməyə başladığı haqqında da məlumatlar yayılmağa başlayıb. Nüfuzlu “Bild” qəzetinin məlumatına görə, Ukrayna kəşfiyyat aparatlarının apardığı qeydlər göstərir ki, “PzH 2000” Rusiya Silahlı Qüvvələrinin Belqorod vilayəti ərazsində hərəkət edən bölmələrinə dəqiq zərbələr endirib. Bu isə onu göstərir ki, Ukraynaya onların verdiyi silahlardan Rusiya ərazisindəki hərbi hədəflərdə zərbə endirməyə izn verən ölkələr arasında Almaniya da var. Almaniyanın uzun tərəddüddən sonra belə bir qərar verməsi geosiyasi dəyişiklik kimi də dəyərləndirilə bilər.

Bu geosiyasi dəyişikliklərdən istifadə edən Ukrayna Rusiyanın müharibəni davam etdirməsini daha da çətinləşdirməkdə davam edir. Ukrayna raketlərdən və innovativ hərbi texnologiyalardan - dəniz pilotsuz aparatlarından istifadə etməklə Rusiyanın Qara Dəniz Donanmasını məhv etməkdə davam edir. “The Wall Street Journal”ın məlumatına görə, Ukraynanın hücumları nəticəsində Rusiyanın Qara Dəniz Donanması gəmilərinin üçdə birini itirib. “The Wall Street Journal”ı Ukraynanın pilotsuz dəniz aparatı proqramının memarı adlandırdığı Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) generalı İvan Lukaşeviçə istinadən yazır ki, Kiyev dronlardan istifadə edərək dənizin minalanmasını da həyata keçirir. Bu dronların vasitəsilə Ukrayna Silahlı Qüvvələri minanı sahildən 400 km aralıda yerləşən məsafəyə çatdırıb və Rusiyanın Sevastopol körfəzindən çıxan “Samum” adlı kiçik raket gəmisində dəlik yaradaraq onu partladılıb. General Lukaşeviç bildirib ki, dəniz pilotsuz aparatları son zamanlara qədər əsasən kəşfiyyat və logistika üçün istifadə olunurdu: “Biz dünyada heç kimin etmədiyi çox şeylər edirik”.

Ukrayna hərbçiləri yerüstü hədəfləri vura bilən çoxlu raket sistemi quraşdırılmış dəniz pilotsuz aparatlarını nümayiş etdiriblər. Belə məlumatlar var ki, Ukrayna dəniz dronları üzərində quraşdırılmış raket sistemi ilə artıq Rusiyanın döyüş helikopterini vura bilib.

Bütün bunlar Ukrayna Silahlı Qüvvələrinin yeni döyüş taktikasının nəticə verdiyini göstərir. Bu yeni döyüş taktikası ilk öncə Rusiyanın işğalı altında olan Krımdakı hərbi obyektlərə və infrastrukturlara qarşı yönəlib və bundan sonra da belə olacaq. Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Krıma zərbələr endirməkdə davam edəcəklər. “Krımda “çimərliklər”, “turizm zonaları” və digər uydurma “dinc həyat” yoxdur və ola da bilməz. Krım, şübhəsiz ki, Rusiyanın işğal etdiyi ərazidir, burada genişmiqyaslı müharibə gedir”.

Krımı böyük hərbi düşərgə və yüzlərlə hərbi hədəfin olduğu anbar adlandıran Podolyak Krıma gedən sıravi Rusiya vətəndaşlarını “mülki işğalçılar” adlandırıb. Məlum olduğu kimi, iyunun 23-də Sevastopola raket hücumu zamanı ATACMS raketlərindən biri Rusiyanın hava hücumundan müdafiə sistemlərinin zərbəsi nəticəsində uçuş yolundan çıxıb və çimərlik üzərində partlayıb. Partlayış nəticəsində ikisi uşaq olmaqla dörd nəfər həlak olub, 150-dən çox insan yaralanıb.

Çox maraqlıdır ki, belə ağır itkiyə baxmayaraq, Krımın Moskva tərəfindən təyin edilmiş “hakimiyyət orqanları” turistlər üçün təhlükə olmadığını bildiriblər. Ancaq son hadisənin təsiri ilə turist turlarının 20 faiz ləğv edildiyi haqqında məlumatlar yayılmağa başlayıb. Krımın Moskva tərəfindən təyin edilmiş “hakimiyyət orqanları” isə məsuliyyətsiz şəkildə yerli turizmi təşviq etməkdə davam edirlər. 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Krıma hücumların davam edəcəyini bildirib. O, xüsusilə qeyd edib ki, yarımadanın Rusiyadan gələn silah təchizatı kəsilməlidir. Buraya Rusiya Qara dəniz donanmasını yarımadadan tamamilə sıxışdırıb çıxarması və Krım körpüsünü dağıdılması da daxildir. Bu vəzifələri həyata keçirmək üçün Ukrayna Silahlı Qüvvələrinin yetərli texniki və hərbi imkanları mövcuddur.

Ukraynanın yeni döyüş taktikasının Rusiyanı sülhə vadar edəcəyi ilə bağlı ümidlər bu taktikanın nə qədər effektli olacağından asılıdır.

 





28.06.2024    çap et  çap et