525.Az

Səni sevdim, Qırğızıstan


 

Səni sevdim, Qırğızıstan<b style="color:red"> </b>

(İkinci yazı)

 

Bu dəfə yolumuz Qırğızıstanın məşhur Kırçın yaylağınadır. Yol boyu dağlara, ağaclara, kollara, çiçəklərə baxıram. Gözəldi, çox gözəldi. Dağları sevirəm. Zirvədən baxmağı sevirəm. Özünü möhtəşəm, yenilməz hiss etmək elə özü möhtəşəmdir. Bir şeyi hiss etdim: nə qədər gözəl olsa da, buralar mənə yad idi: qanım, genetik kodlarım mürgülü idi. Mənim babalarım buralardan qopma olmayıb. Qarsdan, İqdırdan, Ərzurumdan, İrəvandan, Sisyandan-Zəngəzur dağlarından keçəndə coşan, haray salan qanım burda susmuşdu. İrəvandan, Naxçıvandan bir stəkan su içsəm, tanıyaram, bilərəm, vətəndəndir. Əmimgilə gedəndə özümü necə hiss edirdimsə, burda da özümü elə hiss edirdim - atam evindəki kimi yox.

Maşınlardan düşən səfərçilər Kırçının maili düzənliklərinə səpələndilər. Hamı daha çox baxmaq, təmiz havadan doyunca  içinə çəkmək istəyir. Kırçın Tyanşanın-Tanrı dağlarının orta hündürlüyündə yerləşən gözəl yaylaqdır. Bir neçə yurtalara rast gəldik. Hətta kirayə verilənləri də vardı. Yağış çiləməyə başladı. Qonaqları böyük yurtanın-bozüyün birində və iri bir çadırda yerləşdirdilər. Hazırlıqlı gələn özbək qardaşlar odunları alışdırıb iri qazanları, dərin sacları ocağa asdılar. Qoyun ətindən bişirilən özbək plovunun süfrəyə gəlməsi çox uzun çəkmədi. Həmçinin müxtəlif şirniyyatlar, çay, meyvələr stolları bəzədi. Yaylaqda adam yeməkdən doymur: burdan yeyirsən, hava-su ordan acdırır. Yeməkdən sonra çal-çağır, milli musiqi səsləri ətrafa yayıldı. Dərhal bizimkiləri başıma yığdım, xorla “Azərbaycan himni”ni oxumağa başladıq. Aşıq Azər yenə sazı köynəkdən çıxardı. Sazın simlərindən qopan Dədə Qorqud yaşlı musiqi sədaları qırğız  dağlarında ilk dəfə səslənirdi, bəlkə də. Bəlkə də, bir zamanlar buralarda at səyirtmiş, ox atıb qılınc çalmış qırğız döyüşçülərinin, Manas və varislərinin ruhu bu musiqinin səsinə min illik yuxusundan oyanmış, uçub gələrək yaylağın şenliyinə qarışmış, musiqimizin ecazkar səsindən vəcdə gəlib qardaşları salamlamışlar. Kırçının ətəyidən axan Kırçın çayının şaqraq səsi aşığın, sazın səsinə qarışıb yaylağın sinəsinə yayılaraq dağları mürgüdən oyadır, sanki ağaclar, otlar-çiçəklər də əl çalır, şənlənirdilər. Möhtəşəm bir hiss, duyğuydu bunlar. Baxdıqca şanlı qırğız tarixinin bəzi səhifələri gözlərim önündən keçir.

Hunların dövründən Yenisey çayı boyunda yaşayan qırğızlar 560-cı ildə Mukan kağan zamanında Göytürklərlə birləşmişlər. 630-cu ildə Göytürk dövlətinin yıxılmasıyla qırğızlar müstəqil olsalar da, 681-ci ildə II Göytürk dövlətinin qurulmasıyla bu dövlətin tərkibinə qatılmağa məcbur olmuşlar. Uzun müddət uyğurların tərkibində olan qırğızlar 840-cı ildə uyğurları yıxaraq Orhun bölgəsində öz müstəqil dövlətlərini yaratmışlar. Bir müddət sonra Kitanlar qırğızları məğlub edərək Orhundan qovurlar. Qırğızlar köhnə yurdlarına qayıtmağa məcbur olurlar. Orhun isə Monqolustanın bir parçasına çevrilir. Çingiz xan dövründə digər türk xalqları kimi, tatarlara məğlub olan qırğızlar bundan sonra uzun müddət - sovet hakimiyyətinəcən müstəqil dövlət statusu ala bilməmişlər. Sovet hakimiyyəti dövründə müstəqil dövlət kimi SSRİ-nin tərkibinə daxil olmuşlar. Dənizə çıxışı olmayan, uzun müddət müstəqil olmayan və sərhəd problemləri ilə daim qarşılaşan bir xalq kimi bu, əlverişli bir dönəm idi. Məncə, qırğızların ruslarla bağlı ənənələri, hətta musiqini, çox şeydə sovet üslubunu qoruyub saxlamaları bununla bağlıdır.

1991-ci ilin 31 avqustunda Qırğızıstan özünü müstəqil respublika elan edib. Hökumət kompromisli milli siyasət yeridir, ölkədə məskunlaşmış çoxsaylı rus və başqa xalqların milli barışıq şəraitində yaşamasına çalışırdı. Lakin 90-cı illərdə Azərbaycanda olduğu kimi, burda da yaşayış səviyyəsinin kəskin aşağı düşməsi nəticəsində yüz mindən çox rus ölkəni tərk edib getdi. Bir müddət sonra ölkənin cənubunda  mücahidlərin hərbi terrorist hərəkatının genişlənməsi Qırğızıstan üçün Rusiyanın rolunu artırdı. Əməkdaşlıq regionda təhlükəsizliyin qorunub saxlanılması, sərhədlərə nəzarət, narkobizneslə mübarizədə (Rusiya Əfqanıstandan gətirilən narkotiklərin ötürülməsində tranzit ölkə kimi Tacikistandan istifadə edir) birgə tədbirlərin həyata keçirilməsini gücləndirdi. Düşünürəm, Asiyanın çox hissəsini ələ keçirən, ölkələri uzun müddət nəzarəti altında saxlayan ruslar nələrin müqabilində qırğızlara belə ürəyiyanan olmuş, nələrin müqabilində himayədarlıq etmişlər?!. Otuz ildən çoxdur ki, sərhəd problemləri ilə üz-üzə qalan Orta Asiya respublikaları kimi, Qırğızıstan da bundan əziyyət çəkir. Oş şəhərində yerləşən Təxti-Süleymana dini bayramlarda zəvvar axını başlayır. Terrorçular bu zaman fəallaşır və Tacikistandan sərhədi pozaraq Qırğızıstan ərazisinə soxulur, qətllər törədirlər. 1992-ci ilin martından BMT-nin üzvü olan Qırğızıstan qonşu dövlətlərlə qarşılıqlı hərbi ittifaq sayəsində bu problemi aradan qaldırmaq yolunda xeyli uğur əldə etmişdir. Tacikistan və Qırğızıstan arasındakı 971 kilometrlik sərhədin 600 kilometri ilə bağlı razılıq əldə olunub, qalan hissədə problem hələ də qalmaqdadır. Həmçinin üç ölkənin sərhədində yerləşən Fərqanə vadisi də mübahisəli zona olaraq qalır.  Azərbaycanın Qarabağ problemində ilk illər bizi dəstəkləyən dost ölkə 1994-cü ilin 12 mayında Bişkekdə imzalanan atəşkəs müqaviləsinə ev sahibliyi etmişdi.

1995-ci ildə “Manas” dastanının 1000 illiyinə həsr olunmuş tədbirlərə Azərbaycan nümayəndə heyəti və Ümummilli liderimiz mərhum Heydər Əliyev də qatıldı.  Bu görüşdə həmçinin iqtisadi və mədəni əməkdaşlıq, neft-qaz yataqlarının birgə istifadəsi məsələləri barədə tarixi Bişkek bəyannaməsi qəbul olundu. Heydər Əliyev dastanın tərcümə olunması, Azərbaycanda nəşri və yayılması göstərişini verdi. 

Manasçılar tərəfindən söylənilən, 18 variantı qeydə alınan “Manas” dastanı haqda geniş məlumatları səfər öncəsi öyrəndim. Həcm etibarilə dünya folklorunun ən böyük əsəri (yarım milyon misra) hesab olunn “Manas” indi də davam edir, ona yeni motivlər, çalarlar əlavə olunur. Bitməyən bu nəhəng dastanın ecazkarlığı qarşısında donub qalmışdım. Vətənin azadlıq və müstəqilliyini hər şeydən uca tutan Manas vətəni yadellilərdən qorumaq üçün xalqı mübarizəyə çağırır. Dastanda türk xalqlarının  həyat və məişəti, adət-ənənələri, vətən sevgisi elə gözəl verilib ki, oxucu heyran qalmaya bilmir. Birinci hissəsi Manasa, ikinci hissəsi oğlu Semeteyə, üçüncü hissəsi nəvəsi Seytekə həsr olunmuş dastandan məlum olur ki, Xızır peyğəmbərdən ölməzlik alan Manas uydurma obraz yox, həqiqi tarixi şəxsiyyətdir. O, IX əsrdə Qırğızıstanda yaşamış Ajo adlı sərkərdənin prototipidir. 850-ci ildə hakimiyytə gələn Ajo parçalanmış qırğız xanlıqlarını birləşdirib vahid dövlət yaradıb, xanlar xanı olub:

Sovuranda soyumu

Ayrılığın tufanı

Birləşdirib xalqımı

Millət etdim tayfanı.

Harda dəfn olunduğu bilinməyən Manasın ruhu indi də qırğız xalqını yadellilərə qarşı mübarizədə qəhrəmanlığa, birliyə səsləyir:

Min il keçdi üstündən

Məzar sirri qorundu

Gəlib-getdi o vaxtdan

Neçə payız, neçə yaz.

Hələ də bilmir heç kəs

Harda yatır ər Manas.

Qırğızıstanın idarə olunmasında konstitusion qanunlara əməl olunur. Ölkə parlamentli respublikadır. Faktiki rəhbər hakim koalisiya tərəfindən təyin edilən baş nazirdir. Prezident Silahlı Qüvvələrin Ali Baş komandanı olmaqla təmsilçilik funksiyalarını saxlayıb və 6 ildən bir keçirilən bir səlahiyyət müddətinə seçilir. Çox gözəl demokratik faktdır.

Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Azərbaycan-Qırğızıstan əlaqələri dostluq və qardaşlıq zəminində daim genişlənir, inkişaf edir. Qarşılıqlı olaraq hər iki ölkədə səfirliklər fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev burada keçirilən Dövlətlərarası Şuranın birinci islasında çıxış edib, Qırğızıstan- Azərbaycan Dostluq parkının, Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışında iştirak edib. Həmçinin Prezidentimiz “Ata-Beyit” Milli Tarixi Memorial kompleksini və dünya şöhrətli yazıçı Çingiz Aytmatovun məzarını ziyarət edib.

Artıq səfər başa çatmaq üzrəydi. Çamadanlarımızı yığıb Alma-Ata deyə hazır qoymuşduq. Avtobusla əvvəlcə Bişkekə, ordan Qazaxıstanın sərhədini keçib Alma-ata hava limanına getməliydik. Yol uzunu dağlara baxıram. Torpaq verimsizdir. Hər yerdə boz, gilli torpaqdır, amma bu torpağın altında nə qədər təbii ehtiyatlar var, qırğızlar bilir. Meşə yoxdur. Bəzi kəndlərdə münbitləşdirilmiş sahələrə, meyvə ağaclarına rast gəlmək olur. Bir kəndin adını gözüm çaldı: Karabulak. Necə də ürəyəyatım, qulağa xoş gələn bir sözdür. Bizim Füzuli rayonunun qədim adı. Dağların arası ilə, dərədən axan gur sulu Çu çayının yatağı ilə paralel yol boyu sürətlə şütüyür avtobus. Dağlarla vidalaşıram. Tale bir də məni sizinlə görüşdürəcəkmi, bilmirəm. Sərhəddə yerləşən gözəl bir şəhərə - Tokmok (toxmaq) şəhərinə çatırıq. Səliqəli, zövqlə tikilmiş şəhərdir. “Havay” istirahət mərkəzində  günorta yeməyi yeyirik. Yemək hazır olanacan aclığa dözməyən şəkər xəstəsi yoldaşlara çantamda ehtiyat üçün götürdüyüm beşbarmağı paylayıram. Yeməkdən sonra istirahət mərkəzini gəzərkən eynilə mənim koftamın naxışı olan pencək geyinmiş Ostap Benderin (“12 stul” filminin qəhrəmanı) heykəlini görən qızlar birlikdə şəklimizi çəkdilər. İlk dəfəydi ki, könülsüz yox, sevinərək şəkil çəkdirirdim.

Burdan Qırğızıstan-Qazaxıstan sərhədinə üz tuturuq. Yolda arxamızca gələn maşınlar bizi saxlatdı. Joldoşbek Monoldorov və həyat yoldaşı - gözəl xanım Gulmira Abikeyevanın gətirdiyi ərzaqları görəndə çox təəccübləndik. Çünki günorta yeməyimizdən heç iki saat keçməmişdi. Bütün tədbir boyu İlqar Türkoğlu ilə ora-bura qoşduran, qan-tər içində hər şeyin mükəmməl olmasına çalışan bu cütlük son məqamda da qayğımıza qalmağa çalışmışdı. Müxtəlif sular, kolbasa, ayran, kumısı ayaqüstü yeyərək yolumuza davam edirik.  Gömrük məntəqəsində elə zülm çəkdik, olmayan kimi. Bir dənə də olsun kölgəlik yox, yollar, keçidlər bərbad, zibilin, toz-torpağın içində. Gölməçədən xorla oxuyan qurbağaların şellənməyinə həsəd apardım. Yol o qədər bərbaddı ki, yol çantamın təkəri və tutacağı  sındı. Qardaşların nöqsanını açmaq məqsədilə yox, bunları düzəltmək üçün yazıram. Azərbaycandan  nümunə götürməyinə dəyər. Hara getsəm, öz ölkəmdə gömrükdə olan nizam-intizamı, etikanı, səliqə və qayğını heç yanda görmədim.

Son dəfə dönüb arxaya baxıram. Səni sevdim, Çingiz Aytmatovun, Manasın vətəni. Sizi sevdim, əziz qırğız qardaş və bacılar. Sizin tarixinizi, milli adət-ənənələrinizi sevdiyinizi də çox sevdim. Hər zaman bir-birinə dayaq olan, düşmənə birlikdə qalib gələn xalqlarımız, bütün türk xalqları birləşib bir böyük dövlət yaratmaq əzmindədirlər və bunun uğurla başa çatacağına əminik. Yeni gözəl görüşlərədək!

Bakı-Bişkek-Çolponata-Bakı

 





27.06.2024    çap et  çap et