525.Az

Qayıdış sürətlənir, turist səfərləri artır


 

Qayıdış sürətlənir, turist səfərləri artır<b style="color:red"></b>

Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə sürətli və geniş bərpa-quruculuq işlərini davam etdirir. Şəhər və kəndlərimiz yüksək səviyyədə müasir standartlar əsasında yenidən inşa edilir. Eyni zamanda, Böyük Qayıdış Proqramına uyğun olaraq 30 ildən artıq yurd həsrəti çəkən insanlarımız öz dədə-baba ocaqlarına qayıdırlar. Azərbaycan dövlətinin əsas hədəflərindən biri məhz uzun illərdir qaçqın həyatı yaşayan insanlarımızın köçünü sürətləndirməkdir. Təbii ki, Ermənistanın işğal müddətində tamamilə dağıdıb yerlə-yeksan etdiyi, həmçinin kütləvi şəkildə  minalarla çirkləndirdiyi ərazilərin yenidən qurulmasına, bərpasına tez bir zamanda nail olmaq mümkün deyil. Çünki önəmli şərtlərdən biri vətəndaşlarımızın təhlükəsiz qayıdışıdır ki, bunun üçün də ilk növbədə ərazilər minalardan təmizlənməlidir.

Hazırda həm bərpa-tikinti, həm də minalardan təmizlənmə işləri paralel olaraq davam etdirilir. Azərbaycan dövləti bütün bu işləri öz gücü və imkanları hesabına aparır.

Dörd ildir dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib. İndiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 12 milyard manat vəsait xərclənib, təkcə 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 6,4 milyard manat investisiya yatırılıb.

Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Prezident İlham Əliyev ­bununla bağlı çıxışlarının birində deyib: “Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır, hamısını öz hesabımıza edirik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik”.

Qayıdışın ilk ünvanı Zəngilanın Ağalı kəndi oldu. 2022-ci ildə ağalılar öz doğma yurdlarına qayıdaraq burada rahat yaşamağa başlayıblar. Prezident İlham Əliyevin göstərişi əsasında işğaldan azad olunmuş ərazilərdə birinci pilot layihə də məhz Zəngilan rayonun Ağalı kəndində icra edilib.

Bu gün isə artıq insanlarımız Laçın, Füzuli, Şuşa, Xocalı və azad olunan digər dogma şəhər və kəndlərinə qovuşublar. Bərpa-quruculuq işləri öz axarı ilə davam edir. Hökumət Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracaq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Böyük Qayıdış” üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək.

Onu da vurğulayaq ki, bu gün azad edilmiş ərazilər - Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji" zonasına çevrilir. Bu ərazilər böyük günəş və külək potensialına malikdir. Mütəxəssislərin araşdırmalarına görə, Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensia­lı mövcuddur. Artıq həmin potensialın hərəkətə gətirilməsi istiqamətində konk­ret tədbirlər həyata keçirilir, aparılan bər­pa-quruculuq işlərində “yaşıl texnologi­ya”ların tətbiqinə üstünlük verilir. Bu, həm də həmin ərazilərdə istehsal olunan enerjinin digər rayonlara nəql edilməsinə imkan yaradacaq.

Onu da qeyd edək ki, azad olunmuş ərazilərə səfərlərin istiqamətlərinin genişləndirilməsi, vətəndaşlarımız fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə, Suqovuşan qəsəbəsinə, Laçın şəhərinə səfər edə bilmək imkanı turist səfərlərinin sayında da artıma səbəb olub. Belə ki, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində (15.06.24-19.06.24) Şuşa şəhərinə 2650 avtomobil ilə 12 528 nəfər, Laçın şəhərinə isə 2296 fərdi avtomobil ilə 8330 nəfər səfər edib. Şuşaya səfər edənlərin 1779 nəfəri, Laçına səfər edənlərin isə 709 nəfəri hotellərində qonaqlayıb.

2023-cü il dekabrın 27-dən 2024-cü il iyunun 19-dək Şuşa şəhərinə ümumilikdə 72298 nəfər səfər edib. Bu il aprelin 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42670 nəfər olub.

Laçın şəhərinə giriş 2 yoxlanış-nəzarət məntəqəsi (Şuşa və Güləbird postları) vasitəsilə həyata keçirilir.

Qeyd edilən tarixlər üzrə Şuşa postundan 5673 avtomobil ilə 15839 nəfərin, Güləbird postundan isə 9937 avtomobil ilə 26831 nəfərin keçidi təmin edilib.

Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, torpaqlarımız işğaldan azad olunduğu gündən etibarən başlıca məqsəd 30 illik bir müddətdə öz ata-baba yurdlarından uzaq düşən soydaşlarımızın yurdlarına qaytarılması idi. Bunun üçün ölkə Prezidentinin tapşırığı əsasında böyük proqramlar həyata keçirildi. Birinci növbədə zəfər yolunun çəkilməsi, kommunikasiyaların bərpa olunması, işıq, elektrik enerjisinin təminatı ilə bağlı işlərin həyata keçirilməsi, digər infrastrukturların bərpası, başlıcası isə Birinci "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində bütün işlərin ardıcıl, sistemli və fundamental şəkildə həyata keçirilməsi üçün çox yüksək səviyyədə görülən işləri vurğulamaq lazımdır.

Deputat vurğulayıb ki, bu işlərin həyata keçirilməsi üçün maliyyə mənbələrinin olması çox mühümdür və indiyə qədər 12 milyard vəsait ayrılıb: "Bundan sonra da bu vəsaitlərin ayrılması davam edəcək. Bu ilin dövlət büdcəsində ilkin olaraq 4 milyard nəzərdə tutulmuşdu, sonradan isə bu ilin iyun ayında büdcəyə 1 milyard 160 milyon manat yenidən vəsait ayrıldı. Artıq Zəngilan, Füzuli, Laçın, Şuşada soydaşlarımız yaşayırlar. Bütövlükdə antiterror əməliyyatından sonra bütün yaşayış məntəqələrimizdə Azərbaycan bayrağı qaldırılıb.

Eyni zamanda, məlumdur ki, Xocalı, Xankəndidə də həyat qaynayır. Dövlət qurumlarının orada bərpa olunması ilə yanaşı, artıq soydaşlarımız da oraya köçür. Qarabağ Universitetinin açılması bu mühüm hadisələrdən biridir. Digər infrastrukturların olması və bütün bunlar onu deməyə əsas verir ki, vətəndaşlarımız öz ata-baba yurdlarına qayıtdıqdan sonra mənzillə təmin olunmaqla yanaşı, iş yerləri ilə də təmin olunurlar”.

Pərvanə

 





27.06.2024    çap et  çap et