525.Az

Arifanə sadəlik və zadəlik - Asif Rüstəmli yazır


 

AKADEMİK MƏMMƏD ARİF DADAŞZADƏNİN 120 İLLİYİNƏ

Arifanə sadəlik və zadəlik - <b style="color:red"> Asif Rüstəmli yazır</b>

Səməd Vurğun onu “Azərbaycan tənqidinin vicdanı” adlandırırdı. Səmimiyyətdən, saflıqdan yoğrulmuş işıqlı, cazibədar düşüncələrinin, tənqidi görüşlərinin gücü, qüdrəti istisnasız olaraq dürüstlüyə, ədalətə, obyektivliyə, vicdana söykənərdi. Sadəliyində - doluluq, dahilik, arifanəlik, zadəliyində - genə-kökə bağlılıq, ziyalılıq, zadəganlıq (aristokratlıq) yuvalanırdı. Özü Bakı doğumlu olsa da, gənclik illərində Xızılı Məhəmməd Bağır adı ilə publisistik yazılar dərc etdirmişdi. Atası Məhərrəm Dadaş oğlu XIX yüzilliyin ikinci yarısında Xızı rayonunun Xızı kəndində dünyaya göz açmışdı. Kənddə yaşam şəraiti ağır olduğuna görə ötən əsrin əvvəllərində ailəsi ilə Bakı şəhərinə köçüb, burada varlı ailələrdə xidmətçi, mühafizəçi, bağban və sair işlərdə çalışıb, 1942-ci ildə vəfat edib.

Məhəmməd Bağır Dadaşov (Məmməd Arif Dadaşzadə - A.R.) ibtidai təhsilini 1-ci Rusi və müsəlmani məktəbində alır. O vaxt məktəb “Verxne-kladbişenskaya” - indiki Həsən Seyidbəyli küçəsində yerləşirdi. Azərbaycanın təhsil tarixində müstəsna xidmətləri olan, şamaxılı pedaqoq Əli Cabbar Orucəliyev (1876-1935) 1-ci Rusi və müsəlmani məktəbinin müdiri idi. Məhəmməd Bağır (Məmməd Arif) bu məktəbi uğurla başa vurduqdan sonra vaxtilə Cəfər Cabbarlının, Mirzə Bala Məhəmmədzadənin təhsil aldğı Alekseyev adına 3-cü ali-ibtidai məktəbə daxil olur və buranı da müvəffəqiyyətlə bitirir.

O, 1920-ci il sentyabr ayının 15-də - 16 yaşında ikən ailəyə maddi köməklik göstərmək məqsədilə ilk və müstəqil əmək fəaliyyətinə I dərəcəli 5-ci sovet məktəbində başlayır. İbtidai siniflərdə dərs deməklə yanaşı, 1925-ci ildə Bakı Xalq Maarifi İnstitutunu bitirir. Məmməd Arif tərcümeyi-halında bu institutu natamam ali təhsil verən pedaqoji müəssisə kimi dəyərləndirirdi. Ali təhsil almaq üçün 1924-cü ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU-A.R.) Şərq Fakültəsinin Ədəbiyyat şöbəsinə dinləyici statusunda daxil olur və bu təhsil ocağını 1930-cu ildə uğurla başa vurur.

1920-ci illərdən bədii yaradıcılıqla məşğul olmağa başladığı üçün “Arif” təxəllüsünü qəbul edir və soyadının sonluğuna “zadə” kəlməsini artırır. Ötən əsrin 20-ci illərində yaradıcı şəxslər üçün belə ənənə mövcud idi. Mixail Yurindən Süleyman Rüstəmzadə ilə müştərək tərcümə etdiyi və “Maarif və mədəniyyət” jurnalının 1926-cı il 12-ci sayında (səh. 50) nəşr olunan “İki Bakı” şeiri “Məhəmməd Arif” adı ilə imzalamışdı.

Eləcə də “Maarif və mədəniyyət” jurnalının 1926-cı il 2-3-cü birləşmiş sayında “Şərq qadını” jurnalı haqqında (səh.47-48) məqaləsinin sonunda və həmin dərginin 1926-cı il 4-cü nömrəsində yayımlanan “Son izdivac” (səh.14-16) hekayəsinin imza yerində “Məhəmməd Arif” yazılıb.

Məmməd Arifin “Maarif və mədəniyyət” jurnalının 1927-ci il 6-cı sayında kiçik qardaşına həsr etdiyi “Pioner”, məşhur rus rəssamı İsaak Brodskiyə ithaf olunan “Brodskinin boyaları”, “İnqilab və mədəniyyət” dərgisinin 1928-ci il sayında “Təyyarə və mən” (№ 9, s.19), 1930-cu il birləşmiş 2-3-cü sayında “Həvəs” (s.11) və başqa adlı şeirləri müəllifinin bədii yaradıcılıq sahəsində seçiminin ciddiliyi barədə müəyyən ümidlər, təsəvvürlər yaradırdı... “M.Arif” imzası ilə çap etdirdiyi səkkiz bəndlik şeirin bir bəndi xüsusulə diqqəti cəlb edir:

  

Bəlkə bu çalışmaq həvəsi məndə,

Gəncliyin bir devri, gələnəyidir.

Düşəcək qollarım bəlkə kəməndə,

Bu həmlə bəlkə də keçər, anidir...

 

Məmməd Arif antisipasiyası heyrət doğurur: müəllif son beytdə elə bil öz taleyini 20 il öncədən görür, gələcək qəzavü-qədəri dəqiqliklə dəyərləndirməyi bacarır, ona olunacaq həmlələrin keçəri, ani olacağını duyur və xəbər verirdi.

Onun ədəbiyyata gəlişinin tarixi ilə bağlı konkret qənaətlər mövcuddur. Məmməd Arif 1947-ci ildə yazdığı tərcümeyi-halında qeyd edirdi ki: “Ədəbiyyatla 1927-ci ildən məşğul oluram. Məqalə və tərcümələrimlə rus ədəbiyyatını Azərbaycan oxucuları arasında təbliğ edirdim”. İlk kitabı isə 1932-ci ildə nəşr olunmuş, Mehdi Hüseyn və başqaları ilə müştərək yazılmış, pedaqoji texnikumlar üçün nəzərdə tutulmuş “Ədəbiyyat” dərsliyi idi.

Məmməd Arif Dadaşzadə 1920-ci il 15-i sentyabrdan 1930-cu il 30 sentyabradək I dərəcəli 5-ci sovet məktəbində müəllimlik etməklə yanaşı, 1929-1930-cu ildə əvəzçilik üzrə Azərbaycan Radiosunda tərcüməçi katib vəzifəsində də çalışmışdır. Universiteti bitirdikdən sonra isə o qəti olaraq elmi yaradıcılıq yolunu seçir. 1 oktyabr 1930-cu ildə Moskva şəhərinə gedərək Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olur. Təəssüf ki, təhsil yarımçıq qalır, Şərq Xalqları İnstitut ləğv edildiyi üçün Arif müəllim 1931-ci ilin birinci yarısında Bakıya qayıdır və iyul ayının 1-dən Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini bərpa etdirir. Bu vaxt həmin aspiranturada Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal Paşazadə kimi gənc və gələcəyin görkəmli elm və ədəbiyyat xadimləri təhsil alırdı. O burada 1932-ci il iyun ayının 5-də aspiantura təhsilini başa vurur.

Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu 1932-ci il 16 iyul tarixində ləğv olunur, onun bazası əsasında iyul ayının 29-da ilkin olaraq Xalq Maarif Komissarlığı yanında Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutu (Az.DƏSİ) yaradılır. Bu qurumun da ömrü uzun sürmür, 1932-ci ilin dekabr ayının sonlarında ləğv edilərək bazası əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsi (Az.OZFAN) təsis edilir. 1933-cü il 21 yanvar tarixli Akta əsasən Xalq Maarif Komissarlığı Baş Elm İdarəsinin nümayəndəsi Cəfərzadənin, Az.DƏSİ və Az.OZFAN tərəfindən yaradılmış mötəbər komissiyanın iştirakı ilə İnstitutun 19421 man. dəyərində 12 siyahı üzrə 45 adda əmlakı Zaqafqaziya Filialının Azərbaycan Bölməsinə təhvil verilib. Az.OZFAN-ın məsul komissiyasının tərkibində Mövsümzadə və Viqdorovla yanaşı, Məmməd Arif Dadaşzadədə yer alıb. Bu fakt özü təsdiq edir ki, Məmməd Arif Azərbaycanda Akademik qurumun yaradılmasının ilk günlərindən bu elmi-tədqiqat müəssisəsinə bağlı olmuş, orada çalışmış və yüksək mövqeyə sahib çıxmış, lakin uzun müddət işləməmişdi.

M.A.Dadaşzadə aspiranturanı bitirdikdən sonra, 1932-ci il 15 sentyabr tarixindən Azərbaycan Pedaqoji İnstitutunun Rus ədəbiyyatı kafedrasında böyük müəllim vəzifəsində fəaliyyətə başladığı, dosent elmi adı aldığı və 1941-ci ilə qədər bu elmi-pedaqoji müəssisədə çalışdığı Kadırlar uçotunun şəxsi vərəqəsində öz əksini tapıb. Eyni zamanda əvəzçilik üzrə 1932-1938-ci illərdə Məmməd Arif Azərbaycan Dövlət Nəşriyyatının Bədii ədəbiyyat şöbəsində əvvəlcə tərcüməçi, sonra isə müdir vəzifəsində işlədiyi arxiv sənədlərindən də bəllidir. 1938-ci il 5 fevral tarixindən Arif müəllim taleyini SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının (Az.FAN) Tarix, Dil və Ədəbiyyat İnstitutu ilə bağlamış, öncə böyük elmi işçi vəzifəsinə gətirilmiş, institutun o vaxtkı direktoru İdris Həsənovun 1938-ci il 13 mart tarixli təqdimatına əsasən Az.FAN Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Ədəbiyyatı şöbəsinin müvəqqəti müdiri təyin edilmişdi. Az.FAN-ın qərarını və Arif Dadaşzadənin şöbə müdirliyinə təyinatını SSRİ EA-nın Prezidenti, akademikV.L.Komarov yalnız 24 iyun tarixində imzalamışdı.

Tarix, Dil və Ədəbiyyat İnstitutu Az.FAN RH-nin 11 noyabr 1938-ci il tarixli iclasının qərarı ilə iki müstəqil müəssisəyə çevrilir: Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu və Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutu. 1939-cu ilin yanvarın 1-dən Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsi Azərbaycan Filialı Rəyasət Heyətinin üzvü, Ensiklopediya və Lüğət İnstitutun direktoru, görkəmli alim Heydər Hüseynov, direktor müavini Məmməd Arif Dadaşzadə və elmi katib E.M.Voskresenskaya təyin edilir.

1939-cu ilin ilk iş günlərindən İnstitutda nizam-intizama diqqət, elmi tədqiqat işlərinin icrasına məsuliyyət artırıldı, qapılar gənc mütəxəssislərin üzünə geniş açıldı. Ədəbiyyat şöbəsinə Yusif Məmmədov, Firudin Məcidov, Musarza Əsgərli və Folklor şöbəsinə Hümmət Əlizadə, Fəzləddin Babayev, Aliyə Abdullayeva, Paşa Cəfərov və başqaları işə qəbul edilir.

Az.FANRH-nin 25 sentyabr 1939-cu il tarixli qərarı ilə Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsinə Məmməd Arif Dadaşzadə təyin olunur. O, bütün fəaliyyətini Azərbaycan ədəbiyyatşünaslığı və ədəbi tənqidinin təşəkkülü və inkişafına yönəldir. İki cildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” (1943-44), üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi” (1957-60), iki cildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi” (1967) kimi əsaslı tədqiqatların müəlliflərindən və baş redaktorlarından biridir. M.Arifin “Azərbaycan xalqının ədəbiyyatı” kitabı (1958) Azərbaycan, rus, ingilis və fars dillərində nəşr olunub.

Məmməd Arif Dadaşzadə bu vəzifədə 1950-ci il iyulun 27-dək çalışıb. Akademik Heydər Hüseynova qarşı təqib və qarayaxma kampaniyasında iştirak etməkdən boyun qaçırdığına görə M.C.Bağırovun qəzəbinə tuş gəlib, institutun direktoru vəzifəsindən, Sov.İKP sıralarından, Yazıçılar İttifaqından xaric edilib.

Onu da vurğulayaq ki, bəzi mənbələrdə qeyd olunduğu kimi, “Məmməd Arif ev dustağı şəraitində yaşamışdır” mülahizələri reallığı əks etdirmir. Çünki Məmməd Arif 7 sentyabr 1950-ci ildən 1954-cü ilin mart ayınadək ADU-nun (indiki BDU) Rus ədəbiyyatı kafedrasının dosenti, 1954-1955-ci illərdə isə həmin strukturun müdiri vəzifəsində çalışmışdı.

1953-cü ildə Stalinin ölümündən və ölkədə siyasi mülayimləsmə prosesinin başlamasından sonra “Cəfər Cabbarlının yaradıcılıq yolu” (1954) adlı doktorluq dissertasiyası müdafiə edib, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1958-ci ildə isə akademiki seçilib. M.Arif 1957-ci ildə yenidən Nizami adına Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsinə bərpa olunub və 1959-cu ilədək bu vəzifədə çalışıb. Uzun illər Azərbaycan EA-nın “Xəbərləri” jurnalının baş redaktoru, 1959-cu ildə İctimai Elmlər Bölməsinin akademik-katibi, 1960-cı ildən ömrünün sonunadək EA-nın vitse-prezidenti olub.

Məmməd Arif Dadaşzadə görkəmli ictimai və dövlət xadimi idi. O, 1963-1967-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib və sədri olub. 1960-cı ildə Əməkdar elm xadimi fəxri adına, 1974-cü ildə isə “Azərbaycan ədəbiyyatı tarixi” monoqrafiyasına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

Məmməd Arif Dadaşzadə Azərbaycan humanitar düşüncəsinin, filologiya elminin inkişafında müstəsna xidmətlər göstərmiş, özündən sonra zəngin irs qoyub getmiş böyük şəxsiyyət, fədakar alimdir. Onun saf, şəffaf, mənalı həyat yolu, zəngin, aktual, tutumlu elmi irsi çağdaş gənc tədqiqatçılar üçün əbədi istinad mənbəyidir.

 





27.06.2024    çap et  çap et