525.Az

CASCFEN Milli QHT Forumuna qoşulur


 

CASCFEN Milli QHT Forumuna qoşulur <b style="color:red"></b>

Bu gün Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət Milli QHT Forumunun (MQF) ofisini ziyarət edərək qurumun prezidenti Rauf Zeyni ilə görüşüb.

525.az-a qurumdan verilən məlumata görə, görüşdə CASCFEN-in Foruma üzvlük məsələsi, həmçinin ölkə QHT-lərinin inteqrasiya məsələləri, gələcək işbirliyi imkanları müzakirə edilib.
MQF prezidenti Rauf Zeyni bildirib ki, CASCFEN kimi bir qurumun MQF-yə üzv olması həm onun, həm də Forumun fəaliyyəti üçün faydalı olacaq:

 “Biz sizin fəaliyyətinizlə yaxından tanışıq və heç şübhə etmirik ki, birlikdə həm ölkə içində, həm də xaricdə çox ciddi işlərə imza ata bilərik. Bu gün dövlətimiz də belə fəaliyyətlərin genişlənməsində maraqlıdır və biz QHT təmsilçiləri olaraq bu imkandan geniş istifadə etməliyik”.
CASCFEN sədri Azər Həsrət isə öz növbəsində qeyd edib ki, başçılıq etdiyi təşkilat siyasi proseslərdən kənar olmaqla bərabər Azərbaycan dövləti və dövlətçiliyi məsələlərində milli mənafelərə uyğun çalışan qurumlarla işbirliyində maraqlıdır.

“MQF-nin quruculuq prosesində iştirak edən bir şəxs kimi əminəm ki, bu qurum həmişə milli dövlətçilik maraqlarımıza uyğun fəaliyyət göstərib. Üstəlik, bu təşkilat Azərbaycanda və ondan kənarda ölkəmizin mənafeləri üçün çoxsaylı böyük tədbirlərə imza atıb. Ona görə də düşündük ki, səylərimizi birləşdirək və daha geniş fəaliyyət üçün əlavə platforma əldə edək”, - deyən Azər Həsrət onu da qeyd edib ki, CASCFEN İdarə Heyətinin 3 noyabr 2012-ci il tarixli toplantısında MQF-yə üzv olmaqla bərabər qərar qəbul edilib.

CASCFEN-in MQF-yə üzvlüyü üçün sənədləri qəbul edən Rauf Zeyni deyib ki, məsələyə ən qısa müddət ərzində baxılacaq.

 





13.11.2012    çap et  çap et