525.Az

Ermənilər Arçut kəndinin adının mənasını necə dəyişdirib?


 

Ermənilər Arçut kəndinin adının mənasını necə dəyişdirib?<b style="color:red"></b>

Bütün bəşəriyyətə məlumdur ki, ermənilər azərbaycanlılara və türklərə qarşı soyqırımlarını baza olaraq müəyyən üsullardan istifadə etməklə bir neçə istiqamətdə həyata keçiriblər: müharibələr, qətllər, məcburi deportasiyalar, etnik tərkibin zorla dəyişdirilməsi və yaşayış adlarının saxta üsullarla   erməniləşdirilməsi. 

Tarixdən məlumdur ki, ermənilər öz məkrli niyyətlərini həyata keçirmək üçün indiki Ermənistan ərazisində  qədim Azərbaycan-türk yaşayış məskənlərinin böyük əksəriyyətinin  adlarını dəyişdirərək, həmin torpaqlarda azərbaycanlı izini itirmək məqsədini güdmüşlər. İndiki Ermənistan ərazisindən XX əsr boyu, mərhələ-mərhələ azərbaycanlıların kütləvi deportasiyaları və etnik təmizləmələri o torpaqların zorla mənimsənilməsi məqsədinə xidmət edib.

Uzun əsrlər boyu sırf Azərbaycan türklərinin yaşamış olduqları və Qərbi Azərbaycanın tarixi Pəmbək Mahalının Arçut kəndi də həmin soyqırımların obyekti olub. Kənd əhalisi əvvəlki dövrlərdə olduğu kimi,  XX əsrin əvvəllərində ermənilər tərəfindən soyqırıma məruz qalıb, əhalisi zorla indiki Türkiyə ərazisinə köçürülüb. Sonra təkrar olaraq geriyə qayıdıb. Arçut kəndinə qarşı daha bir qəsd tarixi adına olan məna dəyişikliklərindən  ibarət olub.

Adların dəyişdirilməsi ilə bağlı belə bir faktı qeyd etmək yerinə düşər ki, Qərbi Azərbaycanın Hamamlı rayonunun Qızıl Örən kəndinin adı 26 aprel 1946-cı ildə dəyişdirilərək Şenavan qoyulub. Lakin buna baxmayaraq, kənd əhalisi yenə də öz kəndlərini Qızıl Örən kimi çağırıblar. İrəvan quberniyasının Aleksandropol qəzasının Yaqublu (Quqark) rayonunda olan və 1988-ci il deportasiyasına qədər sırf azərbaycanlılar yaşamış Xancığaz kəndinin adı 1 iyun 1940-cı ildə dəyişdirilərək Gözəldərə, 19 aprel 1991-ci ildə isə yenidən  dəyişdirilərək, Aznavadzor qoyulub.  Belə faktların sayı-hesabı yoxdur.

Arçut kəndi bölgədəki qədim Azərbaycan kəndlərindən biridir. Erməni çox qədim yaşayış məskəni olan bu kəndin (Hələ XVI əsrlərdən kəndin adı Osmanlı mənbələrində Güneyli Yeni Arçut kimi xatırlanır) adının dəyişdirilməsinə cəhd etməmiş, sadəcə olaraq adın  mənasını təhrif etmişdir. Bununla da ictimaiyyəti, sakinləri və elm adamlarını çaşdırmışdır. Belə ki, Arçut sözünün mənası əslində bütün türk dünyasında Ardıc ağacı kimi bilinən adla bağlı olduğu halda və kəndin tarixi sakinlərinin bu adla  da (Yəni Ardıc adı ilə də) öz kəndlərini çağırdıqları halda, erməni mahiyyətdən yayınmış və adın mənasını ermənicə məna verən ayı adına bağlamışdır. Yəni Arçutu öz erməni dilinə uyğunlaşdıraraq "Ayı məkanı" kimi izah etmişdir. Azərbaycanlıların 1988-ci ilin deportasiyasından sonra Arçut kəndinin adının mənasının saxtalaşdırılmasının həqiqi əsaslara çevrilməsi məqsədilə kəndin girəcəyində ayı heykəlciyi də uclatmışlar. Bununla da təəssüf ki,  elm aləminə, ictimaiyyətə tarixi Arçut kəndinin guya erməni kəndi olması barədə məlumat öz təsdiqini tapmışdır. Ancaq reallıq bundan ibarət olub ki, Arçut kəndinin coğrafi relyefi, landşaftı təsdiq edir ki, burada sıx, qalın, enliyarpaqlı  təbii meşələr olmayıb (Salınma meşələr və Ardıc kolları və ağacları  istisna olmaqla). Bu baxımdan da təbiətin məxluqu olan ayı bu məkanda ola bilməzdi. Kənd sakinləri də heç zaman kəndin nəinki özündə, heç həndəvərində belə təbiətin bu məxluquna rast gəlməmişlər.

Təəssüf hissi ilə bildirmək olar ki, Azərbaycanın, xüsusilə Pəmbək tarixçilərinin diqqətindən bu məsələ kənarda qalıb və tarixşünaslığı, toponimi tərəfindən Arçut adı məna etibarilə ayı adı ilə qəbul olunub. Erməni tarixşünaslığının hiyləsinə məhəl qoyulmayıb. Lakin kəndin yaşlı nəslinin öz qədim yaşayış məskənlərini Ardıc adlandırması Arçut adının ayı mənası ilə ziddiyyət təşkil etməsi şübhə doğurmaqda davam edib. Ardıc konsepsiyasının bununla barışmaması ziddiyyətlərin araşdırılmasının davam etməsini zəruri edib. Nəhayət, araşdırmalarım sayəsində ortaya çıxıb ki, əslində "Arça" sözü bütün türk dünyasında Ardıc ağacına verilən addır. Ardıc ağacı türk dünyasında həm Artış, həm Arça, həm də Arsa kimi adlanır. Etimologiyasına görə söz "təmizləmək", "təmizlənmək" kimi qəbul olunur. Bununla da belə qənaətə gəlinib ki, Arçut adı ilə kənd sakinlərinin Ardıc adlandırmaları eyni mahiyyətlidir. Arçut sözü - Arçyurt, yəni "Ardıc ağaclarının məskəni", Arç rut - yəni "Ardıc çayı" mənasını verir. Onu da nəzərə almaq lazımdır ki, Arçut kəndinin ortasından çay axır və kəndi iki hissəyə bölür.

Qeyd olunanları nəzərə alaraq belə hesab olunur ki, Arçut üzərində qurulan bütün saxtakarlıqlar elm dünyasında ifşa olunmalıdır və həqiqət üzərə çıxmalıdır. İnternet ensiklopediyalarında Arçut adı və onun mənası olan Ardıc düzgün şəkildə əksini və təsdiqini  tapmalıdır.

Elşən NƏSİBOV

"ARDIC" Hərəkatının təsisçisi və məsul katibi Ardıc (Arçut) kənd əsilli

 





28.06.2024    çap et  çap et