525.Az

ADU-da təntənəli "Məzun günü"


 

ADU-da təntənəli "Məzun günü"<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində (ADU) ənənəvi olaraq hər il keçirilən "Məzun günü" bu il iyun ayının 25-də böyük coşqu və sevinclə qeyd olunub. Təntənəli tədbirdə 2023/2024-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran məzunlarla yanaşı, millət vəkilləri, universitetin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

"Məzun günü" tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra "Gaudeamus" tələbə himni səsləndirilib.

Təntənəli mərasimdə universitetin rektoru, akademik Kamal Abdulla məzunları təbrik edərək onların qazandıqları bilik və bacarıqlarla ölkəmizin gələcəyinə mühüm töhfə verəcəklərinə əmin olduğunu bildirib. Ölkəmizdə təhsilə və elmə göstərilən dövlət qayğısından danışan rektor universitetin son illər əldə etdiyi nailiyyətlərdən, genişlənən beynəlxalq əlaqələrindən və yeni təhsil proqramlarından bəhs edib. ADU-nun "Müasir dillər" üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olduğunu qeyd edən rektor bu uğurların əldə olunmasında bütün ADU əməkdaşlarının əməyi olduğunu vurğulayıb.

"Məzun günü"ndə iştirak edən millət vəkillərinə təşəkkürünü bildirən Kamal Abdulla onların bu təhsil bayramını ADU ilə birlikdə keçirmələrinin universitet üçün böyük əhəmiyyət daşıdığını bildirib. Akademik Kamal Abdulla ADU-nun qapılarının həmişə öz məzunlarının üzünə açıq olduğunu və bu ənənənin davam edəcəyini qeyd edib: "Əziz məzunlar, harada olmağınızdan asılı olmayaraq, biz həmişə sizin yanınızda olacağıq. Siz bizim mənəvi dəstəyimizə həmişə arxayın ola bilərsiniz. Öz yurdunuzun, torpağınızın, təhsil aldığınız universitetin adını həmişə ləyaqətlə ucaldacaqsınız".

"Məzun günü" tədbirinin əlamətdar anlarından biri də millət vəkillərinin çıxışları olub. Deputatlar ADU-nun qazandığı uğurlardan, bu ali təhsil ocağının genişlənən beynəlxalq əlaqələrindən, uğurlarından danışıblar.

Millət vəkili Sadiq Qurbanov tələbələri bu mühüm gün münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Millət vəkili Arzu Nağıyev isə çıxışında Azərbaycanın təhsil sisteminin sürətlə inkişaf etdiyini və bu inkişafın əsas təməl daşlarından birinin də ADU olduğunu bildirib. Azərbaycan Dillər Universitetinin məzunu, millət vəkili Sevinc Fətəliyeva məzunlara ölkəmizin gələcəyi üçün üzərlərinə düşən böyük məsuliyyətdən bəhs edib. Tədbirdə çıxış edən millət vəkili Etibar Əliyev təhsilin vacibliyindən və ADU-nun məzunlarının ölkəmizin inkişafında oynadığı mühüm roldan danışıb. Millət vəkili İltizam Yusifov gənclərin ölkənin gələcəyindəki rolunu vurğulayıb və məzunları gələcəkdə də fəal olmağa və cəmiyyətə faydalı işlər görməyə çağırıb.

Tədbirin ən həyəcanlı anlarından biri məzunların təltifetmə mərasimi olub. Universiteti yüksək akademik göstəricilərlə bitirən tələbələrə universitet rəhbərliyi və millət vəkilləri tərəfindən Fəxri fərmanlar təqdim olunub.

Azərbaycan Dillər Universitetinin "Fəxri məzun" adına layiq görülmüş Filologiya fakültəsinin tələbəsi Fikrət Ağayev məzunlar adından çıxış edərək universitetin onlara verdiyi geniş imkanlar və dəstək üçün bütün müəllim heyətinə minnətdarlığını bildirib.

"Məzun günü" rəngarəng konsert proqramı ilə davam edib. Universitetin bədii özfəaliyyət kollektivi - "Dalğa" rəqs ansamblının ifasında hazırlanan "Şənlik" suitası, Sofia Qarayevanın ifa etdiyi Çin milli operasından ariya, Xədicə Məmmədovanın "Hind" rəqsi, Nərgiz Rzayevanın ifa etdiyi "Fikter" Koreya mahnısı və s. musiqi nömrələri tədbirə əlavə şənlik qataraq, iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Daha sonra universitetin tələbələrindən ibarət musiqi qrupları da çıxış edərək müasir musiqi nömrələri ilə tədbirə xüsusi rəng qatıblar.

...Beləliklə, Azərbaycan Dillər Universitetində keçirilən "Məzun günü" hər bir məzun üçün ömür boyu xatırlanacaq bir gün olaraq yadda qalıb. Bu gün, onların həyatında yeni bir mərhələnin başlanğıcı oldu və gələcəkdə əldə edəcəkləri uğurların ilk addımı kimi yaddaşlarına həkk olunub.

ADU-nun məzunları, sizin uğurlarınız universitetimizin uğurlarıdır. Gələcəyiniz parlaq və yolunuz açıq olsun!

Sadiq ZAMAN,

Filologiya üzrə fəlsəfə doktoru

 





28.06.2024    çap et  çap et