525.Az

Gecikmiş xatirə


 

MİKAYIL MÜŞFİQİN ABİDƏSİ ÖNÜNDƏ

Gecikmiş xatirə<b style="color:red"></b>

Şəfəq ƏLİBƏYLİ
Filologiya elmləri doktoru, professor

 

Şəhərimizin zamandan qorxmayan əbədi sakinləri var. Kimdir onlar? Həyat yolu, işləri, qəhrəmanlıqları, yaradıcılıqları ilə xalqı üçün miras qoyub gedən, ölümündən sonra da abidələrə, heykəllərə çevrilənlər. Belə heykəllərdən biri də, qəlbimizdə kövrək duyğular yaradan unudulmaz şairimiz Mikayıl Müşfiqin heykəlidir.

Elə gecikmiş xatirəm də onunla bağlıdır. Gəncliyimin əziz və kövrək xatirələrindən biri... Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsi idim. Azərbaycan ədəbiyyatından bizə qəlbi Müşfiq sevgisi ilə dolu olan Gülhüseyn Hüseynoğlu dərs deyirdi. Biz onu Azərbaycan ədəbiyyatında mənsur şeir ustası, insanı düşünməyə sövq edən bir yazıçı, həssas bir pedaqoq kimi kimi tanıyırdıq. Ən əsası isə ona Mikayıl Müşfiq yaradıcılığının görkəmli tədqiqatçısı kimi çox rəğbət bəsləyirdik.

O, Müşfiqi sevir və sevdirə bilirdi. Gülhüseyn müəllimə Müşfiqin həyat və yaradıcılığı, şeirlərinin toplanması ilə bağlı müxtəlif suallarla müraciət edərdik. Gülhüseyn müəllimin hər bir cavabı elə özünün yaradıcılığı kimi aydın, səmimi, yaddaqalan idi. Bu məqamda yazıçı, ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin Gülhüseyn Hüseynoğlu haqqında dediyi sözlər yada düşür: “Gülhüseyn heç kimə bənzəməyən, özünün dəsti-xətti, üslubu olan, həmişə axtaran, poetik kəşflər edən, özünə tələbkar, əsərləri üzərində zərgər dəqiqliyi ilə işləyən, oxucusuna və ümumən ədəbiyyata hörmət bəsləyən, az yazmağı, mənalı yazmağı sevən yazıçıdır. Onun yazılarında süni effekt tapmaq çətindir. Şairanəlik, emosionallıq, axıcılıq, aydınlıq və sadəlik onun bədii dilini sevdirən cəhətlərdəndir”.

Gülhüseyn müəllim sadalanan bu məqamlarla tələbələrin sevgisini qazana bilmişdi. Yay günlərindən biri idi. Evdə idim. Mənə xəbər verdilər ki, Gülhüseyn müəllim səni möhkəm axtarır. Heç kəs də səbəbini bilmirdi. Dərslər kəsilmişdi. Ağlıma heç bir şey gəlmirdi. Dedilər ki, evinizin telefon nömrəsini vermişik ona, sənə zəng edəcək (O vaxtlar mobil telefonlar yox idi).      

Bu xəbərdən bir qədər keçmişdi ki, telefonun zəngi eşidildi. Dəstəyi götürdüm. Gülhüseyn müəllimin həyəcanlı səsinin eşitdim: “Salam, Şəfəq. Tez min taksiyə, gəl Sovetski küçəsinə. Təzə tikinti gedir orada. Onunla üzbəüzdədir (indiki Statistika Komitəsinin binasını nəzərdə tuturdu). Mikayıl Müşfiqin abidəsinin açılışıdır. Gənclər adından sən çıxış edəcəksən. Dəstəyi qoy, tez çıx gəl. Bir azdan açılış başlayır. Həyəcanlanma, sən axırda danışacaqsan. Bir beş dəqiqəlik, gör ürəyin sənə nə deyəcək? Sən də onu bizə deyərsən”.

Bircə onu soruşa bildim ki, axı niyə məhz mən? Zarafatla dedi ki, adlarınız yaxın olduğundan: Şəfəq, Müşfiq. Ahəngi tutursan. Belə bir şərhdən sonra çox tələsməyə dəyərdi. Tələsik evdən çıxdım. Yaxşı ki, evimiz həmin heykələ yaxın yerdə idi. Səbirsizliklə taksi gözləməyə başladım. Tərslikdən taksi yox idi. Hey saata baxırdım. Nəhayət, bir maşın saxladı. Sükan arxasında Bakı ləhcəsində şirin danışan, yaşlı bir sürücü əyləşmişdi. Ünvanı dedim, dəqiqləşdirdim ki, Mikayıl Müşfiqin abidəsinin açılışıdır. Ora sürün, zəhmət olmasa.

Sürücü Müşfiqin adını eşidən kimi dedi: “Allah rəhmət eləsin. Oğullar olub e...” Sonra da əlavə etdi: “O Bakı bağlarından şeiri var a, məhləmizdə onu hamı əzbər bilir”. Üzümdə bir təbəssüm yarandı. Soruşdum: “Siz də bilirsiniz?” “Xeyr, tam bilmirəm. Sən də məni bağışla, cavanlıqda uşaqların anasına onun bir şeiri var, bir bənd ondan yazmışdım. İndiyə qədər o vərəq qalır evimizdə. Daha keçib ay qızım, dayan bir yadıma salım:

 

Mən ki bilməz idim, nədir məhəbbət.

Bu sirri sən mənə anlatmadınmı?

Dünyaya sığmayan şair könlümü

Köksümdən çıxarıb oynatmadınmı?

 

O vaxtlar “şair” yerinə özümdən dəyişdirib deyirdim ki, “Dünyaya sığmayan şofer könlümü... Hə, bax belə. Allah ona qəni-qəni rəhmət eləsin”. Beləcə, abidənin yanına çatdıq. Nədən danışacağım haqda düşünməyə belə vaxt qalmadı. Şahidi olduğum bu epizod bir Müşfiq sevgisi idi. Sürücünün şirin söhbətini kəsə bilməzdim. Gülhüseyn müəllimin sözləri yadıma düşdü: “Gör ürəyin, sənə nə deyəcək? Sən də onu bizə deyərsən”.

Səhv etmirəmsə, 1970-ci ilin iyun ayı idi. Açılışda Xalq şairləri Rəsul Rza və Süleyman Rüstəm, Xalq yazıçısı Mirzə İbrahimov çıxış etdilər. Söz sonralar Xalq yazıçısı adı alacaq nasir və ədəbiyyatşünas, yaradıcılığının çox hissəsini Müşfiqə həsr etmiş Gülhüseyn Hüseynoğluya verildi. Şairlərdən Ələkbər Ziyatay, Hikmət Ziya və başqaları Müşfiqə həsr etdikləri şeirlərini oxudular, abidənin müəlliflərinə heykəltaraş Münəvvər Rzayeva və memar Şəfiqə Zeynalovaya minnətdarlıq bildirdilər. Hər çıxışda, hər şeirdə Müşfiq sevgisi, gözlərdə Müşfiq poeziyasından doğan bir şövq var idi. Yalnız Müşfiq vurğunu olan Gülhüseyn müəllimin gözündə yaş var idi. Bu, Müşfiq taleyi və öz taleyi ilə səsləşən repressiya acılarından doğan kədər, həm də bu gün abidənin açılışından doğan sevinc göz yaşı idi.

Görkəmli şəxslərin çıxışından sonra söz demək məni bir qədər həyəcanlandırmışdı. Gülhüseyn müəllimin dediyinə əməl edərək, ürəyimi dinləyib, onu dilləndirdim. Yadımda qalan təxminən bunlardır. Çıxışıma belə başladım: “Əziz qonaqlar, hamımız etiraf edə bilərik ki, bu abidə çoxdan qəlbimizdə ucalmışdı. İndi isə biz Münəvvər Rzayeva və memar Şəfiqə Zeynalovanın yaratdığı abidəyə, onların gözü ilə baxırıq. Onlara çox təşəkkür edirik. Baxdıq, bəyəndik, düşündük. Baxıb öz-özümüzdən soruşduq: Şairi dərin düşüncəyə qərq edən nədir? Qarşısındakı kitab ona nə deyir? Abidəni seyr edərək, bu suallara qismən də olsa cavab tapa biləriksə, şairin şeir dünyasına səfər etmiş olarıq. Önəmlisi də odur ki, bu abidəni seyr edənlər də Müşfiq kimi düşüncələrə dalır. Biz gənclər də çalışmalıyıq ki, Müşfiq sevgisini nəsildən nəslə ötürməkdə bizim də payımız olsun. Tədqiqatlarla, bədii qiraətlə, yeni nəşrlərlə, ən əsası da Müşfiq sevgisi ilə. Əziz müəllimim Gülhüseyn müəllimə də öz təşəkkürümü bildirirəm ki, məni Müşfiq dünyasına bir addım da yaxınlaşdırdı”.

Yadımdadır, danışdıqca fikirləşirdim ki, beş dəqiqədən çox olmadı? Axı, Gülhüseyn müəllim demişdi ki, beş dəqiqəlik çıxış. O hiss indi də yadımdadır.

İllər ötürdü. Hər dəfə o abidənin yanından keçəndə gənclik xatirələrim canlanır, qəlbim riqqətə gəlirdi. Təbəssümlə, kövrək hisslərlə “Oxu daşa dəymiş” Mikayıl Müşfiqə baxırdım, Gülhüseyn müəllimi yad edirdim, ürəyimdə onlara rəhmət oxuyurdum. Şəhərin bu hissəsi mənim üçün Bakımın sevimli yerlərindən birinə çevrilmişdi. O yerdən gəncliyimin ətri, Müşfiqin səsi gəlirdi.

Bir gün yolum yenə də oradan düşmüşdü. Donub qaldım. Nə gənclik ətrini duya bildim, nə də Müşfiqin səsini eşidə bildim... Abidə yox idi. Bir üşütmə keçdi qəlbimdən. Heç nə anlaya bilmədim. Çox narahat oldum. Başımdan ildırım sürətli bir fikir keçdi: Öz taleyi kimi abidəsinin taleyi də müəmmalıdır? Yenə də?

           

Ah, bu uzun sevda yolu,       

Vurulurmu başa, könül!        

Nişan aldım, kaman atdım,   

Dəydi oxum daşa, könül!

 

Maraqlanmağa başladım. Məlum oldu ki, abidənin sadə postamenti bədii və memarlıq baxımından daha maraqlı olan, güzgü kimi cilalanmış çəhrayı qranitlə üzlənmiş yenisi ilə əvəz edilmək üçün hazırlanır. Həm də ətrafda aparılan abadlıq işlərindən zərər görməsin deyə, müvəqqəti olaraq yerindən götürülüb. Öyrənə bildiyim bu qədər oldu.

Bir müddət keçəndən sonra Müşfiqin abidəsini yerində gördük. 27 mart 2017-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə artıq abidənin əvvəlki yerində bərpa edilməsi haqqında məlumat yaymışdı. Müşfiqin misraları yada düşdü:

 

Gəncliyimə qanad verən, ruh verən,

Hər dəqiqə ayrı cilvə göstərən

Əlirişməz diləklərə and olsun!

Çevirdim üzümü bu günə baxdım,

Könlümə bir bahar nəşəsi doldu.

Bu gün təzə bir gülün açdığı gündür,

Dünyadan yalnızlığın qaçdığı gündür.

 

Müşfiq yalnızlığa məhkum olmayanlardandır. Onun şeirlərinin səsi, ona vurulan güllənin səsindən güclü oldu. Məzarını tapmasaq da, bu abidəyə üz tutarıq. Bəli, Bakıda bir abidəsi var. Şəhərin əbədi sakinlərindən biri olan Mikayıl Müşfiqin abidəsini ziyarətə gələrik.

Neyləyim ki, fikrim kimi qəşəng olsun nəğmələrim?

Parlaq bahar səmasilə həmrəng olsun nəğmələrim?

Sevinclərlə uğuldayan bir zəng olsun nəğmələrim?

Bir işıqlı, bir ətirli çələng olsun nəğmələrim?

İllər keçir. Biz onun nəğmələrinin qəşəngliyini duyuruq, rənglərini sezirik, zənginin səsini eşidirik, nəğmə çələnginin ətrini duyuruq.

Bir zamanlar Müşfiq şəxsiyyətinə hörmət və sevginin təzahürü kimi ildə iki dəfə - şairin doğum və xatirə günündə abidəsi önündə keçirilən anım mərasimləri ənənəsi, illər ötsə də, bu gün də müşfiqsevərlər tərəfindən sevgi ilə davam etdirilir. Bəli, şair özü demişkən, “Kainat olduqca şeir olacaq” və əlbəttə ki, Müşfiq də əbədi yaşayacaq.

 





28.06.2024    çap et  çap et