525.Az

Dövlət Neft Fondunun investisiya fəaliyyəti: yüksək hədəflər, böyük uğurlar


 

Dövlət Neft Fondunun investisiya fəaliyyəti: yüksək hədəflər, böyük uğurlar<b style="color:red"></b>

Təbii sərvətlərlə zəngin olan Azərbaycan iqtisadiyyatı və mədən sənayesindən əldə olunan gəlirlərin payı kifayət qədər böyükdür. Neft, qaz, qızıl və digər faydalı qazıntı məhsulları ilə bol olan ölkəmizdə makroiqtisadi sabitliyin təmin edilməsi üçün kifayət qədər imkanlar var. Müasir dövrdə təbii sərvətlərlə, xüsusilə karbohidrogen ehtiyatları ilə zəngin olan, sivil, demokratik inkişaf yolunu tutan ölkələrdə bu sərvətlərdən əldə edilən gəlirlər bugünkü və gələcək nəsillərin daha firavan həyat şəraitini təmin etmək üçün yaradılan suveren fondlar tərəfindən idarə olunur. Suveren fondlar dövlət tərəfindən ölkə sərvətlərinin yığılması və səmərəli idarə edilməsi məqsədilə yaradılan xüsusi məqsədli investisiya fondlarıdır.  Azərbaycanda büdcədənkənar yaradılan ən böyük fond Azərbaycan Respublikası Dövlət Neft Fondudur (ARDNF). ARDNF neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycanın əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur.

ARDNF Azərbaycanda ilk ən şəffaf, ən işlək və ən səmərəli fəaliyyət göstərən nümunəvi suveren fonddur. Sonrakı müddətdə yeni dövlət və suveren qurumlar yaradılarkən ARDNF nümunəsindən və təcrübəsindən istifadə olunub.

Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. Neft Fondunun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılması, digəri isə bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsidir. Bundan başqa Neft Fondunun qarşısında ölkə iqtisadiyyatını artan xarici valyuta daxilolmalarının mümkün mənfi təsirlərindən qorumaq, makroiqtisadi tarazlığı gözləmək və maliyyə intizamına xələl gətirməmək məqsədləri durur.

Suveren fondlar maliyyələşmə mənbəyinə görə iki yerə bölünür. Bunlardan biri maliyyə mənbəyi xammal olan, digəri isə digər mənbələrə istinad edən fondlardır ki, ARDNF məhz birinci qəbildən olan fondlardan hesab edilir. Gəlir mənbəyi neft və qaz olan ARDNF-in maliyyə gücü ona iqtsiadi layihələrdən geniş yer almağa, ölkənin sosial-iqtisadi inkişafı üçün həyati əhəmiyyət kəsb edən proyektləri maliyyələşdirməyə imkan verir. İqtisadi inkişaf əhalinin sosial rifahının yaxşılaşması ilə paralel müşahidə edilir ki, bu da ARDNF-in suveren fond kimi əsas funksiyasını yüksək səviyyədə yerinə yetirdiyini göstərir. İqtisadi layihələrlə yanaşı, sosial layihələrin gerçəkləşdirilməsinə də böyük vəsaitlər ayıran ARDNF, faktiki olaraq reallaşması imkansız görünən layihələrin belə gerçəkləşdirilməsini təmin edir.

Prezident İlham Əliyev deyib ki, Dövlət Neft Fondu dünyadakı suveren fondlar arasında ən şəffaf, ən səmərəli işləyən fondlardan biridir: "Mən yaxşı bilirəm ki, buna oxşar bəzi fondlar son vaxtlar böyük itkilərə məruz qalıb, çünki onlar çox riskli siyasət aparırdılar, daha çox pul qazanmaq əzmində idilər. Bizim isə yanaşmamız, - mən bunu həmişə demişdim, - konservativ olmalıdır, mühafizəkar olmalıdır. Bizim əsas vəzifəmiz vəsaiti qorumaqdır və vəsaiti riskli olmayan alətlərə yatırmaqdır. Biz indi artıq çoxşaxəli valyuta səbətini əldə etmişik və burada da valyuta məzənnəsinin dəyişkənliyi bizim vəsaitimizə təsir etmir. Biz qızıla böyük yatırım etmişik, daşınmaz əmlaka böyük yatırım etmişik, Fondun vəsaiti coğrafi baxımdan da çoxşaxəlidir. Yəni biz özümüzü mümkün olan bütün risklərdən qoruduq. Ən önəmlisi ondan ibarətdir ki, bu illər ərzində biz vəsait itirmədik və Fondun vəsaitini ildən-ilə artırırıq. Hətta böhranlı, devalvasiyaya uğradığımız illərdə də Fondun vəsaiti azalmadı".

Fəaliyyətə başladığı vaxtdan 25 il ərzində ARDNF qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib, öhdəliklərini layiqincə yerinə yetirib. ARDNF-nin fəaliyyəti xeyirxah, məqsədyönlü və uzaqgörən siyasət əsasında qurulub. Qurumun qarşısında çox mühüm vəzifələr dayanır ki, onlardan da ölkədə makroiqtisadi sabitliyin qorunması, neft gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və sair xüsusilə əhəmiyyətli yer tutur. Fondun fəaliyyəti eləcə də ölkənin sosial-iqtisadi tərəqqisi naminə nəhəng ümummilli layihələrin maliyyələşdirilməsinə yönəldilib.

Neft ehtiyatlarının bərpa olunmadığı, yəni hasil edildikcə tükəndiyi hamıya yaxşı məlumdur. Ona görə neft fondunun ən başlıca vəzifələrindən biri gəlirlərin nəsillər arasında bərabər bölüşdürülməsi, gələcək üçün ehtiyat vəsaitlərin toplanmasıdır. ARDNF bu gün institusional cəhətdən yüksək səviyyədə formalaşmaqla beynəlxalq səviyyədə tanınan suveren fond statusunu uğurla daşıyır.

İqtisadçı millət vəkili Vüqar Bayramovun sözlərinə görə, ARDNF vəsaitlərin idarə edilməsi, fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşdürməyə qadir olan bir quruma çevrilib: "Başqa ölkələrdəki analoji qurumlarla müqayisədə bizim Fondun fəaliyyətində diqqəti cəlb edən əsas məqam isə budur ki, ARDNF yaradılarkən bu suveren fondların təcrübəsinə istinad edilməklə yanaşı, yerli xüsusiyyətlər və mövcud ehtiyaclar da nəzərə alınıb. Neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə bərabər, bugünkü nəsillərin problemlərinin həlli məqsədilə də istifadə edilməsini nəzərdə tutan bir model seçilib". ARDNF-nin suveren fond kimi Azərbaycan iqtisadiyyatındakı rolu kifayət qədər böyükdür.

ARDNF-nin maliyyələşdirdiyi hər layihə sıradan bir layihə deyil. Onlar iqtisadiyyatın şaxələndirilməsinə, növbəti layihələrin gerçəkləşməsinə, sosial infrastrukturun genişlənməsinə, bir sözlə, ölkənin davamlı inkişafına xidmət edir.

Millət vəkili Vahid Əhmədov deyir ki, ARDNF həm ölkə, həm də qlobal əhəmiyyətli bir sıra mühüm layihələrin maliyyələşməsində iştirak edib, bu layilərin gerçəkləşməsinə öz töhfəsini verib. Regional əhəmiyyətli bir sıra layihələrin  maliyyələşdirilməsi məhz ARDNF-in adı ilə bağlıdır. Hansı ki, bu layihələr ölkəmizin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, onun beynəlxalq aləmdəki nüfuzunu da yüksəldib.

ARDNF-nin xalqımız qarşısındakı ən mühüm xidmətlərindən biri də, onun təhsil sektoruna böyük vəsaitlər ayrıması, minlərlə tələbənin xarici ölkələrdə yüksək təhsil almasını təmin etməsi ilə bağlıdır. Prezident İlham Əliyev də öz çıxışlarında ən başlıca kapitalın insan kapitalı olduğunu vurğulayır, ölkəmizin tərəqqisi üçün bu kapitala hər şeydən daha çox önəm verməyin vacibliyinə diqqət çəkir. Bu baxımdan ARDNF-nin gənclərimizin təhsilinə göstərdiyi qayğını ölkə başçısının bu mühüm tövsiyyəsinin ən yüksək səviyyədə gerçəkləşdirilməsi kimi də xarakterizə etmək mümkündür.

Vahid Əhmədov vurğulayıb ki, ARDNF gənclərin dünyanın qabaqcıl ölkələrində təhsil almasını maliyyələşdirən bir qurumdur.  Məhz ARDNF-in dəstəyi sayəsində yüzlərlə azərbaycanlı gənc Qərbin qabaqcıl universitetlərində təhsil alıb, yüksək ixtisaslı kadrlar kimi formalaşıb: "Odur ki,  ARDNF-in yarandığı gündən bu günə qədər həyata keçirdiyi layihələri olduqca yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu kimi fondların mövcudluğu ölkəmizin iqtisadi gücünə güc qatır, əhalinin sosial durumunun yaxşılaşmasına dəstək olur".

ARDNF üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasından didərgin salınmış insanların sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ən vacib məsələlərdən idi. Fond tərəfindən daim bu problemin həllinə vəsait yönəldilib. ARDNF tərəfindən layihənin maliyyələşdirilməsi davam edir. Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılmasına Fond tərəfindən 2 702,7 mln AZN vəsait ayrılıb.

Suveren fondların əsas özəlliklərindən biri də onların maliyyə böhranlarına qarşı sipər rolunda çıxış etməsi, onlara qarşı mübarizədə mühüm rol oynaması ilə bağlıdır. Belə ki, suveren fondların maliyyə imkanı maliyyə böhranları zamanı dövlətə lazımi manevrlər etməyə, vəziyyəti nəzarətdə saxlamağa imkan verir. 2014-cü ildən etibarən dünyada başlayan itqisadi böhran fonunda bütün suveren fondların, eləcə də ARDNF-nin dövlətimiz üçün önəmi bir kəs daha üzə çıxdı. Yaranmış yeni vəziyyətə uyğun olaraq özünü daha da təkmiləşdirən ARDNF bütün dünya üçün çətin sayılan 2018-ci ili belə müsbət gəlirlilik səviyyəsi ilə başa vurmağı bacarıb. Hansı ki, həmin il dünyanın bir sıra qabaqcıl ölkələrindəki suveren fondlarda ciddi geriləmələr müşahidə edilib. Məsələn, Norveçin suveren fondu olan Dövlət Pensiya Fondunun 2018-ci il üçün  gəlirliliyi -6,1 faiz, Yeni Zelandiyada müvafiq suveren fondun gəlirliliyi  isə -2,2 faiz olub. ARDNF-in investisiya qoyuluşunu  şaxələndirməsi onu iqtisadi-maliyyə böhranından uğurla çıxmasını təmin edib və faktiki olaraq antiböhran çətiri rolunu oynayıb.

ARDNF suveren fond kimi yalnız ölkədaxili layihələrdə deyil, qlobal xarakterli beynəlxalq layihələrdə də yer almaqdadır. ARDNF-nin bu müstəvidəki roluna aydınlıq gətirmək üçün Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin məhz sözügedən qurum tərəfindən maliyyyələşdirilməsi faktına nəzər salmaq kifayətdir. Xatırladaq ki, uzunluğu 1767 km olan kəmərin 443 km-i Azərbaycanın ərazisindən keçir. ARDNF Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin maliyyələşməsində də iştirak edib. Qeyd edək ki, adıçəkilən dəmir yolunun salınması ilə bağlı saziş  2007-ci ilin 7 fevral tarixində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları tərəfindən imzalanıb və uğurla başa çatdırılıb.

ARDNF Oğuz-Qəbələ-Bakı su kəməri, Neüft-Qaz və Neftkimya Kompleksinin tikintisi, Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi, "Cənub Qaz Dəhlizi"QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının və s. kimi layihələrin maliyyələşməsində iştirak edib.

ARDNF investisiya portfelinin qurulması zamanı, eləcə də onun gəlirliliyinin və risklərinin qiymətləndirilməsini apararkən beynəlxalq ən yaxşı təcrübəyə müvafiq olaraq hər hansı bir əqdin risk və gəlirlilik göstəriciləri əsas götürülməklə deyil, bu işi bütün investisiya portfeli səviyyəsində icra edir. Buna müvafiq olaraq, ARDNF-nin bugünkü investisiya portfeli aktiv növləri, strategiyalar, regionlar, ölkələr və valyutalar da daxil olmaqla fərqli parametrlər üzrə kifayət qədər şaxələndirilmişdir və bu baxımdan Fondun icra etmiş olduğu hər hansı bir konkret əqdin üzləşə biləcəyi qısamüddətli mənfi şokların ümumi portfelin gəlirliliyinə təsiri minimuma endirilmişdir. Digər tərəfdən, şəffaflıq göstəricilərinə görə dünyanın ən öndə gedən suveren fondlarının biri olaraq ARDNF investisiya portfelinin tərkibi və invidual investisiyalar da daxil olmaqla portfel ilə bağlı bütün məlumatları ictimaiyyətə açıqlayır.

Həyata keçirilən bütün bu tədbirlər sayəsində bugün ARDNF nəinki Azərbaycan, eyni zamanda, beynəlxalq aləmdə institusional quruculuq, vəsaitlərin səmərəli idarə edilməsi, əməliyyatların şəffaflığı və informasiyanın açıqlığına görə fərqlənən və bu sahədə yüksək nüfuza malik qurum kimi tanınır.

Sevinc QARAYEVA

Yazı ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

 





28.06.2024    çap et  çap et