525.Az

Qriqoryanın avantürası


 

İRƏVAN NİYƏ REVANŞİZMDƏN ƏL ÇƏKMƏK İSTƏMİR?

Qriqoryanın avantürası<b style="color:red"></b>

Ermənistan tərəfi sözdə sülhdən danışsa da, bu istiqamətdə müəyyən addımlar atsa da, öz avantüralarından, separatçı, revanşist meyllərindən əl çəkmir. Revanşizm təkcə müxalifətdə deyil, elə hakimiyyətdə də mövcuddur. Bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi "Rusiya Qarabağı əlimizdən alıb, Azərbaycana verdi" kimi avantürist və məsuliyyətsiz açıqlamasında həm revanşizm, həm də separatçı meyllər əks olunub.

Məlumdur ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində müsbət irəliləyişlər əldə edilib. Sərhədlərin delimitasiyası üzrə komissiyalar arasında təmaslar davam etdirilir. Belə olduğu halda bu cür sərsəm açıqlamalar nəyə hesablanıb?

Digər tərəfdən, Azərbaycan heç bir kənar kömək, dəstək olmadan öz gücü ilə torpaqlarının 30 illik işğalına son qoydu. Ermənistan isə həm müharibədən əvvəl, həm müharibə günlərində bir sıra xarici ölkələrdən dəstək aldı, ona silah-sursat, maliyyə və digər yardımlar göstərilib. Bu yardımlar indi də davam etdirilir. Fransa açıq şəkildə Ermənistanı silahlandırmaqla regionda yeni müharibəyə təhrik edir. Elə bu günlərdə Parislə İrəvan arasında SEZAR artilleriya qurğularının tədarükü ilə bağlı imzalanmış müqavilə, eləcə də bir qrup fransız siyasətçinin Ermənistana qoşun yeritməyə çağırışla Fransa Prezidentinə müraciəti dediklərimizi sübuta yetirir. İndi sərhədlərin delimitasiyası üzrə mühüm razılaşmaların əldə olunmasından, münasibətlərin normallaşması prosesinin getdiyi bir vaxtda Qriqoryanın belə açıqlama verməsi İrəvanın tezliklə sülhün əldə olunmasında nə dərəcədə maraqlı olduğu sualını gündəmə gətirir.

Təbii ki, bu bəyanatı Qriqoryan özbaşına verməyib. Paşinyan hakimiyyəti öz mesajını Qriqoryanın dili ilə səsləndirib. Məlumdur ki, son vaxtlar Ermənistanın Rusiya ilə münasibətlərində açıq gərginlik hökm sürür. İrəvan Qərbin diktəsi ilə hərəkət edir, bu bəyanat da Rusiyaya qarşı növbəti "həmlə" adlandırıla bilər. Amma məsələnin əsas mahiyyəti bundan ibarətdir ki, Ermənistan Baş nazir səviyyəsində Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, digər tərəfdən hakimiyyətin əsas şəxslərindən biri belə açıqlama verərək separatizm və revanşizm meyllərini açıq şəkildə ortaya qoymuş olur.

Yeri gəlmişkən, Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Qriqori Karasin bildirib ki, Rusiyanın Dağlıq Qarabağı Azərbaycana "təslim etməsi" ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: "Bu, tamamilə yalandır. Erməni siyasi xadimlərinin, o cümlədən, yüksək rəhbərliyin qeyd və çıxışlarına müraciət etmək lazımdır. Bu sualların cavabları orada var. Qriqoryan qoy onları oxusun".

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev hesab edir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibinin bu açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyildir: "Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyərək, şəhid verərək Ermənistan ordusunu 44 günlük Vətən müharibəsində məğlub edib, mütləq hərbi qələbə qazanıb, Ermənistanın 30 il davam edən hərbi işğalına son qoyub və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib. Ermənistan rəhbərliyi ordu sıralarında 10000 nəfərdən artıq fərarinin olduğunu özü etiraf edib. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində 23 saatdan az bir müddətdə Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda davam edən Ermənistan ordusunun qalıqları tərk-silah edilib və Qarabağ tam azad edilib. Ümumən Ermənistan ordusunun 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursatı məhv edilib və ya qənimət götürülüb.

Həm 44 günlük Vətən müharibəsi, həm də antiterror tədbirləri bir çox dünya ölkələrinin hərbi akademiyalarında unikal hərbi əməliyyatlar olaraq öyrənilir. Təəssüflə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür. Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə tarixi səhvləri yenidən təkrarlamamaq üçün revizionizm və revanşizm xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyə edirik".

Məlum açıqlama erməni ekspertləri tərəfindən də sərt tənqid edilib. Onlar Paşinyan hakimiyyətini Rusiyaya qarşı nankorluqda ittiham ediblər. Politoloq və jurnalist Armen Qasparyan erməni mediasına şərhində deyib ki, bu cür ittihamlar siyasi şizofreniya və tamamilə tarixi nankorluqdur, çünki son illər İrəvana Moskvadan çox kömək edən olmayıb: "Biz hamımız yaxşı bilirik ki, yoldaş Paşinyan Sorosun strukturlarının məzunudur və onun üçün Rusiya ilə mübahisə etmək, demək olar ki, əsas vəzifə idi və bunu yerinə yetirməyə başlayıb".

O əlavə edib ki, Paşinyan Ermənistanda milli ideyanı sarsıtdığına görə yox, konkret olaraq Rusiya ilə münasibətləri pozduğuna görə sorğu-sual olunacaq.

Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Baqdasarov isə deyib ki, Baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistan rəhbərliyi Qərbə doğru sərt kurs götürüb. Onların bəyanatları və hərəkətləri çox vaxt təxribat xarakteri daşıyır. Yəni rasional olaraq heç nə ilə izah olunmur.

Baqdasarova görə, Ermənistan rəhbərliyinin hərəkətlərini yalnız onunla izah etmək olar ki, onlar Qərbə, təkcə ABŞ və Böyük Britaniyaya deyil, həm də Türkiyəyə ölkənin Rusiyadan uzaqlaşdığını göstərməyə çalışırlar.

Erməni ekspert əlavə edib ki, Qarabağın Azərbaycan ərazisi olduğunu ilk dəfə Paşinyan özü bəyan edib. Bu yaxınlarda isə bildirdi ki, ümumiyyətlə, 2017-ci ildə demək lazım idi ki, bura Azərbaycan ərazisidir.

Erməni politoloq, iranşünas, şərqşünas Karin Gevorgyan isə bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, şərti desək, "amerikalı oğlandır". Amerika tərəfi Nikol Paşinyanı əvəz etmək istərdi ki, o, "ingilis uşağı" olmasa da, ona çox yaxındır.

Ekspert qeyd edib ki, oxşar proseslər indi Ukraynada da müşahidə olunur: "Bəyanatın özünə gəlincə, bu, Paşinyanın komandasının bütün erməni diasporunun etimadını itirməsi ilə bağlıdır. Ona görə də Paşinyan diasporu bu qədər tənqid edir. Amma Ermənistanda bugünkü hakim komandanın Qərb kuratorları diasporla, xüsusən də amerikalılarla belə mübahisəni sevmirlər. Ona görə də Rusiyanı təhlükəli ermənifob canavar kimi təqdim etmək cəhdi var. Yəni Armen Qriqoryan Qərbin postmodern mədəniyyətinə uyğun olaraq, yeni mifi ortaya qoyur".

Rəsmi Bakı Ermənistana revanşizm meylləri ilə bağlı dəfələrlə xəbərdarlıq edib. İrəvan Azərbaycana qarşı ərazi iddiasının olmadığını, revanşizmə can atmadığını, şovinizmdən uzaqlığını öz addımları ilə göstərməlidir. İlk növbədə isə Ermənistan konstitusiyası dəyişdirilməlidir. Çünki orada və digər bir sıra hüquqi sənədlərdə Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Ermənistan bu addımları atmaq əvəzinə qriqoryanların dili ilə separatçı, revanşist mesajlar səsləndirməyə davam edəcəksə, o zaman uduzan da özü olacaq.

 

 





01.07.2024    çap et  çap et