525.Az

Ədə­bi köşk: Nə var, nə yox?


 

Ədə­bi köşk: <b style="color:red"> Nə var, nə yox?</b>

Anar, Əkrəm və Elçin gizlincə görüşsələr...

Bir müddət əvvəl Xalq yazıçısı Elçininin nömrəsini öyrənib ona zəng vurdum. İsi Məlikzadənin anım günü idi, bir material hazırlayırdım və onun da xatirələrini qələmə almaq istədim. Telefonu götürən olmadı. Dedim, yəqin, Elçin müəllim tanımadığı nömrələrə cavab vermir. Üz tutdum Fərid Hüseynə. Dedi, Elçin müəllim xaricdədi, əməliyyat olunub.

Şükür ki, Xalq yazıçımızın səhhəti yaxşıdı. Sonuncu müsahibəsi də maraqla oxundu. Xüsusən, xəstəxanada olarkən keçmişdə oxuduqlarını yenidən xatırlaması maraqlı idi. Müsahibədə dostlarından bəhs edib: "Anar xəstəxanaya da tez-tez zəng edirdi, narahat idi, nigaran idi. Əkrəm Əylisli ilə bağlı, sənə bir söz deyim. O ay yarım ki, xəstəxanada qaldım, Əkrəm də yadıma düşürdü. Doğrusu, o anlarda onun indiki tənhalığı mənə pis təsir edirdi. Son zamanlar elə Bakıda da onunla bağlı belə bir hiss keçirirdim. Uzun sözün qısası, Bakıya gələndən bir-iki gün sonra Əkrəmə zəng elədim. Neçə illər idi ki, onunla hal-əhval tutmurduq, görüşmürdük, danışmırdıq. Ünsiyyətimiz yox idi. Xeyli söhbət etdik. Cavanlıq vaxtlarını yada saldıq, 1960-cı illərin ikinci yarısı, 70-ci illər... Uşaqlardan, nəvələrdən danışdıq. Yazı-pozudan danışdıq. Düzünü deyim ki, elə bil, mənim çiynimdən hansısa bir yük götürüldü. Bu, səmimi bir söhbət idi. Məndə xoş bir əhval, xoş bir ovqat yaratdı. Mənə elə gəlir ki, Əkrəm üçün də bu zəngləşmə, bu söhbət xoş bir hadisə oldu. Yəqin, səhv etmirəm".

Məncə, hər üç dost hamıdan gizlin tez-tez görüşür, saatlarla dərdləşirlər. Bunun ağla gəlməyi belə gözəldi, lap həqiqət olmasa da...

lll

Süni intellekt şeir yaza bilməz?

Şairlər arasında təzə trend yaranıb. Süni intellekt vasitəsilə şeirlərinə mahnı bəstələdirlər. Hətta ifa edən də tapılır. Öz aramızdı, yaxşı da mahnılar alınır. Texnologiya bəstəkarların "bazarını" öldürür.

Arzu Əsəd isə deyir ki, əsas ruh lazımdı, qalanı təfərrüatdı: "Süni intellekt mahnı bəstələmir, bəstələyə bilməz, şeir yazmır, yaza bilməz, rəsm çəkmir, çəkə bilməz. Sənət insanın ruhu ilə, hissləri ilə, həyatla təması, iztirabları, sevincləri və sairə ilə bağlı yaranır və daim yenilik tələb edir. Heç on il sonra, yüz il, min il sonra da süni intellekt sənət yarada - hətta bir notluq yeni musiqi, bir misralıq yeni şeir yarada bilməz. Süni intellekt insanların tarix boyu yaratdıqları informasiya yığını və bu informasiyanın müəyyən tələblər istiqamətində hesablanmasıdır. Ona şamil edilən dərketmə qabiliyyəti isə dərketmə adı altında nə düşündüyümüzlə bağlı olaraq ciddi mübahisələr doğurur. Süni intellekt yalnız kəmiyyət həddində fəaliyyət göstərə bilir. O heç bir zaman keyfiyyət həddinə keçə bilmir və bilməz. Bir mahnıda deyildiyi kimi, "onun arabası var, maləsəf ruhu yox". Bəzi ciddi şairlərin şeirlərinə süni intellekt tərəfindən musiqi bəstələdib təqdim etməsi və bəzi ciddi görünən dostların da buna "bayıldım", "əsl sənət xariqəsi", "möhtəşəm", "əvəzsiz" və sairə gülünc ifadələr işlətməsi təəssüfedici təbəssüm doğurur".

Arzu Əsəd böyük təsəlli verdi. Qorxurdum, gələcəkdə şair və yazıçısız da əsərlər yazıla...

lll

  Hekayəni təhlil edək, ya müəllifi?

Ulucay Akifin yeni yayımlanan "Nərgiz" hekayəsi çox yaxşı qarşılandı. Əksəriyyət müsbət rəy bildirdi. Səmimi deyim, Ulucayın yeni hekayəsini tənqid etməyi planlaşdırırdım, amma oxuyandan sonra fikrimdən daşındım.

Vüqar Van isə hekayəni təhlil edərək daha çox tənqidi fikirlərini qeyd edib: "...Açıq danışaq. Belə manevrlər, ucuz forma oyunları, keçmişlə indi arasında oynanılan oyunlar, stilistik gedişlər yalnız və yalnız diletant, adi, hazırlıqsız oxucuları təəccübləndirə, onları sevindirə və həyəcanlandıra bilər. Saqqalını dəyirmanda ağartmış adamları bu cür forma oyunlarıyla təəccübləndirmək olmaz.

"Nə demək istəyir" bu hekayə? Tutaq, heç bir funksiyası olmayan bu forma oyununu mətndən çıxarırıq. Bizə məzmun, informasiya lazımdır. Yerdə nə qalır? Cavab verməyə tələsməyin, bu da ritorik sualdır.

...Mən Ulucayı tanıyıram. Onun nəsrdə ilk kövrək addımlarını atan vaxtlarından... Sizə danışıram, "balaca Ulucayın qeyri-adi macəraları"ndakı Ulucaydan. Nə üçünsə, "Nərgiz"i oxuyandan sonra da yadıma onun əzələlərini şişirdib özünə aşiq olduğu dövrlər düşdü. Bunun bir səbəbi olmalıydı.

Vardı da. "Nərgiz" mifologiyada heç kimi sevə bilmədiyinə, heç kəsi bəyənmədiyinə görə allahlar tərəfindən özünü sevməklə cəzalandırılmış bir qəhrəmandır. Rəvayətə görə, çox yaraşıqlı oğlan olduğu üçün kim onu görürmüş, sevməyə başlayırmış. Lakin onun hamıdan zəhləsi gedirmiş. Axırda da məlum məsələ. Allahlar onun bu lovğalığına dözə bilmir və bir gün su içən yerdə Nərgizi oxlayırlar. O, birdən öz əksiylə qarşılaşır və özünə vurulur.

Belə-belə işlər, Ulucay əfəndi..."

Vüqar sanki hekayədən çox Ulucayın özünü təhlil edib. Ulucay iddialıdı, bu, bəzən qıcıq yaradır. Düşünürəm, Vüqarın bu yazını yazmasının ən böyük səbəbi Ulucayın mənəm-mənəmliyidir.

lll

"Yazma, canım-gözüm, söz oyun-oyuncaq deyil..."

Malik Atilay da qoşuldu ulu Nizaminin didaktik varislərinin cərgəsinə. İndi hamı nəsihət verir. Nəsihətlərə əməl edənlərin sayı nəsihət verənlərin sayı qədər olsaydı, əslində, hər şey yaxşı olacaqdı. Malik də qəzəblənib, deyir, yazmayın: "Qələmindən vərəqə, ya da barmaq uclarından klaviaturaya keçib ekranda görünən sözlər sənin sözlərin deyilsə, içini titrətmədən gəlirsə, sözün yanğısı sinəni tonqala çevirmirsə, yazmaq istəyib yaza bilmədiyin şeylər isti yatağında birdən ağlına düşüb bədənini dekabr qarı kimi sarmırsa, sözün enerjisiylə sərxoş ola bilməyib ümidini 150 qram arağa bağlayırsansa, onda yazma...

Yazma, canım-gözüm, yazma, söz oyun-oyuncaq deyil...

3-5 nəfərin bəh-bəhi, 5-10 adamın alqışı, bir el məclisində mikrofonla keçən həyatın 10 dəqiqəsi, əlləri ağ bulud olan xanımın sevgi etirafı, dostun-tanışın "şair" kəlməsi, hansısa qərib ellərdə, qərib dillərdə azca istirahət edib, ölkənin ədəbiyyatını mafə kimi çiyninə qaldırmaq, bir ovuc pul, bir az sabun köpüyü misalı şöhrət, bir az da "müəllimlik" üçün yazırsansa, onda yazma...

Yazma, başına dönüm, yazma, şeir qızıldı, hər sarı köynək qızıl olmaz..."

lll

Əvvəl şəklimiz, sonra yazdıqlarımız...

Bu yaxında Pekində keçirilən kitab sərgisində azərbaycanlı naşirlərin bəziləri iştirak etdilər. Paylaşılan videolardan məlum oldu ki, sərgidə yerli yazıçılarımızın böyük portretləri əks olunan stendlər açılıb. Tural Cəfərli deyir ki, şəkilləri ilə yanaşı, kitabları da olsaydı, yaxşı olardı: "Ədəbiyyatımız uzaq Çinə qədər gedib çıxıb. Sevindirici haldır. Pekin kitab festivalında gənc müəlliflərin də təmsil olunmasını xüsusi qeyd etmək lazımdır. Di gəl müəlliflərin kitabları yox, sadəcə adları və şəkilləri nümayiş olunub. Bu məqamda əziz Aqşin Yenisey hocamızın latın ibarələrinə doy gələcək "şəkillərdə yaxşı düşür uzaqlıq" misrasını xatırladım. İnsafən şəkillər də keyfiyyətli idi. Bircə müəlliflərin Çin dilində kitabları çatmırdı... Ümid edirik ki, bu məsələ də öz həllini tapacaq..!"

lll

Təzə nə var?

Qismət Rüstəmov maraqlı statistika açıqlayıb: "Təxminən, günə 250 nəfər qəfildən qərara gəlir ki, ədəbiyyat üzrə ekspert olsun".

lll

Hədiyə Şəfaqət dünyanın ən fırtınalı yerini tapıb: "...Dünyanın ən fırtınalı yeri müəllifin beynidir. Lakin Tanrı belə dincini almaq istəyəndə ancaq oraya üz tutur..."

lll

Alpay Azər yazır: "Ədəbiyyat söhbətlərində müşahidə etdiyim məqam. Ancaq hekayələr yazan nasirə "Nə vaxt roman yazacaqsan?" sualını verirlər. Amma şeir yazan şairə "Nə vaxt poema yazacaqsan" sualını vermirlər".

Poema özünün şöhrətli dövrünü itirdi. Ədəbiyyat adamları isə şöhrətpərəst olurlar. Elə bu səbəbdən də son sualı eşitmirik.

Hazırladı: Nadir YALÇIN

 





01.07.2024    çap et  çap et