525.Az

Güc nədədir, qardaş?


 

ÇAĞDAŞ YAZIÇI ZAMANIN QOVŞAĞINDA

Güc nədədir, qardaş?<b style="color:red"></b>

Lüdmila LAVROVA

 

Onun yaradıcılıq taleyində istedad və zaman ahəngdar şəkildə üst-üstə düşür. Müharibələr, ictimai hərc-mərcliklə müşayiət olunan mürəkkəb zamanda mənən güclü adamlara ehtiyac duyulur ki, həyatdakı qarışıqlığa və yalana qarşı duruş gətirmək mümkün olsun, heç də həmişə xoş olmayan dəyişikliklərin selində çoxlarına söz vasitəsilə istinad nöqtəsi nişan verilsin.

Elmira Axundova məhz bu cür güclü insanlardandır - o, uzun müddət postsovet məkanında hər şeyə yön vermiş nüfuzlu şəxslərin rəylərinin ziddinə getməkdən çəkinmir. İndiki halda, mən "tarixin köstəbəyi" A.N.Yakovlevin bizim ən yeni tariximizdə M.Qorbaçovun rolu barədə liberal intellegensiyanın uzun illər tirajladığı məşhur yanaşmasını nəzərdə tuturam: "(onun) əli qana batmayıb" (“Сумерки” М., 2003, с. 519-520).  Axundovanın 2014-cü ildə "Kaspi" qəzetində çıxan məqaləsi məni heyrətə salmışdı. Sovet İttifaqı dağılandan sonra qanın su yerinə axdığı Tacikistana səfər edən E.Axundova həmin məqalədə bu mövzuda fikir yürüdərək, Rusiyada kəskinsüjetli siyasi romanları ilə yaxşı məşhur olan azərbaycanlı nasir Çingiz Abdullayevdən sitat gətirir: "Bu gün bizim qarşılaşdığımız ən böyük yalan Sovet İttifaqının çox qan tökülmədən dağılması barədə iddialardır... Qan nəinki çox olmayıb, hətta həddən çox olub. Tacikistanda qanlı müharibə... Azərbaycanla Ermənistan arasında bütöv şəhər və kəndlərin yer üzündən silinməsi ilə nəticələnən qarşıdurma... Gürcüstanda... və Abzaxiyada vətəndaş müharibəsi... Dnestryanıda savaş və Sovet İttifaqının dağılmasının birbaşa nəticəsi olan iki Çeçenistan müharibəsi... Doğrudanmı, bundan sonra "qanın azlığından" və guya idarəolunan parçalanmadan danışmaq olar? Belə deyən adamın gözünün içinə tüpürün!"(Ч.Абдуллаев. Мистерия эпохи заката. М. 2007. С. 93-95).

Parlaq jurnalist-publisist, Sovet İttifaqının və onun xalqlarının tarixində dönüş nöqtəsi olan ağır məqamda məşhur "Literaturnaya qazeta"nın Azərbaycandakı müxbiri, eləcə də digər KİV-lər üçün də arzuolunan müəllif olan Elmira Axundova artıq müstəqilliyini əldə etmiş və müharibəyə cəlb olunmuş Azərbaycanda 90-cı illərin əvvəllərində - respublikanın gələcəyi ilə bağlı mübahisələrin qızışdığı vaxtlarda öz yaradıcı fəallığı ilə təəccüb doğurmurdu.

Reportajlardan, analitik məqalələrdən və ədəbi resenziyalardan başqa onun 90-cı illərdə respublikadakı vəziyyət barədə bir sıra sosial mövzularda, detektiv janrda kəskin romanlar nəşr etdirməsi də təəccüb yaratmadı. O, seçkilərdə uğurla qalib gəlib Milli Məclisin, Azərbaycan Respublikasının yeni demokratik Parlamentinin deputatı olanda da öz ictimai, vətəndaş və vətənpərvər mövqeyi ilə təəccübləndirmədi. Bütün bunlar onun, bəşəri problemlərə laqeyd qalmayan, başqalarının istedadını səxavətlə qiymətləndirən, öz vətəninin taleyinə görə narahat olan təbiətinin məğzi idi.

İlk dəfə Axundova elə bizdə, Rusiyada da, həmin dövrün dəbdə olan qaragüruhçu (siyasi, mədəni) cərəyanlara rəğmən, cəmiyyəti "dərinliyə" - həmin çətin günlərdə baş verənləri anın konyukturasından yox, zamanın zəncirindən çıxış edərək anlamağa çağıranda, bu və ya digər şəxsiyyəti və ya ictimai hərəkatı irəli çəkən tarixin hələ görünməyən qanunauyğunluğunu sezməyə can atan tək-tük adamlardan olduğunu göstərəndə təəccübləndirdi.

Bu, onun Heydər Əliyev barədə ilk kitabları işıq üzü görməyə başlayanda aydın oldu. Janr heyrətə salırdı: mətndə obrazlı və analitik başlanğıc üzvi surətdə birləşirdi. Özü də obrazlı başlanğıcın "çoxşaxəliliyi" müəyyən bədii metod kimi qəbul olunurdu, amma analitik başlanğıca aparıcı rolu dokumentalizm verirdi. "Bədii metod" isə şəxsiyyətin psixologiyasına təbii şəkildə nüfuz etməyə imkan yaradırdı ki, bu da oxucunu mütləq cəlb edir.

Tədricən bu kitablar "Heydər Əliyev. Şəxsiyyət və zaman" adlı geniş, çoxşaxəli əsəri meydana gətirdi ki, burada təkcə Ümummilli lider Heydər Əliyevin, onun yaxın ətrafının, əqidə yoldaşları və doğmalarının deyil, həm də çoxlu sovet adamının - təkcə məşhur dövlət xadimlərinin yox, həmçinin siyasətçilərin, yazıçıların, tarixçilərin və mədəniyyət xadimlərinin də canlı səsləri eşidilir.

 Zaman - arxiv və qəzet materiallarını diqqətlə toplayan, Heydər Əliyevi şəxsən tanıyan, məsələlərə öz yanaşması və hətta Sovet İttifaqında baş verən hadisələrə təsir imkanları olan, nəyisə təqdir edən, nəyləsə razılaşmayan, nələrisə böyük səhv sayan adamlardan çoxlu sayda müsahibələr götürmüş çoxcildlik kitab müəllifinin təsvir edə bildiklərinin, yəqin ki, tam dəqiq tərifi budur. 

Səhv etmirəmsə, Axundovanın ideyasının miqyasını ilk dəfə "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildlik əsərini oxuduqdan sonra akademik İsa Həbibbəyli qiymətləndirmişdi: "...Elmira Axundova öz fədakar əməyi nəticəsində bütöv bir elmi tədqiqat institutunun fəaliyyətinə bərabər iş gördü. Nəticədə Azərbaycan ədəbiyyatında ilk siyasi-bioqrafik roman-araşdırma yarandı".

Cəsarət edib deyim ki, bu, təkcə Azərbaycan ədəbiyyatı üçün bir ilk deyildi. Postsovet respublikası liderlərinin portretləri ayrıca kitablarda çox işıqlandırılıb, amma onlarda əsasən təhlil və portreti təsvir olunan şəxsiyyətlərin həm özünə, həm də onları hakimiyyətə gətirən səbəblərə obyektiv yanaşma olmurdu. Hələ ümumilikdə tarixin qərəzli və çox zaman da səthi qiymətləndirilməsindən danışmıram.

"Portretdir də..." - ilk baxışdan belə demək olar! Amma bundan sadə və mürəkkəb, bundan aydın və dərin nə ola bilər ki?! Ancaq müəlliflər, bir qayda olaraq, portret əvəzinə öz personajlarına heykəl qoymağa üstünlük verir, bu və ya digər siyasətçinin, xüsusən də milli liderin necə şəxsiyyət olması, onun hansı hisslər, simvollar və ideyalarla assosiasiya olunması, öz açıqlamaları, davranışları, mövqeyi ilə hansı mədəni kodları daşıması, bu mövqeyin dövlətin dərin maraqları ilə üst-üstə düşüb-düşməməsi kimi vacib məsələlər arxa planda qoyur, yaxud hətta kölgədə saxlayırdılar.

Elmira Axundova Heydər Əliyev şəxsiyyətini təntənəli portretdəki sayaq təsvir etmək kimi bəlli yazıçı həvəsinə qalib gələ bilmişdi. Onun araşdırma-romanı ona görə tarixi bestseller olmuşdu ki, Axundova Azərbaycan rəhbərinin şəxsiyyətini, onun yanaşmalarını inkişaf prosesində və fərqli, çox mürəkkəb şəraitlərdə təsvir edə bilmişdi. Rəsmiyyəti, deklarativliyi silib ataraq, Heydər Əliyevə insanların etimadını qazandıran iradəsini və müdrikliyini, respublikanı az qala uçurumun kənarındaca tutub qoruyan güclü şəxsiyyətini, keyfiyyətlərini qabartmış, qüdrətli xarizmasını, qeyri-adi zəkasını və idarəçilik keyfiyyətlərini təbiətin bəxşişi kimi açıb göstərmişdi. Sonra isə başladığı dövlət quruculuğu işləri ilə bu etimad və ümidləri doğruldan Heydər Əliyev Azərbaycanın ictimai-iqtisadi həyatının bütün sahələrində müsbət dəyişikliklərə səbəb oldu. Bu kitabların birnəfəsə oxunmasının sirri müəllifin məhz belə, metaforik desək, simfonik, fəlsəfi və dialektik yanaşmasında gizlənir. Üstəlik, bütün baş verənlər paralel olaraq Rusiyada və digər postsovet ölkələrindəki hadisələrə allüziyalarla müşayiət edilirdi.

Budur, Elmira Axundovanın yeni kitabı, ölkənin mədəni, siyasi və ictimai həyatına, Azərbaycanın beynəlxalq əlaqələrinin, o cümlədən, Rusiya ilə münasibətlərin möhkəmlənməsinə töhfələrini vermiş parlaq və istedadlı adamlarla ünsiyyət və dostluğundan doğan çoxsaylı təəssüratlar əsasında yaranmış "Ədəbi səyahətlər: Zaman... Süjetlər... Düşüncələr" adlı məqalə və esselər toplusu...

Və Elmira Axundovanın əlinizdə tutduğunuz hazırkı kitabı əsas hadisələrdən, bu və ya digər fiqurlar barədə düşünməkdən yayındıran hazırkı informasiya burulğanında ötəri mütaliə oxu üçün deyil ki, bu da çox vacib məsələdir. Axı günümüzdə informasiya çox zaman biliyi əvəz edir. Bu isə faciəvi səhvdir!

Elmira Axundova da elə məhz düşünməyə sövq edir, buna görə də mövzularının və qəhrəman obrazlarının rəngarəngliyinə baxmayaraq, o, həm siyasi xadimlərin fiqurlarında, həm də daha çox mədəniyyət xadimlərinin tale və yaradıcılıqlarında əks olunan zamanın bütöv portretini yaradır. Onların hər biri zamanın çağırışlarına özünəməxsus cavablar versələr də, hamısı onun içərisində üzvü şəkildə çulğaşır, xırda ambisiyalardan və mənasız çəkişmələrdən uzaq olan, zəhmətdən və yaradıcı düşüncələrdən ilham alan (bəzən bu düşüncələr lap faciəvi şərait üzündən sonadək gerçəkləşdirilməmiş olsa belə) ümumxalq həyatındakı Böyük Hadisələrin və problemlərin fonunda psixoloji baxımdan dəqiq işıqlandırılır.

Kitabda yazıçılar barədə esselər xüsusi diqqət çəkir, onları bütünlükdə ədəbi tənqid janrına aid etmək olmaz, hərçənd, orada bu və ya digər müəllifin birbaşa bədii üslubu ilə bağlı tutarlı qeydlər də az deyil. Məsələn, Azərbaycan ədəbiyyatının ağsaqqalı Vidadi Babanlı; demək olar ki, klassiklər Anar və Elçin; "itayanların italyan, gürcülərin gürcü olmadığına təəssüfləndikləri" musiqiçi və şair Vaqif Səmədoğlu; orijinal nəsr əsərlərinin müəllifi Natiq Rəsulzadə; həyatdan vaxtsız getmiş Alik Qafarov və onun "Flaminqo, çəhrayı quş" filmi üçün ssenariyə çevrilmiş təsirli əsəri; kübar təbiətli, incə zövqlü yazıçı Yusif Səmədoğlu; həssas şair və istedadlı tərcüməçi Səyavuş Məmmədzadə kimi gözəl söz ustadları... Bütün bu adlar sovet-rus oxucusuna yaxşı tanışdır... İndi yalnız ağrı hissi ilə təəssüflənmək olar ki, bizim mədəni məkan ümumi kommersiyalaşma dövründə qazanc dalınca qaçdığımızdan dağıldı, xalqlar yoxsullaşaraq, bizim əbədi həqiqətləri və ənənələri etibar sınağından keçirməkdə olan mürəkkəb dövrümüzün fərqli yaradıcı görüşlərini qavramaq imkanından məhrum olundular.

Elmira Axundovanın görkəmli yazıçı Mirzə İbrahimovun tələbəsi, onun zəngin ədəbi irsinin tərtibçi və araşdırmaçısı olan professor Teymur Əhmədov barədə məqaləsi və sovet dövrünün ədibləri ilə bağlı düşüncələri də səciyyəvidir. Bu məqalə Axundovanın, xüsusən də, bizdə, Rusiyada istehza ilə "sovet ədəbiyyatına anım günü keçirmək istəyənlərə", görkəmli adları gözdən salmağa və oxucunun şüurundan silməyə çalışanlara, dəbə boyun əyməmiş ədəbi irsə yanaşmasındakı bir çox məqamları aydınlaşdırır.

Axundova belə yazır və bu, onun inamının rəmzidir: "İndi gənclərdən kimsə inqilabi həyəcana uyaraq, sovet dövründəki yerli mədəniyyət nümayəndələrini tarixin gəmisindən atmağa çalışır. Əsas da yalnız budur ki, baxın, onlar kommunist olublar və sovet imperiyasının lehinə işləyiblər. Cəfəngiyyatdır! Mirzə İbrahimov kimi şəxsiyyətlər öz əməlləri, fədakar zəhmətləri ilə gələcəkdəki müstəqil Azərbaycanın bünövrəsini qoyublar. O, xalqın mətanətlə dözməsinə, yaşamasına və millət kimi özünü qoruyub saxlamasına kömək edən mənəvi-əxlaqi dayaq idi".

Müəllif  "rus azərbaycanlını", "İnterfaks-Azərbaycan" agentliyinin direktoru, mürəkkəb taleyi olan Aleksandr İvanovu, rus nasiri, professor, İkinci Dünya müharibəsi iştirakçısı, Azərbaycanın hərbi şöhrəti barədə silsilə kitablar yazmış Rudolf İvanovu, Parisdə diplomatik xidmətdə olarkən Azərbaycan Respublikasının ilk mühacirlər dalğasının davamçıları ilə birgə çoxlu mühüm işlər görmüş, qarışıq və faciəvi 80-90-cı illərdə Avropa oxucusuna, nəhayət, Qarabağ və "nüfuzlu erməni təbliğatının öz doğma vətənindəcə vəhşi gəlmələr kimi qələmə verdiyi xalqının tarixi taleyi" barədə həqiqəti çatdıran diplomat və tarixçi Ramiz Abutalıbovu minnətdarlıq və kədərlə anır.

Elmira Axundovanın kitabının təqdimatı belə düşüncələr də oyadır ki, interteyment - televizyonçular və kompüter videooyunları istehsalçılarının mühitindən mədəniyyətə köç etmiş əyləncəli məhsulu ehtiva edən termin bu gün ciddi ədəbiyyatı getdikcə daha çox sıxışdırmaqdadır... Bir təzahür kimi, bu, kütəvi məhsuldur, oxucudan vacib intellektual və ali emosional cəhdlər tələb etmir.

E.Axundovanın kitabının nəşri, təqdimatı və bu hadisənin KİV-də işıqlandırılması faktının özü onu sübut edir ki, Azərbaycanda yazıçılara diqqət və qayğı ilə yanaşan, yazıçı sözünün haqlı olaraq milli özünüdərk şüurunun inkişafına, xalqın öz tarixinə, ədəbiyyatına marağının bərpa olunmasına və mənəvi özünütəsdiqinə xidmət etdiyini düşünən Heydər Əliyevin ənənələri qorunub saxlanılmaqda, vəziyyətinə əməl olunmaqdadır. Bizlərdən çoxunun da bir müdrik filosofun - zərif ironiya ilə - ciddi mütaliənin xeyrinə dediyi vəsiyyətindən xəbər tutmağımız pis olmazdı: "Oxumaq onun üçün deyil ki, başqasını anlayasan, oxumaq ona görə lazımdır ki, heç olmasa, özünü anlaya biləsən".  

Tərcümə Rəbiqə Nazimqızınındır

 





01.07.2024    çap et  çap et