Ukraynanın gələcəyi NATO ölkələrində, ilk növbədə, Kiyevə hərbi yardım göstərən ABŞ, Fransa və Almaniyadakı fikir ayrılıqlarına görə təhlükə altındadır.
525.az xəbər verir ki, bu barədə “The Washington Post”un dərc etdiyi məqalədə vurğulanıb.
Məqalədə xüsusilə, növbədənkənar parlament seçkilərinin nəticələrinə görə Fransa prezidenti Emmanuel Makronun qeyri-müəyyən mövqeyinə işarə edilib. Qeyd olunub ki, Ukrayna rəhbərliyini tənqid edən Fransanın ifrat sağçı “Milli Birlik” partiyasının üçüncü yeri tutmasına baxmayaraq, Makronun partiyası hökumət qura bilməyəcək və Fransa liderinin imkanları məhdudlaşır.
“Bütün bu təlatümlar, bilavasitə sağ qalması və uzunmüddətli perspektivləri müəyyən dərəcədə Alyansın taleyindən asılı olan Ukrayna üçün xüsusilə pis xəbərdir”, - nəşr yazıb.
Bundan əvvəl Makron Fransanın baş naziri Qabriel Attalın istefasını qəbul etməyib. Prezident ölkənin sabitliyini təmin etmək üçün hökumət başçısından vəzifəsində qalmasını istəyib.
Pərvanə Sultanova
çap et