Argentina Ukrayna və İsraili dəstəkləmək, xüsusən də Kiyevə hərbi yardım göstərmək qərarına gəlib. Bu barədə Argentinanın müdafiə naziri Luiz Alfonso Petri Latın Amerikası ölkələrinin sağçı qüvvələrinin Braziliyada keçirilən qurultayında bəyan edib: "Biz öz azadlıqlarını və demokratiyasını müdafiə edən ölkələrin tərəfində olmalıyıq".
Argentinanın müdafiə naziri Luis Alfonso Petrinin sözlərinə görə, Argentina NATO-ya üzv olmaq üçün müraciət etmək, Çin təyyarələri əvəzinə F-16 döyüş təyyarələri almaq və Ukraynaya Rusiya ilə müharibə aparmaq üçün lazım olan silahları vermək qərarına gəlb. "Biz belə bir vəziyyətdə neytral qala bilmərik" deyən Petri Argentinanın Kiyevdə keçiriləcək sülh sammitində iştirak etmək qərarına gəldiyini bildirib. Bundan əvvəl isə Argentina şərti adı "Ramşteyn formatı" olan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupuna qoşulub. Argentina prezidenti Xavyer Miley iqtidara gəldikdən sonra Rusiyanın ölkəsinə verdiyi iki Mi-171E helikopterini Ukraynaya verməklə Moskvanı qəzəbləndirmişdi.
Ötən ilin dekabrında iqtidara gələn Xavyer Miley Argentinanın geosiyasi seçimini kəskin dəyişib. Mileydən əvvəl Argentina Çin və Rusiya ilə yaxınlaşmaq və BRİKS-ə üzv olmaq niyyətində idi. Xavyer Miley iqtidara gəldikdən sonra BRİKS-ə qoşulmaqdan imtina etməklə yanaşı, üzünü ABŞ və NATO-ya doğru çevirdi.
Hələ bir neçə ay əvvəl, aprel ayında Argentina NATO-nun qlobal tərəfdaşı olmaq istəyi ilə Şimali Atlantika Alyansına müvafiq müraciət etmişdi. Argentina hərbi qüvvələrini modernləşdirməyə çalışır və bunun üçün NATO standartlarına uyğun təlim verməyə imkan verəcək əlaqələri bərpa etmək üçün addımlar atır. İndi isə Argentina NATO ilə əməkdaşlığını daha da dərinləşdirməyə çalışır. Bunun üçün də Ukrayna və İsrailə dəstək verəcəyini bəyan edir.
Son məlumatlara görə, Argentina Ukraynaya yardım göstərmək üçün Braziliyaya təsir göstərməyə çalışır. Əgər Argentina bu məqsədinə nail olsa, dünyada qüvvələr nisbətində ciddi dəyişiklik baş verəcək.
Xavyer Mileyin hakimiyyətə gəlməsindən sonra Argentinanın geosiyasi kursunu kəskin dəyişməsi beynəlxalq aləmdə qüvvələr nisbətini dəyişib. İndi Argentina bütün regionun siyasətinə təsir göstərməyə çalışır. Moskva Argentinada baş verənləri narahatlıqla izləsə də, vəziyyəti dəyişmək iqtidarında deyil. Argentinanın Ukraynaya dəstək verməsinin Rusiya ilə münasibətləri daha da pisləşdirəcəyi şübhəsizdir.