Musiqi və poeziyanın sehrli gücü qovuşduğu an qəlblərdə sakit yatan duyğular oyanır və insanı sonu bilinməyən bir səyahətə aparır. Budəfəki səyahətin səbəbkarları - iki musiqiçi xanım - Nuranə Zeynalova və Aytən Oqtayqızı oldu ki, onların özünəməxsus yaradıcılıqlarının bir-biri ilə ahəngdarlıq təşkil edən müəllif konserti musiqisevərlərin zövqünü oxşadı.
Rəngarəngliyi ilə seçilən konsert bu günlərdə - iyulun 4-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında keçirildi. Müəlliflərin bir qədər fərqli proqram ilə təqdim olunan analoji konserti 30 iyunda Bakıdakı Rus Evində də təşkil olunmuşdu.
Aparıcılar - BMA-nın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina (Rus evində) və BMA-nın yetirməsi, Promediagroup, Baku Retro FM-in aparıcısı - Sevinc Salahova (BMA-da) hər iki tədbirin maraqlı və axıcı keçməsi üçün böyük səy göstərmişdilər.
Vətən uğrunda canını fəda etmiş şəhidlərimizə həsr olunan əsərlər konsert proqramında üstünlük təşkil edirdi. Qəhrəman şəhidlərimizin ruhunun böyük ehtiramla yad edilməsi tədbirin əsas məqamlarından idi ki, hər iki müəllifin onların xatirəsinə bəstələdikləri kompozisiyalar bir-birindən təsirli alınmışdı.
Geniş proqramla - xor, violonçel, violin, vokal və fortepiano əsərləri ilə təqdim olunan konsert, ilk olaraq, tədbirin aparıcısı Sevinc Salahovanın təqdimatında müəlliflər haqqındakı kiçik informasiya ilə başladı. Ardınca Nuranə Zeynalovanın Birinci prelüdü sədaları altında (müəllifin fortepianoda müşayiəti ilə) "Poeziyada ilin fəsilləri" vəsaitindən Fərhad Bədəlbəylinin (Gülər Əlvanqızının tərcüməsində) "Payız" şeiri Sevinc Salahova tərəfindən həzin intonasiyada səsləndi, bununla da tədbirin bir qədər düşündürücü və təsirləndirici mahiyyətinin olması sanki əvvəlcədən mesaj olaraq verildi. Bir maraqlı məqam da ondan ibarət idi ki, ifa olunan əksər əsərlərin tarixçəsi və obraz-emosional xüsusiyyəti öncədən dinləyicilərin diqqətinə çatdırılırdı. Bu isə öz növbəsində tamaşaçının musiqini daha dərindən qavramasına imkan yaradırdı.
Proqramda musiqisi Aytən Oqtayqızına, sözləri isə Gülər Əlvanqızına məxsus, şəhid leytenant Emil Məmmədəliyevə həsr olunmuş "Vətən şəhidi" (ifaçı: Xalq artisti Samir Cəfərov) və Nuranə Zeynalovanın (söz. Jalə İbrahimin) şəhid baş leytenant Daşdəmir Paşayevə ithaf etdiyi "Vətən yaşasın" (ifaçı: Beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədova) kompozisiyası səsləndi və zalda əyləşən şəhid ana və bacılarına tədbirin bütün iştirakçıları tərəfindən ehtiram bildirildi.
Təqdim olunan əsərlər sırasında Nuranə Zeynalovanın çello və fortepiano üçün yazdığı "Səngərdə şaxtalı qış" (ifaçı - Əməkdar artist Əyyub Əliyev, müşayiətçi - müəllif) əsəri də yer almışdı. Vətən müharibəsinə həsr olunmuş bu kompozisiyada döyüş zamanı mühasirəyə düşən əsgərin hiss və həyəcanı əks etdirilir.
Digər əsər isə böyük qələbəmizi vəsf edən, musiqisi Aytən Oqtayqızına, sözləri isə Gülər Əlvanqızına məxsus, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Məktəb-studiyanın məzunu, hazırda isə N.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının tələbəsi Teymur Kazımovun ifasında ruh yüksəkliyi ilə səslənən "Zəfər nəğməsi" oldu.
Konsert müəlliflərinin yaradıcı tandemi əsasında ərsəyə gəlmiş "Mən də əsgərəm, Ana" (mus. Nuranə Zeynalova, söz. Aytən Oqtayqızı) musiqi əsəri hər bir azərbaycanlının doğma yurduna olan sevgisini bir daha ifadə etdi. Hər iki müəllifin 44 günlük müharibənin təsiri altında ilhamlanaraq yazdıqları vokal əsəri Əməkdar artist Tural Ağasıyev olduqca qürurlu hisslərlə səsləndirdi.
Tədbirin dramaturji quruluşuna görə hər iki bəstəkar vətənpərvərlik mövzusuyla yanaşı, Azərbaycanın dahi şəxsiyyətləri - Üzeyir Hacıbəyli, Nizami Gəncəvi, Fikrət Əmirov və Arif Məlikovun xatirəsinə həsr olunmuş bəstələr təqdim etdilər.
Dahi şair Nizami Gəncəvinin irsinə müraciət edilərək romans-qəzəl üslubunda yazılmış əsərlər də səsləndirildi. Belə ki, Nuranə Zeynalovanın "Dəli sevdaya düşdüm" əsəri Güllübəyim Məmmədovanın məlahətli və həzin ifasında təqdim olundu. Nizaminin sözlərinə yazılmış digər musiqi əsəri Aytən Oqtayqızının "Gəlmiş idi..." kompozisiyası oldu. Xalq artisti Samir Cəfərovun təkrarolunmaz ifasında səslənən bu əsər tamaşaçıların zövqünü oxşadı.
Azərbaycan professional musiqi məktəbinin banisi Üzeyir bəy Hacıbəylinin maarifləndirici və yaradıcı yolu bütün bəstəkarlarımızın formalaşması istiqamətində təməl rolu oynadığı kimi, gənc musiqiçi-müəlliflərin - Aytən xanım və Nuranə xanımın da sənət portfoliosundan yan ötməyib. Belə ki, Aytən Oqtayqızının dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunmuş "Üzeyir dünyası" (söz. Gülər Əlvanqızınındır) Güllübəyim Məmmədovanın ifasında səslənərək, dinləyicilərin, sözün əsl mənasında, böyük şəxsiyyətin yaratdığı şedevr əsərlərindən müxtəlif rakurslu obrazlar canlandırıldı.
Konsertdə Nuranə Zeynalovanın Azərbaycan xalq musiqisi əsasında, daha dəqiq vurğulasaq, "Şuşanın dağları" və "Xarıbülbül" mahnılarının mövzuları üzərində fortepiano üçün işlənmiş "Şuşa" fantaziyası səsləndi və bu çıxışa istinadən aparıcı tərəfindən geniş məlumat verildi ki, BMA-nın İxtisas musiqi məktəb-studiyasında Azərbaycan xalq musiqisi geniş tədris olunur, bu istiqamətdə "Azərbaycan xalq musiqisinin öyrənilməsinə dair" müsabiqələr, festivallar keçirilir. Üzeyir bəyin miras qoyduğu "Azərbaycan xalq musiqisinin əsasları" kitabı professor Tərlan Seyidov tərəfindən musiqi məktəb şagirdləri üçün adaptasiya olunub. Onun apardığı iş nəticəsində Azərbaycan məqamlarının öyrənilməsi I sinifdən başlayaraq bütün siniflərin tədris proqramına daxil edilib.
Üzeyir bəy dühasına ithaf olunmuş əsərlər arasında musiqisi Aytən Oqtayqızıya, iki fortepiano üçün işləməsi Nuranə Zeynalovaya məxsus, bəstəkarın 135 illiyinə həsr edilən "Dəyərli ömür" kompozisiyası da vardı. Müəlliflərin tədbirdə öz əsərlərini texniki və obraz cəhətdən mahirlik göstərərək yüksək səviyyədə ifa etmələri dinləyicilərin alqışına səbəb oldu.
Tədbirdə, görkəmli bəstəkar Arif Məlikovun əziz xatirəsinə ithaf olunan, bəstəsi Aytən Oqtayqızına məxsus, çello və fortepiano üçün "Dalğa" əsəri də səsləndi. Əyyub Əliyevin ifasında təqdim edilən bu əsər həyatdakı eniş-yoxuşları, qarşımıza çıxan çətinlik və rahatlığı, ümumiyyətlə, dalğavari keçən ömrümüzü əks etdirir. Bu həzin musiqidə lirika və hüzn, ən incə duyğular təsvir olunur.
Bir-birindən maraqlı ifalar arasında beynəlxalq müsabiqələr laureatı Yuliya Heydərovanın özünəməxsus təqdimatında rus romansı üslubuna yaxın üç musiqi nömrəsi səsləndi: "Yaz" ("Vesna", söz. Xalq artisti, professor Fərhad Bədəlbəylinin, mus. Aytən Oqtayqızının), "Məhəbbət haqqında" ("Pro löbovğ" söz. İmina Əliyevanın, mus. Nuranə Zeynalovanın) və "Bağışla" ("Tı prosti" söz. İmina Əliyevanın, mus. A.Oqtayqızının).
Tədbirə xüsusi rəng qatan nömrələrdən biri Məktəb-studiyanın uşaq xor kollektivinin çıxışı oldu. Xor kollektivi Əməkdar müəllim, dosent Aqil Qafulovun rəhbərliyi ilə A.Oqtayqızının "Allahu əkbər!" səsi (söz. Bəxtiyar Vahabzadənin) və sözləri Fərhad Bədəlbəyliyə, musiqisi Nuranə Zeynalovaya məxsus "Qış" ("Zima") əsərini oxudu.
Musiqi nömrələri arasında qiraətə də yer verildi və Aytən Oqtayqızının "Sükutumun nəğməsi" şeirini S.Salahova təqdim etdi. Bu misralar A.Oqtayqızının "Oyanış" pyesinin N.Zeynalova tərəfindən ifası ilə səsləndi.
İki müxtəlif üslublu yaradıcılıqların təqdimatında A.Oqtayqızının Violin və fortepiano üçün bəstələdiyi "Xoş xatirələr" əsəri (ifaçı: Məktəb-studiyanın VIII sinif şagirdi, beynəlxalq müsabiqələr diplomantı Yusuf Məmmədli, müəllim dosent Gülnarə Quliyeva, konsertmeyster Səriyyə Məmmədova) və N.Zeynalovanın fortepiano üçün yazılmış "Yaşıl yarpaq" sonatinası (ifaçı: müəllif) da səsləndi. Sonatina teleradio müsabiqəsi üçün yazılıb və ifa olunub. Müəllif bu əsərə görə qalib adına layiq görülüb.
İstedadlı musiqiçilər A.Oqtayqızı və N.Zeynalovanın bəstəkarlıq yaradıcılıqlarının bir qismini əhatə edən konsert çox gözəl sonluqla - N.Zeynalovanın (həmmüəllif - Zərrin Şükür) Fikrət Əmirovun mövzuları əsasında iki fortepiano üçün işlənmiş "Şərq nağılları rapsodiyası" ilə başa çatdı. BMA-nın Məktəb-studiyasının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova və müəllif tərəfindən böyük ustalıqla səsləndirilən bu əsər bütün tamaşaçıların diqqətini cəlb etdi. Parlaq çıxış auditoriya tərəfində gur alqışlarla qarşılandı. Həmin əsər 2022-ci ildə pianoçu Nərgiz Əliyarovanın Nyu-Yorkda təşkil etdiyi bəstəkarlıq müsabiqəsinə qatılması üçün Z.Şükürlə birlikdə yazılıb. Bu addım Fikrət Əmirovun musiqisinin plagiatdan qorunması məqsədi daşıyırdı. Hər iki musiqiçi əsərə görə müəllif hüququ alıb və ilk dəfə olaraq bu konsertdə səslənib.
Sənət yollarında durmadan çalışan, innovasiyalı fikirlərlə çıxış edən A.Oqtayqızı və N.Zeynalova təqdim etdikləri əsərlərdə vətənə, millətə, böyük şəxsiyyətlərimizə və təbiətimizə sevgiylə dolu və olduqca diqqətçildirlər. Onlara bu şərəfli yolda uğurlar diləyirik.
Şəfəq HACIYEVA
Üzeyir Hacıbəyli adına BMA-nın İxtisas musiqi məktəb-studiyasının böyük elmi işçisi, musiqişünas