|
|
|
|
Elşad BARAT
Azərbaycan Dövlət Kukla Teatrındayam. Bu binada hər yan xatirələrlə doludur. Tamaşa zalının demək olar ki, hər stolunda oturmuşam. Yadımdadır, tələbə vaxtı fakültə üzrə Tələbə Həmkarlar Təşkilatının sədri idim, dəvətnamələr gələndə tələbələri yığıb bura gətirərdim, bir-birindən maraqlı tamaşalar izləyərdik. Bu gün isə bu yazını yazmaq üçün “525-ci qəzet”dən gəlmişəm. Tədbir Əməkdar artist, bəstəkar və ifaçı Elza Seyidcahanın 55 illiyinə həsr olunub. Baxaq görək “Elza və kuklalar” adlı bu tədbirdə nələr olacaq...
Hələ tədbir başlamayıb, zal ağzına qədər doludur: uşaqlar, valideynlər, media nümayəndələri və fəxri qonaqlar. Buradakı hər kəsi Teatrın Ədəbi hissə müdiri Həmidə Rüstəmova binanın girişində təbəssümlə qarşıladı, digər xanım işçilər isə insanları uyğun yerlərdə əyləşdirib, mənə də ön sırada əyləşməyi məsləhət gördülər.
Tədbirin başlamasına az qalıb, artıq bütün yerlər tutulub, əlavə stollar gətirilir, bəzi insanlar ayaq üstə dayanıb. Mənim sol tərəfimdə bir əlil qız uşağı var, 10-12 yaşlarında, bu saat əlil arabasından ayağa qalxacaq kimi sevinclidir.
Tədbir başladı. Böyük ekran endirildi. Hamının Ələkbər əmi kimi tanıdığı mərhum aktyorumuz Ələkbər Hüseynov AzTV-də çəkilmiş qısa video ilə yad edildi. Tədbirə Kukla Teatrının aparıcı aktrisası Səriyyə Mansurova aparıcılıq edir. Elza Seyidcahan haqqında əhatəli çıxış üçün söz Bəstəkarlar İttifaqının üzvü, müsiqişünas Səadət Təhmirazqızına verildi. Səadət xanım Elza Seyidcahanın həyat və yaradıcılığından danışdı. Sonra Əməkdar artist Bəhruz Vaqifoğlunun hərəkət dili ilə “Mən aktyoram” adlı ifanı dinlədik. Mahnı başlayan kimi zal canlandı. Nəqarət hissəni uşaqlar xorla oxuyur. Mənimsə diqqətim əlil arabasında oturan qızdadır. O da hərdən digər uşaqlara qoşulub əl çalır, sonra qəfildən dayanır, nəsə düşünür, üzündəki təbəssüm gedir və eləcə baxır.
İndi isə Elza Seyidcahanın bəstələdiyi “Şəngülüm, Məngülüm” tamaşasına baxırıq. Bu tamaşada ümumilikdə 12 mahnı yer alıb. Tamaşa Mikayıl Müşfiqin “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı poeması əsasında səhnələşdirilib. Rejissor Anar Məmmədovun quruluş verdiyi bu tamaşanın rəssamı İqbal Əliyev, aktrisası isə Ülviyyə Əliyevadır.
Tamaşa davam edir. Zalın gözü səhnədədir. Ülviyyə Əliyeva səhnəni elə canlandırır ki, nəinki uşaqlar, böyüklər də böyük maraqla izləyir. Əlil qız da həvəslə baxır, gözləri gülür, üzündəki təbəssüm bütün zala yayılır.
Və budur, Elza Seyidcahan özü bəstələdiyi “Tı-tıq xanım” mahnısıyla səhnəyə çıxır. Alqışlar və yenə də alqışlar. Zalda möhtəşəm aura var. Hamı mahnının sözlərini təkrar edir, uşaqlar atılıb-düşür. Əlil qızın da sevincinin həddi-hüdudu yoxdur, bu saat qanadlanıb səhnəyə uçacaq kimidir. Məncə, bu əlil qızın bu dəqiqə ən böyük arzusu Elza Seyidcahana sarılmaqdır.
“Ağ çüçəyim” mahnısını oxumaq üçün Siyəzən rayon 1 saylı orta məktəbin şagirdi Mirhidayət Kazımov səhnəyə dəvət olunur. Elza xanım da səhnədədir, əl işarəsi ilə uşaqları səhnəyə dəvət etdi. Gələcəyimiz olan şirin-şəkər balalar Elza xanımla rəqs edir. Əlil qız əl çalır. O da uşaqlara qatılmaq, Elza xanımla oynamaq istəyir. Heç kim onu görmür. Mən isə onun ayaqları olmaq istəyirəm.
Səhnəyə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə gəldi. Təbrik və xoş sözlərindən sonra Elza xanıma “Kukla Elza” hədiyyə etdi. Böyük ustalıqla işlənmiş “Kukla Elza”nı teatrın baş rəssamı İqbal Əliyev və onun komandası hazırlayıb. Artıq səhnədə iki Elza var. Kukla kimi uşaqlara mahnı oxuyan Elza Seyidcahan, bir də kukla Elza Seyidcahan. Əlil qıza baxıram, əl çalır, ətrafında uşaqlar atılıb-düşür, əminəm ki, bu dəqiqə onun ən böyük arzusu Elza Seyidcaha sarılmaqdır.
Elza Seyidcahanın müəllifi olduğu “Azərbaycan” mahnısı ifa olunur. Uşaqlar oynayır, böyüklər təbəssümlə dinləyir. Həqiqətən də Elza Seyidcahan böyük istedad sahibidir. Elə istedad ki, onu hər adam başa düşə bilməz. Təmiz ürəyindən, aydın zəkasından süzülüb gələn bu bəstələrin içində xəfif külək kimi üzümüzə dəyən incə detallar, insanlara ötürülmüş mesajlar və araşdırılması gərəkən fəlsəfi qatlar vardır. Qismət olsa, Elza xanım haqqında ətraflı bir yazı yazmaq və bu fikirlərimi o yazıda daha geniş çatdırmaq niyyətindəyəm.
Tədbirin sonuna yaxınlaşırıq. Elza xanım səhnədə kukla uşaqlar üçün mahnı oxuyur, şirin-şəkər uşaqlar da onun ətrafında rəqs edir. Qəfildən Elza xanım hər kəsin arasından sıyrılıb çıxdı. Ona hədiyyə olunmuş böyük gül dəstələrindən birini götürüb əlil qıza yaxınlaşdı, gülləri ona hədiyyə edib onu bağrına basdı, əllərindən tutub təkcə onun üçün mahnı oxudu. Bütün zal ayağa qalxıb Elza xanımı alqışladı. Mənimsə bayaqdan udqunduqca boğazımda böyüyən düyün sevinc göz yaşlarıma çevrildi.