525.Az

Multikultural təhsil - Rəşad İlyasov yazır


 

Multikultural təhsil - <b style="color:red"> Rəşad İlyasov yazır</b>

Təhsil sosiologiya, siyasət, mədəniyyət, iqtisadiyyat, texnologiya və elm kimi bir çox sahələrlə əlaqədədir, odur ki, ona birmənalı tərif verilə bilməz. Məşhur alman filosofu İmmanuil Kant təhsili insanı kamilləşdirmə prosesi kimi dəyərləndirir. 

Multikultural tərkibli ölkələrin mövcudluğu zaman etibarilə çox-çox əvvəllərə gedib çıxır. Onun konseptual olaraq ortaya çıxması isə son dövrlərə təsadüf edir. Mədəni, sosial-iqtisadi və fiziki səriştə fərqlərinin ortaya çıxardığı fərqliliklərə həssaslıq və tolerantlıq fəlsəfəsi müasir cəmiyyətlərdə mühüm əhəmiyyət daşıyır. Multikulturalizmin başlıca mənası cəmiyyət daxilində bir çox etnik və mədəni qrupların mövcudluğunu ehtiva edir.

Multikulturalizm bildirir ki, etnik-mədəni mənşəyindən asılı olmayaraq müxtəlif ənənələrin yasaqlanmadığı cəmiyyətdə fərdlərin dinc yanaşı yaşaya bilməməsi üçün heç bir səbəb yoxdur. XX əsrin ortalarından üzübəri planetimizdə bir ölkədən digərinə miqrasiya böyük vüsət alıb. Məhz bu səbəbdən multikulturalizm zaman keçdikcə qlobal fenomenə çevrilib.

Son 20 ildə multikultural təhsillə bağlı prosesdə artım müşahidə olunur. Bir çox pedaqoqlar təhsildə müxtəlif mədəniyyətlərə aid mövzulara istinad edərək proqram çərçivəsində multikultural təhsilin inkişafına dəstək verirlər. Bu da təbiidir, çünki indinin pedaqoqları keçmiş nəsillərin təsəvvür edə bilmədiyi mədəni müxtəliflik şəraitində, multikulturalizmin geniş yayıldığı cəmiyyətlərdə yaşayırlar. Multikultural təhsil müxtəlif irqlərdən, etnik qruplardan, sosial qruplardan olan bütün şagirdlər üçün bərabər təhsil imkanları yaratmağa, bu məqsədlə bütün məktəb mühitini dəyişdirməyə, yenidən qurmağa çalışır. Multikultural təhsilin əsas prinsipləri bunlardır: a) sosial ədalət; b) təhsildə imkan bərabərliyi; c) təhsil mühitində mədəniyyətin əhəmiyyətini və təsirini dərk etmək; d) başqa mədəniyyətləri bilmək və anlamaq; e) başqa mədəniyyətlərə qarşı qərəzi azaltmaq.

Müasir cəmiyyətlərdə fərdlərin müxtəlif mədəni qruplarla əlaqədə olması və qarşılıqlı münasibətləri müsbət istiqamətdə inkişaf etdirməsi tendensiyası nəzərəçarpacaq dərəcədə irəliləyib.

Tələbələrə mədəni, etnik və linqvistik alternativlər təqdim etmək, bəzi etnik qrupların yaşadığı seqreqasiyanı azaltmaq üçün bütün tələbələrə öz icmalarında, əsas mədəniyyət çərçivəsində və digər etnik mədəniyyətlər arasında etibarlı olan bilik, bacarıq və yanaşmalar aşılamaqda multikultural təhsilin əsas məqsədləri sırasındadır. Bu baxımdan müəllimlərdən öz fənn sahələrinə aid əsas anlayışları, prinsipləri, ümumiləşdirmələri və nəzəriyyələri müxtəlif qruplardan, mədəniyyətlərdən məlumat və nümunələrlə zənginləşdirmək bacarığı tələb olunur.

Bu tələblər sırasına bütün dünyada oxumaq, yazmaq və riyazi bacarıqlar əldə etməkdə kömək göstərmək, tələbələrə daha demokratik və ədalətli cəmiyyəti inkişaf etdirməyə yarayacaq bilik, həssaslıq və fəaliyyət bacarıqlarını dəstəkləmək də daxildir. Multikultural təhsil – təhsildə ayrı-seçkiliyə yol verən siyasət və təcrübələri hərtərəfli tənqid etmək, bu yolla təhsili dəyişdirmək üçün mütərəqqi yanaşma sayılır. Multikultural təhsil şəraitində məktəb bərabərsizlik və ədalətsizliyin aradan qaldırılması, cəmiyyətin transformasiyası üçün əsas institut hesab olunur. Burada bütün şagirdlərin, tələbələrin yerli, milli və qlobal səviyyədə sosial cəhətdən məlumatlı, aktiv insanlar kimi tam potensialına çatması üçün təhsilin imkanlarından maksimum dərəcədə istifadə etmək, gənclərə zəngin təcrübə qazandırmaq əsas məqsədlərdən sayılır. Fərqli adət-ənənələr, inanclar, dəyərlər, normalar və insanların bu məsələlərdə məlumatsızlığı müxtəlif fərdlər, yaxud qruplar arasında bəzən qəsdən alovlandırılan qarşıdurmalara səbəb olur. Bununla belə, tələbələrin kimliklərində müəyyən fərqlər olsa da, təmsil olunduqları etnik-mədəni icmada bəzi ortaq mədəni davranışlara da yiyələnirlər. Multikultural təhsil sosial ədalətə dərin bağlılıq və resurslara bərabər çıxışla müşayiət olunmalıdır. Ortaq mədəni mühitin yaradılmasına yönələn tədrisdə mədəni cəhətdən uyğun metaforaların yaradılması və təqdim edilməsi kimi strategiyalar tələb olunur.

Multikultural təhsil bütün tələbələrə etnik, mədəni və linqvistik alternativlər təqdim edir. Heç bir mədəniyyət lal ola bilməz. Ana dilini öyrənmək mədəniyyətə yiyələnmək deməkdir. Ana dilində təhsil həm fərdin danışdığı ilk dillə həyatını davam etdirməsi, həm öz mədəniyyətini, dilini, özünəməxsus xüsusiyyətləri yaşada bilməsi, həmdə doğma dilində təhsil alaraq uğur qazanması baxımından böyük əhəmiyyət daşıyır.
Multikultural təhsil proqramları ABŞ, Kanada, Avstraliya, Almaniya və İngiltərə kimi çoxmillətli, multikultural ölkələrdə məktəbəqədər siniflərdən başlayaraq həyata keçirilir. Multikultural təhsil sahəsində qabaqcıl ölkələrdən biri olan İsveçdə müəllimliyə namizədlərdən tələbələrin etnik mənşəyinə, etno-mədəni durumuna və fərqli fiziki xüsusiyyətlərinə hörmətlə yanaşılması tələb olunur. Amerikadakı bəzi universitetlər tələbələrdən multikultural təhsil üzrə ən azı bir kurs keçməyi tələb edir. ABŞ Müəllim Təhsili üzrə Milli Akkreditasiya Komissiyası (NCATE, 2002) müəllimliyə namizədlərin mədəni cəhətdən yetişdirilməsinin vacibliyini qeyd etməklə mədəni müxtəlifliyi, etnik mənsubiyyəti, irqi, sosial-iqtisadi səviyyəni, cinsi, əlilliyi, dili, dini nəzərə almağı vurğulayır. 

Azərbaycanada multikulturalizm bir fənn kimi ali məktəblərin bakalavr və magistratura səviyyəsində tədris olunur.  Proqrama müvafiq olaraq “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” kitabları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr edilib. Bununla yanaşı, Azərbaycan multikulturalizmi fənni xarici universitetlərdə də tədris olunur. 

Elm və Təhsil Nazirliyi də Azərbaycanda yaşayan etnosların dilində dərsliklər nəşr edir. Misal olaraq deyək ki, 2023-cü ildə nazirlik tərəfindən talış, saxur, haput və xınalıq dillərində 1-4-cü siniflər üçün dərsliklər çap olunub. Cari ildə isə tat dilində dərsliyin çapı gözlənir. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də Azərbaycanda yaşayan müxtəlif etnosların dilində elmi-bədii kitabların nəşrini həyata keçirir. Bu strategiya Azərbaycanda multikultural təhsilin inkişafına töhfələr verərək, kitabların əsas mənbələr kimi istifadəsinə şərait yaradır. 
 

 





11.07.2024    çap et  çap et