Müasir Azərbaycan nəsrində istedadlı qələm sahiblərindən biri də Vüsal Oğuzdur. O, Azərbaycanın qədim türk yurdlarından olan Oğuz rayonunun Xaçmaz kəndində - doğulub boya-başa çatdığı kənddə yaşayıb-yaradır. Yerli ədəbi mühitdə ən sayılıb-seçilən qələm adamlarından olmaqla yanaşı, Azərbaycan Yazıçılar Birliyinin Oğuz bölməsinin sədridir.
O, maraqlı təhkiyə üslubuna malik, fikrin sistemli və obrazlı ifadəsinə önəm verən yazıçıdır. Həyat həqiqətlərini, real dünyamızın problemlərini hekayələrində uğurla əks etdirir, oxucusunu düşündürən hekayələr yazır.
V.Oğuzun hekayələrində cəmiyyətin obrazı, zamanın adi və qeyri-adi qəhrəmanları, insanların sosial, psixoloji durumu əks olunur, hər bir hekayəsi maraqlı quruluşu, dil-ifadə səlisliyi, ideya məzmunu ilə seçilir. Yazıçı hekayələrində hadisələrə tutarlı münasibət göstərir, ciddi mətləblərə - milli-mənəvi köklərə bağlanan məsələlərə vətəndaş mövqeyindən yanaşır. Mövzu müxtəlifliyi, təhkiyə şirinliyi, humanizm onun hekayələrini oxunaqlı edən əsas şərtlərdəndir.
Aydındır ki, Azərbaycan xalqının formalaşmasında, dövlətçiliyimizin qorunub saxlanılmasında və möhkəmləndirilməsində milli-mənəvi dəyərlərimizin, milli ənənələrimizin xüsusi rolu vardır. Sağlam cəmiyyətin inkişafında mənəvi dəyərlərin önəmi böyükdür. Ədalətli olmaq, vətənpərvərlik, xeyirxahlıq, ailəyə bağlılıq, düzlük, ata-anaya hörmət, heyvanlara qayğı, qonaqsevərlik mənəvi dəyərlərimiz, milli ənənə atributlarımızdır. Milli-mənəvi dəyərlərin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi yazılı ədəbiyyatın da əsas vəzifələrindən biridir. Bu baxımdan milli ənənələri yaşadan, milli-mənəvi dəyərlərə söykənən əsərlərin yazılması hər bir yazıçının üzərinə düşən vacib vəzifələrdəndir.
Vüsal Oğuz milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, milli ruha bağlı yazıçıdır. Hekayələrində məhz milli ənənəyə, milli ruha sadiqliyini nümayiş etdirir. Xalq məişəti, adət-ənənələr, qaynar məişət qayğıları və sair məqamlar V.Oğuz prozasının təməl qatlarıdır. Mətn konstruksiyasında sadaladıqlarımız yazıçının təsvir və təqdimi, canlı həyat hadisələrinin ifadəsi üçün vasitə rolunu oynayır. Yazıçının hekayələrində milli kolorit, xalqın mənəvi dəyərləri müxtəlif rakurslardan oxucuya təqdim olunur.

Yazıçının hekayələrində xəlqi elementlər, xalq düşüncəsindən gələn keyfiyyətlər yaddaş hadisəsi kimi determinator xarakter daşıyır. V.Oğuzun nəsr təfəkkürü milli-mənəvi dəyərlərdən qidalandığı üçün hekayələrində yaratdığı obraz və şxtrixlər canlı və təsirlidir. "Bir dəfə Xınalıqda", "Çağrılmamış şaxta baba", "Ovçu və qartal", "Dostluq" hekayələrində xalqımıza məxsus ən ümdə milli dəyərlərdən olan yaxşılıq, xeyirxahlıq, dostluq hissləri oxuculara aşılanır.
"Çağırılmamış şaxta baba" hekayəsi yazıçının milli düşüncəyə söykənməsinin təzahürü kimi yaranıb. Hekayədə müharibə ağrılarının doğurduğu dəhşətlər, insan faciələri yazıya gətirilir. Hekayədə psixoloji gərginlik içərisində qurulan təhkiyə üslubu polifonik düşüncə hadisəsi kimi bir mənalı olaraq müharibə ağrılarını açmış olur. Hekayədəki milli realiləri əks etdirən epik təqdimat formaları xəlqi və bəşiridir. Hekayənin baş qəhrəmanı olan Şaxta babanın həyatı məhrumiyyətlər, acınacaqlı insan taleyi üzərində qurulub. O, uşaq evində böyüyüb başa çatıb, 18 yaşı bitəndə orduya çağırılıb, ön xətdə xidmət edib. Taleyin acı tərəfi bir gün ona tuş gəlir, düşmən snayperinin gülləsindən ağır yaralanaraq ordudan tərxis olunur. Sol gözünü itirir, ağır maddi çətinliklər içərisində qalır. Dostları ona Yeni il bayramlarında Şaxta baba olmağı təklif edirlər. Nəticədə o, yeni il gecəsi evlərə sifarişlə Şaxta baba kimi getməyə başlayır. Hekayədəki dərin psixoloji vəziyyətlər, ağır insan taleləri oxucunun şüuraltına dərindən təsir edir.
Hekayədəki milli realilər mətndə müxtəlif formullarda özünü göstərir. Mətndəki bir neçə flaqmanlara nəzər yetirək:
1. Mətndə Şaxta baba təsadüf nəticəsində aprel şəhidinin evində qonaq olur. Evin mənzərəsi ürək dağlayıcıdır: 7 ay qabaq zabit ərini itirmiş dul qadın, ata yolu gözləyən kimsəsiz yetim uşaq, yoxsulluq, ehtiyac... Mətndəki təsvirlər, hadisələrin təqdimi, yaradıcı düşüncə yazıçı istedad və qabiliyyətinin göstəricisidir. Şaxta baba hər bir azərbaycanlıya məxsus xarakter kimi ailəyə əliboş gəlmir, onların ehtiyacı olan bazarlıqla, uşağa lazım olan hədiyyələrlə ailənin qapısını döyür. Hekayədəki əxlaqi örnək oxucuda rəğbət yaradan, milli şüuru oyadan faktorlardan biridir.

Ümumiyyətlə, V.Oğuzun bütün hekayələrində yazıçı intellekti həyati məsələlərə yeni təfəkkür prizmasında baxmaqla milli yaddaşı hərəkətə gətirən nəsnə kimi çıxış edir. Yazıçının nəsr materiyasının özəyində vətənpərvərlik stixiyası ("Alman hesabı ilə çəkmə"), şəhid ağrıları ("Sonuncu sovqat", "Çağrılmamış şaxta baba"), zamanın maddi və mənəvi dekredasiyaları ("Nisyə", "Ana muğamatı", "Kredit", "Əyalət şairinin bir günü") ana xətdir. Hekayələrdə makro və mikromühitlər sistemindəki kodekslər (ailə ənənələrinin çöküşü, maddi problemlər, aldatma və s.) milli dəyərlər müstəvisində bəşəriliklə, insan problemi ilə gücləndirilir.
V.Oğuzun nəsr təhkiyəsinin spesifik xüsusiyyətlərindən biri mətnin formasiyalarının müxtəlifliyidir. Yazıçı mətndaxili gəzişmələr edərək müxtəlif mental yaddaş elementlərini vahid kontekstdə birləşdirir. Onun mətnlərinin məzmun qatını dünyanı, mühiti, sosial sferanı əks etdirən mexanizmlər, kodekslər təşkil edir. Yazıçının bədii təhkiyəsinin əsasında dayanan nəsnələr - xüsusən də milli kimliyə xidmət edən, milli düşüncənin arxitektonikasını təşkil edən vətənpərvərlik stixiyası, şəhid ağrıları ("Alman hesabı ilə çəkmə", "Sonuncu sovqat") yaddaş elementləri millilik konsepsiyasına dayanır, məhz buna görə V.Oğuz hekayələrində bu konsepsiya maraq və rəğbət doğurur.
"Sonuncu sovqat" hekayəsində əks olunan şəhidlik motivi, vətənpərvərlik etalonu yüksək səviyyədə diqqət cəlb edir. Mətndə, dörd qız övladından sonra dünyaya gələn, evin son beşiyi olan oğlunu vətən yolunda qurban verən ana və atanın iç fəryadı, ağrısı əks olunub. Hekayədəki son detal - "şəhid oğlunun məzarına ananın sonuncu sovqat payı olan şəkərburanı gətirməsi" oxucunun hiss və düşüncə dünyasını alt-üst edir, ananın və atanın oğul dərdindən mənəvi çöküşü ən təsirli boyalarla göz önünə gəlir.
"Alman hesabı ilə çəkmə" hekayəsində təsvir olunan motiv də olduqca ağrılıdır. Hekayəni "İki qaziyə bir cüt çəkmə" adlandırmaq da uyğun olar. Çünki onlar ayaqqabı almağa belə gedəndə bir cüt ayaqqabı alaraq hərəsi bir tayını geyinir. Mətndə biri sol, o biri sağ ayağını itirən iki cəbhə dostunun taleləri əks olunur. Onlar zarafatlaşarkən bəzən bir-birinə verdikləri - "Görəsən, ayaqlarımız indi hardadır?" - sualı hekayədə təsvir olunan ən təsirli məqamdır. Hekayədə müharibənin insan həyatında yaratdığı faciələr yazıçı tərəfindən mətnə təsirli ifadə tərzi ilə gətirilir.
V.Oğuzun hekayələrində daha bir xarakterik cəhət həyat həqiqətlərinin, insanın maddi və mənəvi aləminin deqradasiyasının mətnə uğurla gətirilməsidir. "Kredit" hekayəsi psixoloji gərginliklər, insanın mənəvi aləminin son dərəcə peşəkarlıqla ifadə olunmuş nümunəsidir. Bu hekayədə yazıçı tipik şərait üçün tipik xarakter yarada bilmək bacarığı ilə seçilir. Mətn konstruksiyasında hadisələr dramatik fonda verilir, zaman qarşısında insanın mənəvi aləminin çöküşü, aldanışı təsvir edilir.
Mətndə psixoloji gərginliyin təqdimi anlamında, aldadan və aldanan obrazların timsalında bir epizoda diqqət yetirək: "Baləlinin danışığından başa düşdü ki, dostu onun evini, torpağını girov qoyub, kredit götürmək istəyir. Təbii ki, hər ay özü ödəyəcək... "Kişinin başına iş gələr. Adam gör neçə dəfə mənə yaxşılıq edib, qardaş olmuşuq, çörək kəsmişik. İndi mən Baləliyə yox desəm, göydə Allah, yerdə də qonşular qınayar məni. Qəsəbədə olan hörmətimi itirərəm" deyə düşündü. "Mən hazır" deməsi ilə Baləlinin gözlərinə işıq gəldi". O hələ bilmir ki, dostu Baləliyə etdiyi bu "mənəvi borc" ona sonralar baha başa gələcək. Baləli onun evini, torpağını girov qoymaqla onu dərin quyuya sallayıb kəndirini kəsir. Hekayədə yazıçının təhkiyə istedadını, hadisələrə ardıcıl və sistemli yanaşmasını görürük. Sərt həyat həqiqətlərinin mətnə ustalıqla gətirilməsi, mətndəki ideya-estetik düşüncənin oxucu altşüuruna təsir formulları yazıçının nəsr ustalığının bariz göstəricisidir.
Vüsal Oğuzun hekayələri təkcə mətn hadisəsi kimi dəyər qazanmır, onun gücü milli düşüncəyə, milli kimliyə bağlılığı ilə daha çox seçilir. Bu hekayələr milli yaddaş hadisəsi kimi ərsəyə gələn, millilik konsepsiyasına əsaslanmaqla müasir Azərbaycan prozasını yeni bədii düşüncə arxetipində zənginləşdirən yaradıcılıq nümunələridir.
çap et