ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Gürcüstan rəhbərliyinə qarşı irimiqyaslı sanksiyaları nəzərdə tutan "MEGOBARI" qanunu qəbul edib. Sənədin lehinə 41 komitə üzvü səs verib, 6 nəfər əleyhinə çıxış edib. Bundan sonra qanun layihəsi Nümayəndələr Palatasında müzakirə olunacaq. Belə ehtimallar var ki, qanun layihəsi bu ay ərzində səs verməyə çıxarılacaq. Gürcü dilinə "dost" kimi tərcümə olunan "MEGOBARI" ifadəsi "Mobilizing and Enhancing Georgia's Options for Building Accountability, Resilience, and Independence" sözlərinin baş hərfindən ibarətdir. "Gürcüstanın Hesabatlılığın, Dayanıqlığın və Müstəqilliyin Yaradılması üçün İmkanların Səfərbər edilməsi və Təkmilləşdirilməsi" qanununun qəbulu Gürcüstanın demokratiyadan geri çəkilməsinə cavab hesab olunur. Qanun layihəsi ABŞ-ın Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Co Vilson tərəfindən irəli sürülüb. Sənəd Gürcüstan rəsmilərinə qarşı sanksiyalarla yanaşı, Tbilisinin demokratiya yoluna qayıtması və bu payızda azad seçkilərin keçirilməsinin təmin ediləcəyi halda ABŞ və Gürcüstan arasında viza rejiminin liberallaşdırılmasını, iqtisadi əməkdaşlığın genişləndirilməsini və geniş təhlükəsizlik dəstəyi verilməsini nəzərdə tutur.
Qanun layihəsində Gürcüstanda Rusiyanın maraqlarını dəstəkləyən korrupsiya əməlləri və sanksiyalardan yayınma, Rusiya kəşfiyyatının Gürcüstana sızmasının və Çinlə potensial əməkdaşlığın müəyyənləşdirilməsi, eləcə də Gürcüstanda Demokratiyanın Monitorinqi üzrə İşçi Qrupun yaradılması məsələləri də nəzərdə tutulur. Sənəddə vurğulanır ki, bu İşçi Qrupu ədalətli və azad seçki prosesini təmin etməlidir.
"Gürcü arzusu" hökumətinə qarşı qanun layihəsinin qəbul olunmasında Gürcüstanın Avropa İttifaqındakı keçmiş səfiri Natalya Sabanadze və Açıq Cəmiyyət Fondunun Avropaya inteqrasiya proqramının rəhbəri Vano Çxikvadzenin də iştirak etməsi Baş naziri İrakli Kobaxidzenin qəzəbinə səbəb olub. Baş nazir bu şəxsləri bolşevik Serqo Orconikidze ilə müqayisə edərək onları vətənə xəyanətdə ittiham edib. Aydın görünür ki, "MEGOBARI Act"ın qəbulu Gürcüstan hökuməti ilə Ağ ev arasında münasibətləri daha da gərginləşdirəcək. Avropa İttifaqının ardınca ABŞ-la münasibətlərin pisləşməsi Gürcüstanda sosial-iqtisadi vəziyyətə də təsir edəcək. Məlum olduğu kimi, Avropa İttifaqı Gürcüstan hökumətinə birbaşa yardımı dayandırmaq qərarı verib. Fransanın Gürcüstandakı səfiri Şeraz Qasri Bastiliya Günü münasibətilə keçirilən ziyafətdə deyib ki, iyunun 27-də Avropa İttifaqı Gürcüstan büdcəsinə birbaşa yardımı müvəqqəti dayandırmaq, vətəndaş cəmiyyətinə və mediaya yardımı artırmaq qərarı verib. Avropa İttifaqı və ABŞ-ın qərarları oktyabrda keçiriləcək seçkilər ərəfəsində "Gürcü arzusu"nun əleyhinə işləyəcək. Ancaq belə görünür ki, bütün bu ehtimallar "Gürcü arzusu"nu qorxutmur.