|
|
|
|
Vaxtilə İstanbuldan aldığım ədəbiyyat dərgilərindən birində Alberto Manquelin mütaliə haqqında gözəl bir essesini oxumuşdum. Oradakı bir fakt yaddaşımda ilişib qalıb: ötən əsrin 90-cı illərində Kolumbiya Mədəniyyət Nazirliyi "Səyyar kitabxana" adlı bir layihəyə başlayır. Məqsəd belə olur ki, kitabı, bilgini ölkənin ucqarlarında yaşayan, gözdən-könüldən və mütaliədən uzaqda olan insanların ayağına aparsınlar. Bu layihə çərçivəsində dağlıq, meşəlik ərazilərdə yaşayanlar üçün atların, eşşəklərin belində torba-torba kitab daşımağa başlayırlar. Hər ünvanda kəndin müəllimi, yaxud ən savadlısı şərti olaraq kitabxanaçı rolunu icra edir, kitabları əhali arasında bölüşdürür. Göndərilənlər mahiyyətcə daha çox texniki kitablar imiş: əkinçilik, suvarma, dərziliyin əsasları... Kəndlilər oxumaq üçün bir aylığına verilən kitablardan hamısını vaxtında geri qaytarır, bircəsindən başqa: Homerin "İliada"sını. Hökumət həmin kitabı kəndlilərə hədiyyə edir, ancaq sorğu keçirir ki, niyə bu kitabı saxlamaq istədiniz? Hamısı eyni cavabı verir: bu kitabdakı əhvalatlar bizdən bəhs edir.
Avanqard ədəbiyyatın dahisi Reymon Kyeno eposun bu gücünü yığcam şəkildə belə ifadə edib: dünyadakı bütün əsərlər bu və ya digər dərəcədə ya "İliada"dır, ya da "Odisseya". Bu rakursdan baxsaq, mənə görə, Mübariz Örənin çoxqatlı, çoxyozumlu, usta işi "Qar tanrısı" hekayəsi də yunan mifologiyası ilə - "İliada", Troya əhvalatı, az bilinən Xiona mifi, hətta müəyyən mənada Babil qülləsi əhvalatı ilə intertekstual (mətnlərarası) əlaqədə yazılıb. Ancaq bu hekayəni çoxqatlı edən təkcə texniki-stilistik plandakı sənətkarlıq deyil; ideya-məzmun planında baxsaq, bu mətn üst qatıyla şöhrət azarı və həsəd haqqındadırsa, alt qatıyla özgənin gəlişiylə işə düşən müstəmləkə münasibətləri barəsindədir. Biz də "Qar tanrısı"nı bu iki planın qovuşağında təhlil edəcəyik.
"Qar tanrısı" Xalq yazıçısı Kamal Abdullanın "Kölgə" hekayəsindən epiqrafla başlayır: "Göylərdə sizin üçün maraqlı heç nə yoxdur..." Müəllif elə epiqrafdaca sujetin vektorunu (yuxarıya, zirvəyə), ideyanın yönünü (boşluq, puçluq) ustufca sezdirir. Mətnin birinci cümləsi sonradan hekayədə bizi müşayiət edəcək, mifoloji sistemdə həm "cavanlığın, iqtidarın, hakimiyyət istəyinin", həm də "qadağan olunmuşu, yasaq olanı" ifadə edən "alma" vurğusu ilə başlayır: "Könlünə alma düşdü, düşdü nədi, lap yeriklədi almaya..." Belə ki, hekayənin gedişatında biləcəyik ki, könlünə alma düşən artıq qocalıb əldən düşsə də, içindəki şöhrət hissi cavan qalmış Yexiyadır!
Mübariz Örən "Qar tanrısı"nın bir neçə yerində əvvəlcə sakit, problemsiz bir atmosfer yaradır; tutalım, ruhu aram verən bu yerin musiqisi Malka çayının səsi, rəngi günəbaxanların sarısıdır. Sonra isə özgənin gəlişiylə əvvəlki nizam pozulacaq, "yasaq meyvə" ilə cənnət itiriləcək, "nifaq alması" ilə irili-xırdalı qiyamətlər başlayacaq. Hələlik isə dağların yuxusunu Duqlas Freşfildin əcnəbi ekspedisiya, Yexiyanın röyasını mərhum arvadı Yesara Dionisovna pozub. Müəllif bu Dionis (ovna) soyadı ilə bizə növbəti işarəni təqdim edir, artıq yuxular diyarının sakini olan Yesaranın yunan mifologiyasındakı şəcərəsinə doğru məcazi bir addım daha atır. Yesara yuxuda ərinə deyir ki, sənə alma gətirə bilmədim, əvəzində qar gətirdim, insan ayağı dəyməyən o zirvə sənindir! Alma əvəzinə qar, yəni cavanlıq enerjisi, iqtidar əvəzinə, üstünə yağdığı hər şeyi bəyaz təslim bayrağına döndərən, kəfənləyən, əriyib yoxa çıxmağın simvolu! Ümumiyyətlə, Mübariz Örənin "Balıq gülüşü" kitabındakı ayrı-ayrı hekayələrdə ağ rəng faniliyin, ötəriliyin, son mənzilə gedəndə rəngi avazımağın - ölümün metaforası kimi işlənir.
Mübariz Örən "Qar tanrısı" hekayəsini zamanda irəli-geri sıçrayışlar (fləşbek-fləşforvard), sonra baş verəsi hadisəni əvvəldən sezdirmə (prolepsis) kimi fəndlər üstündə qurub. Bu cür fəndlər bədii mətndə hər şeyi bilən bir təhkiyəçinin (omnipotent) varlığından xəbər verir, eyni zamanda, personajların artıq təcrübəli halı ilə təcrübəsiz çağları arasında var-gəl imkanı yaradır.
Məncə, "Qan tanrısı"nda Yexiya yunan mifologiyasındakı çoban Parisin, Yesara isə gözəllər gözəli Yelananın qarşılığıdır. Elbrus dağının zirvəsi isə fəthi arzulanan Troyadır. Ancaq müəllif məlum mifi olduğu kimi təkrar etmir, çünki bu zaman mətnin intertekstual qatı üzdə olardı. Bunun əvəzinə Mübariz Örən mifoloji işarələri, böyük ustalıqla yaxşı bələd olduğu həyat materialının içinə uyğun ölçüdə yerləşdirir.
Duqlas Freşfildin birinci uğursuz cəhddən sonra ikinci gəlişindən qabaq bu cənnət məkana General Emanuelin ekspedisiya gəlib. Hekayənin xüsusilə bu hissəsində müəllif həm mifoloji motivi davam etdirir, həm də alt qatdakı müstəmləkə münasibətləri bağlı sujeti işə salır. General Emanuel yanına yerli ağsaqqallardan savadı olan Mirzə Qulu da götürüb ki, çaxnaşma düşməsin, qan tökülməsin. Müəllif Emanuelin adını düzgün tələffüz edə bilməyən Mirzə Qul vasitəsilə generalın mifoloji təyinatını nişan verir; Mirzə Qul çaşıb ona Menelay deyir.
Əgər Elbrus Troyasının fəthində adını tarixə əbədi yazdırmaq fürsətini əldən verən Yexiya (cavan olduğu xəstələnən alimə geri qaytarmalı olur) həsədin güc gəlməsiylə generalın (Menelayın) gözəllər gözəli arvadı Yeseranı (Yelenanı) qaçırması mifoloji sujetin yenidən əks-səda verməsidirsə, bura böyük alim heyəti və ordu ilə gələn yadellilərin müstəmləkə strategiyası haqqında plakatçılıqdan, şüarçılıqdan uzaq, ustalıqla yazılmış tənqiddir.
Yadellilər topsuz-tüfəngsiz, qansız-qadasız istədiklərinə çatırlar. Çünki onlar bütün silahlardan daha təhlükəli bir şey təklif edirlər: şöhrət! Bu havayı şöhrət vədi hər gün ətəyində gəzdikləri səfalı dağları, suyunu içdikləri buz bulaqları, havasını udduqları cənnət məkanı cəhənnəmə çevirir. Özgələrin, gəlmələrin yerlilərə hədiyyə kimi verdikləri "yeni göz", "yeni baxış" vətəni yaşamalı yox, fəth olunmalı yerə döndərir.
Həsəd - korun-korun yanan qaşqabaqlı tonqaldır. Şöhrətin qapısından qayıdan Yexiya bu tonqalda yanıb-qovrulur, heç vaxt üzünü görməyəcəyi adamların dilində, adını eşitməyəcəyi kitabların içində əbədiyyət qazanmaq ehtirası onu Elbrus dağı yerinə Yesaranın qəlbini fəth etməyə aparır.
Müəllif Yesara obrazını çoxplanlı işləyib; əgər o bir yandan Parisin qaçırdığı Yelenadırsa, o biri tərəfdən mifoloji panteonda daha az bilinən qar tanrıçası Xionadır. Xiona yunan mifologiyasında küləklərin tanrısı Boreyin qızıdır, bir versiyaya görə onun qardaşları məşhur arqonavtlar olub. Müəllif Xiona ilə bağlı bu motivi Duqlas Freşfildin ekspedisiya ilk dəfə gələndə bizə sezdirir, yazır ki, bu heyətin içindəkilər elə mahir, elə peşakar idilər ki, onlara "arqonavtlar" deyirdilər. Üstəlik, Yexiyanın aldığı konyakın üstündə "Arqo" sözünü görəndə Yesara sevincək deyir ki, yunan konyakıdır, bizimkilərindir. Müəllif Yesaranın sevinicini belə ifadə edir, elə bil, 77 yaşında hamilə qalmışdı. Bu eyham bizi başqa bir həqiqətə aparır: deməli, onların övladı olmayıb. Yesaranın bətni Yexiya üçün bağlıdır, bəli, yuxunun məntiqi aydınlaşır: sənə alma (oxu: iqtidar) yox, qar gətirdim. Mifin məntiqi başqasının arvadını qaçırana övlad payı vermir.
Hekayənin mifoloji lağımları, altdan alta işləyən motivləri bununla da bitmir: Yexiya, nəhayət, qoca yaşında, Duqlas Freşfildin ikinci gəlişində yarım-şüurlu halda Elbrusun zirvəsinə üz tutanda, dikinə qoyulmuş domino daşına bənzətdiyi qaya parçasında insan ölçülərinə düzgün böyük zəncir yerləri görür. Yadına düşür ki, Promoteyin bu dağlarda zəncirə çəkildiyini demişdilər. Beləliklə, hekayənin əsas ideyasına ustalıqla qaynaq edilmiş növbəti mifoloji motivlə rastlaşırıq: Promotey tanrılardan odu oğurladığı üçün cəzalandırılmış, Qafqaz dağlarına zəncirlənmişdi, Yexiya isə generalın arvadını oğurlayıb. Bu, çox incə, sənətkarlıqla ifadə edilmiş eyhamdır, özünü sənə tez-bazar faş etməyən məna yüksəkliyidir; demək, bu dağların zirvəsi cəza düşərgəsiymiş, Yexiyanın ahıl çağınacan içində yaşatdığı və şöhrət korluğuyla üz tutduğu, mükafat bildiyi zirvə, əslində, onun cəzasıymış. Ancaq onun zənciri dəmirdən yox, həsəddəndir. O, dağın zirvəsinə daş yox, öz həsədini qaldıran Sizifdir. Yexiyanın aqibəti "əriyib suya dönmək, axıb çaya getməkdir".
Bir sufi pritçasında deyilir: bu dünyada sənin olan yeganə şey gəmi qəza uğrayanda özünlə götürdüyündür. Mübariz Örənin "Qar tanrısı" gələcəkdəki "Titanik"lərə yazılmış məktubdur.