Qan Turalı, yazıçı:
- İspaniya elə ilk oyundan çox güclü olduğunu göstərdi. Yeddi oyunun yeddisində də qələbə qazandılar. Bu, rekorddur. Üstəlik, 7 oyunun yeddisində də rəqibə öz oyunlarını diktə etdilər.
Hər baxımdan qələbəyə layiq idilər.
Təbriklər, İspaniya!..
Kəramət Böyükçöl, yazıçı:
- İspaniya bütün çempionat boyu qələbəyə layiq bir oyun oynadı. Çempion olmaq da ən çox onun haqqı idi. İngiltərənin özündən də soruşsan, deyər ki, İspaniya layiq idi. Haqqı olanı qalib görmək necə xoşdur.
Şəhriyar Məhərrəmov, "Abşeron" qrupunun rəhbəri:
- Layiq olan qazandı. Bu çempionatda ən yaxşı oynayan elə ispanlar idi. İngilislər zatən bura qədər birtəhər zorla gəlmişdilər.
***
Güllə 2 santimetr başqa istiqamətə dəysə idi, Tramp öləcəkdi. Amma o, bu möcüzədən sağ çıxdı və çox güman yenidən ABŞ prezidenti olacaq.
Tramp müharibə, savaş istəməyən yeganə ABŞ prezidentidir. Adam gedib Şimali Koreya prezidenti ilə belə görüşdü. ABŞ iqtisadiyyatı isə pik həddində idi, sadə amerikalı indi 100 dollara aldığı ərzağı iki qat ucuz alırdı. Elə biz də həmçinin.
Tramp biznes adamıdı, böyük oyunlara getmir. Tramp ABŞ-ın ömür boyu dünyanın hər yerində savaş yaradıb silah satıb və bundan xeyir götürən ənənəvi ABŞ siyasətinə qarşıdı.
Böyük güclər adamın yenidən prezident olmasını istəmirlər. Gah yalandan məhkəmə qurulur, gah onu gözdən salmaq üçün antireklam kampaniyası aparılır və sui-qəsd.
O boyda ABŞ-ın başında ağılı üstündə olmayan, gah Zelinskiyə Putin, gah Putinə Zelinski deyən, yeriyəndə yıxılan, huşsuz, müqəvva kimi dayanan Baydeni kukla kimi idarə edirlər. Adın da qoyublar demokratiya.
Aydın Quliyev, jurnalist:
- Ermənilər Ruben Vardanyan haqda sənədli film çəkiblər: "Ruben Vardanyan 20 il qabağı görür"...
2023-cü ilin sentyabrında Qolu qandallı Xankəndidən Bakıya gətiriləcəyini niyə görə bilmədi bəs? 20 il yox, cəmi bir həftə qabağı görə bilsəydi, bəlkə də Köçəryan, Sarkisyan kimi Ermənistana sığına və hazırda Bakı türməsində layiq olduğu cəzasını çəkməkdən müvəqqəti də olsa, canını qurtara bilərdi...
***
- İran səfiri Sobhani Zəngəzur dəhlizində Azərbaycanın əleyhinə oynamaqda davam edir, həm də tək burada yox....
İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin erməni mediasına müsahibəsində 2 məqam diqqətimi çəkdi:
1. Zəngəzur dəhlizi barədə müxbirin sualına və "Azərbaycan dəhlizin sərhəd və gömrük nəzarəti olmadan açılmasını tələb edir" şərhinə cavab olaraq deyib: "Dəhliz Ermənistanın süveren hüquqları əsasında açılmalıdır". Yəni Sobhani təsdiqləyir ki, Zəngəzur dəhlizində gömrük və sərhəd nəzarəti Ermənistanın səlahiyyətində qalmalıdır. Halbuki Azərbaycan Naxçıvana gedəcək yük və sərnişinlərin üzərində hər hansı gömrük və sərhəd yoxlamasını inkar edir. Bu, İran səfirinin müsahibəsində Azərbaycanın mənafelərinə uyğun olmayan bir məqam...
2. Müxbir “Azərbaycanın Ermənistana təcavüz edəcəyi halda İranın necə mövqe tutacağını” soruşur. Doğrudur, səfir buna inanmadığını deməyi unutmur. Ancaq deyİr ki, "Azərbaycanın heç bir ərazisi Ermənistanın nəzarətində olmadığı üçün niyə hücum etsin ki". Beləliklə, səfir Azərbaycanın hələ 4 anklav kəndinin Ermənistanın nəzarəti altında qaldığını və Ermənistanın bu kəndləri azad etmək yönümündə işlərə çox da həvəslə yanaşmadığını unudur. Başqa bir məqam isə odur ki, Sobhani guya "Azərbaycanın hücum edəcəyi təqdirdə İranın müdaxiləsinin İran- Ermənistan əməkdaşlığının səviyyəsindən asılı olacağını deyir. Yəni səfir İranın Ermənistan tərəfdən mümkün müharibəyə müdaxilə ehtimalını inkar etmir və "biz Azərbaycan- Ermənistan müharibəsinə heç bir halda müdaxilə etməyəcəyik" kimi ən doğru cavabı verməyi təəssüf ki, rəva görmür.
Bunlar, Azərbaycana "möhkəm dost və qonşuluq münasibəti" sayıla bilməz... Səfirin sonrakı sözlərindən sonra isə heç sayıla bilməz: "İranda və Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq İranın prinsipial siyasəti dəyişməyəcək"...
Yəni “Ermənistanı özümüzə əziz- xələf tutmaqda davam edəcəyik”.
Elxan Şükürlü, politoloq:
- ABŞ-ın sabiq prezidenti Donald Trampa uğursuz sui-qəsd cəhdi qoca Baydenin diriykən tabutuna vurulan son mismara çevrilə bilər!
Bayden hökuməti bu qəsdi bundan sonra hətta Rusiya xüsusi xidmət orqanlarının üzərinə atıb, rəqibinə qarşı köhnə ittihamları yenidən gündəliyə gətirmək istəsə belə, sui-qəsddən sağ çıxması Trampın əhali arasındakı populyarlığını və reytinqini daha da gücləndirəcək.
İlk debatında huşsuz Baydeni tank kimi əzən və bununla sorğularda xeyli önə çıxan Trampın qarşısının yalnız sui-qəsdlə alına biləcəyi fikri hakim kəsilmişdi ki, o da baş verdi.
Qəsd oldu, ancaq Tramp sağdır və bu hadisə artıq qarşıdakı aylarda bütün dünyanın gündəminə çevrilərək, Rusiya-Ukrayna cəbhəsində baş verənlər qədər ABŞ-dakı 5 noyabr seçkilərinin qədərinə təsir edəcək.
Mümkündür ki, ABŞ “dərin dövlət”i Ukrayna böhranından yeganə çıxış yolu kimi, nəhayət, Trampın prezidentliyə yolunu açmaq qərarına gəlib və sui-qəsd cəhdi də onların əməliyyatıdır...
Hər bir halda, görünən odur ki, 2024-cü ilin 5 noyabr seçkiləri təkcə vətəndaş müharibəsi riskiylə üzləşmiş ABŞ-ın yox, bütün dünyanın gələcəyini müəyyənləşdirəcək hadisə olacaq.
Orxan Fikrətoğlu, Əməkdar incəsənət xadimi:
- ARKA-ya rəhbərlik etdiyim bu bir ildə çox çətinliklərlə üzləşdim. Üç il dayandırılmış istehsalatın yaratdığı ruhani xaos, işsizlikdən məni "dramaturju antiqonist" görən kino cameəsi, səviyyəsiz və cahil feysbuk yazarları, dedi-qodular, intriqalar, umu-küsü və nəhayət, amalı ancaq pul olan və bu niyyətlə son illər boş qalmış kino meydançasına doluşmuş "alverçilərin" bizim komandaya atdıqları çamur.
Xasiyyətimə uyğun olaraq bütün bu haqsızlıqlara işimlə cavab verdim.
Kino çəkilmir deyənlərə hal-hazırda çəkilən otuza yaxın filmlə cavab verdim.
Özbəkistan və Türkiyə ilə üç müştərək filmin istehsalına başladıq.
Üç beynəlxalq film festivalının mükafatını aldıq.
Və nəhayət, mənim söylədiyim universal kino dilinə milli məzmunu oturda bilən filmləri istehsal etdik.
Avqustun ikisi - kino günündə premyerası olacaq "Tənha adamın monoloqu" filmi əsl kino adamlarına vəd etdiyim yeni kino dalğasının başlanğıcıdır.
Filmdə Azərbaycan hekayəsi, bizim adamların xarakteri, gücü və həqiqətləri təsvir diliylə bütün dünyaya çatdırılır.
Həmin gün kiçik həcmli daha bir film də nümayiş olunacaq.
Mədəniyyət naziri Adil Kərimlinin dövründə kino sahəsində yaradılmış şəffaflıq və prodüser şirkətlərinin fəaliyyətlərinin dəstəklənməsi demək olar ki, bəhrəsini verməyə başlayır.
Milli kinomuz yaşayır.
Əgər kim isə film çəkmirsə, bu o demək deyil ki, filmlər çəkilmir. Bu o deməkdir ki, yeni, daha adekvat və daha istedadlı dalğa yaranır.
Siz də bizə qoşulun. Bu işi birlikdə görək.
Avqustun 2-si premyerada görüşənə qədər.
İlhamə Qasımlı, jurnalist:
- Azərbaycanda dələduzluq bank sektoruna, həm de dövlət bankı sektoruna da yansıyıbsa, çox dəhşətli durumdur.
İyulun 11-də Beynəlxalq Bankın Mərkəzi filialından aldığım dollarlardan birini bu gün elə həmin bankın Əcəmi filialında hesabıma yatırmaq istədim. Kassada oturan xanım əməkdaş pulun ortasında kəsik, üstündə isə ləkə olduğunu deyərək dolları qəbul eləmədi. Dedim, bunu elə sizin bank verib. Mənə cavab verdi ki, versə də, baxmalı idiniz.
Dəhşətə gəldim. Axı, mən vətəndaş və müştəri olaraq bir bankın verdiyi pulu niyə və necə təftiş etməliyəm?! Bank özü "mənim verdiyim pula güvənmə, özünə güvən" deyirsə, bir bank, etibarını özü ayaqlar altına almış olur!
Ona görə də hamınız diqqətli olun!!!
Fərid Pərdəşünas, texnobloger:
- Vaxt var idi çinlilər gəlib Bakıda "bi manat", "bes manat" deyib, min-bir xırdavat məhsulları satırdılar. Yerli insanlarımız da lağ edirdi ki, "ə, küçə itlərin yedilər, qurtardı, qoymayın". 15 il keçdi, çinlilər getdi. İndi onlar Bakıya qayıdıb, 20 min manat, əlli min manat deyib, maşın satırlar. Biz isə elə alıcı kimi qalmışıq. Bizə qalan elə danışmaq olacaq, bunlar it yedi, Çin nə bilir maşın nədir və s.
***
Prezidentin Pakistanda qarşılanma mərasimini izlədim. Biz deyib-gülüb zarafat edirdik, amma bu Pakistan oyan-buyan olsa, 100 min nədir, 1 milyon da qoşun göndərər. Məncə, bu hörməti göstərən Pakistanı görüb, onun vətəndaşlarına Azərbaycana gəlib, taksi, kuryer işləyirlər deyə irqçi yanaşma göstərən adamlar utanar.