525.Az

Şadlıq evlərində rəsmiləşdirilməmiş iş yerləri aşkar edilib


 

Şadlıq evlərində rəsmiləşdirilməmiş iş yerləri aşkar edilib<b style="color:red"></b> Vergilər Nazirliyi sahibkarlıq subyektlərində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin (kontraktların) bağlanması vəziyyətinin yoxlanılması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Vergilər Nazirliyi tərəfindən vergidən yayınma hallarının qarşısının alınması, işçi saylarının və iş yerlərinin düzgün rəsmiləşdirilməsinin təmin olunması məqsədilə cari ilin iyul-noyabr ayları ərzində həyata keçirilmiş tədbirlər nəticəsində təxminən 53 min vergi ödəyicisində 174 min işçi ilə əmək müqaviləsinin bağlanması təmin edilmişdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu tədbirlərlə Bakı şəhəri ərazisində fəaliyyət göstərən və əsasən işçi qüvvəsinin cəmləşdiyi obyektlər, o cümlədən şadlıq evləri də əhatə olunur. Bakı şəhərində fəaliyyət göstərən şadlıq evləri üzrə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində son bir neçə ayda burada çalışan işçilərlə əmək müqavilələrinin bağlanılmasına nəzarət gücləndirilmiş, nəticədə şadlıq evlərinin faktiki işçilərinin sayı aprel ayındakı 3181 nəfərdən 8261 nəfərə qədər artmışdır.
Bununla yanaşı, bəzi şadlıq evlərinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də əmək münasibətlərinin rəsmiləşdirilməsində qanun pozuntularına yol verilir. Son günlər həyata keçirilmiş nəzarət tədbirləri zamanı Səbail rayonu, Badamdar şosesi 13 ünvanda yerləşən fərdi sahibkar Şəmiyev Rəhman Məhəmməd oğluna məxsus "Gəlin Qaya" şadlıq evində 15, Xətai rayonu, Babək prospekti, 2341-ci məhəllədə yerləşən "Müstəqil" firmasına məxsus "Ceyhun" şadlıq evində 8, M.Hadi küçəsi 51 ünvanda yerləşən "Faiq-S" firmasına məxsus "Təbrik" şadlıq evində 5, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9 ünvanda yerləşən fərdi sahibkar Feyzullayev Mirzə İxtitar oğluna məxsus "Neolit" şadlıq evində 10, Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanda yerləşən fərdi sahibkar Məmmədov Etibar Əli oğluna məxsus "Ceyhun" şadlıq evində 8, A.Zeynalov küçəsində yerləşən "Lalə" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Ağ saray" şadlıq evində 5, H.Hüseynov küçəsi 17 ünvanda yerləşən fərdi sahibkar Xəlilov Oqtay Əhmədəli oğluna məxsus "Zirvə" şadlıq evində 10, S.Axundov küçəsi 10 ünvanda yerləşən fərdi sahibkar Çopurova Həmaya Əli qızına məxsus "Oğuzxan" şadlıq evində 9 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən fərdi sahibkar Əliyev Vüqar Rafiq oğluna məxsus "Meqa Palace" şadlıq evində 19 nəfərlə, ümumilikdə 89 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanılmadan işəğötürən tərəfindən fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar olunmuş və qanunamüvafiq qaydada rəsmiləşdirilərək müvafiq tədbirlər görülmüşdür.

Vergilər Nazirliyi şadlıq evlərində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş bütün fiziki şəxslərlə, o cümlədən musiqiçilər, foto, video çəkilişi və digər xidmət növləri ilə məşğul olan şəxslərlə əmək müqavilələrinin bağlanılmasını tövsiyə edərək bildirir ki, bu sahədə müəyyən ediləcək pozuntular barədə qanunamüvafiq tədbirlər görüləcəkdir.
Hazırda vergi orqanları iqtisadi fəal əhali kateqoriyasına aid edilən və fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin vergi uçotuna alınması istiqamətində tədbirləri davam etdirirlər. Aparılan təhlillər zamanı müəyyən edilib ki, bəzi xidmət növlərini fərdi qaydada həyata keçirən şəxslər (şəxsi və ya ailə sürücüləri, qulluqçular, bağbanlar, mühafizəçilər, ustalar, dayələr və s.) vergi orqanlarında uçota durmadan fəaliyyət göstərir və bununla da vergiləri dövlət büdcəsinə ödəməkdən yayınırlar. Vergilər Nazirliyinin apardığı nəzarət tədbirləri nəticəsində 2012-ci ilin 10 ayı ərzində vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 1830 nəfər belə şəxsə qarşı 73200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda vergi orqanları tərəfindən belə vətəndaşlara yazılı bildirişlər göndərilir, çağırışlar edilir, qanunvericiliyin tələbi və vergi orqanlarında uçota durmağın vacibliyi onlara izah olunur.
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaqdır.
 





14.11.2012    çap et  çap et