Həftəlik çəki ölçmələri bədən quruluşunda və sağlamlıqda dəyişikliklərin ən dəqiq göstəricisini təmin edir.
525.az xəbər verir ki, bu barədə Avstraliyadakı Çarlz Perkins Tədqiqat və Tibb Mərkəzinin dietoloqu Nik Fuller bildirib.
Onun sözlərinə görə, gündəlik çəki ölçməyə ehtiyac yoxdur: “Fakt budur ki, bu üsul səmərəsizdir. Bir gün əvvəl karbohidratların istehlakının artması səbəbindən çəki arta bilər, yeyilən hər qram karbohidrat bədəndə üç-dörd qram su saxlayır. Duzlu qidalar da orqanizmdə suyun miqdarını artırır. Gərgin bir məşqdən sonra, əksinə, tərlə maye itkisi səbəbindən çəkinin azalma ehtimalı yüksəkdir”.
Fuller əlavə edib ki, özünüzü tez-tez çəkmək xeyirdən çox, zərər verə bilər. Həkimin sözlərinə görə, tərəzidə rəqəmin daim izlənilməsi qidalanma pozğunluqlarının və arıqlamaqla bağlı obsesif düşüncələrin inkişaf riskini artırır. Bu səbəbdən həftədə bir dəfədən çox olmamaq şərti ilə günün eyni vaxtında çəki ölçmək tövsiyə olunur.
Pərvanə Sultanova