Şəhidlər Məscidində 15 İyul şəhidləri və Tovuz döyüşləri şəhidlərinin əziz xatirəsinə Quran ziyafəti təşkil olunub.
525.az xəbər verir ki, tədbirdə Türkiyə Səfirliyinin Din Xidmətləri müşaviri İhsan Açıq çıxış edərək 15 İyul şəhidlərini və Tovuz şəhidlərini rəhmətlə yad edib.
“Şəhidlik uca bir zirvədir. Əslində şəhidlik ilk insan nəsli ilə başlamış və qiyamətə qədər də davam edəcəkdir. 15 iyulda Türkiyənin necə bir fəlakətin astanasından döndüyünü, xain dövlət çevrilişinə cəhd edənləri və onların arxasında duran güclərə qarşı verdiyi mücadiləni unutmamaq şəhidlərimizə vəfa borcumuzdur”, - o deyib.
İhsan Açıq çıxışında Azərbaycan Ordusunun qəhrəmanlıq salnamələrindən biri olan Tovuz döyüşlərindən bəhs edib və bu döyüşlərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib: “Tovuz döyüşləri Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Tovuz döyüşlərində Azərbaycan ordusunun yüksək rütbəli zabitləri və əsgərləri qəhrəmanlıq və igidlik nümunələri göstərərək, törədilən təxribatların qarşısını qətiyyətlə aldılar. Bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan mərd, vətənsevər oğullar heç zaman unudulmayacaqdır”.
Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Azərbaycan ictimaiyyətinin nümayəndələri və ölkədə fəaliyyət göstərən türkiyəli iş adamları iştirak ediblər.
Tədbirdə Səbail rayonu üzrə bölgə qazısı, Şəhidlər məscidinin imamı Mirzahid Qəmbərov, Şəhidlər məscidinin imamı Şayiq Əliyev, Nərimanov rayon Cümə Məscidinin imamı Araz Abdullayev, İlahiyyatçı Sadiq Ramizoğlu tərəfindən Qurani-Kərimdən surələr oxunub.
Sonda Türkiyə Səfirliyinin Din Xidmətləri müşavi İhsan Açıq tərəfindən 15 İyul şəhidləri və Tovuz döyüşləri şəhidləri üçün oxunan xətmlərin duası edilib, bütün şəhidlərimizin ruhuna dualar edilib.
Pərvanə Sultanova