|
|
|
|
43 il öncə Ronald Reyqanı öldürməyə cəhd edən Con Hinki bu hərəkətini aktrisa Codi Fosteri heyran etmək istəyi ilə izah etmişdi. Con Hinkinin atdığı altı güllədən biri Reyqanın qabırğasını zədələyərək ağciyərini deşmiş və daxili qanaxmaya səbəb olmuşdu. Prezident səlahiyyətlərinin icrasına cəmi iki ay əvvəl başlamış Reyqanın aldığı yaradan sağ çıxması möcüzə idi. O vaxt dövlət başçısını axmaq bir həvəsə, bir aktrisanı heyran etmək üçün öldürməyə cəhd etmiş Con Hinki ruhi xəstə hesab olunaraq məcburi müalicəyə göndərilmişdi.
Donald Trampa atəş açaraq onu qulağından yaralayan 2003-cü il doğumlu Tomas Metyu Kruksu bu cinayətə hansı hisslərin sövq etdiyi qeyri-müəyyən qalacaq. Respublikaçılar Partiyasının tərəfdarı kimi qeydiyyatdan keçmiş, Demokratlar Partiyasının xeyrinə 15 dollar ianə etmiş Kruksun psixi cəhətdən tam sağlam olmadığına yönəlik də iddialar var. Amma bu iddialar hələlik sübut olunmayıb.
ABŞ-ın 26-cı prezidenti, Nobel Sülh Mükafatı laueratı Teodor Ruzvelti 1912-ci ildə seçki kampaniyası zamanı sinəsindən güllə ilə yaralayan Con Şrank isə həqiqətən psixi xəstə idi. Ruzvelt sui-qəsddən sonra Şrankın kütlə tərəfindən linç edilməsinin qarşısını aldıqdan sonra yarasının sarınması üçün xəstəxanaya getmişdi.
Seçki kampaniyası zamanı sui-qəsdə məruz qalmasına baxmayaraq, Nobel Sülh Mükafatı laueratı Ruzvelt seçkilərdə böyük fərqlə Vudru Vilsona məğlub oldu. Vilson 435 seçici kollegiyasının dəstəyini qazandığı halda, Ruzvelt cəmi 88 seçici kollegiyasının dəstəyini qazana bildi. Buna görə də Trampın qulağını yaralayan güllənin keçmiş prezidentin noyabr ayındakı seçkilərdə qələbəsini bu gündən təmin etdiyini söyləmək yanlış olardı. Əlbəttə, bu hadisə Trampın tərəfdarlarını daha da qətiyyətli davranmağa və keçmiş prezidentin ətrafında daha sıx birləşməyə tətikləyəcək. Kruksun gülləsinin Trampın əleyhinə səs verməkdə qərarlı olanların mövqeyinə təsir etməyəcəyini söyləmək olar. Heç bir partiyaya mənsub olmayan, müstəqil şəxsləri isə daha çox namizədin təqdim etdiyi proqram və seçki vədləri maraqlandırır. Buna görə də əksər nüfuzlu ekspertlər qarşıdan gələn prezident seçkilərində qələbənin Trampın cibində olması fikrini qəbul etmir və bu yanaşmanı tələsik çıxarılmış nəticə sayırlar.
Trampa atılan güllənin tam təsirsiz qalacağını da düşünmək yanlış olar. Bu hadisənin Amerikan cəmiyyətində qütbləşməni artıracağı ehtimalı var. Trampın davranışı da bunu tətikləyəcək. Halbuki bundan əvvəl sui-qəsdə məruz qalmış siyasətçilər heç vaxt hadisədən rəqiblərinə qarşı istifadə etməyi özlərinə rəva bilməyiblər. Hər bir hadisədən böyük bir siyasi şou düzəldən Tramp isə sələflərindən tam fərqli olaraq hadisədən qütbləşməni dərinləşdirmək üçün istifadə edir.
ABŞ prezidenti Co Bayden keçmiş prezident Donald Trampa sui-qəsd cəhdindən sonra Amerika xalqına müraciətində deyib ki, amerikalılar ölkədəki siyasi ehtirasları "soyutmalı" və zorakılığın normaya çevrilməsinin qarşısını almalıdırlar: "Siyasətimizdə temperaturu aşağı salmalıyıq. Bu cür zorakılığın normaya çevrilməsinə yol vermək olmaz. Ölkəmizdə siyasi ritorika çox qızışıb. Onu sərinlətmək vaxtıdır. Bunu etmək hər birimizin borcudur".
Prezident Bayden Amerika demokratiyasında fikir ayrılığının qaçılmaz olduğunu xatırlatmaqla yanaşı, siyasətin heç vaxt döyüş meydanına çevrilməməsi zəruriliyini bəyan edib. Prezident bildirib ki, Amerika vətəndaşları fikir ayrılığını "güllə ilə deyil", seçki qutusunda həll etməlidirlər. Qeyd edək ki, bu, Baydenin prezidentliyi dövründə Oval kabinetdən Amerika xalqına etdiyi üçüncü müraciətdir. Ağ evin ənənəsinə görə dövlət başçıları amerikalılar üçün böyük əhəmiyyət kəsb edən hadisələr zamanı Oval kabinetdən xalqa müraciət edirlər.
Siyasi ekspertlər Ronald Reyqana edilən hücumdan 43 il sonra yenidən siyasi liderə qarşı sui-qəsdə əl atılmasının bir səbəbini də Trampın qızışdırıcı, qütbləşdirici siyasəti ilə izah edirlər. Nüfuzlu ekspert, Yel Universitetinin professoru Timoti Snayder Amerika cəmiyyətindəki mənfi enerjinin əsas mənbəyini Trampın siyasətində görür. Faşizmin tədqiq edilməsi üzrə dünyada ən yaxşı mütəxəssis hesab olan professor Şnayder Trampın siyasətini də faşizm kimi dəyərləndirir. Trampın siyasətində zorakılıq hədəsi və ondan istifadənin, reallığı dəyişdirmək üçün böyük yalanların uydurulmasını Şnayder faşizmin əlamətləri kimi səciyyələndirir.
Trampa atılan güllə ABŞ-da start götürmüş başqa bir siyasi prosesi - ikipartiyalı sistemdən imtinanı da körükləyəcək. Belə görünür ki, ABŞ çoxpartiyalı sistemin qurulması, ikipartiyalı sistemdən uzaqlaşmanın astanasındadır. Bu proses zamanı Demokratlar və Respublikaçılar partiyalarının parçalanması artıq qaçınılmaz görünür. Əslində, bu partiyalar faktiki olaraq iki və daha çox partiyanın birliyini xatırladır. Trampın tərəfdarlarından ibarət MAGA (Make America Great Again) ilə ənənəvi respublikaçılar arasında dərin fikir ayrılığı mövcuddur. Trampa güllə atan Kruksun respublikaçı olması, amma Trampa nifrət etməsi də Respublikaçılar Partiyasının bir neçə siyasi cərəyandan ibarət olduğunu göstərir.
İnformasiya texnologiyalarının sürətli inkişafı və yeni sosial-siyasi fenomen kimi səhnəyə çıxan Z nəsli bütün dövlətlərin ənənəvi siyasi strukturunu laxlatdığı kimi, ABŞ cəmiyyətini də dəyişməkdədir. Kruks özü də Z nəslinə aiddir və əksər həmyaşıdlıları kimi Trampa nifrət edib. Avropa, Türkiyə, Gürcüstan və bir sıra Asiya ölkələrində siyasi rejimləri sirkələməyə başlayan Z nəsili onları anlamayan iki qocadan birini seçmək istəmir. Noyabrda keçiriləcək seçkidə Trampın qalib gələcəyi halda Z nəslinin siyasi çıxışlarının başlayacağını da indidən proqnozlaşdırmaq olar. Trampın bir sıra məhdudiyyətlər vəd edən proqramı Z nəsli üçün qəbuledilməzdir.
Trampa güllə atılması sui-qəsd nəzəriyyələrinin də yayılmasını sürətləndirib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze feysbuk səhifəsindən olayla bağlı etdiyi paylaşımda Trampa hücumun arxasında "Qlobal müharibə partiyası"nın dayandığını yazıb. Gürcüstan hökuməti uzun müddətdir ki, dəqiq ünvan göstərmədən hansısa "Qlobal müharibə partiyası"ndan, bu birliyin Gürcüstanı Rusiyaya qarşı müharibəyə sürükləmək və "Gürcü arzusu" hökumətini devirmək niyyətində olduğundan bəhs edir. İndi isə Kobaxidze hesab edir ki, Tramp da məhz "Qlobal müharibə partiyası"nın hücumuna məruz qalıb.
Bütün bunlar göstərir ki, Trampa açılan atəş hökmən siyasi nəticələr doğuracaq.