Azərbaycan və Sloveniya arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib.
525.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerlə görüşüb.
Görüşdə ölkələrimiz arasında təbii qaz və bərpa olunan enerji mənbələri də daxil olmaqla ikitərəfli və çoxtərəfli enerji əməkdaşlığının gündəliyinə daxil olan məsələlər müzakirə edilib. “SOCAR” və “Geoplin” arasında qaz təchizatı sahəsində imzalanmış Anlaşma Memorandumunun əməkdaşlığın genişləndirilməsi və Sloveniyanın enerji təhlükəsizliyinə töhfə verilməsi çərçivəsində əhəmiyyəti vurğulanıb.
Sloveniyalı nazir ölkəsinin enerji sistemi və enerji keçidi planları haqqında ətraflı məlumat verib. Azərbaycanlı nazir isə beynəlxalq tərəfdaşlarla özəl investisiya hesabına həyata keçirilən sənaye miqyaslı yaşıl enerji layihələri, bərpa olunan enerjinin ixracı planları haqqında danışıb.
Görüş zamanı, həmçinin energetikanın müxtəlif istiqamətləri üzrə mövcud əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib.