Son illər, xüsusilə Medianın İnkişafı Agentliyi (MEDİA) yaranandan bu yana Azərbaycanda media sahəsində əhəmiyyətli işlər görülür. Bu fəaliyyət, eyni zamanda media mühitinin sağlamlaşdırılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına yönəlib. Belə ki, illərdir mediaya heç bir aidiyyəti olmayan, təsadüfən bu sahəyə düşmüş bəzi şəxslərin jurnalist adından sui-istifadə etmələri, reketçiliklə məşğul olmaları, açıq şəkildə şantaja əl atmaları media işçilərinin nüfuzuna ciddi xələl gətirib. Onlar qapı-qapı gəzərək pul tələb edir, vəzifəli şəxsləri təhdid edir, bununla da öz çirkin məqsədlərinə nail olmağa cəhd edirlər. Hətta şəhid ailələrini, qaziləri belə aldadıb pul almaqdan çəkinməyənlər var. Bu tip insanlar hesab edirlər ki, “jurnalistəm” deməklə bütün qanunsuzluqlara əl ata bilərlər. Ən acınacaqlısı isə budur ki, özlərini həqiqi, öz işini vicdanla görən jurnalistlərlə eyni sırada görürlər. Onlar barəsində hansısa addım atılanda isə səs-küy salırlar, düşünürlər ki, bununla kimlərisə qorxudub, öz zərərli əməllərini davam etdirə biləcəklər. Media mühitini bulandıran bu insanlardan Azərbaycan jurnalistikasının tamamilə təmizlənməsi labüddür. İndiyədək “reketçiliyi”n kökünü kəsmək üçün müvafiq addımlar atılıb. Mətbuat Şurası və Media Agentliyi tərəfindən bir sıra işlər görülüb.
Medianın İnkişafı Agentliyi yeni media qanunvericiliyinin icrasını həyata keçirmək üçün artıq addımlar atır. Məlum olduğu kimi, qanuna uyğun olaraq media-dövlət münasibətlərinin tənzimləməsində Media Reyestri tətbiq olunur. Bu, müstəqil medianın fəaliyyətinə, jurnalistlərin işinə heç bir maneə yaratmır. Əksinə, bu sahədə şəffaflığı təmin edir, onların fəaliyyəti üçün daha çevik şərtlər yaradır. Qanuna əsasən, media subyektləri Media Reyestrinə müraciət etməlidirlər. "Media haqqında" qanunun müvafiq maddələrinə uyğun olaraq, dövlət reyestrinə daxil edilməyən çap və ya onlayn media subyektlərinin fəaliyyətinə məhkəmə qaydasında xitam verilir. Əlbəttə ki, sağlam jurnalistika ilə məşğul olanlar qanunun icrasından qorxmalı deyil.
Amma görürük ki, qəbul edilən qərarlar Media Reyestrinə daxil olmaq üçün ötən müddət ərzində heç bir addım atmayan və ya media üçün kriteriyalara cavab verməyən, reketlik fəaliyyəti ilə məşğul olan bəzi sayt rəhbərlərini narahat etməyə başlayıb. Onlar yenə də hədə-qorxu, şantaj dilində danışır, aksiya keçirəcəklərini deyirlər. Hətta media qurumlarını aksiyanı işıqlandırmağa çağırırlar. Səbəb kimi öz saytlarının bloklanması qərarını göstərirlər. Eyni zamanda ölkəni tərk edəcəklərini deməklə qanunun tələblərindən yayınmağa çalışırlar.
Amma unudurlar ki, mediaya heç bir aidiyyəti olmayan, düzgün cümlə qurmağı, yazmağı belə bacarmayan bu şəxslərin mediada olmaması Azərbaycan jurnalistikasına yalnız fayda verəcək. İkincisi, araşdıranda onların hər hansı jurnalist fəaliyyətləri ortada yoxdur, peşəkarlıqdan ümumiyyətlə, danışmağa dəyməz. Təsadüfi adamların media adına iddia etməsi gülünc göründüyü qədər də acınacaqlıdır. Digər tərəfdən, üz tutmağı xəyal etdikləri Avropa ölkələrində belə rahat şəkildə qanun pozuntularına yol vermək mümkün deyil. Əgər həqiqətən jurnalistika ilə məşğulsunuzsa, onda niyə qanunun tələblərinə əməl etmirsiniz? Deməli, fəaliyyətin adı başqadır.
Həqiqi jurnalistika ilə məşğul olan hər kəs istəyir ki, bu sahə təmizlənsin, xaos bitsin, jurnalistin imicinə zərbə vuran halların kökü birdəfəlik kəsilsin. Bütün bunlarla mübarizə isə qanun çərçivəsində həyata keçirilir.
Dövlət müstəqil medianın inkişafı, dəstəklənməsi üçün bütün addımları atır. Onlayn və çap mediaya dəstək üçün müsabiqələr təşkil edilir, maliyyə vəsaiti ayrılır. Şərtlər də normaldır. Yəni sayt rəhbəri adına iddia edənlər üçün informasiya istehsalçısı olmaq, ofis, əməkdaşarla müqavilə imzalanması mümkünsüz deyil. Burda azad sözdən sui-istifadə etmək işlərinə yaramayacaq. Çünki "Media haqqında" qanunun, reyestrin qəbulu da ona görədir ki, ictimai nüfuzu olan həqiqi informasiya resursları və həqiqi jurnalistləri medianı reket vasitəsinə çevirənlərdən ayırmaq mümkün olsun. Maksimal şəkildə "reket jurnalistikası"na son qoyulsun. Bu proses getdikcə jurnalistikadan uzaq olan, qapı-qapı gəzən, 5-10 manat pul yığanlar müqavimət göstərməyə, "azad sözə basqı" görüntüsü formalaşdırmağa cəhd edirlər. Amma bu adamların "azad sözə" dəxli yoxdur. Azad söz şantaj yolu, qanunu pozmaq deyil. Bununla media meydanında dərəbəyliyi, xaosu davam etdirmək mümkün deyil. Həqiqi jurnalistlərin haqqına girib, onları ləkələmək dövrü başa çatmaqdadır. Məhz bu cür şantaşçılara görə jurnalist “jurnalistəm” deməkdən çəkinməməlidir. Necə deyərlər, artıq oyun bitir...
PƏRVANƏ