Mərakeş hər zaman böyük maraq göstərdiyim ölkələr arasında olub. Onun haqqında çox oxusam da, sənədli filmlər izləsəm də, səyahət zamanı gördüklərim, müşahidə etdiklərim yaxşı mənada daha fərqli oldu. Doğrudan da, insanın canlı təəssüratını heç nə əvəz edə bilmir. Mərakeş səyahətim bu fikrimi daha da möhkəmləndirdi.
Əvvəlcə onu deyim ki, Mərakeşə sərfəli səyahətin yollarını axtarırdım ki, gözlənilmədən səfərə dəvət aldım. Görünür, nəyisə ürəkdən istəyəndə, mütləq həyata keçir. Fürsət düşmüşkən, səfər üçün göstərdiyi dəstəyə görə Mərakeşin Azərbaycandakı səfirliyinə təşəkkür edirəm.
Mərakeş o qədər qədim, rəngarəng, cazibəsi olan ölkədir ki, hər şəhəri belə insanda fərqli təəssürat yaradır. Gəzdikcə düşünürsən ki, axı, hər şəhər necə ayrı bir dünya ola bilər.
Şəhərləri fərqləndirən həm də onların taksilərinin rəngidir. Məsələn, Rabatda göy, Tanjirdə üfüqi sarı xətli açıq mavi, Kasablankada qırmızı və ağ, Mərakeş şəhərində isə taksilərin rəngi sarıdır... Bir şəhərin taksisi digər şəhərə buraxılmır. Digər şəhərə getmək üçün nisbətən iri tutumlu taksi ximətindən istifadə edilir.
Tarixi sevən biri olaraq Mərakeş səyahəti sanki ruhumu yenilədi, elə xoş, qeyri-adi təəssüratlar aldım ki, sözlə ifadə etmək belə asan deyil. Ölkə özü də qeyri-adidir axı. Həm Afrika, həm də Avropadır. Bir tərəfdə ərəb dünyasının sehrinə düşürsən, özünü orta əsrlərdə hiss edirsən, digər tərəfdə düz Avropanın içindəsən... Nəhəng Atlantik okeanının, Aralıq dənizinin sahilində, bər-bəzəkli, tarix qoxan rəngli küçələrdə gəzərkən keçmişlə müasirliyin də vəhdətini hiss edirsən.
Səfərimiz paytaxt Rabatdan başladı. Onu da qeyd edim ki, Bakıdan Mərakeşə birbaşa reys yoxdur. Əvvəlcə Bakıdan İstanbula 3 saata yaxın, İstanbuldan isə Kasablankaya 4,5 saatlıq məsafə qət etdik. Ordan Rabata təxminən 40-45 dəqiqə yolu avtomobillə gəldik. Afrikadır, çox isti olacaq deyib, gəldiyim Mərakeşdə hava sərin idi, hətta səhər və axşam azca üşüyürdük də.
Rabat Mərakeşin üçüncü ən böyük şəhəridir, XII əsrdə salınmış şəhər əvvəlcə qalib mənasını verən kəlmə ilə - Ribat əl-Fəth adlandırılıb. Rabat Əndəlusa hücum istinadgahı kimi istifadə olunub. Şəhər Fransanın Mərakeşdə nəzarəti ələ almasından sonra müvəqqəti əhəmiyyətini itirsə də, müstəqilliyin bərpa edilməsi ilə Krallığın siyasi paytaxtı kimi öz əhəmiyyətini bərpa edib. Şəhərdə 1 milyondan çox insan yaşayır. Rabat öz səliqəsi, təmizliyi, arxitekturası ilə diqqət çəkir. Müasir tikililər qədim arxitektura ilə ansambl təşkil edir. Şəhərin yaşıllaşdırılması üçün maksimum səy göstərilir. İnsanları həm milli geyimdə - Mərakeş kaftanı, cellabada (başlıqlı və geniş qolları olan uzun, rahat paltar), həm də müasir geyimdə görmək mümkündür. Qadınlar üçün də geyim, baş örtüsü məhdudiyyəti yoxdur.
V Məhəmməd məqbərəsi və Həsən qülləsi
Rabatın gəzməli yerləri çoxdur. Amma bir sıra məkanlar var ki, onlara mütləq baş çəkməlisən. Həmin məkanlardan biri də V Məhəmmədin məqbərəsidir. Biz orda olanda ərazidə xeyli turist var idi. Məqbərənin yeri təsadüfən seçilməyib. Belə ki, 1953-cü il avqustun 20-də Fransanın müstəmləkəçi hakimiyyət orqanları V Məhəmmədi taxtdan salaraq onu ailəsi ilə birlikdə Madaqaskara sürgün edirlər. Ancaq Mərakeş xalqı özünün apardığı mübarizə ilə Məhəmmədin vətəninə qayıtmasına nail olur. O, qayıtdıqdan sonra məhz indi məqbərənin olduğu meydandan xalqa müraciət edir. 1955-ci il noyabrın 16-da yenidən taxt-taca oturur. 1956-cı ildə Mərakeş müstəqilliyini elan edir.
Məqbərədə Kraldan başqa, onun oğlu II Həsən və şahzadə Abdullah dəfn olunub. Mərakeşlilər üçün ən dəyərli yerlərdən biri olan məqbərə müasir ələvi memarlığı üslubunda inşa edilib. Ziyarətçilər və turistlər digər qapıdan pilləkənlə qalxaraq yuxarı hissədən məqbərənin içinə baxa, foto çəkə bilirlər. Kral, ailəsi, hökumət rəhbərləri və ölkəyə gələn rəsmi qonaqlardan başqa heç kimə məqbərəninin içinə daxil olmaq, qəbirlərə yaxınlaşmağa icazə verilmir. Bizim heyət isə məqbərəyə cavabdeh şəxslərdən olan polkovnik Omar Skallin müşayiəti ilə məqbərənin içərisinə daxil oldu.
Qəbirlərin ətrafını əhatə edən bayraqlar Mərakeşin regionlarını təmsil edir, hansı ki, Saharanın azad olunmasında - Yaşıl Yürüşdə iştirak edib. Məqbərə 10 ilə tikilib. Kral əsgərləri məqbərəni qoruyur, onlar hər 90 dəqiqədən bir yenilərilə əvəzlənirlər.
Kral ailəsinin qadınları isə bu məqbərədə deyil, Krallıq qəbiristanlığında dəfn olunurlar.
Səhər 8-dən günəş batana kimi əraziyə giriş var. Bələdçinin sözlərinə görə, Kral istənilən vaxt bura gəlib, ailə üzvlərinin məzarlarını ziyarət edir. Kral və ailəsindən ziyarətə kim gəlirsə, imamdan başqa bütün işçilər məqbərəni tərk edir. Kral yaxınlarının məzarı başında tək qalmaq istəsə, imam da çıxır. Cümə günləri və bayramlarda burada namaz qılınır.
Məqbərənin həyətindəki Həsən qülləsi öz əzəməti ilə diqqət çəkir. Bu abidə də şəhərin görülməli yerləri sırasındadır. Tikintisinə 12-ci əsrdə Əlmüvəhhidi əmiri Yaqub əl-Mənsurun göstərişi ilə başlanılır, 86 metr hündürlüyü malik olacaq minarə İslam dünyasında ən hündür olacaqdı. Amma 1199-cu ildə - minarə 44 metr hündürlüyə qədər tikilən zaman əmir ölüb və inşaat işləri dayandırılıb. Minarənin yanında ucaldılması planlaşdırılan nəhəng məsciddən günümüzə ancaq 200-ə yaxın qumdaşı sütunları qalıb. Artıq 25 ildir ki, minarəyə qalxmaq qadağan edilib. Buna səbəb həm intihar halları, həm də başgicəllənmədən yıxılanlar olmasıdır.
Buradan Rabata açılan görünüş isə çox möhtəşəmdir.
Udaya kasbası
Onu qeyd edim ki, Rabat 2012-ci ildən UNESCO-nun İrs siyahısına daxil edilib. Siyahıda Rabata aid beş məkan, o cümlədən, Udaya kasbası da var. Bura şəhərin ən məşhur tikililərindən biridir.
Udayaların kasbası 12-ci əsrdə müdafiə məqsədilə tikilib, Atlantik okeanına baxan qala Avropadan 214 km məsafədə yerləşir.
Rabatda divarlar və qalalarla əhatə olunmuş bu tikili şəhərin möhtəşəm və ən böyük tarixi quruluşudur. Bələdçinin sözlərinə görə, mərakeşlilər öz dinini təqdim edir və müsəlman olduqlarını sübut etmək üçün bura toplaşırdı. XVII əsrdə burda miqrant piratlar yerləşib. Piratlar İspaniyanın müsəlmanları sayıldıqları üçün bura göndərilmişdilər. O zaman aşağı təbəqə qaradərililər deyil, ağdərililər hesab olunurdu. Udaya kasbası həm də şəhərin ən bahalı yeri sayılır. Burada yaşayanların əksəriyyəti fransızlardır. Əraziyə iki giriş var.
Rabat hasarı və ya yerlilərin dili ilə desək, kasbası Mərakeş paytaxtında ən maraqlı yerlərdən biridir. Küçələrdə gəzərkən ağ və göy rəngli divarlar unikal ab-hava yaradır. Ətrafdakı Əndəlus bağı isə bu gözəlliyi daha cazibədar edir. Əndəlus bağları 20-ci əsrdə fransızlar tərəfindən inşa edilib, bura ziyarətçilərin böyük marağına səbəb olur. Adətən turistlər ərazidə gəzintini başa vurduqdan sonra mütləq Mərakeşin dadı bir başqa olan nanəli çayını içərək Atlantik okeana tamaşa edirlər.
Rabatın mədinəsi
Mərakeşdə hər bir şəhərin mədinəsi - yəni tarixi qədim hissəsi var. Rabatın mədinəsində ab-hava da fərqli idi. Yəni gəzdikcə qədimliyi, tarixi hiss edirsən, Mərakeş xalqının, ərəb dünyasının adət-ənənlərini əks etdirən nümunələri görürsən. Təkcə görməklə kifayətlənmirsən, həm də bura rəngarəgliyi ilə göz oxşayan böyük bazara çevrilib. Burada ədviyyatlar, Mərakeş üslubunda hazırlanmış fincanlar, şirniyyat, zinət əşyaları, ənənəvi Mərakeş geyimləri, suvenirlər, təbii yağlar, bir sözlə, nə istəsən, tapa bilərsən. Qiymətlər də münasibdir. Mərakeş həm də dünyada arqan, zeytun yağı ilə tanınır. Bu yağları həm qablaşdırılmış, həm də göz önündə soyuq sıxım edilməklə almaq olur.
Kral sarayı - Mərakeşin "Vatikanı"
Mərakeş Kralının Rabatdakı rəsmi iqamətgahı müasir İslam memarlığının gözəl nümunəsidir. Kral sarayına ciddi təhlükəsizlik qaydalarına əməl edilməklə girişə icazə verilir. Bura həm də kiçik Vatikana bənzədilir. Sarayda işləyənlər elə onun ərazisində yaşayırlar. Onlar üçün bütün şərait yaradılıb. Aptek, xəstəxana, məscid, məktəb və s. var. Ərazidə yeganə olaraq Vəqflər və İslam İşləri Nazirliyi yerləşir. Sarayda Kral Kolleci də var. Gün batdıqdan sonra nə turistlərin, nə də burda yaşayıb işləyən insanların girişinə icazə verilir, amma çıxmaq olur.
Saray həm də kral ailəsi üçün əlamətdar hadisələrə şahidlik edib. 1929-cu ildə II Həsən burda anadan olub, 2002-ci ildə VI Məhəmməd və Salma Bennaninin nikah mərasimi də burada keçirilib.
Əgər Kral sarayında bayraqlar asılıbsa, su fantanları işlək vəziyyətdədirsə, bu, kralın sarayda olduğunu göstərir. Kral rəsmi qəbulları burda keçirir. Onun yaşayış yeri isə Sale şəhərindəki şəxsi iqamətgahıdır.
Şəhərdə gəzərkən böyük bir kilsə ilə qarşılaşırıq. Bələdçimiz deyir ki, ümumilikdə şəhərdə 4 kilsə var, onlardan 3-ü katolik, 1-i ortodoksdur. Ən böyüyü olan və bizim də baş çəkdiyimiz 1921-ci ildə tikilib. Kralın qərarı ilə Nyu-Yorkda baş verən 11 sentyabr terrorundan sonra qurbanların xatirəsinə ehtiram əlaməti olaraq insanlar burda toplaşıblar.
Rabat həm də möhtəşəm ali təhsil ocağı ilə diqqət çəkir. 6-cı Məhəmməd Politexnik Universiteti artıq beynəlxalq səviyyədə tanınmağa başlayıb. Burda texnologiya, biznes menecmenti, tibb və iqtisadiyyat üzrə təhsil verilir. Canlı laboratoriyaları var. Tələbələr həm oxuyurlar, həm öyrəndiklərini tətbiq edirlər. Universiteti 2010-cu ildə Maqrerdə Kral açıb, ərazisi əvvəlcə 17 hektar olsa da, sonra tələbat olduğu üçün 80 hektara qədər böyüyüb. Rabatda isə 9 aydır açılıb. Hazırda 5700 tələbə təhsil alır, onların 59 faizini qızlar təşkil edir. Əcnəbilər, xüsusilə Afrika qitəsindən tələbələr təhsil alırlar. Paris və Sarbon universitetləri ilə əməkdaşlıq edilir.
MAP-da görüş
Rabatda həmkarlarımızla görüşmək imkanımız da oldu. Bu ölkənin rəsmi "Məğrib Ərəb İnformasiya Agentliyi"nin (MAP) işi ilə tanış olduq. MAP 5 dildə - fransız, amaziq (bərbər), ərəb, ingilis, ispan dillərində xəbərlər yayır, demək olar ki, bütün regionlarda büroları var. Yaxın günlərdə Azərbaycanda fəaliyyətə başlayacaq bürosuna Soumia Al Arkoubi təyin olunub.
Rabatdan sonrakı ünvanımız Tanjer şəhəri oldu. Tanjer tamamilə fərqlidir, Avropa dediyim elə buradır...