|
|
|
|
Onu yaxşı tanıyırdım. Çətin günlər tanıtmışdı, Vətən adına, torpaq adına çətin günlər ruhları həmişə doğmalaşdırır. Onu Zəngilanda görmüşdüm, Zəngilanda tanımışdım, Zəngilana, Zəngilanın timsalında Azərbaycana sevgisinə görə sevmişdim. Onunla Şüküratazda da görüşmüşdük, Bartazda da, Mincivanda da, Kolluda da, Canbarda da, Ağbənddə də, Ağalıda da, Rəzdərədə də... Müharibənin tarixini çəkən Seyidağanın kamerasını heç zaman yığılı görmədim.
Seyidağa Mövsümlünü deyirəm. Hamının Seyid deyə müraciət etdiyi, Müdafiə Nazirliyi Sənədli Filmlər Kino-tele Studiyasının rəisi, kapitan (sonralar mayor, polkovnik-leytenant) Seyidağa Mövsümlü Azərbaycanı sevirdi, azərbaycanlıları sevirdi, sənətini sevirdi, ordunu sevirdi. Bu sevgilər yaşadırdı Seyidağanı. "1954-cü il avqustun 1-i mənim bioloji ad günümdür, ruhumun ad günü torpaqlarımız işğaldan azad ediləndə olacaq" deyirdi. Ruhunun ad gününü görmək ona qismət olmadı. Hər yada düşəndə onu tanıyanlar, sevənlər, döyüş və ömür yoluna bələd olanlar acı bir təəssüf yaşayır.
Dəmiryolu texnikumuna qəbul olunmuşdu, oxumamışdı. "Sevgi yoxdursa, illəri niyə boş keçirməliyəm?" - belə düşünmüşdü. 1970-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində operator köməkçisi olmuşdu, 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada teleoperator kursunu bitirdikdən sonra Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib.
"Adı sənin, dadı mənim", "Kökdən düşmüş piano", "Bağışla", "Göz həkimi", "Gülüş sanatoriyası", "Pəncərədə işıq" və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olmuşdu...
Azərbaycanda milli-azadlıq hərəkatı genişlənəndə vəzifə borcundan da üstün bir borcu yerinə yetirənlərin sırasında Seyid də vardı. Sonralar Azadlıq meydanı adlandırılacaq meydan mücahidlərə darlıq edirdi. Onda (1988-ci il dekabrın 5-dən 6-na keçən gecə) rejissor Zaur Məhərrəmov, Seyidağa Mövsümlü və operator Nizami Abbas meydanı, hərəkatın coşqusunu, azərbaycançılıq kükrəyişini "Abşeron" mehmanxanasının damından çəkmisdilər...
İmperiya Azərbaycanda milli-azadlıq hərəkatını çökdürmək niyyəti ilə böyük faciələrdən əvvəl təxribat törətmişdi: 1990-cı il yanvarın 19-da axşam saat səkkizə on beş dəqiqə işləmiş Mərkəzin əmrini icra edən xüsusi xidmət orqanlarının əməkdaları Azərbaycan televiziyasının enerji blokunu partlatmışdı. Televiziyaya giriş-çıxış qadağan edilmisdi. Yadamı düşməmişdi, hər niyəsə, radionun enerji bloku salamat idi. Bir anlığa düşüncələrdə bir işıq görünmüşdü: bundan istifadə etməli! Həmin gün televiziyada növbətçi olan Seyidağa Mövsümlü operator assistenti Azər Muradovla efirə çıxmışdı. "Mayak"ın dalğası ilə faciə haqqında informasiya efirə verilmişdi. Az sonra Seyidağanı və digərlərini həbs etmişdilər...
Yanvarın 21-də Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasının gedişi çəkilməli idi, son dərəcədə ciddi bir mövzu ətrafında ciddi müzakirə gedirdi - tarix kimi, hərəkatın tarixi mərhələsi kimi. Ali Sovet ciddi mühafizə edilirdi, gələnlər-gedənlər xüsusi diqqətlə yoxlanılırdı. Qapılarda dayanan silahlı rus əsgərlərinin nəzarətindən yayınmaq mümkün deyildi. Onda Seyidağa Xalq artisti Zeynəb Xanlarovaya müraciət etmisdi. Zeynəb xanım nüfuzundan istifadə edərək kameranı sürücü ilə göndərmişdi...
20 yanvar faciəsini rus əsgərlərinin diqqətindən yayına-yayına çəkirdi, əzilmiş maşınların daldasından çəkirdi, hərdən bütün təhlükələri nəzərə almadan qətlə yetirilmişlərin beş-altı addım-lığından çəkirdi. Bir dəfə uzaqdan rus əsgərlərinin gəldiyini gördü. Kameranı sinəsinə sıxaraq bir qədər aralıdakı zibil qutusuna yaxınlaşdı, kameranı ahəstəcə ora qoyub yoluna davam etdi. Cəmi on addım. Qarşıdan gələn rus əsgərləri onun üst-başını diqqətlə yoxladılar. Kimliyini bilincə burdan uzaqlaşmasını tələb etdilər. Binanın blokunda daldalandı. Əsgərlər gedəndən sonra kameranı götürüb ara küçələrlə uzaqlaşdı. Etibar etdiyi bir ünvandan etibar etdiyi bir dostuna zəng etdi, kasetləri onun maşını ilə o zaman C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Ramiz Fətəliyevə göndərdi...
Seyidağa da təqib olunurdu. Rejissor Vasif Babayevi saxlamışdılar. Belə saxlamalar təxribatlar törətməkdə, ideoloji fəaliyyətdə günahlandırmalar üçün idi. Həm də törədilmişlərin tarixi izlərini silmək üçün sənədləri, faktları yox eləməyə xidmət edirdi. Yanvarın 24-də Vasif Babayevin mənzilindən Seyidağaya zəng edib demişdilər ki, səni axtarırlar, gizlən. Güman ki, Vasif Babayevin tapşırığı ilə zəng olunmuşdu. Zəngdən beş-on dəqiqə sonra Seyid iki körpə uşağını da, çəkdiyi kasetləri də götürüb Buzovnaya, qohumugilə gedib. Az sonra onun mənzilinin qapısı döyülüb. 37-ci illərdə olduğu kimi, gecə yarısı. Qrup halında. Qonşular Seyidağagili neçə gündü görmədiklərini deyiblər. Təhlükə nisbətən sovuşmuşdu...
20 Yanvar hadisələri haqqında hazırlanmış "Qara Yanvar" sənədli filmi Moskvaya - SSRİ Ali Sovetinin iclasına aparılmalı idi. Belə bir məsul iş Seyidağaya, Nizami Abbasa və Tofiqə etibar edildi. Apardılar. Sənədli film Moskvada nümayiş etdirildi. Azərbaycanda törədilənlərin bu səviyyədə ictimailəşdirilməsi 20 Yanvar həqiqətlərinə xeyli aydınlıq gətirdi...
Göstərdiyi fədakarlıq qiymətləndirilmək əvəzinə Bakıya qayıdan kimi işdən azad edildi. Bir neçə ay işsiz qaldıqdan sonra Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovanın köməyi ilə işə bərpa edildi.
1991-ci ilin dekabrında Bakıda birinci batalyon (tabor) yaradıldı. Seyidağa Mövsümlü könüllülərdən ibarət olan bu batalyonun bölük komandiri təyin edildi. Batalyon döyüşlərə getdi. Neçə-neçə döyüşdə iştirak etdilər. Seyidağa Kərkicahanda ayağından yaralandı. Tərxis etdilər. Ruhu ağrıya-ağrıya qayıtdı Bakıya. Müalicə olundu. 1992-ci il fevralın 19-da Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin operatoru oldu...
Ermənilər 366-cı alayın iştirakı ilə Xocalıda böyük faciə, soyqırımı törətmişdi. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin operatoru Seyidağa Mövsümlünün Xocalıya ezam edilməsi qərara alınmışdı. Fevralın 26-da Seyidağa Ağdamda idi. Ərazi özünümüdafiə taborunun komandiri Allahverdi Bağırov şəxsi nüfuzundan istifadə edərək törədilmiş vəhşiliklərin çəkilməsini razılasdırmağa söz verdi. Əsgəranda erməni hərbçilərinin komandiri Vitali Balasanyanla əlaqə saxladılar. Vitali Allahverdinin təklifinə etiraz edə bilmədi. Seyidağa Əsgəranda, Naxçıvanikdə Allahverdi Bağırovla nəfəs-nəfəsə, erməni silahlılarının nəzarəti altında çəkiliş apardı. "Meyitlərə baxanda ağlamaq istəyirdim. Göz yaşlarımı arxadan gələn ermənilər görməsin deyə dözürdüm", - Seyid o anları ürək ağrısı ilə həmişə belə xatırlayırdı...
Sonralar bu kadrlar əsasında "Xocalı əsrin faciəsi" sənədli filmi Xocalı faciəsi haqqında ilk ekran əsəri idi...
Hərbi xidmətini 1993-cü il iyulun 12-də yaradılan Sənədli Filmlər kino-tele Studiyasının rəisi kimi davam etdirdi. Onun rəhbərliyi ilə AzTV-də ayda üç dəfə veriliş hazırlanırdı, "And" proqramı sevilərək baxılan proqram idi. Studiyada onlarla sənədli film çəkildi. Bunların hamısı müharibə tariximizin xronikasıdır, zəngin xronika yaradıldı.
Dəfələrlə Zəngilanda ezamiyyətdə olmuşdu. Zəngilanın əksər müdafiə mövqelərində döyüçülərlə söhbətləşmişdi, yüzlərlə tarixi kadrlar, süjetlər çəkmişdi. Çəkiliş aparma ərəfəsində də, çəkiliş aparanda da Seyidin öz dünyası olurdu. Çəkəcəklərinə də, çəkdiklərinə də bu dünyanın gözləri ilə, ürəyinin gözü ilə baxırdı. Rejissorların təbirincə desək, quruluş verilən heç nə çəkməzdi. Nə çəkirdisə, tarixə, tarixi hadisələrə sədaqətlə çəkirdi.
Zəngilana kimlərsə yüzlərlə yük maşını göndərəndə, camaatı köçməyə, Zəngilanı tərk etməyə sövq edəndə vətənsevər zəngilanlılarla, alayın şəxsi heyəti ilə bir sırada Zəngilana ezamiyyətə gələn Seyidağa ilə Rəşid də vardı. Camaatın qarşısında onlar da dayanmışdı. Onda Seyid kamerasını deyiləni qulaqardına vuran orta yaşlı bir kişiyə verib hökmlə demişdi ki, götür kamera-nı, get haranı istəyirsən çək, mən sənin əvəzinə Zəngilanı qoruyanların sırasında dayanaram. Ağsaqqallar, ağbirçəklər həmin kişini qınamışdılar. Onda köç maşınları Bakıya boş qayıtmışdı.
Zəngilan mühasirədə idi. Döyüş ruhu vardı, qələbə əzmi vardı, döyüş texnikaları, artilleriya qurğuları yox dərəcəsində idi. Zəngilan düşmənlə tək döyüşürdü. Belə bir vaxtda Mincivana enən helikopterdə iki tanışımı, əslində, iki dostumu gördüm. Hərbi mundirdə, tam döyüş formasında, tam silah dəsti ilə. Seyidağa ilə Rəşid Faxralı Zəngilanın mühasirəsinə Simurğ kimi çatmışdılar. Beyləqana gəliblər, helikopter olmayıb, İmişliyə gediblər, pilotları uçmağa razı salıblar. İran ərazisindən...
Polkovnik Firudin Şabanov tanıdığı (və sevdiyi) bu iki zabiti qınadı da: Mühasirədə idik, nəyə gəlirdiniz? "Mühasirəni yaracaq döyüşçülərinizdən veriliş hazırlamağa, yoldaş polkovnik!", - hərbi jurnalistin və operatorun etirazına komandir heç nə demədi. Səhərisi gün onları helikopterlə Bakıya qaytarmaq istədi. "Sizinlə birlikdə gedəcəyik, döyüşə də, döyüşdən o yana da!" - Seyid belə dedi.
Oktyabrın 28-də alay komandiri polkovnik Firudin Şabanovun çağırışı ilə yaradılan yeni bölüyün tərkibində həmin kişi də vardı və İcra Hakimiyyətinin qarşısında doğmalar kimi görüşmüşdülər. İcra başçısının əli həmin yeni döyüşçünün, komandirin əli Seyidin çiyninə enmişdi...
Koroğlu daşında gedən döyüşlərdə Seyid də vardı, Rəşid də. Baloğlan Süleymanovun qəhrəmanlığını uzaqlardan onlar da görürdülər. Məlum qəhrəmanın qəhrəmanlığının təsdiqlənməməsi ikisini də çox incidirdi. Seyid təəssüflənirdi ki, kamera o uzaqlığı yaxınlaşdıra bilmədi. Düşmənin hücumu Zəngilanın qətiyyətini titrətdiyinə görə zəngilanlılar sağ gözdən sol gözə işıq düşmədi təəssüfünü yaşadılar. Həmin gün də, 2020-ci ilin 20 oktyabrına kimi də. O təəssüfü Seyidağa da yaşayırdı. Koroğlu daşında da yaşamışdı, Arazın sahilində də, İran ərazisində də, Sarıcalı kəndində İran polislərinin təzyiqləri ilə üzləşəndə də, neçə kilometrlərlə məsafəyə piyada qayıdıb silahları alaya təhvil verəndə də, son nəfəsində də...
Zəngilanlıların Zəngilandan necə çıxdığını təkcə Seyidağa çəkib. Bu ağrıları təkcə Seyidağa tarixləşdirib. Ağrıya-ağrıya çəkib, ağlaya-ağlaya çəkib. Seyidağanın çəkdiyi kadrlar Rəşidin ssenarisi ilə sənədli film oldu. Rəşid o film üçün "Zəngilanım" şeirini Seyidin təklifi ilə yazmışdı: Şəhidlərin göy üzündən enib gələr, Axan suya, daşan selə dönüb gələr..."
Seyidağanın qəhəri üzünü yandırırdı...
Düşüncələrində Vətən olardı, torpaq olardı, döyüşənlər olardı. Obrazlı şəkildə desək, gecələrini "Bu işlərin axırı necə olacaq?" əndişəsilə səhər eləyənlərdən biri də Seyidağa idi.
Məzahir (studiyada hamı ona Dədə Məzahir deyərdi) rəhmətə gedəndə Seyid kövrəkliklə, "Vətənsevərlərdən biri azaldı..." deyib, "Həsrət" sənədli filminin ilk kadrlarını xatırlayıb, xatırladıb: Dədə Məzahirin baxısları uzaqlardadı. Seyidağa o uzaqlıqların yaxınlaşmamasının ağrılarını yaşayanlara vətənpərvər deyirdi...
Layiq olduğu adı, mükafatı ala bilməyən, xalqın qəlbində özünə böyük sevgi yaradan Seyidağa əsl vətənpərvər idi. 2018-ci il iyunun 25-də haqq dünyasına qovuşan Birinci Qarabağ müharibəsinin salnaməçilərindən biri, peşəkarlıq və fədakarlıq nümunəsi olan Seyidağa Mönsümlü həmişə ehtiramla xatırlanacaq.
Yaşasaydı, 70 yaşı tamam olacaqdı Seyidağanın. Vətənə ürəyinin gözü ilə baxanlar heç zaman unudulmur, heç zaman...