|
|
|
|
Media və Mətbuat xidməti, ictimaiyyətlə əlaqələr hər bir qurumun görən gözü, eşidən qulağı, görünən üzü-simasıdır. Onların fəaliyyəti təmsil etdiyi qurumun ictimai cizgilərini formalaşdırır. Qurumun gördüyü işlər, yeniliklər, aparılan islahatların cəmiyyətə çatdırılmasında ictimaiyyətlə əlaqələrin rolu danılmazdır. Hər hansı bir idarə və ya qurumun müntəzəm fəaliyyətinin hədəf auditoriyasına səmimi ünsiyyət vasitəsilə çatdırılması ictimaiyyətlə əlaqələr üzrə strukturun üzərinə düşən ən əsas vəzifələrdəndir.
Müşahidələr və rəylər göstərir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektorunun KİV ilə münasibəti illərdən bəri qarşılıqlı səmimiyyətə, dürüstlüyə və inama əsaslanır.
Bu gün sektora KİV tərəfindən ünvanlanan suallar operativ şəkildə, peşəkarlıqla cavablandırılır. Sektora ünvanlanan suallar heç bir zaman cavabsız qalmır. Təhsil sahəsində aparılan islahatlar, yeniliklər barədə mütəmadi olaraq ictimaiyyətə məlumatlar verilir.
Sektor fəaliyyət istiqamətlərinə uyğun olaraq KİV-lə səmərəli əlaqələr yaratmaq, idarə və idarənin tabeliyində olan ümumtəhsil müəssisələrinin fəaliyyəti ilə bağlı zəruri informasiyaları ictimaiyyətə çatdırmaq, müvafiq hüquqi-normativ sənədlərin şərhini, ictimaiyyətə daha dolğun çatdırılmasını təmin etmək, rəsmi sayt və sosial şəbəkə səhifələrini zəruri məlumatlarla təmin etmək kimi vəzifələri uğurla yerinə yetirir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektoruna tanınmış jurnalist Bəşarət Məmmədov rəhbərlik edir. B.Məmmədov Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinin əvvəlki dövrlərində müəllim, "Respublika" qəzetində baş müxbir və şöbə müdiri, Təhsil Nazirliyində məsləhətçi vəzifələrində işləyib. 2016-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı tərəfindən "Qızıl qələm" mükafatına layiq görülüb. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatına, beynəlxalq münasibətlərinə, həyata keçirilən islahatlara dair yüzlərlə məqalənin, analitik yazının müəllifidir. Elm və Təhsil Nazirliyi tərəfindən tərifnamə və fəxri fərmanla təltif olunub.
İdarənin Media və ictimaiyyətlə əlaqələr sektorunda bu gün peşəkarlardan ibarət komanda formalaşıb. Böyük məsləhətçi Xuraman Süleymanova, aparıcı məsləhətçi Xədicə Məmmədova, məsləhətçilər Solmaz Ələkbərova və Lalə Qarayeva öhdələrinə düşən məsuliyyətli işin ödəsindən layiqincə gəlirlər.
Bəşarət Məmmədovun sözlərinə görə, Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasətinin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi BŞTİ-nin fəaliyyətinin ən mühüm, prioritet istiqamətlərindən biridir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində baş verən yeniliklər və idarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması istiqamətində işlər hər tədris ilində müvafiq qaydada yerinə yetirilir: "BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektoru fəaliyyət istiqamətlərinə uyğun olaraq KİV-lə səmərəli əlaqələr yaratmaq, idarə və idarənin tabeliyində olan ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı zəruri informasiyaları ictimaiyyətə çatdırmaq, müvafiq hüquqi-normativ sənədlərin şərhini, ictimaiyyətə daha dolğun çatdırılmasını təmin etmək, rəsmi sayt və sosial şəbəkə səhifələrini zəruri məlumatlarla təmin etmək kimi vəzifələri yerinə yetirir. KİV-dən daxil olan sorğular operativ şəkildə cavablandırılır, tədbirlərə media nümayəndələri dəvət olunur, təhsil müəssisələrinə mediaturlar təşkil olunur.
B.Məmmədov bildirib ki, indiki zamanda hər hansı bir qurumu ilk növbədə elektron resursları üzərindən tanıyırlar. İctimaiyyətlə səmərəli əlaqələrin yaradılması hər bir qurumun özünü geniş ictimaiyyətə təqdim etmək imkanıdır. Bu baxımdan BŞTİ-nin saytı qurumun ictimai nüfuzunun formalaşmasına birbaşa təsir edir: "Ümumilikdə son illərdə təhsil sahəsində ictimaiyyətlə əlaqələr məsələsinə olan həssaslıq və informasiya açıqlığı media ilə əlaqələrdə keyfiyyətcə yeni mərhələ deməkdir. Bizə mediadan ünvanlanan bütün sorğuları, KİV-i maraqlandıran sualları qısa bir zamanda cavablandırmaq üçün həm idarə daxilində, həm də məktəblərlə kommunikasiya baxımından sistemli fəaliyyət göstəririk. Görünür, bunun nəticəsidir ki, media da bizimlə sıx əməkdaşlıq edir. Keçirdiyimiz bütün tədbirləri, görüşləri, xəbərlərimizi KİV ictimaiyyətə dolğun şəkildə çatdırır. Sevindirici haldır ki, artıq bu gün cəmiyyətdə məktəb, məktəb rəhbəri, müəllim haqqında daha müsbət obrazların təqdim olunduğunu müşahidə edirik".
Sektor müdiri bildirib ki, sektor tərəfindən mütəmadi olaraq KİV-lərə idarənin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumatlar verilir. İdarə tərəfindən təşkil olunan tədbir və mətbuat konfranslarına ölkədə fəaliyyət göstərən KİV nümayəndələri dəvət olunur: "İşimiz təkcə məlumatın ictimaiyyətə ötürülməsi ilə bitmir. KİV-i maraqlandıran mövzularda açıqlamalar verilir, paytaxtda fəaliyyət göstərən təhsil müəssisələrinə mediaturlar təşkil olunur, sektora həvalə edilən fəaliyyət istiqamətlərinə uyğun olaraq digər vəzifələr yerinə yetirilir. İdarənin bütün məlumatları KİV-lə yanaşı, sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırılır. Bu gün sosial şəbəkələrdən istifadə edənlərin auditoriyası olduqca genişdir. Sosial media operativlik baxımından bir çox hallarda ənənəvi medianı üstələyir. İnsanların böyük əksəriyyəti də xəbərləri sosial şəbəkələrdən əldə edirlər. Bütün bunları nəzərə alaraq idarənin bütün məlumatları sosial şəbəkələrdə yerləşdirilir. Obrazlı desək, bizdə iş vaxtı bitsə də, iş bitmir. Bəzən işdən kənar vaxtlarda baş verən hər hansı hadisə haqqında doğru və operativ məlumatı təqdim etmək dezinformasiyaların yayılmasının qarşısını alır. Bu baxımdan peşəkar medianın rolu əvəzsizdir. Nə yaxşı ki, bu gün ictimaiyyətin inandığı, etibar etdiyi kifayət qədər peşəkar media orqanları var".
Bəşarət Məmmədovun sözlərinə əsasən, mətbuat katibinin mediaya olan münasibəti çox önəmli faktorlardan biridir: "Bəzi hallarda yanlış olaraq, mətbuat katibi ancaq yaxşıları təqdim edən, çatışmazlıqları, problemləri gizlədən və ya gizlətməyə çalışan bir persona kimi təqdim olunur. Ancaq son dövrlər yaxşı və peşəkar mətbuat katiblərinin işi sayəsində bu kimi səhv təsəvvür dəyişməyə başlayıb. Qeyd edim ki, bu yanlış təsəvvürün yaranmasına səbəb olan amillər də olub. Fikrimcə, media ilə uğurlu əməkdaşlıq qurmaq üçün mətbuat katibi səmimi, öz işinə dəyər verdiyi qədər çalışdığı jurnalistlərə də böyük diqqət və hörmətlə yanaşan insan olmalıdır. Medianın nə istədiyini düzgün anlamalı, mətbuata açıq olmalıdır. Mətbuat katibi bilməlidir ki, media sədəcə doğru məlumat almaq istəyir və öz vəzifəsini yerinə yetirməyə çalışır. Media nümayəndəsi mətbuat katibini axtaranda düşünməməlidir ki, görəsən, mən bu insanı tapa biləcəm, ya yox. Bəzi insanlar var ki, telefonuna tanımadığı nömrədən zəng gələndə açmır. Çox şükür ki, mənim elə bir qorxum və kompleksim yoxdur. Zəng gəlirsə, ona birmənalı olaraq cavab verilməlidir. Mənim telefonum hər zaman açıq olur. İstənilən zaman mənimlə əlaqə yaratmaq mümkündür. Öz işimə dəyər verdiyim qədər çalışdığım jurnalistlərə də böyük diqqət və hörmətlə yanaşıram. Çalışıram ki, imkan daxilində mətbuat nümayəndələri tərəfindən mənə ünvanlanan sualları ən qısa müddətə cavablandırım. Mətbuat xidməti anlamalıdır ki, bu, onun fərdi fəaliyyət sahəsi deyil, o, bu sahə ilə bağlı cəmiyyətə xidmət üçün bu vəzifəyə təyin edilib. Mətbuat xidməti ilə mətbuat nümayəndələri arasında qarşılıqlı inam və etimadın olması da vacib şərtdir. İnsan əmin olmalıdır ki, deyilən doğrudur və o, məni aldatmır. Hər şeyin təməli səmimiyyətdən başlayır. Sən öz səmimiyyətini qarşı tərəfə ötürə bilsən, sənin təmsil elədiyin sahənin səmimiyyətini və orada olanların inkişaf üçün çalışdığını ictimaiyyət və media qəbul edəcək. Əks halda, mətbuat xidməti öz səmimiyyətini, şəffaflığını mediaya, ictimaiyyətə ötürə bilmədisə, həmin qurumun fəaliyyəti haqqında şübhələr yaranacaq. İnsanlar düşünəcək ki, bu qurumun fəaliyyətində formallıq var. Bunun olmaması üçün qarşılıqlı etimad mühiti və məqsəd birliyi formalaşdırmalı və qorunub saxlanılmalıdır".
Bəşarət Məmmədovun dediyinə görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində baş verən yeniliklər və İdarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması istiqamətindəki işlər 2023-2024-cü tədris ilində də müvafiq qaydada yerinə yetirilib.
BŞTİ-nin və təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı dolğun məlumatlar ictimaiyyətə təqdim olunub, media ilə səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan sorğular cavablandırılıb. Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün əlverişli şərait yaradılıb. Müvafiq islahatlar və yeniliklər ictimaiyyət üçün şərh edilib, İdarə rəhbərliyinin və əməkdaşlarının çıxışları və müsahibələri təşkil olunub.
Kütləvi informasiya vasitələri üçün BŞTİ-nin tədris və təqvim ili üzrə ümumi fəaliyyətini əks etdirən məlumatlar hazırlanıb. Həmçinin ictimai maraq doğuran şəxslərlə şagirdlərin görüşləri təşkil olunub, paytaxt məktəblərinin uğurlarının geniş auditoriyada yayımlanması ilə bağlı layihə və müsabiqələr həyata keçirilib.
Sevinc QARAYEVA