525.Az

Azərbaycan Prezidentinin qlobal və çoxşaxəli xarici siyasəti 


 

Azərbaycan Prezidentinin qlobal və çoxşaxəli xarici siyasəti <b style="color:red"></b>

Məlum olduğu kimi, iyulun 18-də Oksfordda "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı toplantı çərçivəsində bir sıra ölkələrin liderləri ilə görüşlər də keçirib. Bu görüşlər onların müraciətləri əsasında baş tutub.

Qeyd edək ki, "Avropa siyasi birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Azərbaycan lideri bu platforma çərçivəsində keçirlən Zirvə toplantılarına hər zaman dəvət olunur. Toplantı ərzində liderlər sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və s. məsələləri müzakirə edirlər.

Prezident İlham Əliyev budəfəki Zirvədə keçirdiyi görüşlər zamanı Ermənistanla sülh prosesi barədə məlumat verib, Azərbaycanın mövqeyini bir daha açıqlayıb. Dövlət başçısı Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesinin tərkib hissəsi kimi sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunmuş uğurları xüsusi qeyd edib, delimitasiya prosesi ilə əlaqədar sənədlərin razılaşdırıldığını və prosesin bu xətt üzrə davam edəcəyini bildirib. Əlavə edib ki, Azərbaycan sülh gündəliyini, sülh müqaviləsinin tezliklə imzalanmasını və sülh prosesini dəstəkləyir. Amma bunun üçün ilk növbədə, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar və Azərbaycanın Qarabağ regionunun Ermənistanla birləşməsini nəzərdə tutan müddəalar dəyişdirilməli, konstitusional əsasda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Görüşlərdə COP29-la əlaqədar hazırlıq prosesi də müzakirə olunub.

Eyni zamanda, "Enerji və bağlantı" mövzusunda dəyirmi masada ölkəmizin enerji gündəliyi bir daha təqdim olunub. Dövlət başçısı deyib ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Bakı bu hədəfə doğru irəliləyir. Hazırda  Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya. Eləcə də Türkiyə. Bir neçə aya Sloveniya bazarına daxil olmaq məsələsi gündəlikdədir. Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq. Azərbaycan yalnız Avropanı 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyini yerinə yetirmək üçün əlindən gələni etməyə çalışırıq.

Ümumiyyətlə, Azərbaycanın bu Zirvədə iştirakı dövlət başçısının yürütdüyü xarici siyasətin uğurlu və çoxşaxəli olduğundan xəbər verir. Münaqişədən sonra Azərbaycan daha qlobal xarici siyasət həyata keçirir, müxtəlif beynəlxalq platformalarda aktiv iştirak edir. Tədbirin gedişində Azərbaycan liderinə beynəlxalq miqyasda olan böyük rəğbət özünü bir daha göstərdi. Prezident İlham Əliyevin yalnız bu ay üçün gündəliyinə nəzər yetirmək kifayət edir ki, dövlət başçısının xarici siyasət xəttinin necə uğurlu və çoxşaxəli olduğuna şahidlik edəsən.

Prezidentin Astana səfəri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirdiyi görüşlər, Çinlə imzalanan strateji tərəfdaşlıq sazişi, Astanada Rusiya Prezidenti ilə görüşü, Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlıq, BRICS-lə münasibətlərin güclənməsi, bunun ardınca isə Londona səfər, bu platformada Azərbaycanın iştirakı məhz aparılan qlobal və çoxvektorlu xarici siyasətin nəticəsidir. Politoloq Şəbnəm Həsənova hesab edir ki, Azərbaycan azad və fəal xarici siyasət yürüdən ölkə kimi dinamik qlobal siyasi bürcdə unikal mövqeyə malikdir: "Ölkəmiz davamlı müstəqilliyə, əbədi sülhə əsaslanan dünya nizamının reallaşmasını dəstəkləmək üçün milli maraqlara əsaslanan xarici siyasət yürütməyin ideal modelini təqdim edir. Bəlkə də bunu neytral siyasət də adlandırmaq düzgün olmaz. Bu, praqmatizmə söykənən, ən çətin məqamda belə zərbələri maksimum dərəcədə neytrallaşdıran və dərhal müsbət nəticə, məhsul vəd edən xəttdir. Ölkəmiz yenə də qərəzsiz, lakin ədalətli olacaq, digər xalqların və dövlətlərin təzyiqi ilə qərarlar qəbul etməməklə yanaşı, başqa xalqların da haqq səsinin eşidiləcəyi ilkin məkan olacaq, ya da onu yaradacaq. Məhz bu baxımdan COP29 həm də Azərbaycanın məkan təqdim etməsi baxımımdan mühüm tədbir olacaq. Daha tez-tez müraciət edilən bir yol da var. Bu gün ölkələr liderlərin yoxluğunda boykotla hədələnirlər. Azərbaycan Prezidenti isə dərin diplomatik biliyi və şəxsi keyfiyyətləri ilə öz mövqeyini və Azərbaycanın imicini gücləndirir. Çünki dövlətimizin başçısının fəaliyyəti azad və fəal xarici siyasətin məhsulu olduğu qədər, həm də prinsipiallığa əsaslanır. Bu baxımdan qlobal iqtisadiyyat və cəmiyyətdən təcrid etmək meyillərinin yanında yer almamaqla yanaşı, mühüm missiyalardan biri kimi möhkəm, davamlı və əhatəli qlobal artıma nail olmaq əsas məsələdir. Ona görədir ki, Azərbaycan, sadəcə, öz regionunda deyil, qlobal kontekstdə geniş iqtisadi ölçüsü və potensialı olan ölkə kimi görünür".

Onun sözlərinə görə, Azərbaycan müxtəlif palitralara malik rəngarəng Cənubi Qafqaz regionunu və İslam dünyasını simvollaşdırır: "İranla münasibətlərin normallaşması, səfirliyimizin fəaliyyətinin bərpa olunması bunun göstəricisidir. Həmçinin Azərbaycan Prezidentinin Avropa liderləri ilə görüşləri, ölkəmizin Almaniya, Böyük Britaniya, ABŞ kimi ölkələrlə əlaqələri, intensiv səfərlər, Qoşulmama Hərəkatına uğurlu sədrlik xarici siyasətimizin uğurlarından xəbər verir. Azərbaycan COP29-a ev sahibliyi etməklə ölkələrlə tərəfdaş və dost olmaq imkanı qazanır, eyni zamanda, əlavə fürsətlər təqdim edir. Dövlət başçısının inauqurasiya mərasimində ailəmizin Türk dünyası olduğunu bəyan etməsi, Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan öz kökündən uzaqlaşmır və bu cığırın sonu Qərbi Azərbaycanda görünür".

 

 





22.07.2024    çap et  çap et