Mərakeş Krallığının paytaxtı Rabatdan unudulmayacaq təəssüratlarla ayrılıb Tanjirə yola düşürük. Mərakeşin şimalında, Aralıq dənizi və Atlantik dənizi sahillərində yerləşən şəhərə ən rahat yol sürət qatarıdır. Bilet üçün 200 MAD (təxminən 35 AZN) ödəyib, 1 saat 20 dəqiqə ərzində Tanjirdə olursan. Tanjir fərqlidir, unikaldır. Təkcə xarici görünüşü, daha çox Avropa şəhərinə bənzəməsi, liman şəhəri olaraq Afrikanın Avropaya yolunu açması ilə fərqlənmir, həm də statusu onu özəl edir.
Mərakeşin beynəlxalq şəhəri
Tanjir beynəlxalq siyasi-iqtisadi statusu olan şəhərdir. 1923- cü ildə Avropanın müstəmləkəçi dövlətlərinin idarə etdiyi beynəlxalq zonaya çevrilib. Amma reallıqda dövlətlər heç vaxt ərazinin mülkiyyəti ilə bağlı razılığa gələ bilməyiblər. 1923-cü ildə şəhər faktiki olaraq Fransa, Böyük Britaniya və İspaniya tərəfindən idarə olunub, daha sonra İtaliya, Portuqaliya və Belçika da onlara qoşulub. Tanjir Mərakeş sultanının nəzarətində qalsa da, faktiki olaraq beynəlxalq administrasiyanın hakimiyyəti altında idi. Yəni, həm Fransanın, həm İspaniyanın təzyiqi altında olan Mərakeş hissələrə bölünmüşdü, bura isə heç kimə aid deyildi, ayrı bir şəhər idi. Avropa ölkələri məhz bu beynəlxalq şəhərdə toplaşaraq Mərakeşi necə bölüşdürməyin yollarını axtarırdılar. Bu status 1956-1960-cı illərdə Mərakeşin müstəqilliyi ilə sona çatır və Tanjir Mərakeşə birləşdirilir. Tanjir hələ də ölkənin ən avropalaşmış, çoxdilli, çoxmədəniyyətli şəhəridir, burada ərəb, fransız, ispan, ingilis dillərində danışılır. Eyni zamanda, hər icmanın öz təmsilçiliyi, hər millətin öz küçəsi var, şəhərdə məscidlərlə yanaşı kilsə, sinaqoq mövcuddur. Mərakeşin böyüklüyünə görə 6-cı olan şəhərinin əhalisinin sayı 1 milyondan çoxdur.
Tanjiri fərqli edən həm də tarix boyu onun dünyanın hər yerindən gələn səyahətçilər, yazıçılar, musiqiçilər, rəssamlar üçün ən cəlbedici məkan olmasıdır. Bu, düz 44 il, dekolonizasiyanın bir hissəsi kimi nəzarət Mərakeşə qayıdanadək davam edib.
Bura həm də filmlər şəhəri hesab olunur. Məşhur Bondiananın bir neçə seriyası, Di Kaprionun "Başlangıç" (Inception), "Yalnız aşiqlər sağ qaldı", "Kasablanka" burda çəkilib. XX əsrin ən görkəmli amerikan yazıçılarından olan Pol Boulz burda yaşayıb, yaradıb. Bu gün dünyanın hər yerindən səyahətçilərin üz tutduğu Tanjir həm də məşhur səyyah İbn Bəttutənin (1304-1368) vətənidir, onun məzarı da bu şəhərdədir.
Tanjirin demək olar ki, qədim tarixi abidələri yoxdur. Şəhərin turistik yerlərindən biri ədinə -köhnə hissəsidir. Mədinə ərazisindəki "9 aprel" meydanı xüsusi önəm daşıyır. Çünki Kral V Məhəmməd Madaqaskara sürgünə göndərilməmişdən qabaq məz bu meydanda insanların qarşısında çıxış edib.
Şəhərə gələn turistlər üçün maraqlı məkanlardan biri də 1870-ci ildə yəhudi ailəsi tərəfindən tikilən və otaqlarının bəzilərinin limana baxdığı "Kontinental" oteldir. Dünyanın məşhur insanları bu oteldə qalıb. Yuxarıda qeyd etdiyim "Kasablanka" və Bernardo Bertoluççinin "Sığınacaq Göy" filmlərinin bəzi səhnələri "Kontinental"da çəkilib. Şəhərdə ən qədim olan otel öz unikallığı, dizaynı ilə diqqət çəkir. Bura oteldən çox muzeyə bənzəyir. Turistlərin otelə daxil olub gəzməsinə, foto çəkməsinə heç bir qadağa yoxdur.
Tanjirə gəlmək həm də Atlantik okeanı ilə Aralıq dənizinin birləşdiyi Cəbəllütariq boğazını (Gibraltar) seyr etmək fürsətidir. Cəbəllütariq boğazında yerləşən şəhər İspaniya sahillərindən cəmi 14 km məsafədədir.
Tanjir MED Limanı
Tanjir həm də liman şəhəridir. Tanjir MED Limanının təməli Kral VI Məhəmmədin göstərişi ilə 2003-cü il fevralında qoyulub. Liman Avropaya ən yaxın məsafədədir. Dünyada dəniz daşımalarının 20 faizini əhatə edir. Yeddi ildir ki, Afrikada birinci, dörd il ardıcıl Aralıq dənizdə birinci, dünya üzrə sıralamada 500 yerdən 19-da qərarlaşıb. Mərakeşin həyatında mühüm rol oynayan limandan istifadə etmək istəyən ölkələrin sayı getdikcə artmaqdadır. Onun necə yaxşı işləməsinin göstəricisi həm də budur ki, təlbat olduğu üçün artıq yenisinin tikintisi nəzərdə tutulub. Limanın yeri də çox əhəmiyyətlidir. Burdan keçən gəmilər həm vaxtlarına, həm də maliyyəyə qənaət edirlər, yəni vaxt itkisi sıfra bərabərdir. Liman, avtomobil yolları, dəmir yolları birgə işləyirlər. Ümumi investisiyaların həcmi 12 milyard dollar təşkil edir, onun 7,2 milyard dolları özəl investisiyanın payına düşür. Sərnişin limanı da fəaliyyət göstərir. Liman 9 milyon konteyner daşıma qabiliyyətinə malik, 7 milyon sərnişin, 700 min TIR və 1 milyon nəqliyyat vasitəsinin ixracını həyata keçirən dünyanın ən böyük sənaye limanlarından biridir. Bu, 180 port, 70 ölkə və 5 qitəni əhatə edir. Limanın tikintisindən əvvəl Çindən Mərakeşə 1 kontenyer 53 günə gəlirdi, indi 20 gün çəkir və burdan Avropaya gedir. Yüklər Roterdama 3 günə, ABŞ-a 10 günə, Parisə 28 saata çatır. İqtisadi böhran zamanı yeganə liman olub ki, işini dayandırmayıb. Limanda 115 min iş yeri açılıb, biznes gəlirləri 16 milyard dollardır. Ətraf mühtin qorunmasına da xüsusi diqqət yetirilir. Külək enerjisindən istifadə olunur. Mərakeşdə istehsal edilən Reno (Ranault) avtomobillərin 65 faizi burada düzəldilir. Avtomobil ehtiyat hissələrini Tanjir MED ixrac edir.
Mərakeşin Ağ evi - Kasablanka
Adı ispan dilində "Ağ ev" mənasını verən Kasablanka ilk növbədə Mərakeşin əsas biznes, iqtisadi, maliyyə mərkəzidir. Haqlı olaraq avanqard və hündür göydələnlər şəhəri hesab olunur. Mərakeş beynəlxalq ticarətinin böyük hissəsi buradan keçir. Qabaqcıl texnologiyaların təsirinin hər yerdə hiss olunmasına baxmayaraq, şəhər öz ənənələrini və zəngin tarixi irsini diqqətlə qoruyur. Bunun sayəsində Kasablankaya təkcə biznesmenlər və iş adamları deyil, həm də dünyanın hər yerindən səyahətçilər axın edir. Kasablanka mülayim Aralıq dənizi iqliminə malikdir, lakin Atlantik okeanından gələn sərin hava axınları sayəsində buradakı hava Mərakeşin bəzi digər əraziləri kimi isti deyil. Kasablanka əhalisinin sayına görə (3 milyon 400 minə yaxın) Mərakeşin ən böyük şəhəridir və hazırda iqtisadi artım dövrünü yaşayır. Afrika qitəsinin ən yaxşı beş qlobal şəhərlərindən biridir.
Ümumiyyətlə, Mərakeş Afrikaya çox böyük yatırım qoyan ölkələrdən biridir. İnvestisiyaların 85 faizi məhz Afrikaya yönəlib. Hazırda daha çox avtomobil və aeronavtika sənayesi ilə öndədir. Eyni zamanda, yenilənən enerji üzrə dinamik iş aparılır, 2030-cu ilədək enerjinin 52 faizinin məhz yenilənən enerjidən əldə edəcəyini hədəfləyir.
Kasablankanı Afrikanın maliyyə mərkəzinə çevirmək məqsədilə 2010-cu ildə "Casablanca Finance City" (CFC) yaradılıb. Mərkəz mühüm iqtisadi əhəmiyyət daşıyır və xüsusilə Afrika ilə çalışmaq istəyən şirkətlər üçün qapı adlandırılır. Dünya üzrə maliyyə mərkəzlərinin sıralamasında 2016-cı ildən bəri Afrikada birinci yerdədir.
CFC Afrikanın 50 ölkəsini əhatə edir, 15 beynəlxalq tərəfdaşı var. Əsas məqsədi bütün investorlara Afrikanın təhlükəsiz olduğunu çatdırmaqdır və əməkdaşlıq etmək istəyənlər ətraflı məlumatlarla təmin olunurlar. CFC ilk növbədə maliyyə və sığorta, məsləhət və biznes xidmətləri, enerji və infrastruktur, ticarət və paylanma sektorları hədəfləyir.
Avtomobil sənayesi də hazırda Mərakeşin böyümə strategiyasının mərkəzində dayanır, iqtisadi stimullaşdırma, ixrac gəlirlərinin əldə edilməsi, ticarət kəsirinin azaldılması, yeni tərəfdaşlıqların qurulması və iş yerlərinin yaradılmasında mühüm rol oynayır. Sektor 250-dən çox avtomobil hissələri tədarükçüsünü və iki böyük istehsalçı - Renault (Reno) və Stellantis şirkətlərini əhatə etməklə Mərakeşin regional liderlik mövqeyini möhkəmləndirir. 1959-cu ildə qurulan Somaca, hazırda Fransanın Renault (Reno) şirkətinə məxsus olan Mərakeş avtomobil istehsalçısıdır. 2009-cu ildən Somaca həmçinin, Sandero istehsal edir, ildə 440 min maşın istehsal olunur. Maşının əsas hissələri Tanjirdə hazırlanır. Burda istehsal olunan maşınlar satış üçün Avropa bazarlarına çıxarılır. Mərakeş 2025-ci ilə qədər ildə bir milyon avtomobil istehsal etməyi hədəfləyir. Renault (Reno) şirkətinin Mərakeşdə iki zavodu var, bunlardan biri Tanjerdə ildə 287 min avtomobil istehsal edir və Afrikanın ən böyük zavodu hesab olunur. Hazırda ölkə ildə 40 min elektrik avtomobili istehsal etmək qabiliyyətinə malikdir və 2025-ci ilə qədər bu rəqəmi 100 minə çatdırmağı hədəfləyir.
7 ilə tikilən dünyanın 7-ci ən böyük məscidi
Kasablankanın əsas simvolu, döyünən ürəyi, dini cazibəsi Atlantik okeanın sahilində öz möhtəşəmliyi, əzəməti ilə göz oxşayan II Həsən məscididir. Kasablankaya gəldinsə, bura baş çəkəcəyin yerlər arasında ilk sırada olmalıdır. Vaxtilə Kral II Həsən Kasablankada məqbərə tikdirmək istəyib, amma sonradan bu fikrindən daşınıb və "Ağ ev"də öz adına məscid tikdirmək qərarını verib. 7 ilə tikilən məscid (1986-1993) qismən suyun üzərində inşa edilib. 600 milyon avroya başa gələn məscid Mərakeş xalqının ianələri hesabına tikilib. Bu gün belə məscidin tikintisi üçün 7 milyard avro tələb olunur.
Ümumi sahəsi 9 hektardır, 2 hektar qapalı, 7 hektar açıq sahədir. Eyni vaxtda 20 min içəridə, həyətində isə 80 min insan namaz qıla bilər. Qadınlar üçün ayrılan hissədə isə 5 min nəfər eyni vaxtda namaz qıla bilir.
Məscid 30 kilometr məsafədə Məkkə istiqamətini göstərən "lazer şüası" ilə təchiz olunub. Əl işi olan məscidin daxilindəki tavan Mərakeşin sidr ağacından düzəldilib, rənglənməsində təbii boyalardan istifadə olunub. Mobil tavan məscidin havalandırılması üçün açılıb-bağlanılır. Məscidin aşağı mərtəbəsində 41 fəvvarəli 3 dəstəmaz otağı yerləşir. Məscid unikal arxitekturaya malikdir, dünyada bunun ikincisi və ya oxşarı mövcud deyil.
Memarlıq üslubu İslam arxitekturası növlərindən biri olan moreskdir. İspaniyanın bir çox şəhərlərindəki saraylarda bu üslubdan istifadə olunub. Məscidin 210 metrlik minarəsi də dünyanın ən hündür minarəsi sayılır.
Əsas memarı fransız Mişel Pense olmaqla digərləri mərakeşli memarlar olub. Ümumilikdə, məscidin tikintisində 78 arxitektor, 10 min əl işi sənətkarı, 2500 fəhlə 24 saat ərzində növbəli şəkildə çalışıb.
Kasablankanın da öz "mədinəsi", yəni qədim şəhəri var. Orada gəzdikcə bir daha tarixin sehrinə düşürsən, qədim küçələr, rəngarəng bazarlar insanı Kasablankanın Avropasından orta əsr ərəb dünyasının sehrinə salır.