525.Az

Xəzərin susqun suları - Fidan Malik yazır


 

Xəzərin susqun suları - <b style="color:red"> Fidan Malik yazır</b>

"Günəşli" yatağında baş verən hadisədə həlak olan neftçilərə və onların ailə üzvlərinə ithaf edilir.

Xəfif meh əsirdi. Günəş çoxdan boylanıb, yerini rahatlamışdı. Göy üzünün qara sapı ağ sapdan seçilib, görünməz olmuşdu. Buludlar pambıq libaslarıyla harasa gizlənmiş, səmanı masmavi aydınlığı ilə baş-başa buraxmışdılar. Səmanın da mavi örtüyünün altında ucu bucağı görünməyən Xəzər, bir də sahil boyu addımlayan gənc bir adam var idi. Ətrafda başqa heç kəs yox idi. Olsaydı belə, o an yəqin ki, o gəncin gözü Xəzərdən başqasını görməz, qulaqları əsən mehin dəvətilə həzin rəqs edən ləpələrin səsindən başqa bir səs eşitməzdi. Səssizcə sahil boyu nə qədər məsafə qət etdiyinin fərqinə belə varmamışdı.

Bir anda ayaq saxladı. Üzünü dənizə çevirdi. O gün dənizin suları dupduru idi. Gözlərini çox uzaqlara zillədi. Xəzərlə səmanın üfüqə doğru uzanıb birləşdiyi uzaqlara... Uşaq ikən ona həmişə maraqlı gələrdi; o uzaqlarda nə var, ora necə getmək olar? Nə bilərdi ki, bir gün gələcək, o uzaqlar 9 il öncə onu bir ömür özünə həbs edəcək. Üzü suya doğru bir-iki addım atdı. Əyilib nazlı dilbərin saçını tumarlartəki suyun üzərilə əlini o yan, bu yana gəzdirdi. -Görəsən o gün də belə sakit, ilıq olsaydın, xilas ola bilərdimi?-deyə pıçıltıyla söyləndi. Qəhərləndi. Özünü saxlaya bilmədi. Damcılar yanaqlarından süzülüb gödəkçəsinin boynunu islatdı. Bir anda kiminsə görəcəyindən ehtiyat edib, tez gödəkçənin qolu isə gözlərini sildi. Halbuki o an orada bir tək özü, bir də Xəzər var idi. Bəlkə də 9 il öncə ondan acımasızcasına həyatdakı ən böyük müəllimi, dəstəkçisi olan atasını alıb aparan Xəzərin qarşısında özünü sındırmaq istəmirdi. İndi isə  bütün cürətini toplayıb ya hesablaşmaq, ya da bir qərar vermək üçün onunla üz-üzə dayanıb, sularına dimdik baxmaq istəyirdi. Səndən qorxmuram, deyərcəsinə. Gözləri üfüqə zillənmişdi. Gözləri yol çəkirdi. Xatirələri alıb onu çox uzaqlara aparmışdı. 9 il öncə yaşadığı ağrılı günlərə.

Atası, 9 il öncə "Günəşli" neft yatağında soyuq dekabr ayında, dərin dəniz özülündə baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş, daha doğrusu itkin düşənlər sırasında adı çəkilmişdi. Hadisə axşam saatlarında baş vermişdi. Bu gün sakit görünən bu Xəzərin həmin gün nəhəng dalğaları, Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı dərin dəniz özülündə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, boru kəmərinin zədələnməsilə şiddətli yanğın baş vermişdi. Yanğında xeyli neftçi dünyasını dəyişmiş, bir xeylisi isə itkin düşmüşdü. O gün hər kəs sarsılmışdı. Amma heç biri neftçilərin ailələrinin qəlblərində yaşadığı təlatüm, ağrı-acı ilə əvəz oluna bilməzdi. Bu gəncə də o gündən acı xatirələrlə bərabər, atasının hadisədən bir saat öncəsindən anasına yazdığı "sms", yarım qalan bir ömürün sığışdırıldığı iki sətir yazı qalmışdı. "Uşaqlardan muğayat ol. Sizi çox istəyirəm. Görüşərik". Sonra isə qulaqları batıran dərin bir sükut...

Hadisədən bir müddət sonra, həlak olan nefçilərin işləmək iqtidarında olan ailə üzvləri, dünyasını dəyişən və itkin düşən ailə başçılarının yerinə müxtəlif müəssilərdə işlə təmin olunmuşdu. Bu gənc də onlardan biri idi. Bu həyatın yükü çox tez öz xurcununu onun çiyninə yükləmişdi. O gün o, atasını itirib, özü bir ataya çevrilmişdi. Onun adına layiq ola bilmək, anası və bacılarına maddi-mənəvi dəstək ola bilmək üçün uşaqlığı ilə birdəfəlik vidalaşmışdı.

Hər kəsin sevimlisi olmuşdu iş yerində. Öncə neftçi əmanəti olaraq, sonra da özünün qazandığı hörmətdən dolayı. Lakin bu 9 ilin hər gününü dənizdə, atasının işində işləmək fikri onu rahat buraxmırdı. Kimilər maddiyyat baxımından onu dəstəkləyir, kimilər hələ cavandı, oranın işi çox ağırdı, deyə fikrindən daşındırmaq istəyir, amma içlərində bir tək anasının narahatlığı ona rahatlıq vermirdi. Necə də narahat olmasın, axı o dəniz ondan artıq bir can alıb aparmışdı. İndi iki gözünün nurunu Xəzərə necə etibar edərdi.

Beləcə həsrətlə keçən 9 il o, Xəzərin sularına saatlarca baxır, sulardan isə nə səs gəlirdi, nə də səmir. Yenə Xəzərlə üz-üzə dayanmışdı. Bir tərəfədən onu bu fikrindən daşındırmaq istəyən anası, bir tərəfdən də atasını onlardan alıb aparan o sulardan hesab sormaq istəyi, ya da bəlkə, sadəcə, bir gün dənizin ta ortasından, uzaqlardan bir qayığın ona doğru üzdüyünü görmək idi tək arzusu. O qayıqda dönüşü olmayan bir yolculuğa çıxdığını bildiyi halda, atasının əl sallayaraq ona doğru üzdüyünü görmək ümidi idi. Kim bilir...

 





22.07.2024    çap et  çap et