Fikrət Yusifov, professor:
- Azərbaycanda internet əzəldən qonşu ölkələrlə müqayisə edilməyəcək dərəcədə baha olub və bu fərq getdikcə artır ki, azalmır. Dediklərimizi əsaslandırmaq üçün Rusiyanın "Bilayn" şirkəti ilə Azərbaycanın "Azercell" şirkətinin vətəndaşlara təklif etdikləri mobil internet və telefon danışıqlarının qiymətlərini, habelə "Bilayn" şirkəti ilə "Baktelekom" şirkətinin insanlara təklif etdikləri ev internetinin qiymətlərini müqayisə edək.
Əgər Rusiyanın "Bilayn" şirkəti mobil telefon xidmətləri üzrə bir aylıq 50 QB internet, 1200 dəqiqə danışıq limiti nəzərdə tutan, sürəti saniyədə 100 m/b olan "UP Pçela Bazə" tarifini insanlara Azərbaycan manatı ilə 4 manat 93 qəpiyə təklif edirsə, Azərbaycanda "Azercell" maksimum 30 QB internet və 700 dəqiqə danışıq limiti müəyyənləşdirən "Super Sən" adlı tarifi insanlara 39 manata və ya 1 QB üçün Rusiyada "Bilayn" şirkətinin təklif etdiyi qiymətdən 13,2 dəfə baha təklif edir. Başqa bir misal. Rusiyadakı həmin "Bilayn" şirkəti vətəndaşlara saniyədə sürəti 500 m/b olan ev internetinin bir aylıq ödəniş haqqını Azərbaycan manatı ilə 2 manat 89 qəpik müəyyən edirsə, Azərbaycanda "Baktelekom" bir aylıq ev interneti üçün 18 manat xidmət haqqı alır və indi də həmin qiyməti 40%-ə qədər bahalaşdırıb, aylıq ödəniş haqqını 25 manat müəyyənləşdirir ki, bu da Rusiyada "Bilayn" şirkətinin insanlara təklif etdiyi ev internetinin bir günlük qiymətindən 8,7 dəfə bahadır.
Rusiya da Azərbaycan kimi interneti kənardan alır. Bəs onda bu qədər fərq nə deməkdir?!
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Baxıram ki, "Aztelekom" tarana gedir. Açıqlayıblar ki, deyilənlər düzdür, amma dövlət provayderi də olsaq, qiymətləri 40% qaldıracağıq.
Gətirdikləri arqumentlər də məntiqsizdir və heç bir dataya söykənmir.
"Aztelekom"un tarana getməsi ilk öncə onun göstəricisidir ki, hələlik ölkədə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yoxdur. Sektorda istehlakçıların hüququnu qorumalı olan da İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyidir. O da müstəqil deyil.
"Aztelekom" da nə RİNN tabeliyində olan İKTA-dan çəkinir, nə də Antiinhisardan. Antiinhisarla da məhz bu tip məsələlərlə bağlı məhkəmə çəkişməsindədir.
Belə olan halda nə etməli?
Düşünürəm ki, yenicə magistral (backbone) statusu qazanan "Aztelekom"un hər bir müştəriyə minimal 100Mbit/s sürət təqdim etmək, keyfiyyətli servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur.
İlk öncə gərək müvafiq qurumlar monitorinq aparıb "Aztelekom"un elan etdiyi parametrlərə uyğun texnoliji imkanlarının olmasını müəyyən etsin.
Əminliklə deyirəm ki, "Aztelekom"da nəinki hər userə 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki-texnoloji imkanı yoxdur.
Açıqlasın görək "Aztelekom" hazırda nə qədər trafik alır və nə qədər satır?
Müştərilərin sayı və tələbatı nə qədərdir?
Dövlət qurumu üçün bu məlumatlar açıq olmalıdır. Lakin "Aztelekom" bunu qapalı saxlayır. Çünki bilir ki, aldığı ilə satdığı arasında dağ boyda fərq var.
"Aztelekom" güman ki, müqavilədə nəzərdə tutulanı deyil - aşağı sürətləri təqdim edəcək, sadə vətəndaşların bundan xəbəri olmayacaq, sadə vətəndaşlara qarşı sadəcə "çəkidə oğurlamaq" prinsipi tətbiq ediləcək.
Bununla o uzağa gedə biləcəkmi?
Bu da asılı olacaq İKTA və Antiinhisarın yanaşmasından, həmçinin ictimai nəzarətin gücündən.
Asif Nərimanlı, jurnalist:
- Paşinyanın Londonda Əliyevlə görüşdən imtina etməsində əsas versiya Britaniyanın Azərbaycanın gündəliyinə yaxın mövqedən çıxış etməsidir. Rəsmi formada açıqlanmasa da, Cənubi Qafqazda kommunikasiyanın Bakının şərtlərinə uyğun - Naxçıvana maneəsiz keçidin verilməsi - açılması məsələsinə Britaniya daha loyal yanaşdığı ehtimalı var. İngilislər Avrasiyada, xüsusilə Orta dəhliz üzərində yeni regional gücün yaradılmasında maraqlı tərəfdir. Noyabr ayına qədər sülh sazişi ilə bağlı sənədin imzalanması təşəbbüsü də Britaniyadan gəlib.
Ermənistan üçün Londonda Britaniyanın iştirakı ilə baş tuta biləcək görüş iki kontekstdə sərfəli deyil.
Birincisi, İrəvanın "ümid yeri" kimi baxdığı Avropada Bakının mövqelərinin güclənməsi;
İkincisi, Avropanın əsasən Ermənistanın xeyrinə olan üçtərəfli və çoxtərəfli görüş platformasında balansın Azərbaycanın xeyrinə dəyişməsi perspektivi: indiyə qədər Fransa Avropadakı danışıqlara birbaşa, yaxud dolayısı müdaxilələrlə Ermənistanın mövqeyini ön plana çıxarıb, indi situasiyanın onların əleyhinə dəyişməsi riski yaranıb; görünür, İrəvanda Britaniya Qərbdəki danışıqlarda təşəbbüsü ələ alarsa, balansı xeyirlərinə dəyişməyin çətin olacağını düşünürlər.
Əsas diqqətçəkən məqam Ermənistanın Londonda "ikitərəfli formatda" görüş təklifi ilə çıxış etməsidir. Halbuki Avropa platformasında üçtərəfli və çoxtərəfli görüşləri əsasən Ermənistan dəstəkləyirdi. Bu dəfə qəfil "ikitərəfli formatda" görüş təklifini irəli sürmələri rəsmi İrəvanın məhz Britaniyanın danışıqlarda iştirakına qarşı olduğunu təsdiq edir. Bu imtinada əsas maraqlı və sifarişçi tərəfin Fransa olduğu istisna deyil.
Elşad Paşasoy, jurnalist:
- Milli mətbuat günümüzü ilk dəfə Xankəndidə qeyd edirik: 149 ilin ilki!!!
Günümüz mübarək, dostlar! Günümüzə, ömrümüzə şükür! Dövlətimiz, bu tarixi yazan Sərkərdə, igidlər VAR olsun!
Səadt H.Məmmədova, jurnalist:
- Bu məzarın nisgilli hekayəsi var.
Həsən bəy Zərdabi 1907-ci ildə vəfat edib və Bibiheybətdə dəfn olunub.
Sonralar həyat yoldaşı Hənifə xanım və kiçik qızı Qəribsoltan xanım qızların təhsili ilə məşğul olub. Sovet hakimiyyəti qurulandan sonra ailənin başı çox cəfa çəkir. Bolşeviklər Azərbaycanı işğal edəndə Həsən bəyin iki övladı xaricdə oxuyurdu, Vətənə qayıda bilmədilər. Hənifə xanın 1929-cu ildə vəfat elədi. Oğlu Midhət bəyi 1937-ci ildə siyasi rejim güllələdi. Qəribsoltan xanım tək qaldı.
O, ailə, övlad sahibi olmayıb. Adını yaxşı tanıdığımız Azərbaycan Respublikasının və SSRİ-nin Xalq artisti, Azərbaycan SSR-in mədəniyyət naziri olmuş Rauf Hacıyevi himayəsinə götürüb. Raufun anası, əslən zərdablı olan Nanə xanım da uşaq ikən yetim qalmış, üç yaşından Hənifə xanımın övladlığa götürdüyü on uşaqdan biri kimi böyüyüb, tərbiyə, təhsil almışdı.
Ailə üzvləri repressiyaya məruz qaldığından Qəribsoltan xanım Gəncəyə gedir. Orada sakit yaşamaq istəyir. İkinci Dünya müharibəsi illərində o, Nanə xanımla birlikdə doğma Zərdaba köçür. Hər ikisi bir müddət Zərdab məktəbində müəllim işləyir.
Həsən bəyin ailəsinin tək yadigarı Qəribsoltan xanımı yenidən sarsıdan bir hadisə baş verir. Bibiheybət məscidinin yanından yol çəkildiyindən atasının məzarı yerləşən qəbiristanlığın dağıdılacağı xəbəri gəlir. Çox çətinliklə atasının cənazəsinin qalıqlarını oradan çıxarır, kiçik bir quruda öz evində - çarpayının altında gizlədir, bir müddət sonra anasının məzarının yanında gizlincə dəfn etdirir. Heç kəs bilməsin deyə başdaşı da qoymur... Həsən bəyin məzarının izi itir...
İllər sonra böyük alim Abbas Zamanov öz tələbələri ilə birgə Zərdabinin məzarını axtarmağa başlayır. Bibiheybətdə yoxdursa, bəs hardadır???
Abbas müəllim Qəribsoltan xanımın evinə gəlir, məzarı soraqlayır, qadın repressiya dövründən canında qalan qorxu ilə məzarın yerini bilmədiyini deyir, alimə bir daha gəlməməsini xahiş edir.
Abbas Zamanov Rauf Hacıyevin üstünə kömək istəməyə gedir: "Mənə demədi, bəlkə sənə deyəcək"
Bəstəkar Rauf Hacıyev Qəribsoltan xanımdan Həsən bəyin məzarının yerini öyrənib Abbas müəllimə deyir.
Beləliklə, Həsən bəy Zərdabinin nəşi iyirmi ildən sonra ikinci dəfə dəfn olunduğu yerdən də götürülərək Fəxri xiyabana gətirilir. Bax burada - indi hamımızın ehtiramla ziyarət etdiyi yerdə Həsən bəy üçüncü dəfə dəfn olunur...
Hənifə Abayeva-Məlikovanın da ikinci dəfə onun yanında dəfn olunduğu söylənilir... Ancaq əsl həqiqət budur ki, Azərbaycanın ilk maarifpərvər qadınlarından biri olan Hənifə xanımın məzarının yeri dəqiq bilinmir.
Qəribsoltan Məlikovanın məzarı da qırx ildən çox naməlum qalır. Nəhayət, araşdırılıb dəqiqləşdirilir ki, Qəribsoltan Məlikovanın Bakının köhnə qəbiristanlıqlarından birindəki məzarında ondan başqa iki nəfər də dəfn edilib. Onlardan biri bəstəkar Rauf Hacıyevin anası Nanə Hüseynova, ikincisi həyat yoldaşı İradə Hacıyevadır.
Narahat məzarlı, nigaran ruhlu Zərdabi ailəsi - RUHUNUZ ŞAD OLSUN!
Böyük kişi, böyük millət fədaisi, milli qəzetçiliyin atası Həsən bəy, adınızın nuru qarşısında sayğı ilə təzim edirəm. Kaş bizim də QƏLƏMin tarixində qalmaq şansımız olaydı...
Allah rəhmət eləsin!!!
(Məzarın hekayəsini iki gün əvvəl Həsən bəyin qəbrini ziyarət edərkən Natiq Məmmədli danışdı, çox təsirləndim, sonra araşdırıb oxudum, lap film ssenarisidir, çəkən olsa...)
İlham Əzizov, yazıçı:
- Jurnalistlər günü!
Uşaq vaxtı evimizə həmişə qəzet gəlirdi. Kəndin poçtalyonu vardı, Yusif kişi.
Bizə "Azərbaycan müəllimi" "Kommunist", "Sovetskiy Sport" qəzetləri, "Azərbaycan" jurnalı gəlirdi. Rus dilini "Sovetskiy Sport"dan, oxumağı, tələbkarlığı "Kommunist"dən, indiki ədəbiyyat xəstəliyini də "Azərbaycan" jurnalından əxz eləmişəm.
Yusif kişi, həm qəzet paylayırdı, həm "posılka" göndərirdi, həm pensiya gətirirdi, həm də məktub...
Məktublarla bəzən sevgi də daşıyırdı. Bəlkə elə həmin məktubların saflığından, müqəddəsliyindəndir ki, Yusif kişini kənddə bu gün də hamı çox istəyir.
Bizim mediamız Yusif kişi idi!
Sonra olanlar oldu, sovet çökdü, müharibə, aclıq, səfalət...
Qəzetlər dəyişdi, doğmaları gəldi.
İndi qəzetlər diktə etmirdi, sənin dərdini danışırdı, aləmə haray çəkirdi.
"Azərbaycan", "Azadlıq","Yeni Musavat", " 7 gün", "525", "Müxalifət" və s.
Son qəpiyimizi verib, aldığımız qəzetlər!
"ANS", "Sara" və başqa TV kanalları.
Yeni dövrlə yeni jurnalist nəsli yetişdi, cəsur, ağıllı, fədakar. Biz onda bildik, jurnalist nə deməkdir.
Sonra inkişaf başladı, TV-lər, qəzetlər, radiolar və s. çoxaldı.
İndi tələb başqadı, indiki insan özü də jurnalistdi, hər an hər şey yaza bilir, çəkib yaya bilir.
İndi peşəkar jurnalist çətin məsələdi. Bir neçə dil bilməlisən, sahəyə vaqif olmalısan, dünyadan xəbərin olmalıdı.
Varmı bizdə elələri, əlbəttə var!
Hələ lap çox olacaq!
İlin günün bu vaxtında dünyanın qaynar nöqtələrində ölən, azad söz uğrunda həbsdə yatan jurnalistlər var!
Kaş heç biri olmaya!
İndi hər şey inkişaf edir, hər şey artır.
Jurnalistika da inkişafdadı!
Mənim arzum odur ki, mediamız Yusif kişi kimi sevimli, hamıya can yandıran, ədalətli olsun!
Əziz jurnalistlər, hamınızı təbrik edirəm!