525.Az

Qərbi Azərbaycana qayıdış mövzusu Şuşa Forumunda


 

​​​​​​​MUSA QULİYEV: “PREZİDENT BİR DAHA BEYNƏLXALQ İCTİMAIYYƏTİN DİQQƏTİNƏ ÇATDIRDI Kİ, SOYDAŞLARIMIZIN QAYIDIŞI AKTUALDIR, VACİBDİR”

Qərbi Azərbaycana qayıdış mövzusu Şuşa Forumunda<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimində aktual məsələlərə toxunaraq, mühüm mesajlar verdi. Forumda müzakirə olunan məsələlər, dövlət başçısının fikirləri hələ də yerli və beynəlxalq medianın gündəmindədir.

Qeyd edək ki, dövlət başçısı forumda Qərbi Azərbaycan və soydaşlarımızın öz doğma yurdlarına qayıdışı mövzusunda da danışıb. Prezident deyib ki, azərbaycanlılar hələ XX əsrin əvvəllərində - 1918-ci ildə və İkinci Dünya müharibəsindən dərhal sonra Qərb ölkələrində yaşayan ermənilərin Ermənistana köçürülməsi və onların yerləşdirilməsi kimi tam düşünülmüş bir bəhanə ilə indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalıblar. O vaxt, 1940-1950-ci illərdə sovet hökuməti tərəfindən bir neçə qərar qəbul edildi və yüz minlərlə insan Qərbi Azərbaycanda yaşadıqları, məskunlaşdıqları ərazilərdən sürgün olundu. Yaşayış üçün yararsız, Zəngəzur, Göyçə və digər yerlərdəki təbii-iqlim şəraitindən tamamilə fərqli olan Kür-Araz ovalığına deportasiya edildi. Onların çoxu, sadəcə, dözə bilməyib və vəfat edib. Prezident vurğulayıb ki, prinsipcə hər şey, əlbəttə, 1980-ci illərin sonlarında baş verən etnik təmizləmədən başladı.

Dövlət başçısı qayıdışla bağlı deyib ki, həmin gün mütləq gələcək: “Burada biz, əlbəttə ki, Ermənistan rəhbərliyinin siyasi iradəsinə, bəyan etdiyi demokratiya və qanunun aliliyi prinsiplərinə sadiqliyinə ümid bəsləyirik. Bilirsiniz, hələ ötən ilin sentyabrında antiterror əməliyyatı keçirilməmişdən əvvəl, biz Qarabağın erməni əhalisinin nümayəndələrini dəfələrlə görüşlərə, söhbətlərə dəvət etmişdik. Mən parlamentin üzvləri arasından Prezidentin xüsusi nümayəndəsini təyin etdim, o, Qarabağın erməni əhalisi ilə təmasların qurulması və onların sonrakı yaşayışının və həyat fəaliyyətinin müəyyən edilməsi üçün xüsusi olaraq təlimatlandırıldı. O vaxt Qarabağ ermənilərinin nümayəndələri ilə hətta ilk görüş hələ nəzarətimiz altında olmayan ərazidə, Xocalıda, Rusiya sülhməramlı kontingentinin bazasında baş tutdu. Ancaq biz həm də o vaxt təklif etdik ki, növbəti görüş artıq nəzarətimiz altında olan ərazidə baş tutsun. Lakin ovaxtkı separatçı rejim bundan imtina etdi. Bir neçə ay ərzində biz onları iki dəfə görüşə dəvət etdik və iki dəfə imtina edildi, bundan sonra isə prosesdə iştirak etməyə çalışan bir çox beynəlxalq oyunçular bizə sual ilə müraciət etdilər: bəs onların həyat fəaliyyəti necə təmin ediləcək? Ona görə də biz reinteqrasiya layihəsini sadəcə olaraq internetdə yerləşdirməyə məcbur olduq. Layihəyə giriş açıqdır. Düşünürəm ki, bu problemlə maraqlananların çoxu onun məzmunu ilə tanış olub. Orada hər şey aydın şəkildə qeyd edilib. Onların orada, Azərbaycan ərazisində hansı şərtlər daxilində - vətəndaşlığı qəbul edəcəkləri təqdirdə qala biləcəkləri qeyd olunmuşdu və bunun necə etməyin qaydası, iş və yaşayış icazəsinin alınması şərtləri göstərilmişdir. Yəni başqa ölkənin vətəndaşının digər ölkədə daimi yaşaya bilməsinin hər hansı başqa forması, sadəcə olaraq, mövcud deyil. Bundan da imtina edildi. Yəni o vaxt bizim nəzarətimizdə olmayan Qarabağda yaşayan erməni millətindən olan vətəndaşların təhlükəsiz həyatını təmin etmək baxımından biz mümkün qədər konstruktiv idik. Sentyabrın 20-də biz nəzarəti bərpa edərək separatizmə son qoyanda yenə erməni əhalisinin nümayəndələri ilə bir neçə görüş keçirildi, amma yenə də nəticə əldə olunmadı. Bu dediklərim bizim məsələyə olan yanaşmamız haqqındadır. Təbii ki, biz Ermənistan hökuməti tərəfindən də eyni yanaşmanı gözləyirik. Biz onlardan açıq-aydın bəyanat gözləyirik ki, bugünkü Ermənistan ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər”.

Dövlət başçısı əlavə edib ki, bizdə olan kifayət qədər mötəbər məlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin 90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur, oralar Füzuli, Ağdam və digər yerlər, habelə bütün digər Azərbaycan kəndləri 30 il ərzində dağıdıldığı kimi yerlə-yeksan edilib: “Orada bəzi kəndlərdə isə erməni əhalisi məskunlaşıb. Ona görə də mən çox inanıram ki, həmin gün mütləq gələcək. Mən bu barədə dəfələrlə danışanda, təbii ki, erməni diasporunun nəzarətində olan beynəlxalq müstəvilərdə məni az qala işğalçı fikirlərə düşməkdə ittiham etməyə başladılar. Mən dedim ki, biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik. Mən bunu indi də deyirəm. Düşünürəm ki, bu mesaj, bugünkü erməni rejiminin sponsorlarının, xüsusən Parisdə və digər Qərb paytaxtlarındakıların onlara çox aydın şəkildə çatdırmalı olduğu ismarışlardan biridir. Axı, indi onlar özlərini ən qabaqcıl avropalılar kimi qələmə verirlər. Qoy onlar Avropa İttifaqına xas olanı - milli azlıqların, onların dilinin, tarixinin, mədəniyyətinin necə qorunmalı olduğunu nümayiş etdirsinlər. Bunu sözdə deyil, əməldə nümayiş etdirsinlər. Düşünürəm ki, burada təkcə Azərbaycanın istəyi, yaxud Azərbaycanın fəaliyyəti kifayət etməyəcək. Zənnimcə, bu məsələyə beynəlxalq media qurumları və beynəlxalq qeyri-hökumət təşkilatları qoşulsaydı, çox yaxşı olardı. Çünki Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Əgər buna Azərbaycanın region kontekstindən yanaşsaq, bu, əhalisinin sayına görə ölkəmizin ən böyük regionudur”.

Azərbaycan bütün məsələlərdə olduğu kimi, bu mövzuda da ortaya açıq mövqe qoyub. Bakının mövqeyi tamamilə doğru və beynəlxalq hüquqa əsaslanır. Ona görə də rəsmi İrəvan bu məsələ ətrafında düşünməli olduğunu nəhayət qəbul etməlidir.

Milli Məclisin deputatı Musa Quliyev mövzu ilə bağlı “525”ə deyib ki, Qərbi Azərbaycan mövzusu və Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaları məsələsi həmişə cənab Prezidentin diqqətində olub: "Ulu öndər Heydər Əliyevin bu məsələ ilə bağlı həmişə fikirləri ondan ibarət olub ki, insanlar ata-baba yurdlarına dönməlidirlər. Yada salmaq istəyirəm ki, Ulu öndər Göyçədən didərgin düşmüş insanlarla görüşündə bildirmişdi ki, mütləq Göyçənin o gözəl dağlarına qayıdacaqsınız, onları yenidən görəcəksiniz. Sadəcə Qarabağ problemi həll olunmamış bu məsələni planlaşdırmaq, gündəmə gətirmək, həyata keçirmək o qədər də real deyil. Artıq Allaha çox şükür ki, 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımız işğaldan azad olundu. 2022-ci il dekabrın 24-də cənab Prezident Qərbi Azərbaycan icmasının inzibati binasının açılışını etdi və orda da konseptual olaraq əhəmiyyətli çıxış etdi, yol xəritəsini göstərdi. Ondan sonra Azərbaycanın daxili və xarici siyasətində Qərbi Azərbaycan məsələsi həmişə aktual olub. Qərbi Azərbaycan icması yaranıb və olduqca səmərəli, funksional fəaliyyət göstərir. Artıq Qərbi Azərbaycan icmasının fəaliyyəti beynəlxalq səviyyəyə çıxıb və cənab Prezidentin də bu məsələyə diqqəti, qayğısı, hər kəsə məlumdur. Dövlət başçısı dəfələrlə ən yüksək tribunalardan, o cümlədən də, sonuncu Şuşa Forumunda bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı ki, Qərbi Azərbaycandan ermənilər tərəfindən ötən əsrin sonlarında qovulmuş soydaşlarımızın ata-baba yurdlarına qayıtmaları məsələsi aktualdır, vacibdir və insanın ən birinci konstitusion hüququ onun doğulduğu vətəndə, yurdda, evində yaşamaq hüququdur. Ermənistan da bu hüququ təmin etməlidir. Cənab Prezident orda vurğuladı ki, azərbaycanılar qovulduqdan sonra onların evlərinin çoxu boş qalıb, kəndlər boş qalıb, evlərin çoxu dağıdılıb, orda yaşayış yoxdur. Həmin əraziyə azərbaycanlıların qayıtmaq hüququ təmin olunmalıdır. Dövlət başçısı dəfələrlə bəyan edib ki, bizim heç bir dövlətə qarşı ərazi iddialarımız yoxdur, amma tarixi baxımdan şübhəsiz ki, bizim iddialarımız var. Çünki ora tarixi baxımdan bizim vətənimizdir, hər kəsin də öz vətəninə dönmək, qayıtmaq, ən azı oraya baş çəkmək, əzizlərinin qəbirlərini ziyarət etmək, evlərini, yurdlarını və vaxtilə yaşadıqları məkanları görmək hər bir şəxsin konstitusion hüququdur. Heç şübhəsiz ki, bu məsələ sülh müqaviləsinin tərkib hissəsi ola bilər. Ordakı maddələrdən biri də bu ola bilər ki, Qərbi azərbaycanlıların oraya ləyaqətli qayıtmaq hüququnu Ermənistan hökuməti təmin etməlidir və bu məsuliyyəti də öz üzərinə götürməlidir. Eyni zamanda, dünya ictimaiyyətinin qarşısında zəmanət verməlidir ki, Qərbi azərbaycanlılar istədiyi zaman oraya qayıda bilər, istəsələr yaşaya bilərlər, istəsələr, gedib gələ bilərlər və s.”.

Deputat hesab edir ki, bir çox xarici ölkələrin tanınmış mətbuat nümayəndələrinin, media ekspertlərinin iştirak etdikləri Şuşa Forumunda məsələnin gündəmə gətirilməsi heç şübhəsiz ki, bu mövzunun bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün ciddi bir mesaj idi: “Qərbi Azərbaycan icmasının artıq 7 bəyanatı BMT-nin xüsusi sənədi kimi yayılıb, 200-dən çox müraciət isə beynəlxalq təşkilatlara göndərilib və onlar tərəfindən yayılıb. Müxtəlif ölkələrdə forumlar keçirilir, kitablar yazılır, xarici dillərə tərcümə olunur, elektron KİV-lər, vasitəsilə bu məsələlər aktuallaşır, QHT-lərə Qərbi Azərbaycan mövzusu üzrə xüsusi qrantlar ayrılır, müsabiqələr elan olunur, mətbuatımız kifayət qədər yer ayırır. Bunlar hamısı yavaş-yavaş ictimai, sosial və siyasi zəmin hazırlayır ki, gələcəkdə bizim ora dönməyimizin hüquqi əsasları beynəlxalq ictimaiyyət tərəfindən tanınsın və müəyyənləşsin. Bu mənada Şuşa Forumunda cənab Prezidentin bir daha bu məsələni vurğulaması Azərbaycanın daxili siyasətinin, eyni zamanda, xarici siyasətinin, xüsusilə Ermənistanla sülh müqaviləsinin imzalanması şərtlərinin mühüm tərkib hissəsidir".

 





26.07.2024    çap et  çap et