Virtual dünya ilə təmasın günü-gündən sürətlə genişlənməsi həyatımızın ən müxtəlif sahələrinə olduğu kimi, kitablara və kitabxanalara münasibətdə öz təsirini göstərib. Zaman keçdikcə elektron kitabxanaların, kitabların sayı artır. Texnologiyanın inkişafı ilə hər şeyin əlçatan olması ənənəvi kağız kitabların sıxışdırılmasına, kitab bazarına olan tələbatın azalmasına gətirib çıxarır.
"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində bu məsələ ilə bağlı ölkəmizdə bir sıra işlər görülüb. Bu gün artıq bir çox kitabxanalardan, həmçinin universitet kitabxanalarından elektron formada yararlanmaq mümkündür. Prezident Kitabxanası, Milli Kitabxana, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, eləcə də Azərbaycan Diplomatik Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, "Xəzər" və Qərb universitetlərinin kitabxanaları da elektron formada fəaliyyət göstərir.
Lakin yaranmış vəziyyətə istinad edərək ənənəvi kitablara olan tələbatın kəskin şəkildə azalması fikrini irəli sürmək də doğru olmaz. Günümüzdə elektron və ənənəvi kitablara olan tələbatı müqayisə etmək üçün "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğluya müraciət etdik. Ş.Xuduoğlu mövzu ilə bağlı fikirlərini "525"lə bölüşərkən bildirdi ki, statiskalar ənənəvi kitablara daha çox üstünlük verildiyini göstərir: "Azərbaycan dilində olan elektron kitabların sayı azdır, satışı isə daha azdır. Ümumi statiskaya əsasən, Azərbaycanda daha çox rus, ingilis, türk dillərində olan elektron kitablar oxunur. Gənc nəsil xarici dildə olan elektron kitablara üstünlük verir. Azərbaycan dilində olan ənənəvi kitabları daha çox yaşlı nəsil oxuyur". Şahbaz bəy onu da qeyd edib ki, elektron kitab almaq ənənəsi bizdə yoxdur: "Azərbaycanda heç kim elektron kitaba pul vermir. Yalnız pirat varsa, kiminsə əlinə düşərsə, oxuyar. Yaxın illərdə elektron kitaba olan tələbat arta bilər, lakin bu tendensiya kağız kitabları əvəz edə bilməyəcək".
Fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev kağız kitablara üstünlük verdiyini bildirib: "Söhbətimə dahi Xorxes Luis Borxesin bir aforizmi ilə başlamaq istəyirəm: "Kitab yaddaş üçündür, qəzet unutmaq üçün". Ənənəvi kitab yaddaşdır. Elektron kitablar istifadəyə verilməzdən öncə biz kağız kitabları mütaliə edir, onun vasitəsilə yeni biliklər qazanırdıq. Sonra elektron kitablar yarandı. Artıq bu gün kitab oxumağa marağı olan şəxslər hansı formada olur-olsun, onu maraqlandıran əsərləri tapıb oxuyurlar. Amma mən ənənəvi kitablara üstünlük verirəm. Biri var kitabların hamısı bir prosessorun içində olsun, bir yaddaşda olsun və sən yalnız bir mənbədən istifadə edəsən. Amma ənənəvi kitabxanada seçim daha çoxdur. Eyni zamanda kitabxanaya gedərkən elə hiss edirsən ki, sanki biliklər səni öz əhatəsinə alıb. Bu səbəbdən mən ənənəvi kitablara və kitabxanaya üstünlük verirəm". E.Əliyev elektron formada oxunan kitabın yaddaşda qalmadığını xüsusilə vurğulayıb: "Vizual baxış yaddaşa köklənmir. Ancaq kitab əlində olanda onun üzərində qeydlər aparırsan və bu qeydlər bir gün mütləq sənin əlindən tutur. Tanınmış intellektuallardan biri "Kitab, yoxsa elektron vəsait?" adlı essesində qeyd edir: "Bir səfərə çıxırsan və sənin səfər vaxtı telefonunun elektrik yükü bitir, bu zaman sən heç nə oxuya bilmirsən. Amma kitab yanında olanda bilik də yanında olur. Əgər səyahətdəsənsə, kitabla səyahətin daha maraqlı keçəcək". Düşünürəm ki, bu gün gəncləri də ənənəvi kitaba cəlb etmək lazımdır. Çox təəssüf ki, mən gəncləri kitab mağazalarında nadir hallarda görürəm. Ümumiyyətlə, həmyaşıdlarımı və məndən 10 yaş kiçik olanları da bu gün kitab mağazalarında demək olar ki, görmürəm. Kimsə deyirsə ki, mənə ənənəvi kitab lazım deyil, mən elektron kitabdan istifadə edirəm, əslində o insan onların heç birindən istifadə etmir". E.Əliyevin qənaətincə, evində ənənəvi kitabları olmayan şəxsin elektron kitaba da marağı olmaz: "Kitab mağazasına getdikdə müxtəlif sahələrə aid kitablar qarşına çıxır və diqqətini cəlb edən kitabı alırsan. Amma elektron kitabxanalarda belə mənzərə yoxdur, gərək əvvəlcədən bir kitab təyin edəsən və onu axtarasan. Ənənəvi kitablara üstünlük verməyimin səbəblərindən biri də budur. Onu da qeyd edim ki, dünya universitetlərinin reytinqdə əsas kriteriyalardan biri də ali məktəblərin kitab bazasıdır və burada söhbət ənənəvi kitablardan gedir. Təbii ki, hər bir ali məktəbin elektron kitab bazası var və müəyyən kommunikasiya vasitəsilə digər şəxslər bundan yararlana bilirlər. Ancaq ənənəvi kitabxanadan istifadə etməklə siz onu təbliğ edir və digər insanları da bura cəlb edirsiz. Bu yolla başqalarının da kitablara olan marağı artır. "Bu gün özünəməxsus kitabxanası olan hər bir kəs ən böyük var-dövlətə sahib olan şəxsdir". Bu sözlər akademik Azad Mirzəcanzadəyə aiddir. Azad Mirzəcanzadə həmişə kitabxanalara xüsusi dəyər verirdi. Əksər yazıçılar, böyük alimlər də kitablara, kitabxanlara belə dəyər verib. Qısası, kimin kitabxanası varsa, o həm də böyük alimdir".
Şair Fərid Hüseynin fikrinə görə, Azərbaycan reallığında kağız kitablara daha çox təlabat var: "Unutmayaq ki, tələbat həm də imkanla bağlı olan amildir. Məsələn, əgər elektron dərsliklərdən istifadə çoxalsa, ondan sonra digər elektron nəşrlər də zamanla öz sırasını genişləndirəcək. Çünki Azərbaycanda elektron kitablar, adətən, orta məktəbdən sonrakı dövrdə daha çox istifadə olunur. Eyni zamanda, elektron kitabların çoxu skan edilmiş variantda elektronlaşdırılır, bu da öz növbəsində elektron mənbələrdə söz axtarışı imkanını məhdudlaşdırır. Yəni kitablar açıq elektron variantda olsa, sahəvi elmlərin mütəxəssisləri öz ixtisaslarına uyğun mənbələri tək-tək sözləri axtarıb tapmaqla daha asan əldə edə bilərlər. Belə olduğu təqdirdə, elmi mühitin elektron kitablardan istifadə imkanları kifayət qədər genişlənər".
Müsahibimiz onu da qeyd edir ki, ictimai-elmi-ədəbi mühitdə kütləvi şəkildə elektron mənbələrə meyl artmalıdır ki, e-mənbələr də ona uyğun şəkildə çoxalsın: "Kitabının çapını arzulayan müəlliflər, eyni dərəcədə də onların elektron variantının internetdə yayılmasına, elektron kitabxanalarda yerləşdirilməsinə maraqlı olmalıdır. Belə olsa çap və elektron kitabların rəqabət mühiti formalaşa bilər".
Elə bir dövrdə yaşayırıq ki, bizə maraqlı olan mövzu haqqında cavab tapa bilmədiyimiz sualları saniyələr içində süni intellektdən soruşmaqla nəticə əldə edə bilərik. Kitablarla bağlı apardığım araşdırmada süni intellektin yanaşması maraqlı gəldi və bu mövzuyla bağlı suallarımı ona da təqdim etdim. Süni intellektin bu mövzuyla bağlı verdiyi cavablar həmsöhbətlərimin yanaşmasından tamamilə fərqləndi: "Ənənəvi kitablara qarşı e-kitablara tələbat region, demoqrafik və şəxsi üstünlüklər kimi bir neçə amildən asılı olaraq dəyişə bilər. Bununla belə, son illərdən etibarən tendensiya bir neçə səbəbə görə elektron kitablara meyl edir:
1. Rahatlıq: Elektron kitablar dərhal əlçatandır və onları kitab mağazasına getmədən onlayn yükləmək və ya almaq olar.
2. Daşıma qabiliyyəti: Elektron kitablar planşetlər, smartfonlar və ya elektron oxucular kimi cihazlarda daşına bilər ki, bu da oxuculara getdikləri yerdə çoxlu kitabları özləri ilə aparmağa imkan verir.
3. Xərc: Elektron kitablar çox vaxt kağız kitablardan daha ucuz başa gəlir, xüsusən də kağız kitablar üçün göndərmə haqqı kimi amilləri nəzərə aldıqda.
4. Ətraf mühitə təsir: Bəzi oxucular kağız kitabların istehsalı və daşınması ilə müqayisədə ətraf mühitə daha az təsir göstərdiyi üçün elektron kitablara üstünlük verirlər.
5. Texnoloji inkişaf: Elektron oxucu texnologiyasındakı təkmilləşdirmələr və rəqəmsal məzmunun mövcudluğu e-kitabları daha cəlbedici və istifadəçilər üçün əlverişli edir.
Elektron kitabların populyarlığının artmasına baxmayaraq, ənənəvi kitablar hələ də bazarda əhəmiyyətli varlığını qoruyur. Bir çox oxucu kağız kitabları asanlıqla borc vermək və ya götürmək bacarığından, kitab kolleksiyalarının estetik cəlbediciliyindən həzz alır".
Kağız və elektron kitablara olan tələbat kitabdan hansı məqsədlə istifadə etməkdən də asılıdır. Elektron kitablardan istifadə edənlərin əksəriyyəti tələbələrdir. Universitet kitabxanalarında dərs vəsaitlərinin sayının azlığı və elektron kitabların daha rahat əldə olunması tələbələrin elektron kitablara üstünlük vermələrinin əsas səbəblərindəndir. Bu baxımdan da elektron kitablardan elm və təhsil mövzusunda daha çox istifadə olunur. Ümumilikdə isə belə bir ehtimal irəli sürülür ki, texnoloji inqilabın yaratdığı rahat nəticəsində elektron kitablara tələbatın artması oxucuları zaman-zaman kitabxanalardan uzaqlaşdıra bilər. Bu arqument artıq böyük bir kütlənin heç yerə getmədən internet vasitəsilə istədiyi materialı əldə edə bilməsi ilə izah olunur. Elektron kitabların mövcudluğuna görə bir çox insanlar ənənəvi kitabxanadan istifadə etməyə ehtiyac duymurlar və beləliklə, kitabxanalara olan tələbat tədricən azalır. Amma onu da nəzərə almaq lazımdır ki, elektron kitabxanalarda kitabların sayı nə qədər çox olsa da, belə kitabxanalar bir çox amillərə görə ənənəvi kitabxanalar qədər effektiv nəticə vermir. Bu gün sosial medianın ənənəvi medianı sıradan çıxardığını arqumet kimi gətirib bu taleyin kağız kitabları və kitabxananları da gözlədiyini iddia edənlər bir məsələni unudurlar: sosial media gündəlik informasiyalrı əldə etmək baxımından əlverişli ola bilər, amma yaddan çıxarmayaq ki, kiçik həcmli informasiyalardan fərqli olaraq irihəcmli əsərləri elektron kitablardan oxumaq bir çox məziyyətlərinə görə diskomfort yaradır və ən azı bu baxımdan kağız kitablar hələ də öz üstünlüyünü qoruyub saxlayır.
Ləman İLKİN
çap et